Məhkəmə qərarları › İş №2-1(105)-738/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-738/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-738/2023 04.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər:ünvanlı sosial yardımın təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndələri X1 və X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyul 2022-ci il tarixli imtinanın əsassız hesab edilməsi və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 804/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2022 tarixli **********1101 nömrəli imtinada göstərilmişdir ki, "başqa şəxsə aid abonent kodunun bəyan edilməsi", xx.xx.2022 tarixli, **********61103 nömrəli imtinada göstərilmişdirki, "Kommunal ödənişlər barədə məlumatın daxil edilməməsi", xx.xx.2022 tarixli, **********6110 nömrəli imtinada göstərilmişdir ki, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, ailənin yardımçı təsərüfatının olması barədə məlumatın qeyd edilməməsi, ümumi istifadəli sayğacın aşkar edilməsi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, cavabdehin üzərinə, iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması, hesablanması və verilməsi öhdəliyinin qoyulması, ünvanlı dövlət sosial yardımının verilməsinin ünvanlı sosial yardım üçün müraciət olunan tarixdən məhkəmə qərarının qanuni qüvvəyə minəcəyi tarix daxil olmaqla hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11832/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "ünvanlı dövlət sosial yardımın təyin olunması və sair” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyul 2022-ci il tarixli imtinanın əsassız hesab edilməsi və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəlidir, ailəsi ilə birlikdə, Xızı rayonu Sitalçay kəndində yaşayır, iki övladı var. Uşaqları azyaşlı olduğu üçün Həyat yoldaşı X3 işləyə bilmir. Özü hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətində fəhlə işləyir. Aylıq maaşı 498.28 azn təşkil edir. Yəni ailənin başqa heç yerdən əlavə gəlir yeri yoxdur. Bazar və mağazalarda qiymətlərin günbəgün artımı, ailəyə gələn 498.28 azn aylıq maaşla uyğun gəlmədiyindən, məcbur olub Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün aidiyyəti üzrə VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Dövlət Ünvanlı Sosial Yardımı almaq üçün, iki mərhələli proses var. Birinci mərhələdə ilk dəfələrdə, müxtəlif bəhanələrlə imtinalar verilsə də, həmin problemləri aradan qaldırmışdırlar. Lakin daha sonrakı müraciətlərində sistem heçbir imtina verməsə də, ikinci mərhələdə, cavabdehin nümayəndələri, evə baxış keçirmiş, müxtəlif bəhanələrlə cavabdeh tərəfdən yenə də imtina cavabları almışdır. Həmin imtina cavabları əsasən yalan, böhtan, heçbir qanunda əksini tapmayan uydurma imtinalardan ibarət olmuşdur. xx.xx.2022 tarixli **********1101 nömrəli imtinada deyilir ki, "başqa şəxsə aid abonent kodunun bəyan edilməsi" 1) əvvəlcə onu qeyd edir ki, heçbir qanunda Ünvanlı Sosial yardımın verilməsindən imtina üçün belə bir maddə yoxdur. Cavabdehin nümayəndəsi bilərəkdən, (iddiaçının və ailənin də xəbərdarlığı olduğu halda) özlərinə məxsus olan sayğacı qoyub, qonşunun sayğacının şəklini çəkmişdir. xx.xx.2022 tarixli, **********61103 nömrəli imtinada isə göstərilir ki, "Kommunal ödənişlər barədə məlumatın daxil edilməməsi." Qanunda belə bir imtinaya əsas verən hərhansısa bir maddə yoxdur. Sistem avtomatik olduğundan, (istənilən məlumatı) işıq, qaz, su kodlarını daxil edəndən sonra bütün məlumatları sistem özü avtomatik yoxlayır və nəticə hasil edir. Yəni belə bir imtinaya görə vətəndaş olaraq iddiaçı heçbir məsuliyyət daşımır. İddiaçının xx.xx.2022 tarixli, **********6110 nömrəli imtinada isə üç bəhanə göstərilmişdir. 1)Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması. Cavab ; iddiaçı və ailəsinin heçbir nəqliyyat vasitələri yoxdur. Cavabdeh tərəfin nümayəndələri, qonşuya məxsus olan maşını ailənin adına qeyd etməklə hüquqlarını kobud şəkildə tapdalamışdırlar. 2)Ailənin yardımçı təsərüfatının olması barədə məlumatın qeyd edilməməsi. Cavab : heçbir yardımçı təsərrüfatları yoxdur. 3) Ümumi istifadəli sayğacın aşkar edilməsi. Cavab: iddiaçı və ailəsinin istifadə etdiyi sayğacdan, başqa heçkim istifadə etmir. Əgər iddiaçının ailəsin gələn aylıq gəlir, adambaşına düşən minimum ehtiyac meyarından aşağıdırsa, həmin məbləği Dövlət Ünvanlı Sosial Yardımla ödəməlidir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38 ci maddəsində deyildiyi kimi hər kəsin sosial təminat hüququ vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə **********61101 nömrəli, xx.xx.2022- ci il tarixdə **********61102 nömrəli, xx.xx.2022-ci il tarixdə **********61104 nömrəli ərizələrlə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, lakin vətəndaşa ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina olunmuşdur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Həmin Qanunun 6.2ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3- cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Eyni zamanda həmin Qaydalarda qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmçinin gəlirin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlığ fəaliyyəti məgsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırığ, komisyon, müəlliflik və digər mülki- hüqugi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluğdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3- cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, həmçinin natural formada alınan sosial transfertlər aiddir. Qaydaların 7.1-ci bəndində qeyd olunur ki, Qaydaların 1.3-cü bəndində göstərilən qurumların “Elektron hökumət” portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına Nazirliyin çıxışı təmin edilənədək həmin arayış və məlumatlar Təmsilçi tərəfindən kağız formasında alınır və VEMTAS-a daxil edilir. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Əməkdaş Müayinə və Monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audiovideo- foto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir. Video-foto çəkiliş zamanı yaşayış ünvanının yerləşmə yeri ətraflı göstərilməli, ünvana daxil olduqda evin (mənzilin) bütün otaqları, həyətyanı sahələr (əgər varsa) fasiləsiz şəkildə çəkilməlidir. Müayinə və Monitorinqin müddəti orta hesabla 20 dəqiqədən artıq olmamalıdır. Sözügedən Təlimatın 3.12.4-cü bəndinə əsasən, ümumi həyətyanı təsərrüfata malik iki və daha çox ailənin həyətyanı təsərrüfatının müəyyən edilməsi zamanı bir həyətdə iki və daha çox fərdi ev olduqda və ümumi həyətyanı təsərrüfatın hansı ailəyə aid edilməsi mümkün olmadıqda bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. İş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə **********61101 nömrəli müraciətinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi başqa şəxsə aid abonent kodunun bəyan edilməsi qeyd edilmişdir. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, bu fakt maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntü əsasında təsdiq edilmişdir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixdə **********61102 nömrəli müraciəti əsasında maddiməişətin yolanılması üçün əməkdaşlar qeyd edilən ev ünvanına getdikdə ailə üzvlərinin evdə olmadığı bildirilmiş və videoçəkilişin aparılmasına şərait yaradılmamışdır. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda 3.12.8-ci bəndinə əsasən, ailənin yaşadığı ünvanda nəqliyyat vasitəsi aşkarlanmırsa və ailə tərəfindən şifahi sorğu əsasında nəqliyyat vasitəsi olmadığı bildirilirsə, nəqliyyat vasitəsinin olmaması kimi qəbul olunur. Bütün bunlar video çəkilişdə öz əksini tapır. Fondun aidiyyəti struktur bölmələri tərəfindən hər ay aidiyyəti dövlət orqanlarından əldə edilən məlumatlar əsasında aparılan aylıq monitorinqlər nəticəsində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olduğu müəyyən edildikdə təyinat dayandırılır. İddiaçı xx.xx.2022-ci il tarixdə **********61104 nömrəli müraciətinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi istifadəsində nəqliyyat vasitəsinin olması, yardımçı təsərrüfat barədə məlumatın qeyd edilməməsi və ümumi istifadəli sayğacın aşkar edilməsi qeyd edilmişdir, (inzibati icraat materialları məhkəməyə təqdim olunmuşdur). Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-804/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası əsassız hesab edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması (ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdən hesablanmalı və ödənilməlidir.) qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmamışdır. İddiaçının yardımçı təsərrüfatının olması, adına nəqliyyat vasitəsinin olması, ümumi sayğacdan istifadəyə dair hərhansı məlumat mövcud deyildir. Bu halda iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Qanunvericiliklə sosial yardımın təyin edilməsindən imtina olunması halları müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya sosial yardımın təyin edilməməsinə əsas kimi göstərilən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan “İnzibati İcraat haqqında” Qanunun tələblərini pozmuşdur. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında mübahisələndirilən halların aşkar edilmədiyini bildirsə də, iddiaçının ərizə-bəyannamədə qeyd olunan ünvanına maddi-məişət şəraitinin müayinəsi məqsədilə xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən nəqliyyat vasitəsinin və 8 baş iribuynuzlu mal-qaranın təmsilçi və ailə üzvlərinə məxsus olmaması barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Sözügedən halları təsdiq edən video görüntülər məhkəmə iclasında təqdim edilmiş və məhkəmə prosesi zamanı video görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Xızı rayon İcra Hakimiyyətinin başçısının Sitalçay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 13 nömrəli sorğuya cavab məktubuna əsasən, İddiaçı, Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının uçotu kitabında atası X4 şəxsi hesabında qeydiyyatda olduğu bildirilmişdir. Bu hal məhkəmə araşdırmasının düzgün aparılmadığını qeyd etməyimizə əsas verir. Belə ki, İddiaçı ev təsərrüfatlarının uçotu kitabında atası X4 şəxsi hesabında qeydiyyatdadırsa, Ə.Zeynalovun şəxsi hesabındakı məlumatlar aydınlaşdırılmalı idi. Eyni zamanda yuxarıda qeyd olunan xüsusatlardan başqa məhkəmənin istinad etdiyi ev təsərrüfatlarının uçotu kitabındakı məlumatlara əsasən 3 iribuynuzlu mal-qaranın olduğu qeyd edilsə də, iddiaçıya məxsus həyətyanı sahədə maddi-məişətin müayinəsi zamanı 8 iribuynuzlu mal-qara aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman 99FB613 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus olması faktı ailə üzvü olan uşaqlarının şifahi izahatları ilə təsdiqlənmişdir. (video görüntüdə bu hal öz əksini tapır) Əlavə olaraq iddiaçının həyətində aşkar edilmiş ümumi istifadəli sayğacın müəyyən edilməsi halına məhkəmə münasibət bildirməmişdir. Bu da onu təsdiq edir ki, məhkəmə araşdırması kifayət qədər aparılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndələri X3 və X6 apellyasiya şikayətinə etiraz edərək, izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqanın ünvanlı sosial yardım təyin edilməsindən xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilməsi və həmin tarixdən ünvanlı sosial yardımın təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, ailənin yardımçı təsərrüfatının olması barədə məlumatın qeyd edilməməsi, ümumi istifadli sayğacın aşkar edilməsi halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, ünvanlı sosial yardım təyin edilməsindən imtina üçün əsas qismində çıxış edən hallar yuxarıda istinad edilən qanunvericilik normalarında dəqiq və birmənalı şəkildə qeyd edilmişdir. Məhkəmə kolegiyası cavabdeh inzibati orqanın imtinasının əsasları ilə bağlı qeyd edir ki, şəxsin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olması halı ona ünvalı sosial yardım təyin edilməsindən imtina üçün əsas hesab olunur. İndiki halda iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində hər hansı nəqliyyat vasitəsi olmamış, habelə nəqliyyat vasitəsinin istifadə edilməsinə dair onun adına verilmiş etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv olunmuşdur. Nəticə etibarilə iddiaçı barəsində qanunvericiliklə müəyyən edilmiş imtina üçün əsas qismində çıxış edən hal-mülkiyyətində və ya istfadəsində nəqliyyat vaistəsinin olması halı müəyyən edilmədiyi halda, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı inzibati icraat çərçivəsində araşdırma aparılmamış, imtina əsası kimi formal və əsassız olaraq, həmin hala istinad edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan imtina əsası kimi iddiaçı barəsində yardımçı təsərrüfatın olması barədə qeyd edilməməsi halına istinad etmişdir, bu hal da iş materialları əsasında təkzib olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində ev təsərrüfatlarının qeydiyyatı kitabında şəxsi hesab-ailə təsərrüfatı qeydə alınmamış, istifadəsində mal-qara olmamışdır. Göründüyü kimi indiki halda iddiaçının adına təsərrüfatın qeydə alınması halı öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə də cavabdehin imtina əsasları formal xarakter daşımaqla, əsassız olmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan imtina əsası kimi iddiaçıya aid ümumi sayğacdan istifadə olunması halına istinad etmişdir ki, qeyd edilən hal da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh inzibati orqan bununla bağlı heç bir dəlilə, o cümlədən buna dair araşdırma aparılması və həmin araşdırmanın nətciələrinə dair sənəd təqdim edilməsi, bu halın hansı qaydada müəyyən edilməsinə dair heç bir dəlilə istinad etməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının maddi-məişət şəraitinin müayinəsi zamanı baxış keçirilərkən, iddiaçının nəqliyyat vasitəsinin və mal-qara aşka edildiyi, iddiaçı tərəfindən isə ona məxsus olmaması halına dair heç bir sənəd təqdim edilməməsi halının müəyyən edildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda qeyd edilən halların aşkar olunması halı özlüyündə həmin əmlakın və mal-qaranın iddiaçıya məxsus olması halını təsdiq edən sübut qismində çıxış etməmiş, habelə bu halı (iddiaçıya məxssu olması halına istinad etdiyi halda) sübutetmək öhdəliyi də məhz cavabdeh inzibati orqanın üzərinə düşmüşdür. Belə ki, məhz cavabdeh iznibati orqan tərəfindən bununla bağlı inzibati icraat çərçivəsində araşdırma aparmaqla, həmin halların mövcud olub-olmamasını araşadıra bilər, buna dair dəlillərə istinad etməklə, həmin nəqliyyat vasitəsinin və mal-qaranın iddiaçıya məxsus olub-olmaması halını müəyyən edə bilərdi. İndiki halda isə cavabdeh inzibati orqan tərəfindən bununla bağlı heç bir araşdırma aparmamış, iddiaçı tərəfindən ona məxsus olmaması halına dair sənəd təqdim edilməməsi halına istinad edərək, həmin əmlak və mal-qaranın iddiaçıya məxsus olması qənaətinə gəlmişdir ki, bu hal özlüyündə inzibati icraat haqqında qanunvericliyin tələbinə zidd olmaqla, iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmışdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddiaçıya məxsus həyətyanı sahədə maddiməişət şəraitinin müayinəsi zamanı 8 iribuynuzlu mal-qara aşkar edilməsi halına istinad etsə də, həmin mal-qaranın iddiaçıya məxsus olması halına dair heç bir sübuta istinad etməmiş, əksinə həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi nəqliyyat vasitəsinin iddiaçıya məxsus olması halının onun ailə üzvlərinin şifahi məlumatı əsasında müəyyən edilməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı nəqliyyat vasitəsinin şəxsə məxsus olması halı şifahi izahat əsasında deyil, sənəd (nəqliyyat vaistəsinə dair qeydiyyat şəhadətnaməsi, etibarnamə və ya qanuni sahibliyi təsdiq edən digər sənədlər) əsasında müəyyən edilə bilərdi. Lakin bununla bağlı cavabdeh inibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, hər hansı sənədə, mötəbər sübuta istinad edilməmişdir. Bu baxımından qeyd edilən hissədə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsasız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ümumi istifadəli sayğacın olması halına dair heç bir münasibət bildirilməməsi halına istinad etmişdir. Lakin qeyd edilən hal da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus ümumi istifadəli sayğacın olması halına dair heç bir sübut təqdim edilməmiş, həmin halın müəyyən edilməsinə dair araşdırma aparılması və aparılmış araşdırmanın nəticələri barədə heç bir dəlil təqdim etməmiş, nəticə etibarilə məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır. Bu baxımından qeyd edilən hissədə də cavabdeh inzibati orqanın apellyasya şikayətinin dəlilləri əsasız olmuşdur. Göründüyü kimi indiki halda cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsassız hesab etməklə bağlı düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, ünvanlı sosial yardım haqqında qanunvericiliyin tələbinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. İndiki halda iş materiallarından görünür ki, iddiaçı tərəfindən bununla bağlı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmçinin, məhz hazırki iş üzrə iddiaçının qeyd eidlən müraciətinə dair cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilmişdir. Belə olan halda iddiaçının müraciət etdiyi ay iyul 2022-ci il tarix olduğundan, ünvanlı sosial yardım məhz 01 iyul 2022-ci il tarixdən hesablanmalı və ödənilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı məhz ünvanlı sosial yardımın hesablanma tarixinə aid hissədə dəyişdirilməli, ünvanlı sosial yardımın hesablanma tarixi kimi xx.xx.2022-ci il tarix əsas götürülməklə müəyyən edilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-804/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli imtinası əsassız hesab edilsin, xx.xx.2022-ci i tarixdən iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun (ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdən hesablanmalı və ödənilməlidir.) Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar