Məhkəmə qərarları › İş №2-1(105)-738/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-738/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-738/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı “ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-255/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X7 Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 5 iyul 2009-cu il tarixdən prokurorluq orqanlarının sabiq işçisi kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci, 20.8.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyası prokurorluq orqanlarında 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Tərəflərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna mərhum X11 Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işlədiyi xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövrün Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluq illərinin hesablanması zamanı nəzərə alınıbalınmamasına dair 9 iyun 2022ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmış və sözügedən sorğuya cavab olaraq bildirillmişdir ki, mərhum İ.M.Rzayevə Rusiya Federasiyası prokurorluq orqanlarında işlədiyi müddətin Azərbaycan Respublikası prokurorluq orqanlarında işlədiyi dövrə aid edilməsinə dair hər hansı sənəd mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının həyat yoldaşı İ.Rzayevin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay 6 gün (xx.xx.1992xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) olduğundan onun sabiq prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmamışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-2-ci maddəsinə əsasən prokurorluq işçisi və ya prokurorluq işçisi kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mərhum həyat yoldaşı İsrafil Rzayevin prokurorluq işçisi kimi əmək pensiyası almaq hüququ olmadığından ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə müraciət edərək ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixində prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasına dair imtina məktubu göndərilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi onun mərhum ərinin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay) olmasını, bu səbəbdən mərhum əri İsrafil Rzayevin sabiq prokurorluq işçisi kimi əmək prensiyası hüququnun olmamasını, lakin mərhuma həmin kateqoriya üzrə əmək pensiyasının təyin edilməsini qeyd etmişdir. Cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun konstitusion hüquqlarının pozulmasına əsas olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X7 Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 5 iyul 2009-cu il tarixdən prokurorluq orqanlarının sabiq işçisi kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci, 20.8.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyası prokurorluq orqanlarında 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Tərəflərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna mərhum X11 Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işlədiyi xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövrün Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluq illərinin hesablanması zamanı nəzərə alınıb-alınmamasına dair 9 iyun 2022-ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmış və sözügedən sorğuya cavab olaraq bildirillmişdir ki, mərhum İ.M.Rzayevə Rusiya Federasiyası prokurorluq orqanlarında işlədiyi müddətin Azərbaycan Respublikası prokurorluq orqanlarında işlədiyi dövrə aid edilməsinə dair hər hansı sənəd mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının həyat yoldaşı İ.Rzayevin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay 6 gün (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) olduğundan onun sabiq prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmamışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-2-ci maddəsinə əsasən prokurorluq işçisi və ya prokurorluq işçisi kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mərhum həyat yoldaşı İsrafil Rzayevin prokurorluq işçisi kimi əmək pensiyası almaq hüququ olmadığından ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-255/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-255/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(118)- 255/2024 saylı qərarının “giriş” hissəsində aşkar yazı yanlışlıqlarının düzəldilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(118)-255/2024 saylı qərarının “giriş” hissəsinə “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının nümayəndəsi X3 iştirakı ilə” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X4 xx.xx.1989-xx.xx.1992-ci il tarixlərində Rusiya Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işləməsinə dair bütün məlumatlar məhkəmə sorğusu əsasında əldə edilmiş və cavabdehin imtinasının formal xarakterli olması öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, mərhum X6 əlilliyə görə əmək pensiyası təyin edilərkən, onun əmək stajı 5 il 9 ay 0 gün hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. ... Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: .... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki,iddiaçının mərhum həyat yoldaşının prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay 6 gün) olduğundan, onun prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmadığından, iddiaçıya prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvi kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, qanunla tələb olunan pensiya yaş həddinə çatmışdır. İddiaçının həyat yoldaşı prokurorluq işçisi olmaqla, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşı xx.xx.2009-cu il tarixdən əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdən vəfatı ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının yalnız mərhum həyat yoldaşının prokurorluq orqanlarında 5 il və daha yuxarı qulluq stajı olan şəxs olduğu halda, pensiya hüququnun yarandığını, indiki halda isə mərhum həyat yoldaşının Rusiya Federasiyası prokurorluq orqanlarında işlədiyi müddətin Azərbaycan Respublikası Prokuroruq orqanlarında işlədiyi dövrə aid edilməsinə dair hər hansı sənəd mövcud olmadığından, qanunla tələb olunan staja malik olmadığını, bu səbəbdən də mərhum həyat yoldaşının sabiq prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmadığını bildirərək, iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum həyat yoldaşına əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı pensiya işinin materialları tələb edilərək, tədqiq edilmişdir. Həmin pensiya işinin materiallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşına əlilliyə görə pensiya təyin edilməsi zamanı iş stajı 5 ildən artıq olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, mərhum şəxs vəfat etdiyi günə qədər pensiya ödənişi almışdır, pensiya ödənişinin dayanmasının səbəbi onun vəfat etməsi olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşının xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə Rusiya Federasiyasının Kemerova vilayət prokurorluğunda işləməsinə dair məlumatlar və həmin məlumatlara aid sənədlər (əmr, əmək haqqı cədvəlləri və s.) məhkəmə sorğusuna əsasən əldə edilərək, tədqiq edilmişdir. Nəticə etibarilə iddiaçının mərhum həyat yoldaşının prokurorluq işçisi kimi qanunla tələb olunan staja malik olması halı işin müəyyən edilmiş halları əsasında öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qeyd edilən əsasa formal olaraq istinad etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı onu qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşının cavabdehin mübahisələndirdiyi dövrdə prokurorluq orqanlarında işləməsi halı məhz müvafiq qurum tərəfindən təqdim edilmiş sənədlər əsasında öz təsdiqini tapmışdır. Belə olan halda prosedur sənədin olmaması halına istinad etməklə, qeyd edilən stajın mübahisələndirilməsi ilk növbədə iddiaçının sosial təminat hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmaqla, qanunvericiliyin mütənasiblik və digər prinsiplərinin tələbinə zidd olmuş olar. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, prosedur sənədin olmaması iddiaçının vəya mərhum həyat yoldaşının təqsiri ilə bağlı olmamış, nəticə etibarilə iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-255/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar