Məhkəmə qərarları › İş №2-1(105)-739/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-739/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-739/2022 15.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində mərhum X2nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(118)-276/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 577 saylı texniki pasportdan görünür ki, iddiaçının mərhum X2nun adına Corat qəsəbəsi, 577 saylı evin texniki pasportu tərtib edilmiş, texniki pasport Texniki İnventarlaşdırma Bürosunun möhürü ilə təsdiqlənmişdir.

2. AZ-İ 515149 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 20 may 2006cı ildə ölmüşdür.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 880 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 vərəsəsidir.

4. Cavabdeh inzibati orqanın 08 sentyabr 2021-ci il və 23 dekabr 2021-ci il tarixli məktublarından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində iddiaçının atasının hüquqlarının təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı bildirilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 577 saylı fərdi ev ilə 577A saylı fərdi ev eyni ev deyil və ayrı-ayrı ünvanlarda yerləşir. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində mərhum X2nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına arayışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhər Corat qəsəbəsində 577 saylı evdə yaşayır. X2 xx.xx.2006-cı ildə rəhmətə getmişdir. X10 isə xx.xx.2017-ci ildə dünyasını dəyişmişdir. Anası vəfat etməmişdən qabaq xx.xx.2016-cı il tarixində Sumqayıt şəhər 1 saylı Dövlət Notariusuna gələrək şəxsən bütün ev və mülkü ona vəsiyyətnamə ilə vərəsə seçərək vermişdir. Atası ilə anası rəhmətə gedənədək onların evlərinin çıxarışından başqa lazım olan sənədləri vardır. Anasının vəfatından sonra o evləri üçün çıxarış almaq istəmiş və yenə də həmin notariusa müraciət etmişdir ki, vəsiyyətnamə əsasında evi sənədləşdirsin. Onlar həmin evdə hələ 70-ci illərdən yaşayırlar. Notarius 577 saylı ev üçün hüquq müəyyənedici sənəd almaq üçün Sumqayıt şəhər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. O da öz növbəsində 04 aprel 2021-c ii tarixində lazımi sənədləri toplayaraq, dövlət rüsumunu ödəyərək sənədləri reyestr xidmətinə təhvil vermiş və ona bildirilmişdir ki, 20 gündən sonra gəlib sənədləri götürə bilər. Ancaq o 5 aya qədər gözləmiş və sonda yenə də lazımı sənədlərin çatışmamazlığı haqda məktubla ona bildiriş vermişlər. Beləcə yenidən Corat qəsəbəsi Ərazi İcra Nümayəndəliyindən də rəsmi qaydada evin X2na aid olması haqda arayış almış və digər sənədlərlə birlikdə 8 iyun 2021-ci ildə sənədləri yenidən reyestr xidmətinə təhvil vermişdir. Ona bildirilmişdir ki, sənədləri 02 avqust 2021-ci il tarixində hazır olacaq. Lakin təyin olunmuş vaxtda sənədlərinə hələ baxılmadığı və 15 gün daha gözləməli olduğu bildirilmişdir. Daha sonra yenidən ona sənədlərinin hazır olmadığını bildirmişdir. O, 2 dəfə Dövlət Əmlakının reyestr xidmətinin 193 saylı Qaynar xəttinə öz şikayətini bildirmişdir. İddiaçı reyestr xidmətinə Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində olan Texniki İnventarlaşdırma bürosunun xx.xx.1971-ci ildə ev üçün verdiyi texniki pasportu, evin təsərrüfat pasportunu, Corat qəsəbəsi İcra Nümayəndəliyinin rəsmi arayışını və digər lazımi sənədləri təqdim etmişdir. Bu sənədləri onlara verən qurum o vaxtkı Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində olan Texniki İnventarlaşdırma Bürosu, indi isə onun bütün funksiyalarını yerinə yetirən, öz üzərinə götürən, indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətidir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılov Aslan Cabbar oğlu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılov Aslan Cabbar oğluna bildirilmişdir ki, sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə bağlı İddiaçı əvvəlki, xx.xx.2021-ci il tarixli ********** qeyidyyat nömrəli müraciətinin araşdırılması zamanı idarənin xidməti istifadəsində olan arxiv məlumatlarında daşınmaz əmlaka dair hər hansı hüquq müəyyənedici sənəd və ya arxiv qovluğu aşkar olunmadığından sözügedən fərdi yaşayış evinə dair müvafiq hüquq müəyyənedici sənəd və ya təsərrüfatbaşına kitabdan çıxarış aşkar olunduğu halda həmin sənədin təsdiq olunmuş sürətinin idarəyə təqdim edilməsi ilə bağlı Sumqayıt Dövlət Arxiv idarəsinə xx.xx.2021-ci il tarixli **********99 sorğu ünvanlanmış və ərizənin icra müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) ay müddətinə dayandırılmışdır. Ərizənin dayandırma müddəti başa çatanadək Dövlət Arxivinin Sumqayıt Filialından sorğuya münasibət bildirilmədiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə yaşadığı ünvana ərizəçiyə xx.xx.2021-ci il tarixli və **********50 nömrəli, bildiriş göndərilmişdir. Hazırkı müraciətə isə əlavə olaraq Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, nümayəndəlikdə saxlanılan təsərrüfat kitablarında Sumqayıt şəhər, Corat qəsəbəsi 577 ünvanda yerləşən evin mərhum X3 adına qeydiyyata alındığı barədə xx.xx.2021-ci il tarixli 1011 nömrəli arayış əlavə olunmuşdur. Kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na daxil edildiyi üçün nümayəndəlikdə saxlanılan təsərrüfatbaşına kitabın X3 adına qeydiyyat aparılmış vərəqindən çıxarışın təsdiq olunmuş sürətinin idarəyə təqdim edilməsi ilə bağlı Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq icra nümayəndəliyinin məsul şəxsi icra nümayəndəliyində saxlanılan kitabı xx.xx.2021-ci il tarixdə baxış üçün idarəyə gətirmişdir. Təqdim olunan kitaba baxış zamanı müəyyən olunmuşdur ki, icra nümayəndəliyində saxlanılan kitab təsərrüfatbaşına kitab yox, Corat qəsəbəsi üzrə inventarlaşdırma aparılmış fərdi yaşayış evlərinin siyahıya alınma kitabıdır. Bununla əlaqədar olaraq ərizəçiyə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Buna görə də idarənin istifadəsində olan arxiv məlumatarında daşınmaz əmlaka dair arxiv sənədləri aşkar olunmadığından, həmçinin, sorğu verilmiş müvafiq dövlət orqanlarında fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı üçün hüquq müəyyənedici sənədlər aşkar olunmadığından ərizənin icrası təmin olunmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş, bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılov Aslan Cabbar oğluna 27 avqust 2021-ci il tarixli **********17 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(118)-276/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 577 saylı ev üzərində iddiaçının mərhum X2nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum X2nun evə mülkiyyət hüququnun olması barədə əsas hüquqmüəyyənedici sənəd - iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosunun şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdur. İddiaçının atasının adına tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 577 saylı texniki pasportun arxivdə olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müraciətə əlavə olunmuş fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun arxiv nüsxəsi idarənin xidməti istifadəsində olan arxiv məlumatlarında aşkar olunmamışdır. Şikayətdə daha sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və İPM-nin müvafiq maddələrinə istinad edilməklə göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, məhkəmə qeyr-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15.Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

19. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 577 saylı ev üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir.

24. Cavadehin imtinasının, habelə etirazının və apellyasiya şikayətinin əsas dəlilləri ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsindən, fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığından ibarət olmuşdur.

25. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillərə uyğun olaraq araşdırma apararaq bu nəticəyə gəlmişdir ki, iddiaçının atasının adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1971-ci ildə tərtib edilmişdir. Pasportun üz qabığında (birinci səhifədə) Bakı şəhəri icraiyyə komitəsinin Texniki İnventarlaşdırma Bürosunun adı qeyd edilmiş, ikinci səhifədə isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Sumqayıt şəhər kommunal şöbəsi exniki İnventarlaşdırma Bürosunun möhürü əks olunmuşdur. Beləlilklə də, pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verildiyi öz təsdiqini tapır.

26. Kollegiya qeyd edir ki, iddiaçının mərhum X2nun evə mülkiyyət hüququnun olması barədə əsas hüquqmüəyyənedici sənəd məhz əsli məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosunun şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdur. Odur ki, X3 qanuni vərəsəsi kimi onun qızı olan hazırkı iş üzrə iddiaçının həmin yaşayış evinin mərhum atasına məxsus olması barədə arayış alması üçün qanuni əsaslar mövcuddur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının atasının adına tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 577 saylı evə aid olan 1971-ci il tarixli texniki pasportun arxivdə olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə və onun hüquqlarının təmin edilməsindən imtinaya əsas ola bilməz.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəylə razılaşaraq qeyd edir ki, əslinə məhkəmə kollegiyası tərəfindən baxış keçirilərək iş materiallarına əlavə olunmuş həmin texniki pasport üzərində hüquqların dövlət qeydiyyatına alınması tələb edilən Corat qəsəbəsi 577 saylı evin iddiaçının mərhum X2na məxsusluğunu təsdiq edən və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına əsasən daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Cavabdeh inzibati orqan həmin pasportun həqiqətə uyğun olmadığı barədə hər-hansı sübut təqdim etmədiyindən qeyd edilən sənəd mötəbər hesab olunur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından 577 saylı evə dair 1971-ci ildə tərtib edilmiş həmin texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən, həmin ev üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.

29. Beləliklə, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

30. Məhkəmə kollegiyası eyni zamana qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(118)-276/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar