Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-739/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hərbi qulluqçu kimi üçüncü dərəcə əlilliyinə görə 4400 manat məbləğində birdəfəlik ödəmənin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(118)-1604/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı hərbi qulluqçu kimi üçüncü dərəcə əlilliyinə görə ona 4400 manat məbləğində sığorta pulunun ödənilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 22 noyabr 2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin, ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı 2018-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən onun xx.xx.2022-ci il tarixdən etibarən üçüncü dərəcə əlilliyi müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar ona təyin olunmuş üçüncü dərəcə hərbi əlliyə uyğun olaraq 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi üçüncü dərəcə əlilliyinə görə ona 4400 manat məbləğində sığorta pulunun ödənilməsi ilə əlaqədar ərizə ilə cavabdehlərə müraciət etmişdir. Lakin onun müraciəti müsbət həll edilməmişdir. Hesab edir ki, cavabdeh orqanların imtina cavabları əsassızdır. Belə ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində MXHHXHQ (əsgər) qismində hərbi xidmət keçmiş, xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmət dövründə xəstələnmişdir. Hərbi xidmət dövründə hərbi vəzifələrini yerinə yetirərkən almış olduğu xəstəliyə görə davamlı olaraq müayinə və müalicə olunmuş, nəticədə ona xx.xx.2022-ci il tarixindən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Yəni o, hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericiliyə əsasən dövlət tərəfindən məcburi sığorta edilmişdir. Onun hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müvafiq sığorta ödənişi etmək öhdəliyi yaranmışdır. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şikətinin cavabdehlərdən sırasında çıxarılmasını və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qəbul edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(118)-1604/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin, ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə sığorta məbləğləğinin 40 faiz məbləğində sığorta ödənişi edilir. İddiaçıya onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından dörd il sonra - xx.xx.2022-ci il tarixdə əlillik təyin edilmiş və yalnız bundan sonra iddiaçı cavabdeh orqana hazırki tələblə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunvericilikdə birbaşa təsbit olunmuş iddia müddəti ötürülmüşdür. Qeyd edilən hal isə iddiaçıya birdəfəlik ödəmə verilməsini istisna edir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı hərbi xidmətdən tərxis olunandan sonra müalicələr almış və ona əlilliyin təyin olunması üçün aidiyyəti orqanlara çoxsaylı müraciətlər etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” na uyğun olaraq əlillik vəziyyəti sonuncu dəfə dövlət səhiyyə müəssisəsinin 0329003AAH2F nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, iddiaçı barəsində Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş 0329003AAH2F nömrəli göndərişdə (Forma- 88) qeyd edilmiş müalicə imkanları başa çatdırılmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır. Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Qeyd olunan məktubdan da görünür ki, ona əlilliyin təyin olunması üçün hələ 2020-ci ildə səlahiyyətli orqana müraciət etmiş, lakin nəticəsi olmamışdır. Daha sonra ona xx.xx.2022-ci ildə üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. Hesab edir ki, onun əlilliyi inzibati orqanların vəzifə səlahiyyətlərini vaxtında icra etməməsi səbəbindən gec təyin olunmuşdur ki, bu hal da iddiaçının təqsiri deyildir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını nəzərə almadan əsassız olaraq iddianı təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı olmuş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 2. Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi (-) Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi” Qaydaları: 1.1-ci bənd. Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. 1.2-ci bənd. 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. 3.1-ci bənd. Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçıya məxsus AO seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, 2018-ci ildə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Bundan sonra iddiaçıya xx.xx.2022-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faizinin pozulması ilə əlillik təyin edilmişdir. Hazırda iddiaçı tələbinin əsası kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə istinad edərək hərbi xidmət dövründə xəstələnməsinə görə xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış və orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçu kimi ona sığorta məbləğinin 40 faizi miqdarında – 4400 manat birdəfəlik ödəmə verilməsini tələb edir. Bununla bağlı kollegiya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna və “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi” Qaydalarına diqqət yetirməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun: 2.1.6-ci maddəsinə əsasən sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır; 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: Ç yarımbəndi. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz. 8.1 və 8.3-ci maddəsinə əsasən baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə, sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Qanunun 5ci madəsində sığorta hadisələri sadalanmışdır və yalnız belə sığorta hadisəsinin baş verildiyi halda, müvafiq güzəştlərin nəzərə alınması göstərilən hərbi qulluqçular, o cümlədən, iddiaçının şəxsində hərbi xidmət dövründə xəstələnməsinə görə xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış və hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara birdəfəlik ödəmənin verilməsi mümkündür. Həmçinin, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar baxımından, belə sığorta hadisəsi o zaman baş vermiş sayılır ki, həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə hərbi xidmətə yararsız hesab edilərək xidmətdən ehtiyata buraxıldığı gündən, həmçinin ehtiyata buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilmiş olsun. Hazırki işin hallarından isə görünür ki, iddiaçı 2018-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmış və ona xx.xx.2022-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faizinin pozulması ilə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının əlilliyi yuxarıda qeyd olunan normaların tələbinə müvafiq qaydada ehtiyata buraxıldığı gündən üç il müddətində deyil, dörd il sonra müəyyən edilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı halda iddiaçıya onun ehtiyata buraxıldığı gündən dörd sonra hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilməsi, ümumiyyətlə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin ç yarımbəndində göstərilən məzmunda sığorta hadisəsi sayılmır. Bu mənada, iddiaçıya münasibətdə sığorta hadisəsi baş vermədiyindən ona bununla bağlı birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası qanuni olmuşdur. İddiaçı apellyasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba istinad edərək ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin olunması üçün 2020-ci ildən aidiyyəti orqana müraciət etdiyini, lakin müraciətinin nəticəsi olmadığını, müvafiq inzibati orqanların təqsiri nəticəsində əlilliyinin xx.xx.2022-ci il tarixdən təyin edildiyini bildirmişdir. Kollegiya iddiaçının dəlillərinə münasibətdə qeyd edir edir ki, iddiaçının istinad etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” na uyğun olaraq iddiaçının əlillik vəziyyəti sonuncu dəfə dövlət səhiyyə müəssisəsinin 0329003AAH2F nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı barəsində həmin göndərişdə qeyd edilmiş müalicə imkanları başa çatdırılmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır. Hazırda iddiaçı ona əlilliyin vaxtında təyin edilməməsində təqsirsiz olması halından çıxış edirsə, bu halda, o, əlilliyin təyini ilə bağlı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirməklə, həmin qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsinə nail olduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı birdəfəlik ödəmənin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər. Bundan əlavə, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 89-cü maddəsi Mülki Məcəllənin 1100-cü maddəsinə müvafiq olaraq əlilliyin gec təyin edilməsində təqsirli olan dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(118)-1604/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-739/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-739/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver