Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-739/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(118)-1252/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı təqdim etdiyi xx.xx.2001-ci il tarixli, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1979-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Zəngilan rayon Yenikənd tam orta məktəbində işləmiş, xx.xx.1994-cü il tarixdən Sumqayıt şəhər 1 saylı peşə liseyində təşkil edilmiş Zəngilan rayon 19 saylı orta məktəbinə sinif rəhbəri təyin edilmişdir və hal-hazıradək həmin məktəbdə işləyir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən 365,20 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra bir neçə dəfə yenidən hesablanmaqla, sonuncu dəfə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 27 iyul 2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı 365,20 manat məbləğində əmək pensiyası xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29.205,30 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq, xx.xx.2023-cü il tarixdən 363,60 manat məbləğində müəyyən edilməklə, azaldılmışdır. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İnzibati orqan 28 iyul 2023-cü il tarixli, 3-17-1/2-M-171688/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29.205,30 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 363 manat 60 qəpik müəyyən edilmişdir. Pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 17 il 2 ay 5 gün olduğu halda, İddiaçı Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Əlavə olaraq bildirir ki, təqdim edilən xx.xx.2001-ci il tarixində doldurulmuş ******* nömrəli əmək kitabçasında 15 avqust 1979-cu il tarixindən xx.xx.1992ci il tarixinədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda, xx.xx.2023-cü il tarixli müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29.205,30 manat olduğu halda, 29.434,72 manat nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən, yaşa görə əmək pensiyanın məbləğində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 avqust 1979-cu il tarixdən Yenikənd orta məktəbində ixtisası üzrə sinif müəlliməsi vəzifəsinə təyin edilmiş, 01 sentyabr 1992-ci il tarixdə Yenikənd orta məktəbinin müəllimi vəzifəsindən azad edilmiş və ehtiyaca görə Rəbənd kənd əsas məktəbinə sinif müəlliməsi təyin edilmişdir. 01 fevral 1994-cü il tarixdə isə Sumqayıt şəhər 1 saylı liseyində təşkil edilmiş Zəngilan rayon 19 saylı orta məktəbinə sinif müəlliməsi vəzifəsinə təyin edilmiş və həmin vaxtdan bəri orada işləyir. Ona avtomatlaşdırılmış qaydada təyin edilmiş pensiya yenidən hesablanaraq 01 yanvar 2006-cı il tarixədək 25 il sığorta stajı və 01 yanvar 2006-cı il tarixdən 16 il 9 ay sığorta stajına uyğun oraraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28.427 manat 48 qəpik pensiya sığorta kapitalı əsasında 02 fevral 2023-cü il tarixdən 358 manat 20 qəpik məbləğində müəyyən edilmişdir. Lakin, o bu halla razı deyil. Hesab edir ki, pensiyasının hesablaması düzgün aparılmamışdır və bu səbəbdən də o, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, hesablama zamanı 01 sentyabr 1979-cü il - 01 sentyabr 1992-ci illər arasında olan iş stajı nəzərə alınmamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası sonradan, yəni xx.xx.2001-ci il tarixdə doldurulmuş və xx.xx.1979-cu il tarixdə Yenikənd orta məktəbində işə daxil olması və xx.xx.1992-ci il tarixdə Yenikənd orta məktəbindən işdən azad olması barədə qeydlər şahid ifadəsinə əsaslanmış, heç bir hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə, bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(118)-1252/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasından və X10 Təhsil İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubunundan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işləmiş və əməkhaqqı almışdır. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan əlavə, iddiaçının xx.xx.1979xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işləməsi faktı məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X7 və X2 şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa müəyyən edilmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qətnaməsi ilə X5 1975-ci il traixdən 1993-cü il tarixə kimi Zəngilan rayon Yenikənd orta məktəbində müəllim işləməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya ona yaşa görə pensiya təyin edilən zaman onun xx.xx.1979xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi dövrləri nəzərə almasından imtinası tam əsassız olmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işi prosessual maddələrin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmayaraq yekun nəticəyə gəlmişdir. Belə ki, X10 Təhsil İdarəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 3-29- 33/2-1439/2023 nömrəli cavab məktubunda Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsasən İddiaçı 1993-cü iiə qədər olan ümumi iş stajının 14 il təşkil etdiyi, onun 1979-cu il tarixdən 1993-cü il tarixədək Zəngilan rayon ümumi təhsil müəssisələrində pedoqoji fəaliyyətlə məşğul olduğu qeyd edilsə də, tarifləşmə cədvəli təqdim edilməmiş, həmçinin, inzibati orqanın tarifləşmə cədvəlinin təqdim edilməsi barədə sorğusu bu günədək cavablandırılmamışdır. Həmçinin, məktubda Zəngilan rayonunun ermənilər tərəfindən işğalı ilə əlaqədar olaraq arxiv sənədləri olmadığı üçün iddiaçının Zəngilan rayonu, Yenikənd tam orta məktəbində işləməsini müəyyən etmək mümkün olmadığı, sadəcə rayonun işğalınadək olan ümumi iş stajı məlum olduğu, tarifləşmə cədvəlinə əsasən onun Zəngilan rayonu işğal olunan zaman sonuncu iş yerinin Rəbənd kənd tam orta məktəbi olduğu qeyd edilsə də, məhkəmə qərarında “iddiaçıya məxsus əmək kitabçasından və X10 Təhsil İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işləmiş və əmək haqqı almışdır” nəticəsinə gəlmişdir, nə əmək kitabçası, nə də müvafiq məktub iddiaçının xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində əmək fəaliyyəti ilə məşğul olmasını və əmək haqqı almasını sübut etmir. Qanunvericiliyin təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçının hazırkı vəziyyətdə qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı mövcud deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda, istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün iş stajına daxil edilməklə, xx.xx.2023-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”:
3. Əmək kitabçasının doldurulması ... 3.9. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. 3.10. Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Hazırkı iş üzrə cavabdeh iddiaçının 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu qənaətinə gəlmiş, sonuncunun 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğundan ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh 15 avqust 1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrün Zəngilan Rayon Təhsil Şöbəsi üzrə şahidçilik aktı əsasında iddiaçının əmək kitabçasında qeyd edildiyi üçün həmin dövrü onun sığorta stajına daxil etməmişdir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının qeyd olunan dövrlərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi faktının mötəbərliyi şübhə yaratmayan əmək kitabçasında qeyd olunduğu, eləcə də məhkəmə icraatı zamanı şahid ifadələri ilə də öz təsdiqini tapdığı hallarına istinad etməklə, iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşin faktiki hallarından göründüyü kimi hazırda iddiaçı xx.xx.1979-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyini iddia edir və bu baxımdan, ona Qanunun 22-1.3-ci maddəsinin tələbinə uyğun olaraq 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı nəzərə alınmaqla, mübahisələndirilən dövrün iş stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Bununla bağlı, kollegiya qeyd edir ki, iddiaçıya ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Zəngilan rayon Yenikənd tam orta məktəbində işləmiş, xx.xx.1994-cü il tarixdən Sumqayıt şəhər 1 saylı peşə liseyində təşkil edilmiş Zəngilan rayon 19 saylı orta məktəbinə sinif rəhbəri təyin edilmişdir və hal-hazıradək həmin məktəbdə işləyir. Əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə qeydlər Zəngilan RTŞ üzrə xx.xx.2001-ci il tarixli, müvafiq olaraq 265 və 266 nömrəli şahidlik aktları əsasında aparılmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X10 Təhsil İdarəsinin 16 noyabr 2023-cü il tarixli, 3- 29-33/2-1439/2023 nömrəli məktubundan görünür ki, Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsasən iddiaçının 1993-cü ilə qədər olan ümumi iş stajı 14 ildir. Belə ki, o, 1979-cu ildən 1993-cü ilədək Zəngilan rayon ümumi təhsil müəssisələrində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Zəngilan rayonunun işğalı ilə əlaqədar arxiv sənədləri olmadığı üçün iddiaçının Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyini müəyyən etmək mümkün deyil, sadəcə rayonun işğal tarixinədək olan ümumi iş stajı məlumdur. Tarifləşmə cədvəlinə əsasən müəyyən olunmuşdur ki, onun rayon işğal olunan zaman sonuncu iş yeri Rəbənd kənd tam orta məktəbi olmuşdur. Göründüyü kimi 1993-cü ildə Zəngilan rayonunun işğalı ilə əlaqədar müvafiq sənədlər keçmiş işğal zonasında qaldığından və arxiv nüsxələri saxlanılmadığından iddiaçının həmin rayonda işlədiyi dövrlə bağlı məlumatların daxil edildiyi əmək kitabçası xx.xx.2001-ci il tarixdə tərtib edilmişdir. Cavabdehin mübahisələndirdiyi məsələ ondan ibarətdir ki, həmin dövrlə bağlı qeydlər qanunvericiliyin tələbinə zidd olaraq şahid ifadələri əsasında əmək kitabçasına daxil edildiyindən kitabça mötəbər sənəd hesab edilə bilməz. Kollegiya cavabdehin dəlilinə münasibətdə bildirir ki, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki, yuxarıda istinad edilən qanunvericilik normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. İddiaçının mübahisələndirən xx.xx.1979-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Yenikənd tam orta məktəbində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan əlavə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin ikinci abzasına əsasən əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək kitabçası olmadığı halda, əmək fəaliyyəti barəsində sənədin şahidin ifadələrinə əsasən təsdiq edilməsini yolverilən hesab edirdi. Hazırkı halda da, iddiaçının xx.xx.1979-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Zəngilan rayon Yenikənd tam orta məktəbində işləməsi faktı iş Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəli, o cümlədən, şahid ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, 1984-cü ildən 1992-ci ilədək Zəngilan rayon Yenikənd tam orta məktəbində direktor müavini vəzifəsində işləmişdir. İddiaçı 1992-ci ildə həmin kəndə gəlmiş və Yenikənd tam orta məktəbində sinif müəlliməsi vəzifəsində işləmişdir. İddiaçıya məxsus əmək kitabçasındakı Yenikənd tam orta məktəbi üzrə sonuncu 1994-cü il tarixli əmr onun tərəfindən qeyd edilmişdir. Ona inzibati orqan tərəfindən əmək pensiyası təyin ediləndə isə Yenikənd tam orta məktəbində işlədiyi dövrlər stajına daxil edilərək mübahisələndirilməmişdir. İş materiallarında olan X3 məxsus əmək kitabçasından müəyyən edilir ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Zəngilan rayon Yenikənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş, xx.xx.1993-cü il tarixdən Zəngilan rayon Rəbənd kənd məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdən Bakı şəhərinə köçürülmə ilə əlaqədar 19 saylı Zəngilan rayon orta məktəbinə direktor təyin edilmiş və hal-hazıradək həmin məktəbdə işləyir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 da izahatında onun 1975-ci ildən Yenikənd tam orta məktəbində fizika müəllimi işlədiyini, iddiaçının da 1979- 1991-ci illərdə həmin məktəbdə işlədiyini və rayon işğal olunan zaman onların bütün sənədlərinin işğal zonasında qaldığını bildirmişdir. X7 tərəfindən məhkəməyə təqdim edilən əmək kitabçasından görünür ki, o da həqiqətən, xx.xx.1975-ci il tarixdən Zəngilan rayon Yenikənd tam orta məktəbinə fizika müəllimi təyin edilmiş, xx.xx.1994-cü il tarixdən Sumqayıt şəhərinə köçürülmüş Zəngilan rayon 14 saylı orta məktəbinə eyni vəzifəyə keçirilmiş, xx.xx.2020-ci il tarixədək həmin məktəbdə işləmişdir. Bunun əksinə dair, yəni iddiaçının 1979-1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işləmədiyinə, həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh iddiaçının Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi xx.xx.1979-xx.xx.1992-ci il tarixləri arasındakı dövrü onun iş stajına daxil etməməkdə haqlı olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 15 avqust 1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün iş stajına daxil edilməklə, xx.xx.2023-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının 15 avqust 1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr iş stajına daxil edilməklə, xx.xx.2023-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(118)-1252/2024 qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr iş stajına daxil edilməklə, xx.xx.2023-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.