Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-739/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X8, X3 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “qərarın ləğv edilməsi və orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(118)-818/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində qəbul edilmiş 11 may 2017-ci il tarixli, 881 nömrəli qərara əsasən onun “qəlpə yaralanmasından sonra başın təpə nahiyyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin 1 barmağının arxa səthində bir ədəd, sağ içəri topuq nahiyyəsində bir ədəd, sağ budun orta 1/3 hissəsinin içəri səthində bir ədəd, sağ budun 1/3 hissəsinin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. TSEK-nin elektron informasiya sistemindən çıxarışlara əsasən iddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə TSEK-də müayinədən keçmiş və ona “keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. Əlillik müddəti bitdikdən sonra TSEK-ə göndərilməsi üçün iddiaçı barəsində Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, X00127539LYS nömrəli göndəriş tərtib edilmişdir.
4. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər - G40.3 “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 3-5 dəfə) təkrarlanır”, T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya serebral atrofiya”, G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya” göstərilmişdir.
5. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, nəticədə, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-20130/2023 nömrəli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə” qərar qəbul edilmişdir.
6. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddia tələbi hazırkı qərarın 1-5-ci bəndində qeyd olunanlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina əsassızdır. Belə ki, iddiaçı bir sıra səlahiyyətli tibb müəssisələrində müayinədə olmuş, həmin müayinələr nəticəsində ona qoyulmuş diaqnoz təsdiq edilmişdir. Ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri” diaqnozu qoyulmuşdur, bu diaqnoz da əlilliyin təyin edilməsinə əsas verir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı hazırkı qərarın 1-5-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(118)-818/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 18 dekabr 2023-cü il tarixli qərarı ləğv edilərək, iddiaçıya xx.xx.2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na əsasən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri (F07)”; “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 3-5 dəfə) təkrarlanır (G40.3)”; “Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya serebral atrofıya (T90.5)” müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda X00127539LYS nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı barəsində sonuncu göndəriş xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş və xx.xx.2024-cü il tarixli qərarla diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatının aparılmasından imtina edilmişdir. Qeyd olunan qərar iddiaçı barəsində sonuncu qərar olduğundan məhkəmə həmin qərara münasibət bildirməli idi. Analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
24. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmişdir. İddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
25. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış məhkəmə-psixiatrik ekspertizasının, eləcə də, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş rəylərlə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.
26. Hazırkı qərarın 4-cü bəndində qeyd edilən Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, X00127539LYS nömrəli göndərişdən göründüyü kimi onda əsas diaqnoz XBT 10 F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri” və yanaşı xəstəliklər olaraq G40.3, T90.5 və G93.4 kodlu xəstəliklər mövcuddur.
27. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizasının 06 sentyabr 2024-cü il tarixli, T559/2024 nömrəli ekspert rəyi verilmişdir.
28. Həmin ekspertiza tədqiqatı publik hüquqi şəxsin eksperti ilə yanaşı, cavabdeh orqanın tibbi-sosial ekspertinin iştirakı ilə aparıldığından məhkəmənin 09 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekpertizası təyin edilmişdir. Həmin ekspertiza tədqiqatı üzrə publik hüquqi şəxs tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, T114/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə psixiatrla birgə müayinədə şəxsiyyətin patoloji istiqamətə inkişafı izlənilməmiş, psixi statusunda tam mühakiməli və sərbəst olmuş, kənar şəxsin qulluğu və ya nəzarətinə səbəbiyyət verəcək patologiyalar aşkarlanmamışdır. İddiaçı 12 fevral 2025-ci il tarixdə p.h.ş-nin təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən xx.xx.2024-cü il tarixdə dediklərini bir daha təsdiqləmişdir.
29. Əvvəla, həmin ekspert rəyindən göründüyü kimi təkrar ekspertiza tədqiqatı zamanı iddiaçının yenidən əyani müayinəsi keçirilməmiş, rəydə xx.xx.2024-cü il tarixdə ilkin tədqiqat zamanı aparılmış əyani müayinənin nəticələrinə istinad edilmişdir.
30. Bundan başqa, X00127539LYS nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz (F07.0 kodlu) “X2 XBT-10”–nin “Psixi pozğunluqlar və davranış pozğunluqları (F00– F99)” bölməsinə aid xəstəlik olduğundan iş üzrə məhkəmə-psixiatrik ekspertizası da təyin edilməli idi.
31. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 46-cı bəndində də göstərilmişdir ki, “.........., o da xüsusilə qeyd edilməlidir ki, şəxsin sosial uyğunlaşması və səhhətinin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış formasında psixi xəstəlik və əqli pozuntularının müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizanın alternativi kimi məhkəmə-psixiatriya ekspertizası təyin edilməlidir”.
32. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir.
33. Məhkəmə qərardadının icrası nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-psixiatrik ekpertizasının 02 oktyabr 2025-ci il tarixli, 3350 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıda F07.0 kodlu “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu xəstəlik aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəlləbeyin travması alması, baş ağrılarından əziyyət çəkməsi, yaddaşının zəifləməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə , anamnezində intihar cəhdləri F07.0 diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
34. Həmçinin, işdən görünür ki, iddiaçı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində də dəfələrlə əyani müayinələrdə olmuşdur. Belə ki, 30 noyabr 2022-ci il tarixdə keçirilmiş müayinə zamanı ona “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu, 27 iyul 2023-cü il tarixdə keçirilmiş müayinədə isə sağlamlıq vəziyyətinin biraz da ağırlaşdığı müşahidə edilərək ona “F07.0 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri” diaqnozu qoyulmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə keçirilmiş əyani müayinə zamanı da eyni diaqnoz bir daha təsdiqlənmiş və müayinə nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 4176 nömrəli rəy verilmişdir.
35. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş X00127539LYS nömrəli göndəriş, məhkəmə-psixiatrik ekspertizasının rəyi, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş rəylərin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən əsas diaqnozun ağırlaşması olan F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri” diaqnozlu xəstəlik aşkar edilir.
36. Həmin xəstəlik isə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1, 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.
37. “Əlilliyin müəyyən olunması meyarları” nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.
38. Hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu xəstəliyin iddiaçıda torpidlik əlamətləri, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, hətta intihar cəhdləri ilə müşahidə edildiyi həm məhkəmə-psixiatrik ekpertizasının rəyi, həm də “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş rəylərdə təsdiq edilmişdir.
39. Qeyd olunanlara əsasən iddiaçıda F07.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.2-ci bəndində qeyd olunduğu kimi - təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, habelə intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi patofunksional əlamətlərlə müşahidə edildiyi və bu baxımdan, orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verdiyi müəyyən edilir.
40. İddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu diaqnozunun MN MHHK-nin qərarında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilən “qəlpə yaralanmasından sonra başın təpə nahiyyəsində çapıq toxumalar” diaqnozu nəticəsində yarandığı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylərlə təsdiqlənmişdir. Belə ki, həmin diaqnozların mətni “F07.0 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri” məzmununda göstərilmişdir.
41. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
42. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
45. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
46. Beləliklə, işin yuxarıda qeyd olunan hallarından müəyyən edildiyi kimi hazırda iddiaçıda aşkar olunan F07.0 kodlu xəstəlik ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.
47. Lakin, birinci instansiya məhkəməsi qərarında texniki yanlışlığa yol verərək orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi nəticəsinə gəlmişdir.
48. Kollegiya hesab edir ki, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(118)-818/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.