Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-74/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(118)-229/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur. Hərbi xidmətini tam və qüsursuz başa vurduqdan sonra öz istəyi ilə 1992-ci ilin may ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Şabran (Dəvəçi) rayon Mühafizə Bölməsinə polis nəfəri kimi işə qəbul olunub xidmətə başlamışdır. Həmin bölmədə polis nəfəri kimi xidmət etdiyi zaman Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin 245 saylı əmri ilə 1992-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Lakin həmin ərəfədə müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Möhtərəm Prezidentin müharibə veteranlarına göstərdiyi diqqətin nəticəsində onun məlum Fərmanı ilə 2020-ci ilin aprel ayının 1-dən onlara ayrılmış aylıq 80 (səksən) manatdan faydalanmaq məqsədilə «müharibə veteranı» adı və vəsiqəsi almaq üçün əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X5, daha sonra isə onunla birlikdə həmin bölmədə xidmət aparan və qeyd etdiyi vaxtda onunla birgə döyüş bölgəsində iştirak edən iki nəfər şəxsin onun həqiqətən Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin 245 saylı əmri ilə 1992-ci ilin sentyabr ayında onlarla birlikdə döyüş bölgəsində olmağını təsdiqləməkləri barədə Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiqlənmiş aktı da Nazirliyin Kadrlar İdarəsinə göndərsə də, heç bir müsbət nəticəsi olmamışdır. Hər iki dəfə imtina gələrək Şabran rayon Polis Şöbəsinin 1992-ci ili əhatə edən əmrlərində 245 saylı əmr müəyən olunmadığından, qaldırılmış məsələnin həllinin mümkün olmadığı bildirilmişdir. Onunla birgə döyüş bölgəsində iştirak edib döyüşən şəxslər «Müharibə veteranı» adı və vəsiqəsi alıb, onlara ayrılmış güzəştlərdən istifadə edir. Buna görə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əsasən işin halları: - Azərbaycan Respublikası Dəvəçi rayon Polis Şöbəsinnin 25.11.1998-ci il tarixli 2371 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqların azadlığı uğrunda gedən dğöyüşlərdə Qarabağ döyüş bölgəsində 1992-ci il tarixli RPŞ-nin 245 saylı əmri ilə xidməti ezamiyyətdə olmuşdur. - X3 və X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, onlar Xaçmaz rayonu, Çarxı kənd sakini İddiaçı tanıyırlar. Onlar əvvəllər DİN-nin Baş Mühafizə İdarəsinin Şabran (Dəvəçi) rayon Mühafizə Bölməsində polis nəfəri kimi işləyib təqaüdə çıxmışlar. İşlədikləri dövrdə Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin rəhbərliyinin 245 saylı əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsində gedən döyüşlərdə onlarla birlikdə Şabran rayon Mühafizə Bölməsində polis nəfəri işləyən İddiaçı da həmin bölgəyə ezam olunmaqla iştirak etmişdir. Buna görə onların hər ikisinə «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş 11.12.2019-cu il tarixli 024-55438O-3219 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arxiv sənədlərində iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş 03.07.2020-ci il tarixli 024-13604/2O-3220 saylı məktubundan görünür ki, Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin 1992-ci il tarixli, 245 nömrəli əmrilə ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştiraka görə ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin X1 Nazirliyinə ünvanlanmış eyniməzmunlu müraciətə baxılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Şəxsi Heyətlə iş İdarəsinə daxil olmuş məktuba əsasən iddiaçının ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə əmr aşkar olunmamışdır. Şabran rayon Polis Şöbəsinin 1992-ci ili əhatə edən əmrlərində 245 nömrəli əmr müəyyən olunmamışdır. Bu səbəbdən qaldırılmış məsələnin həlli mümkün deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran rayon Polis Şöbəsi tərəfindən verilmiş 14.03.2021-ci il tarixli 1004602-1221 saylı sorğuya cavab məktubundan görünür ki, Şabran rayon Polis Şöbəsində 1992-1994-cü illərdə İddiaçı adlı əməkdaş xidmət etmədiyi üçün, Qarabağ bölgəsində gedən döyüşlərdə iştirakı üçün ezamiyyətə göndərilməsi barədə hər hansı bir məlumatın və əmrlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 14.06.2021ci il tarixli 038-12369-1221 saylı sorğuya cavab məktubundan görünür ki, DİN-nin Baş Mühafizə İdarəsinin sabiq əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə heç bir məlumat aşkar edilmədiyi barədə Baş İdarənin 21.05.2021-ci il tarixli 038-10519-1221 nömrəli məktubu ilə cavab verilmişdir. Bu səbəbdən məsələnin müsbət həlli mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(118)-229/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(118)-229/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində Dəvəçi RPŞ tərəfindən 1992-ci ilin sentyabr ayında verilmiş 245 nömrəli əmrlə döyüşlərdə iştirak etmək üçün Qarabağ bölgəsinə ezam olunduğunu qeyd etsə də, lakin Şabran rayon Polis Şöbəsinin 1992-ci ili əhatə edən əmrlərində 245 nömrəli əmrin olmadığı müəyyən edilmişdir. Həmçinin, DİN-in Baş Mühafizə İdarəsindən təqdim olunmuş 31.10.2020-ci tarixli, 038-23231-1220 nömrəli məktubda vət. Xalid Oçaqovun daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində döyüşlərdə iştirakı barədə hər hansı bir məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən əmrlər arxivdə aşkar edilmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçının ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə əmr aşkar olunmamışdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(118)- 229/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Belə ki, birinci inctansiya məhkəməsi iddianın təmin edilməli olmasının hüquqi əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 2116 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bölməsinin 11-ci abzasına əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidimət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzsiya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bununla əlaqədar birinci inctansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi arayışda onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edilir. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini nəzərə almadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin 36-cı vərəqində olan arayışa istinad etsə də, həmin arayışın 25.11.1998-ci il tarixində verildiyini nəzərə almamışdır. Belə ki, həmin arayışda iddiaçının Şabran RPŞ tərəfindən 1992-ci il tarixli 245 saylı əmri ilə Qarabağ döyüş bölgəsində xidməti ezamiyyətdə olduğu göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq Şabran RPŞ –nin qeyd olunan 1992-ci il tarixli 245 saylı əmrinin mövcud olub-olmamasını ümumiyyətlə araşdırmamış, cavabdehin bununla bağlı əsaslı dəlillərinə hüquqi qiymət verməmişdir. Bununla əlaqədar işin tam və ətraflı araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu göndərilərək İddiaçı ilə birlikdə DİN-nin Baş Mühafizə İdarəsinin Şabran (Dəvəçi) rayon Mühafizə Bölməsində polis nəfəri kimi fəaliyyət göstərmiş X3 və X2 Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin rəhbərliyinin 245 saylı əmri (və yaxud müvafiq nömrəli əmr) ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələri üçün Qarabağ bölgəsinə ezam olunmaları barədə rəsmi arayış təqdim edilməsi tələb edilmişdir. Həmin sorğuya cavab olaraq İddiaçıla birgə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Şabran (Dəvəçi) rayon Mühafizə Bölməsində polis nəfəri kimi fəaliyyət göstərmiş vət. X3 və X2 barələrində müəyyən edilmiş əmrlərin, arxiv şəxsi işlərinin xidmətkeçmə siyahıları məhkəmə kollegiyasına göndərilməklə qeyd olunmuşdur ki, Şabran RPŞ-nin1992-ci ili əhatə edən əmrlərində 245 nömrəli əmrin olmadığı müəyyən edilmişdir. Beləliklə iş materiallarına əsasən birinci instansiya məhkəməsi Şabran RPŞnin1992-ci il tarixli 245 nömrəli əmrin olmadığı halda, həmin əmrin mövcudluğuna dair əsassız olaraq Dəvəçi RPŞ-nin 25.11.1998-ci il tarixli arayışına istinad etmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(118)-229/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(118)-229/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-74/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-74/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver