Məhkəmə qərarları › İş №2-1(105)-74/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-74/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-74/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Siyəzən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11-99 saylı qərarı ilə ayrılmış Siyəzən şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun həmin torpaq sahəsi 1 il ərzində özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2- 1(118)-1684/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Siyəzən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11-99 saylı qərarından görünür ki, İddiaçı Siyəzən şəhəri ərazisində 0.05 ha torpaq sahəsi ayrılmışdır.

2. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Siyəzən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11-99 saylı qərarına əsasən Siyəzən bələdiyyəsi İddiaçı Siyəzən şəhəri ərazisində 0.05 ha torpaq sahəsi satmışdır.

3. Siyəzən rayon İcra Hakimiyyəti başçısının 07 fevral 2008-ci il tarixli sərəncamından görünür ki, Siyəzən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11-99 saylı qərarı ilə İddiaçı ayrılmış Siyəzən şəhəri ərazisində 0.05 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

4. Siyəzən rayon İH Memarlıq və Şəhərsalma İdarəsinin rəyindən görünür ki, idarə İddiaçı torpaq sahəsinin ayrılmasına etiraz etmir.

5. xx.xx.2007-ci il tarixli 36 nömrəli qəbzdən görünür ki, İddiaçı Siyəzən bələdiyyəsinin hesabına 200 manat torpaq pulu ödəmişdir.

6. DTXK-nin Siyəzən rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd S.Mövsumova ayrılmış 0.05 torpaq sahəsinə dair tərtib edilmişdir.

7. DTXK-nin Siyəzən rayon Şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd S.Mövsumova ayrılmış 0.05 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

8. DTXK-nin Abşeron rayon şöbəsinin rəyindən görünür ki, S.Mövsumova satılmış torpaq sahəsi bələdiyyə mülkiyyətidir və alqı-satqı predmetidir.

9. Məhkəmənin sorğusuna əsasən Siyəzən rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Siyəzən şəhəri ərazisində 0,05 ha torpaq sahəsinin satılması ilə bağlı Siyəzən şəhər Bələdiyyəsinin 30 noyabr 2007ci il tarixli, 11-99 nömrəli qərarının təsdiq olunmuş arxiv surəti və arxiv çıxarışı təqdim edilmişdir.

Birinci instansiya məhkəməsində icraat İddiaçının dəlilləri

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun həmin torpaq sahəsi 1 il ərzində özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11-99 saylı qərarı ilə ayrılmış Siyəzən şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun həmin torpaq sahəsi 1 il ərzində özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Siyəzən rayonu Siyəzən şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri- torpaq sahəsinin ayrılması barədə Siyəzən Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarını, 30 noyabr 2007-ci il tarixli alqı-satqı aktını, torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə aktı, Siyəzən RiB aparatının Memarlıq və tikinti şöbəsinin rəyini, Siyəzən şəhərinin baş planından çıxarışı, DT və XK-nin Siyəzən rayon şöbəsinin rəyini, DT və XK-nin Siyəzən rayon şöbəsinin plan və ölçüsünü, torpağın alqısatqısı üçün ödənmiş məbləğin qəbzini təqdim etmişdir. Lakin cavabdeh dövlət qeydiyyatının aparılmasından bildirişlə imtina etmişdir. Siyəzən Bələdiyyəsinin qeyd edilən qərarı ilə torpaq sahəsini əldə edən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Lakin həmin torpaq sahəsini alqı-satqı qaydasında alan İddiaçı həmin dövrdə Azərbaycan Respublikasının vətətəndaşı olmuşdur. Torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət etmiş, torpaq sahəsinə görə müvafiq məbləği bələdiyyənin hesabına ödəmiş və sahiblik, istifadə hüququ əsasında torpaq sahəsini əldə etmişdir. Hal-hazırda da qeyd olunan torpaq sahəsi onun istifadəısindədir.

Cavabdehin etirazının dəlilləri

13. Cavabdeh etirazında bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı nümayəndəsi X2 bildirilmişdir ki, torpaq sahəsi üzərində Rusiya Federasiyası vətəndaşı İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-1(118)-1684/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Siyəzən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11-99 saylı qərarı ilə ayrılmış Siyəzən şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun həmin torpaq sahəsi 1 il ərzində özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri:

16. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə göstərilir ki, Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

18. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi.

TƏTBİQ OLUNAN HÜQUQ:

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

20. Torpaq Məcəlləsi: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası (-)

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ (-)

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

22. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Həmin normada əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, həmin imtina cavabı əsassız hesab edilməlidir. Belə ki, torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verilərkən, yəni 1989-cu ildə iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmuşdur, həmin torpaq sahəsi ona qanuni əsaslarla ayrılmış və hazıradək onun və ailə üzvlərinin faktiki istifadəsindədir. İddiaçının sonradan başqa ölkənin vətəndaşlığını qəbul etməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırmamalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Siyəzən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11-99 saylı qərarı ilə ayrılmış Siyəzən şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

27. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı Rusiya Federasiyası vətəndaşı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır.

28. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Belə ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər.

29. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır.

30. Lakin, torpaq sahəsinin satıldığı 2007-ci ildə iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi ona satılmış, bu səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir.

31. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir.

32. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

35. Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla satılmış (bu hal tərəflər arasında mübahisələndirilmir), lakin iddiaçı mülkiyyət hüquqlarını qeydiyyata aldırmadan digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz.

36. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-1(118)-1684/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar