Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-740/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu X7 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1443/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək məqsədilə 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 742 saylı, 14 iyun 2013-cü il tarixli rəyindən görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. 14 iyun 2013-cü il tarixdə qeydə alınmış “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Qobu bələdiyyəsinin 12 saylı, 28 iyun 2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına 3200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 32 saylı, 18 aprel 2008-ci il tarixli ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına 3200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Abşeron rayonu Qobu bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yeruquluşu planından çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır və onuna adına yeruquluşu planından çıxarış tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının Abşeron rayonu Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasının qanunsuz və əsassız sayılması və hüquqlarının dövlət qeydiyyatına alınmaqla, ona bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu X7 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə müvafiq sənədləri təqdim etməklə və ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına dövlət qeydiyyatına alınması və adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2020-ci il tarixli, **********53 saylı bildiriş məktubu ilə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hüquqların dövlət reyestrini aparan inzibati orqan daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edərkən əsas olaraq göstərmişdir: "Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2013-cü il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir." Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 sayh Abşeron Ərazi İdarəsi yuxanda sadalananları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas tutaraq, ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, aşağıda sadalananlara görə onun Abşeron rayonu. Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından inzibati orqanın verdiyi imtina qanunsuz və əsassızdır. Qobu Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmişdir" hissəsinə münasibətdə: İnzibati orqanın daşınmaz əmlak üzərində hüququ dövlət reyestrində qeydiyyata almaqdan imtinasının birinci əsası Qobu Bələdiyyəsi tərəfindən mənə torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2013-cü il tarixdə verilməsidir. Bununla əlaqədar qeyd edir ki, inzibati orqana təqdim edilmiş Abşeron rayonu X7 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarından görünür ki, ona bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması, ona satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 3200 manat dəyərini Qobu bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi qərara alınmışdır. "xxxx" ASC-nin verdiyi xx.xx.2008-ci il tarixli, 32 saylı qəbzdən görünür ki, vətəndaş Qobu bələdiyyəsinin hesabına 3200 manat məbləğində ödəniş etməklə, müvafiq torpaq sahəsi üçün müəyyən edilmiş və onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir (surəti əlavə olunur). Üstəlik müvafiq bələdiyyə qərarı həqiqiliyi və qanuniliyi mübahisə doğurmur. Faktiki olaraq Abşeron rayon arxiv sənədlərində də sözügedən qərarın, alqı-satqı aktı və digər zəruri sənədlərinin surəti mövcuddur. Bundan başqa inzibati orqana təqdim edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsi ilə arasında bağlanmış torpaqların alqısatqısına dair aktdan görünür ki, Abşeron rayonu X7 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə ona Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində bələdiyyə perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması və tərəfindən həmin torpaq sahəsinə görə Qobu bələdiyyəsinin hesabına 1600 manat məbləğində ödəniş edilməsi imza və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 742 saylı rəyindən görünür ki, fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir. Sadalananlardan göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi - bələdiyyə qərarında müəyyən edilmiş məbləği öncədən bələdiyyənin xüsusi hesabına köçürmüş və eyni zamanda ərizə ilə Qobu bələdiyyəsinə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir, Qobu bələdiyyəsi də öz növbəsində vətəndaşa göstərilən məqsədlə 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1443/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu X7 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. hazırki işdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi 742 saylı, 14 iyun 2013-cü il tarixli rəyi ilə iddiaçıya fərdi ev tikintisi üçün 0.08 ha torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına torpaq sahəsinin dəyəri olan 3200 manat ödəniş edilmiş, torpaq sahəsi iddiaçıya Abşeron rayonu Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə satılmışdır. Həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılmışdır, ödəniş qəbzi də mövcuddur. Abşeron rayonu Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 4 saylı Abşeron Ərazi İdarəsinə 04 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixində ayrılmasına baxmayaraq, alqı-satqı aktı və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 14 iyun 2013-cü il tarixində verildiyi: torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı təqdim edilmiş qəbz xx.xx.2008-ci il tarixdə verilmişdir. Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı müvafiq bələdiyyə qərarı əsasında ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bundan imtina edilərək, imtinanı əsası kimi Qobu Bələdiyyəsi tərəfindən vətəndaşa 0.08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 14 iyun 2013-cü il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin isə ərizəyə əlavə edilmədiyi aşkar edildiyi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsi, ərizənin icrasının mümkün olmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək məqsədilə 0.08 ha torpaq sahəsinin satılması qərara alınmış, torpaqların alıq-satqısına dair akt tərtib edilmişdir. Eyni zamanda iş materiallarında olan 18 aprel 2008-ci il tarixli qəbzin surətindən görünür ki, müvafiq məbləğdə pul vəsaiti İddiaçı tərəfindən Abşeron rayonu Qobu bələdiyyəsinin "xxxx" ASC-nin Abşeron filialının hesabına ödənilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin yeruquluşu planından çıxarış tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən torpaq sahəsinin ayrılmasının qanunamüvafiq olması və etiraz etməməsi barədə rəy tərtib edilmişdir. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunduğundan, imtina və apellyasiya şikayətinin dəlilləro formal olmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1443/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.