Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-740/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alnmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(118)-22/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən B-4520 nömrəli ümumi sahəsi 0,12 ha olan B-4520 nömrəli bağ torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi ərazisində "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəyə uyğun fərdi yaşayış evi inşa edilmişdir. Eskiz layihədən görünür ki, yaşayış evi 2 mərtəbədən və mansarddan ibarət olmaqla, hündürlüyü 9,900 metr təşkil edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4520 ünvanında yerləşən bağ evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasının müəyyənləşdirilməsi üçün bağ evinə müayinə baxışı keçirilərkən, bağ evinin 101.0 kv.m. hissəsinin sənəd üzrə ayrılmış torpaq sahəsindən kənarda, zəbt torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, bildirilmişdir ki, tikili altına düşən, mülkiyyətdə olan torpaq sahəsindən kənarda, zəbt torpaq sahəsində yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edildikdən sonra müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubunun (bildirişinin) etibarsız hesab edilməklə, Sumqayıt şəhəri, Saray Bağlar massivində xüsusi mülkiyyətində ümumi sahəsi 2,12 ha olan B-4520 nömrəli torpaq sahəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəyə uyğun inşa etdiyi fərdi yaşayış evini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə almaqla, onun adına müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 2,12 ha olan B- 4520 nömrəli torpaq sahəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəyə uyğun inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Cavabdeh inzibati orqana “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən fərdi yaşayış evinə çıxarışın verilməsindən imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(118)-22/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2392/2023 nömrəli mütəxəssis rəyindən müəyyən olundu ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 90.0 kv.m. hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Qanunvericiliyin tələbinə əsasən özgəsinin mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsi qadağandır. Bu səbəbdən, iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı cavabdehdən alınmış mütəxəssis rəyindən məlum olmuşdur ki, mülkiyyətində inşa etdirdiyi fərdi yaşayış evinin altındakı torpaq sahəsinin 90.0 m2 hissəsi bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir. Bunun üçün Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4520 nömrəli bağ sahəsinin uzun müddət mülkiyyətində olmasını nəzərə alaraq, Saray Bələdiyyəsinə müraciət edib, mütəxəssis rəyində qeyd edilən və halhazırda fərdi yaşayış evinin altında olan 90.0 m2 torpaq sahəsinin adına özəlləşdirilməsini xahiş etmiş, lakin, cavabdeh, müraciətini cavabsız qoyub hərəkətsizlik etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün Saray Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, hazırkı iş üzrə birinci instansiya məhkəməsinə işin icraatının dayandırılması barədə ərizə ilə müraciət etməyimə baxmayaraq, iddiası rədd edilmiş, bununla da, hüquqları pozulmuşdur. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri həmin obyektlərin qeydiyyata alınması üçün əsas hesab edilir. Yəni, tərəfindən qanunvericiliyə uyğun şəkildə torpaq sahəsinə çıxarış əldə etdikdən sonra, müvafiq mənzili inşa etdirmiş və nə bələdiyyə tərəfindən, nə də yerli icra hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına heç bir maneə törədilməmişdir. Torpaq sahəsinə hələ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 2008-ci ildə **********74 reyestr nömrəli çıxarış müvafiq koordinatlar çərçivəsində ona 0,12 ha torpaq sahəsinin döngə nöqtələri göstərilməklə təhvil verilmişdir. İddiaçı da dövlət orqanının təhkim və təsdiq etdiyi koordinatlar daxilində fərdi yaşayış evi tikdirmişdir. Sonradan cavabdehin əldə etdiyi müasir torpaq ölçmə cihazları vasitəsilə göstərdiyi koordinatlarda yanlışlıq ola bilər və belə problemlər onun təqsiri deyildir, bu halda onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin ölçüsü 192 kv.m. olmaqla, onun 90 kv.m. hissəsi iddiaçının xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən kənarda inşa edilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmetini cavabdehin Saray bağlar massivi ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı fərdi yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin iddiaçının müraciətindən imtinasının əsası hüququnun qeydə alınması tələb olunan yaşayış evinin bir hissəsinin (101.0 kv.m.) onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi və həmin hissəyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli ərazi yenidən müayinə edilərək, GPS vasitəsilə cavabdehin mütəxəssisi və iddiaçının iştirakı ilə çöl-ölçmə işləri aparılmış və mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəyə uyğun inşa edilmiş iddiaçının sahibliyində olan fərdi yaşayış evi 192,5 kv.m. olmaqla, onun ümumi sahəsinin 102,5 kv.m. hissəsi iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən B-4520 nömrəli 1200 kv.m. torpaq sahəsində yerləşir. İddiaçının sahibliyində olan fərdi yaşayış evinin 90 kv.m. hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evinin 90 kv.m. hissəsi iddiaçının xüsusi mülkiyyətində olan B- 4520 nömrəli 1200 kv.m. torpaq sahəsində deyil, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. İşin qeyd olunan halı iddiaçı tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, mütəxəssis rəyi ilə yuxarıda qeyd olunan hal müəyyən edildikdən sonra iddiaçı ərizə ilə Saray bələdiyyəsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən B-4520 nömrəli 1200 kv.m. torpaq sahəsinə bitişik 90 kv.m. torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən Sumqayıt şəhərində həyətyanı torpaq sahəsinin 1 sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun ona satılması barədə qərar qəbul edilməsini xahiş etmiş, bələdiyyə orqanı iddiaçının müraciətinə cavab vermədiyindən iddiaçı sözügedən torpaq sahəsinin ona satılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Kollegiya bir məqamı da diqqətə çatdırır ki, iddiaçı iddia ərizəsinin dəlillərində və tələbində xüsusi mülkiyyətində olan torpaq sahəsinin ölçüsünü texniki səhv olaraq 0.12 ha əvəzinə 2,12 ha qeyd etmişdir. Birinci instansiya məhkəməsi mütəxəssis rəyində qeyd edilənlərə istinad etməklə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 90 kv.m. hissəsinin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşmədiyini nəzərə alaraq, iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir: Mübahisəli fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edildiyi (iddiaçı bələdiyyəyə qarşı iddia ərizəsinin dəlillərində torpaq sahəsini 2008-ci ildən əldə etdiyini və həmin tarixdə torpaq sahəsində fərdi yaşayış evi inşa etdirdiyini bildirmişdir), yaşayış evinin hündürlüyünün 12 metrədək olduğu və onun yerləşdiyi torpaq sahəsinin kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olduğu nəzərə alınaraq, iddiaçının hazırkı tələbinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsi baxımından hüquqi qiymət verilməlidir. Həmin maddəyə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tikili üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. Lakin, hazırkı işdən görünür ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. Belə ki, işin yuxarıda qeyd edilən hallarından müəyyən edildiyi kimi mübahisəli yaşayış evinin bir hissəsi (90.1 kv.m.) iddiaçının xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən kənarda yerləşir. Həmin 90.1 kv.m.-lik torpaq sahəsi ilə fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi çıxış edir. Bu baxımdan, 0,12 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd hazırkı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə Qanunun 8.0.9.1.2-ci maddəsində göstərilən sənəd kimi qiymətləndirilə bilməz. Belə olan halda, kollegiya hesab edir ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır. Cavabdehin imtinası yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 15-ci maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Kollegiya əlavə olaraq bildirir ki, iddiaçının Saray bələdiyyəsinə qarşı 90.1 kv.m. torpaq sahəsinin ona satılması tələbinə dair iddiası uğurlu olacağı halda, o, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi reyestrdə onun xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair ərizə ilə inzibati orqana müraciət edə, müraciəti təmin edilmədiyi təqdirdə isə məhkəmədə iddia qaldıra bilər. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanuni əsas olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(118)-22/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-740/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-740/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver