Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-743/2023 24.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququna dair üçüncü şəxsin adına aparılmış qeydiyyatın qanunsuz hesab edilməsi) Sədrlik edən və məruzəçi hakim X9, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı **********63 reyestr nömrəli, 19 mart 2018-ci il tarixli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2529/2022 nömrəli qərarından üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə üçüncü şəxs arasında 09 oktyabr 2001-ci il tarixli, 4ə-27 reyestr nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Qusar rayon XDS-nin 30 iyul 1991-ci il tarixli 43/2 nömrəli qərarı ilə üçüncü şəxsə məxsus, Qusar şəhəri, Aşıq Nüsrət küçəsində yerləşən 400.kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.80 sm hündürlüyündə mişar daşından tikilmiş yarımçıq tikili iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə alsa da, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün aidiyyəti orqana müraciət etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqaında” Azərbaycan Respublikası Qanununun 8-cı və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı uçun əsas olan hüquqmüəyyənedicı sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhərində yerləşən Cavabdeh2 mülkiyyətinə aid olan torpaq sahəsinə dair hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini və üçüncü şəxs qismində Cavabdeh2 tanınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 oktyabr 2001-ci il tarixdə Cavabdeh2 ilə alğısatqı müqaviləsini bağlayıb Qusar rayon XDS-nin 30 iyul 1991-ci il tarixli 43/2 nömrəli qərarına əsasən ona məxsus, Qusar şəhəri, Aşıq Nüsrət küçəsində yerləşən 400.kv.metr həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1.80 sm hündürlüyündə mişar daşından tikilmiş yarımçıq tikilini o vaxtkı pulla ******* (üç milyon) Azərbaycan manatına cavabdeh X5 almışdır. Bu barədə, Cavabdeh2 ilə bağladığı alğı-satqı müqaviləsi 09 oktyabr 2001-ci il tarixdə Qusar rayon Dövlət notariat kontorunda təsdiqlənərək 4ə-27 nömrəli reyestrdə qeydə alınmışdır. Həmin torpaq sahəsini Cavabdeh2 aldıqdan sonra iddiaçı torpaq sahəsində yerləşən yarımçıq tikilinin tikintisini davam etdirərək orada 1-ci mərtəbəsi mişar daşından, 2-ci mərtəbəsi isə çiy kərpicdən olmaqla 2 mərtəbəli yaşayış evini tikmiş, yaşayış evinin damını şiferlə bağlamışdır. Həmin yaşayış evini təxminən 2005-ci ilin sonlarına kimi tikib qurtarmışdır. İddiaçı işi ilə əlaqədar Rusiya Federasiyasında yaşadığı üçün Cavabdeh2 aldığı həmin 400 kv.metr həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi yaşayış evinə uzun müddət daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Bu yaxınlarda o torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdehə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh2 400 kv.metr həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini 09 oktyabr 2001ci il tarixdə alğı-satqı nüqaviləsi bağlayıb ona satmasına baxmayaraq alğı-satqı müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasından sui-istifadə edərək həmin torpaq sahəsinə arxiv sənədlərinə əsasən yenidən öz adına cavabdehdən 19 mart 2018-ci il tarixdə **********63 reyestr nömrəli daşmmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışa əsasən Cavabdeh2 həmin torpaq sahəsini 04 fevral 2022-ci il tarixdə cavabdeh Qusar rayon notariat ofisində alğı-satqı müqaviləsi bağlamaqla Qusar rayon sakini X2. Həmin müqavilə cavabdeh Qusar rayon notariat ofisi tərəfindən 04 fevral 2022-ci il tarixdə təsdiqlənərək 4ə-263 nömrəli reyestrdə qeydə alınmşdır. Bundan sonra cavabdeh X13 Cavabdeh2 ilə bağladığı həmin müqaviləyə əsasən, onun torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Yuxarıda qeyd etdiyi kimi sözügedən 400 kv.metr həyətyanı torpaq sahəsi Qusar rayon dövlət notariat kontorunda təsdiqlənmiş 09 oktyabr 2001ci il tarixli, 4ə-27 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən ona satılmışdır. Həmin alğısatqı müqaviləsi hal-hazıradək qüvvədədir. Belə olan halda həmin torpaq sahəsinə cavabdeh tərəfindən Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuzdur və həmin çıxarış məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 19 mart 2018- ci il tarixli **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs 04 fevral 2022-ci il tarixdə Qusar rayon notariat ofisində alğı-satqı müqaviləsi bağlanmaqla müvafiq əmlak X6 adına rəsmiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2529/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi təmin edilərək, Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli **********63 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hesab olunur ki, həmin sənədlərdən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi iddiaçı tərəfindən cavabdeh təşkilata təqdim edilmişdir. Lakin cavabdeh təşkilat həmin alqı-satqı müqaviləsindən xəbərsiz olmasına istinad edərək Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli **********63 reyestr nömrəli çıxarış vermişdir. Qeyd olunan hərəkət üçüncü şəxsin ona qanunla verilmiş hüququndan istifadə etməsi nəticəsində yerinə yetirilməsindən əlavə cavabdeh təşkilatın “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 23.1-ci maddəsinin tələblərinin pozulması ilə müşayət olunur. Hüquqdan sui-istifadənin qadağan edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsində göstərilib. Belə ki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.1 və 560.3.2-ci maddələrinin tələblərinə əsasən qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirilməsi hüquqdan sui istifadə sayılır. Göründüyü kimi üçüncü şəxs iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi üzrə əmlak üzərində olan hüquqlarını başqa şəxsə ötürməsini dərk etmiş, lakin iddiaçının həmin alqısatqı müqaviləsi üzrə torpaq sahəsinə dair əldə etdiyi hüququnun qeydiyyata aldırması üçün cavabdehə müraciət etməməsindən istifadə edərək öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Bu isə üçüncü şəxsin hərəkətlərinin qeyri-qanuni olmasına və onun alqı-satqı müqaviləsinin tərəfi kimi üzərinə düşən vəzifələrin kobudcasına pozulmasına dəlalət edir. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alındığı 19 mart 2018-ci il tarixli **********63 reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və mübahisəyə adiyyəti üzrə yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda göstərilən Cavabdeh2 adına olan 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh2 adına olan 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 0.04 ha torpaq sahəsi Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4G-263 reyestr nömrəli müqavilə əsasında X3 və sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh2 tərəfindən itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının ləğvi Daşınmaş Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilinəsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edər sənədə hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq mübahisələndirilən Qusar şəhəri, Aşıq Nüsrət küçəsində yerləşən 400 kv.metr həyətyanı torpaq sahəsi iddiaçı X1 sonra Firəngiz Əhmədovanın atası Alik həmin torpaq sahəsində 2002-2005-ci ilərdə üç otaqdan ibarət iki mərtəbəli ev inşa etmişdir. İddiaçı isə ancaq həyətyanı torpaq sahəsini satın almışdır. Alğısatqı müqaviləsində 1.80 sm hündürlüyündə mişar daşından inşa edilmiş yarımçıq tikilinin olmasını qeyd etmişdir. Həmin müqavilədə belə bir tikilinin olması qeyd edilməmişdir. Həmçinin, iddiaçı X4 atası Alikdən 17000 manat borc alaraq qaytarmadığı üçün onun iddia tələbinə əsasən Qusar Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə 17000 manat borcun iddiaçı X7 alınaraq Alik Əhmədova qaytarılması qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsasən qət edilmiş 17000 manat borcu qaytarmaqdan imtina etmək məqsədi ilə qaçaraq Rusiya Federasiyasında yaşayır. Onun barəsində axtarış elan edilmişdir. Onun adına verilmiş 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan xəbəri yoxdur. Qeyd edilmiş əsaslara əsaslanaraq mübahisələndirilən torpaq sahəsi alğı-satqı müqaviləsini xx.xx.2022-ci il tarixində notariat qaydasında rəsmiləşdirilərək Firəngiz Əhmədovaya satılmışdır. Hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan çıxarış alğı-satqı müqaviləsinin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarına əsasən Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Sumqayıt İnzibati Məhkəməsi sözügedən qərarı qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.1, 28.1, 35.1- ci və MPM-in 14.1 və 88-ci maddələrinin tələblərinə əməl etməmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron qaydada iddia tələbinə dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestirində aparılmış 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli qeydiyyata dair hərəkətlərin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-190/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2529/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia tələbi təmin edilmiş, Qusar şəhərində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair üçüncü şəxsin adına aparılmış 19 mart 2018-ci il tarixli, reyestr nömrəsi **********63 olan ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2- 1(102)-1376/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-190/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. ..... Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2- 1(102)-1376/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-190/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki inzibati iş üzrə iddia tələbi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestirində aparılmış 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli qeydiyyata dair hərəkətlərin qanunsuz hesab edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtina olunmuş və imtinanın əsası kimi həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqaında” Azərbaycan Respublikası Qanununun 8-cı və 10cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı uçun əsas olan hüquqmüəyyənedicı sənədlər əsasında hazırlannası, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhərində yerləşən Cavabdeh2 mülkiyyətinə aid olan torpaq sahəsinə dair hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkün olması halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2001-ci il tarixli, 4ə-27 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Qusar rayon XDS-nin 30 iyul 1991-ci il tarixli 43/2 nömrəli qərarına əsasən Cavabdeh2 məxsus Qusar şəhəri, Aşıq Nüsrət küçəsində yerləşən 400 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.80 sm hündürlüyündə mişar daşından tikilmiş yarımçıq tikili İddiaçı satılmışdır. İddiaçı həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə alsa da, əldə etdiyi mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınması ilə bağlı həmin vaxtı müraciət etməmiş, nəticə etibarilə buna dair çıxarış almamışdır. Daha sonra qeyd edilən 0.4 ha torpaq sahəsi üçün iddiaçı çıxarış almaq məqsədi ilə DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh imtina edərək bildirmişdir ki, göstərilən torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına, yəni Cavabdeh2 adına çıxarış verilmiş və həmin çıxarış da digər şəxs X6 adına xx.xx.2022-ci ildə rəsmiləşdirilmişdir, bu səbəbdən də müraciəti təmin edilməmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Qusar şəhərində yerləşən 0,04 ha torpaq sahəsi üzərində 19 mart 2018-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, iş materiallarında olan 14 fevral 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı qismində Cavabdeh2 ilə alıcı qismində X13 arasında alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı Qusar şəhərində yerləşən 0,04 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermiş, alıcı isə müqavilə ilə müəyyən edilmiş əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan görünür ki, Qusar şəhərində yerləşən 0,04 ha torpaq sahəsi üzərində xx.xx.2022-ci il tarixdə X6 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsini məhz notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmiş, indiki halda həmin alqı-satqı müqvailəsi qüvvədədir. Bununla da mülki qanunnvericiliyin qeyd olunan normalarının tələbinə əsasən iddiaçı həmin əmlakın qanuni sahibi qismində çıxış etməklə, həmin əmlaka dair mülkiyyət hüququnun tərkib hissəsi olan əmlaka sahiblik və istifadə hüquqlarına malik olmuşdur, nəticə etibarilə mülkiyyət hüququna dair qanuni gözlənti hüququna malik olmuşdur, hansı ki bu hüquq özlüyündə mülkiyyət anlayışına daxildir. Bununla bağlı məhkəmə kollegyası qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qeyd olunan normalarının təhlilinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququ mövcud olduğu halda, tam mənada mülkiyyət hüququnu məhz daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı vaxt dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etməməsi halı onun həmin əşyaya dair əmlak hüququnun olmamasını ifadə etmir, habelə iddiaçının malik olduğu mülkiyyət hüququna dair qanuni gözlənti hüququ da mülkiyyət anlayışına daxil olmaqla, dövlət tərəfindən müdafiə olunan hüquq kimi çıxış edir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda həmin torpaq sahəsinə dair iddiaçının əmlak hüquqları (mülkiyyət hüququnun tərkib hissəsi kimi sahiblik və istifadə hüquqları), o cümlədən mülkiyyət hüququna dair qanuni gözlənti hüququna malik olduğu halda, həmin əmlaka dair üçüncü şəxs Cavabdeh2 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına dair cavabdeh inzibati orqanın hərəkətləri birbaşa iddiaçının həmin əmlaka dair malik olduğu əmlak hüquqlarından məhrum edilməsinə səbəb olmuşdur ki, bu hal həm beynəlxalq qanunvericilik aktları ilə müəyyən edilmiş, həm də milli qanunvericilik aktlarında ehtiva olunan norma və prinsiplərin tələblərinə birbaşa zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin əmlaka dair üçüncü şəxs Cavabdeh2 adına qeydiyyatın aparılması ilə bağlı hərəkətləri qanunsuz və əsassız olduğundan, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın imtinasının əsassız olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlili kimi istinad edilən hallar yuxarıda istinad olunan qanunvericilik normalarının tələbi ilə ziddiyyət təşkil etdiyindən, habelə işin müəyyən edilmiş halları əsasında təkzib olunduğundan, əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İndiki halda mübahisə predmetini məhz cavabdeh inzibati orqanın həyata keçirdiyi inzibati xarakterli səlahiyyətlərin icrası ilə bağlı olduğundan, qeyd edilən mübahisə məhz inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Nəticə etibarilə işin müəyyən edilmiş halları və istinad edilən normalar özlüyündə üçüncü şəxsin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Bundan əlavə qeyd edilən üçüncü şəxs apellyasiya şikayətinin dəlili kimi etiraz və sübutlar təqdim etmək hüququndan məhrum olması halına istinad etsə də, həmin hal da iş materialları əsasında təkzib olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, həmin üçüncü şəxs xx.xx.2022-ci il tarixli məhkəmə qərardadı ilə iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmiş, həmin məhkəmə qərardadı sifarişli poçt məktubu vasitəsilə göndərilmiş, xx.xx.2022-ci il tarixdə təhvil almışdır. İş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Göründüyü kimi üçüncü şəxsin iddia tələbinə dair etiraz və etirazın əsaslarına dair sübut təqdim etmək üçün kifayət qədər vaxt imkanı olmuşdur. Qeyd edilən hallar özlüyündə üçüncü şəxsin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh və üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşımışdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki iş ürə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, cavabdeh inzibati orqan tərəfindən sözügedən əmlaka dair üçüncü şəxs Cavabdeh2 adına qeydiyyatın aparılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda həmin əmlaka dair digər üçüncü şəxs X6 adına qeydiyyat aparıldığından, sözügedən torpaq sahəsinə dair onun hüquqları dövlət reyestrində qeydə alındığı andan etibarən üçüncü şəxs Cavabdeh2 həmin əmlaka dair hüquqları qanuni qüvvəsini itirdiyindən, iddiaçının iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizəsi əsaslı olduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətləri təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2529/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 19 mart 2018-ci il tarixli, **********63 reyestr nömrəli qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılmasına dair hərəkətləri qanunsuz hesab edilsin və həmin qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-743/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-743/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver