Məhkəmə qərarları › İş №2-1(105)-744/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-744/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-744/2024 23.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndələri X1 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(118)-1898/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1993-cü ildə ilkin olaraq ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, xx.xx.2018-ci il tarixdən hərbiçi kimi ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin bu zaman ona əvvəlki müddət üçün əlilliyə görə aldığı pensiya ilə hərbi qulluqçu kimi aldığı pensiya arasında olan fərq ödənilməmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün əlilliyə görə aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi ona xx.xx.2018-ci il tarixdən təyin olunmuş pensiya arasında fərqin hesablanaraq ona ödənilməsinə göstəriş verilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə cavabdeh orqana müraciət edərək ona xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək təyin edilmiş pensiyanın fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********4 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-239754/2023 nömrəli məktublarında iddiaçıya fərq məbləğinin ödənilməsi üçün hər hansı faktiki və hüquqi əsasın olmadığı, eləcə də etibarsız sayılmış əlilliyin olması səbəbiylə artıq ödəmənin yarandığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 12 fevral 2018-ci il tarixdə Mərkəzi Filiala hərbi quluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Cavabdeh orqanın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin 13 fevral 2018-ci il tarixli 35/44 nömrəli məktubunda iddiaçıya əlilliyə görə 225,63 manat pensiyanın xx.xx.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 31 yanvar 2018-ci il tarixli MN-09924 nömrəli məlumat vərəqinə uyğun olaraq, cavabdeh orqan tərəfindən 1 fevral 2018-ci il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmiş və müraciət edilən tarixdən (12 fevral 2018-ci il) keçmiş üç il müddət üçün hesablanaraq 7858,08 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 7858,08 manat pul vəsaitinin 5020,44 manat hissəsi xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunaraq iddiaçıya ödənilmişdir. Müvafiq yoxlama zamanı iddiaçıya verilmiş əlilliyə dair müayinə sənədlərinin qanunvericiliyin tələblərinə uyğun gəlməməsi səbəbindən əlillik etibarsız hesab edilərək əmək pensiyasının dayandırılması cavabdeh orqana tapşırılmışdır. Bununla əlaqədar iddiaçıya pensiya ödənişi 1 iyul 2020-ci il tarixdən cavabdeh orqan tərəfindən dayandırılmışdır. Əlilliyin etibarsız edilməsi ilə əlaqədar iddiaçıya xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19811,44 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillik xx.xx.2020-ci il tarixdən təyin olunmuşdur. Bu səbəbdən də iddiaçının əmək pensiyası 2022-ci ilin mart ayında İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi 472,80 manat (hazırda maddi yardım və indeksləşdirmə məbləği ilə birlikdə 596,53 manat) məbləğində bərpa edilmiş, eyni zamanda 16 oktyabr 2020-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 7808,82 manat pensiya məbləği müəyyən edilmişdir. İddiaçıya artıq ödənilmiş 19811,44 manat pul vəsaitindən iddiaçıya ödənilməli olan 7808,82 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilmiş, qalıq borc məbləği 12002,62 manat təşkil etmişdir. Eyni zamanda bildirilir ki, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu səbəbdən də, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 12002,62 manatdan 9856,92 manata azaldılmışdır. Bununla yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasından tutulmuş vəsaitin iddiaçıya ödənilməsi və tutulmanın ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 998/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bu səbəbdən də sözügedən qərarda qeyd edilən 7808,82 manat pul vəsaiti cari ilin avqust ayından etibarən hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməkdədir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir: İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün ödənilməmiş pensiyalar arası fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən faktiki və normativ əsaslardan aydın olur ki, iddiaçıya həmin fərq məbləğinin cavabdeh orqan tərəfindən ödənilməsi hal-hazırda mümkün deyildir. Belə ki, iddiaçının müvafiq dövrdə olan əlilliyi etibarsız sayılmışdır. Buna uyğun olaraq həmin dövrə münasibətdə fərq məbləğinin ödənilməsi qeyri-qanunidir. İddiaçı həmin dövrə münasibətdə pensiyanın fərq məbləğinin ödənilməsi üçün o dövrdəki əlilliyinin etibarlı olduğunu sübuta yetirməlidir. Cavabdeh orqan hazırda həmin əlilliyin etibarsız olduğunu ona uyğun olaraq artıq ödəmənin yarandığını sübuta yetirmişdir. Qeyd edilmişdir ki, iddiaçının razılığı alınmadığından həmin artıq ödənilmiş məbləğ pensiyadan tutulmur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-998/2023 saylı, 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əmək pensiyasından artıq ödənilmiş pensiya məbləği kimi tutulmuş 7808.83 manat pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazından görünür ki, iddiaçı 12 fevral 2018-ci il tarixdə Mərkəzi Filiala hərbi quluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Cavabdeh orqanın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin 13 fevral 2018-ci il tarixli 35/44 nömrəli məktubunda iddiaçıya əlilliyə görə 225,63 manat pensiyanın xx.xx.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 31 yanvar 2018-ci il tarixli MN-09924 nömrəli məlumat vərəqinə uyğun olaraq, cavabdeh orqan tərəfindən 1 fevral 2018-ci il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmiş və müraciət edilən tarixdən (12 fevral 2018-ci il) keçmiş üç il müddət üçün hesablanaraq 7858,08 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 7858,08 manat pul vəsaitinin 5020,44 manat hissəsi xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunaraq iddiaçıya ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 28 fevral 2024-cü il tarixli, 3-171/2-B-48299/2024 nömrəli arayışından görünür ki, iddiaçıya 663,34 manat məbləğində pensiya ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(118)-1898/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi iddiaçının pensiya hüququ 1993-cü il tarixində yarandığından, hazırki mübahisə onun hüququ yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll olunmalıdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 49-cu maddəsində qeyd edilmişdir ki, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 49-cu maddəsində qeyd edilmişdir ki, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2218/2023 nömrəli qərarında da aşağıdakılar qeyd olunmuşdur: İstinad edilən qanunvericilik normalarının 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. İddiaçı 1993-cü il tarixdən aldığı əlilliyə görə əmək pensiyası xx.xx.2018-ci il tarixdəki müraciətinə əsasən hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası növüylə əvəz edilmişdir. İddiaçı Ə.Babayev xx.xx.2018-ci il tarixədək əlilliyə görə əmək pensiyası alaraq öz hərəkətləri ilə həmin pensiyanı seçdiyini ifadə edir. Daha sonrakı müraciəti ilə cavabdeh orqandan ona başqa növ pensiyanın təyin edilməsini xahiş etmişdir. Buna uyğun olaraq iddiaçıya yeni növ pensiya, yəni hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi formal qərar qəbul edərək iddiaçının əleyhinə olan Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarlarına istinad etmişdir. Halbuki həmin qərarlarda qeyd edilmişdir ki, müraciət edildiyi tarixdən ən çoxu əvvəlki üç il müddətin pensiya məbləği verilə bilər. Cavabdeh orqan isə qanunvericiliyin tələblərinə uyğun olaraq bu ödənişləri etmişdir, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan ödənişlərin verilməsinin isə heç bir qanuni əsası yoxdur, hətta iddianın təmin edilməsi müvafiq formalaşmış məhkəmə təcrübəsinə belə ziddir. Sumqayıt İnzibati Məhkəməsinin qərarının əsaslandırma hissəsində qeyd edilən müddəaların mübahisənin predmetinə aidiyyəti yoxdur. İnzibati icraat haqqında Qanununun müvafiq müddəası inzibati aktın qəbul edilməsi üçün iki hal müəyyən etmişdir: maraqlı şəxsin vəsatəti, vəzifəli şəxsin xidməti vəzifəsindən irəli gələn hallarda. Hazırki mübahisədə cavabdeh orqanın arzuolunan aktı qəbul etməsi üçün hər hansı bir xidməti vəzifəsi mövcud deyildir. Burada əsas məsələ şəxsin vəsatəti əsasında bir pensiya növündən digər pensiya növünə keçirilməsi ilə əlaqədardır. Bu cür müraciət inzibati orqana 2018-ci ildə daxil olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə bu halda yalnız ən çoxu üç il əvvəldən pensiya ödənişi həyata keçirilə bilər. Daha sonra cavabdeh inzibati orqan apellyasiya şikayətinə əlavə təqdim edərək apellyasiya şikayətində qeyd olunanlara əlavə olaraq bildirmişdor ki, iddiaçıya ilk dəfə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası xx.xx.2018-ci il tarixdə onun müraciətinə əsasən hesablanmışdır. Həmin tarixdən öncə belə müraciət olmadığından iddiaçının tələbində göstərdiyi kimi xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrü üzrə pensiyalar arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilik tərəfindən qadağan edilir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 19 oktyabr tarixli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 49. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020- ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı “...Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir”. “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarı ... Qanunverici oxşar diferensasiyanı, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 32.1-2-ci maddələrinin tətbiqi əsaslarına münasibətdə təsbit etmişdir. Həmin maddələrə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2- ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. ... Göründüyü kimi, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ərizəçiyə 17 may 2012-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup müddətsiz əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun zaman baxımından ardıcıl olmayan şəkildə verilməsini nəzərə almamış, Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş qərardadına əsasən isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında hər hansı fərqləndirmə aparmadan, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə 2021-ci il 23 sentyabr tarixli Qərar)”. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi qismən – iddiaçının xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən inzibati orqan tərəfindən hesablanmış və ödənilmiş dövrədək olan müddət üçün ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddiaçının tələbi xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının nail olmaq istədiyi məqsəd xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin cavabdeh tərəfindən hesablanaraq birdəfəlik ona ödənilməsidir. İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-998/2023 saylı, 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əmək pensiyasından artıq ödənilmiş pensiya məbləği kimi tutulmuş 7808.83 manat pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazından görünür ki, iddiaçı 12 fevral 2018-ci il tarixdə Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Cavabdeh orqanın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin 13 fevral 2018-ci il tarixli 35/44 nömrəli məktubunda iddiaçıya əlilliyə görə 225,63 manat pensiyanın xx.xx.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 31 yanvar 2018-ci il tarixli MN-09924 nömrəli məlumat vərəqinə uyğun olaraq, cavabdeh orqan tərəfindən 1 fevral 2018-ci il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmiş və müraciət edilən tarixdən (12 fevral 2018-ci il) keçmiş üç il müddət üçün hesablanaraq 7858,08 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 7858,08 manat pul vəsaitinin 5020,44 manat hissəsi xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunaraq iddiaçıya ödənilmişdir. Lakin iş materiallarından görünür ki, tərəflər arasında yuxarıda qeyd edilən əlavə mübahisə olmuş, lakin məhkəmələr iddiaçının hüquqlarını bərpa etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12 fevral 2018-ci il tarixində etdiyi müraciətlə əlaqədar son üç il müddət üçün hesablama aparılması işin mübahisə olunmayan halıdır. Belə ki cavabdeh inzibati orqan qeyd edir ki, müraciət edilən tarixdən (12 fevral 2018ci il) keçmiş üç il müddət üçün hesablanaraq 7858,08 manat fərq məbləği müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşagıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hesablamanı sonuncu üç il üçün yox, xx.xx.2006-cı il tarixdən hesablamalı, lakin ödəməni birdəfəlik yox, aylar üzrə müvafiq olaraq ödəməli idi. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçıya əlilliyə görə pensiya ilə hərbi qulluqçu kimi pensiya fərqinin ödənilməli olması işin mübahisəsiz halıdır, belə ki, cavabdeh inzibati orqan özü axırıncı üç ilə bağlı hesablama aparmışdır. İşin mübahisəli halı həmin hesablamanın axırıncı üç il üçün, yoxsa 2006-cı il tarixdən hesablanmasıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin halları Ali Məhkəmənin xx.xx.2023 tarixli, 2-1(102)-2388-2023 saylı qərarı ilə baxılan işin hallarına uyğundur, ona görə də hazırkı işdə həmin qərardakı hüquqi mövqe bu işdə də nəzərə alınacaqdır. Hazırkı iş üzrə iddiaçının tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir. Bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022- ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və 01 Yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Odur ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı 16 mart 2018-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019cu il tarixindən əvvəl cavabdehə müraciət etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı iddia tələbində fərq məbləğinin birdəfəlik qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Lakin "Əmək pensiyaları haqqında" Qanununun 32-ci maddəsinin tələbinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericilikdə birdəfəlik ödəniş nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına tam qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən inzibati orqan tərəfindən hesablanmış və ödənilmiş dövrədək olan müddətə qədər olan dövr üçün yenidən hesablanması və İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(118)-1898/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən inzibati orqan tərəfindən hesablanmış və ödənilmiş dövrədək olan müddətə qədər olan dövr üçün yenidən hesablanması və İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar