Məhkəmə qərarları › İş №2-1(105)-744/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-744/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-744/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(118)- 587/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki,iddiaçı xx xxxx 1963-cü il tarixdə doğulmuşdur İş materiallarına İddiaçı məxsus 2 oktyabr 1981-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in, 23 mart 1985-ci il tarixli, ЗТ seriyalı, 043068 nömrəli diplomun, 13 may 1985-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın, 13 may 1985-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın dublikatın surətləri əlavə edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası” MMC-nin 13 iyul 2023-cü il tarixli, 10-KŞ nömrəli arayışından görünür ki, xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı 11 aprel 1985-ci il tarixdən 2 dekabr 1996-cı il tarixədək keçmiş “Sumqayıt İEM-2”nin Qazan-Turbin sexində turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində zərərli iş şəraitində işləmişdir. Müəssisədə zərərli iş şəraitindəki əmək stajı 11 il 7 ay 23 gün təşkil edir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 24-cü bölməsinin a bəndinə əsasən (turbin avadanlıqları üzrə nəzarətçi maşinistlər) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" ASCnin 23 yanvar 2002-ci il tarixli, 13 №-li əmrinə əsasən “Sumqayıt İEM-1” hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin 26 fevral 2002-ci il tarixli 43 nömrəli əmrinə əsasən yeni hüquqi şəxs "xxxx" MMC yaranmışdır. "xxxx" ASC-nin 19 mart 2004-cü il tarixli, 52 nömrəli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 5 yanvar 2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən, "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X2 24 avqust 2023-cü il tarixli, 199 nömrəli arayışından görünür ki, İddiaçı 19 aprel 2000-ci il tarixdən 1 yanvar 2002-ci il tarixə kimi tam iş günü “EP” zavodunun nəzdində “X1” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 19 aprel 2000-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi “Etilenpolietilen” zavodunun X1 istehsalatında işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X2 24 avqust 2023-cü il tarixli, 200 nömrəli arayışından görünür ki, İddiaçı 2 yanvar 2002-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi tam iş günü “Etilen-polietilen” zavodunun X1 istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı 17 iyul 2023-cü il tarixdə cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-S-243262/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 24 avqust 2023-cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “X1”ndə Qazanxana və Turbin Generator üzrə böyük maşinist. 2 yanvar 2002-ci il - 13 aprel 2003-cü il tarixləri arasındakı dövr ərzində isə maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 21 gün (11 aprel 1985-ci il – 2 dekabr 1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 18 iyun 2020-ci il tarixdən (57 yaşdan) yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu 18 iyun 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (17 iyul 2023-cü il) əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 25 ildən çox əmək stajı olmuş və onun 12 il 6 ayından çoxu güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına aid olmuşdur. Cavabdeh inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumat öz əksini tapmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ona dair 24 avqust 2023-cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il – 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “X1”ndə Qazanxana və Turbin Generator üzrə böyük maşinist, 2 yanvar 2002-ci il - 13 aprel 2003cü il tarixləri arasındakı dövr ərzində isə maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 7 ay 21 gün (11 aprel 1985-ci il - 2 dekabr 1996-cı il tarixləri arasındakı dövr)) təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(118)-587/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 18 iyun 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (17 iyul 2023-cü il) əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X1” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Eyni zamanda, iddiaçı 2 yanvar 2002-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi tam iş günü “Etilen-polietilen” zavodunun X1 istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmiş, həmin peşə qeyd edilən qərarın 24-cü bölməsinin a bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı cavabdeh orqana müxtəlif tarixlərdə müraciət etmişdir. Lakin iş materialı ilə müəyyən olunur ki, ilkin müraciətin tarixi 17 iyul 2023-cü ildir. Bu səbəbdən, iddiaçının pensiyası müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən (bir ay fərq olduğundan) hesablanmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı buxar turbinlərinin maşinistləri qazan turbin sexlərinin böyük maşinistləri

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, 57 yaşı xx.xx.2020-cü il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Cavabdeh tərəfin mövqeyinə görə “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun iddiaçıya dair 24 avqust 2023-cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il - 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “X1”ndə Qazanxana və Turbin Generator üzrə böyük maşinist, 2 yanvar 2002-ci il - 13 aprel 2003-cü il tarixləri arasındakı dövr ərzində isə maşinist vəzifəsində işlədiyi qeyd olunmuş, lakin iddiaçının işlədiyi “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı iddiçaya məxsus əmək kitabçasının surəti və iş materiallarında olan digər sənədlər ilə onun tələb olunan 25 ildən artıq iş stajına malik olması müəyyən olundu. Həmçinin cavabdeh orqan iddiaçının 11 il 7 ay 21 gün güzəştli is stajının olmasını da qəbul edir. Göründüyü kimi cavabdeh iddia edir ki, “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun ona dair 24 avqust 2023-cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il – 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində maşinist vəzifəsində işlədiyi qeyd olunsa da, işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən həmin dövr güzəştli iş stajı kimi götürülə bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı oxşar müəssisə tərəfindən təqdim edilmiş arayışlar əsasında həmin sahələrdə fəaliyyət göstərən peşələrin məhz müvafiq Qərar ilə təsdiq edilmiş Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğu müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəmənin sorğusuna əsasən təqdim edilmiş “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 6 may 2025-ci il tarixli, 14-2-3- 1/2-140/2025 nömrəli məktubu ilə göndərilmiş arayışlardan görünür ki, iddiaçı 19 aprel 2000-ci il tarixdən 1 yanvar 2002-ci il tarixə kimi tam iş günü “EP” zavodunun nəzdində “X1” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsində işləmişdir. Qeyd olunmuşdur ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Eyni zamanda, iddiaçı 2 yanvar 2002-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi tam iş günü “Etilenpolietilen” zavodunun X1 istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmiş, həmin peşə qeyd edilən qərarın 24-cü bölməsinin a bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmçinin məhkəmə sorğusu əsasında SOCAR tərəfindən 06 may 2025-ci il tarixli məktuba İddiaçı "Azərikimya” İstehsalat Birliyinin” Etilen-polietilen" zavodunda işlədiyi dövrlər üçün tələb olunan aşağıdakı sənədlər təqdim edilmişdir. Belə ki, Etilen-polietilen" zavodunun 06 may 2025-ci il tarixl arayışında qeyd edilmişdir ki, İddiaçı 19 aprel 2000-ci il tarixindən 01 yanvar 2002-ci il tarixinə kimi tam iş günü “EP” zavodunun nəzdində “X1” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmçinin o, 19 aprel 2000-ci il tarixindən 13 aprel 2003 -cü il tarixinə kimi “Etilen-polietilen” zavodunun X1 istehsalatında işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. O, 02 yanvar 2002-ci ıl tarixindən 13 aprel 2003-cü il tarixinə kimi tam iş günü “Etilen-polietilen” zavodunun X1 istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmçinin “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı 2000-ci ilin aprel ayından işləməyə başlamış və xx.xx.2023-cü il tarixdə işdən azad olmuşdur. Həmin dövlər ərzində cəmi 12248652,17 (On iki milyon iki yüz qırx səkkiz min altı yüz əlli iki AZM 17 qəp) əmək haqqı almışdır. Göründüyü kimi iş materiallarında olan arayışlarla iddiaçının qeyd edilən müddətlər ərzində işlədiyi təsdiq edilməklə, həmçinin onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın təsdiq edilməsi barədə 21 iyun 1993-cu il tarixli, 320 saylı Qərarın Xİİİ fəslinin Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı başlığı altında “kod 2140000a—13971” buxar turbinlərinin maşinistləri və “kod 2140000a—18828” qazan turbin sexlərinin böyük maşinistləri vəzifəsinə uyğun gəldiyi məhkəmə tərəfindən müəyyən edildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. O da nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh orqana müxtəlif tarixlərdə müraciət etmişdir. Lakin iş materialı ilə müəyyən olunur ki, ilkin müraciətin tarixi 17 iyul 2023-cü ildir. Bu səbəbdən, iddiaçının pensiyası müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən (bir ay fərq olduğundan) hesablanmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 57 yaşına çatması (xx.xx.2020-ci il tarixdə 57 yaşı tamam olur), azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(118)-587/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar