Məhkəmə qərarları › İş №2-1(105)-746/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-746/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-746/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)-709/2015 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və daha sonra iddianın dəyişdirilməsi barədə ərizə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən və texniki pasporta uyğun istifadəsində olan torpaq sahəsi üzərindəki evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-cü il tarixli, 2-1(85)-709/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərar 15 aprel 2015-ci il tarixdə məlumat üçün, 19 may 2015-ci il tarixdə isə icra edilməsi üçün cavabdeh orqana təqdim edilmişdir. Məhkəmənin qərarı ötən müddət ərzində icra edilmədiyindən iddiaçı 26 aprel 2024cü il tarixdə məhkəmə qərarının icrası ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmiş, həmin müraciətə əsasən, məhkəmənin eynitarixli məktubu ilə qərarın icra vəziyyəti ilə bağlı cavabdehə məktub ünvanlanmış və cərimə barədə xəbərdarlıq edilmişdir. Bundan sonra. xx.xx.2024-cü il tarixdə cavabdehin prosessual hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2024-cü il tarixli, 2-1(105)-746/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(85)-709/2015 saylı iş materiallarından görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsi iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və etirazda özlərinə aid olan əsasları göstərmişdir. Daha sonra həmin məhkəmə tərəfindən qəbul olunmuş qərar 17 avqust 2015-ci il tarixində 4 saylı Abşeron Ərazi İdarəsinin ümumi şöbəsi tərəfindən qəbul edilmişdir. Göründüyü kimi cavabdeh orqan məhkəmə qərarını 9 il öncə rəsmi olaraq qəbul etməsinə baxmayaraq, müddəti ötürərək apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz bildirmiş, həmçinin, nümayəndəsi həmin iş üzrə məhkəmə iclasında iştirak etmişdir. Bu da onu göstərir ki, cavabdeh həmin məhkəmə qərarının mövcudluğundan məlumatlı olmuşdur. Məhkəmə kollegiyasının qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilsə də, kollegiya iddiaçı tərəfindən verilən ərizəni və iş materiallarını nəzərdən keçirdərək, şikayətin mümkünlük məsələsinə baxılmasını qərara almışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı izahatında bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-cü il tarixli, 2-1(85)-709/2015 nömrəli qərarı həmin dövrdə 4 saylı Abşeron Ərazi İdarəsində işləmiş Məmişova Süsən xanım tərəfindən imzalanaraq qəbul edilsə belə, qərar hüquq şöbəsinə təhvil verilməmişdir. Həmin iş 2016-cı ilin sonuna kimi hesabatlarda davam edən iş kimi qeydə alınmışdır. Bu baxımdan, hesab edir ki, tərəflərindən müddət ötürülməmişdir. Apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, məhkəmə qərarının göndərilməsi barədə məktubun cavabdehin hüquq şöbəsinə təqdim edilməməsi apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üçün üzrlü səbəb deyil. Eyni zamanda, müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə də məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20. Təqdimetmə (mübahisələndirilən məhkəmə qərarı qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyası) 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatının iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat .. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllə: Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (mübahisələndirilən məhkəmə qərarının qəbul edidiyi dövrdə qüvvədə olan redaksiyası): ... 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İşdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirilən 2- 1(85)-709/2015 nömrəli qərarı əvvəlcə məlumat üçün, daha sonra icra edilməsi üçün müvafiq olaraq 15 aprel və 13 avqust 2015-ci il tarixlərində cavabdehə göndərilmiş, məhkəmə qərarının icra məktubu Ərazi İdarəsinin ümumi şöbəsinin əməkdaşı tərəfindən 14 avqust 2015-ci il tarixdə, qoşmasında məlumat üçün təqdim edilən məhkəmə qərarı olan müşayiət məktubu isə 17 avqust 2015-ci il tarixdə imzalanmaqla qəbul edilmişdir. Cavabdeh şikayətinin dəlillərində məhkəmə qərarının nə məlumat üçün, nə də icra üçün Ərazi İdarəsinə daxil olmadığını qeyd etsə də, nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisələndirilən məhkəmə qərarının təqdim edilməsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin məktublarında 4 saylı Abşeron Ərazi İdarəsində ümumi şöbəsinin əməkdaşı kimi məktubları imzalayaraq təhvil alan şəxs həmin dövrdə Ərazi İdarəsində işləmiş Süsən Məmişova olmuşdur. Lakin, məhkəmə qərarı hüquq şöbəsinə təhvil verilməmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi barəsində apellyasiya şikayəti verilən məhkəmə qərarının 14 avqust və 17 avqust 2015-ci il tarixlərində həmin Ərazi İdarəsinin əməkdaşına təqdim edildiyini etiraf etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, MPM-nin zamana görə qüvvədə olan 135.3-cü və 135.5-ci maddələrinin tələblərindən göründüyü kimi ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Hansı ki, bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən məhkəmə qərarı cavabdeh orqanın əməkdaşı tərəfindən 2015-ci ilin avqust ayında təhvil alınmış, odur ki, məhkəmə qərarı həmin tarixdə rəsmi qaydada cavabdehə verilmişdir. Lakin, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra, (9 ilə yaxın müddətdən sonra) yəni, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)-709/2015 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2024-cü il tarixli, 2-1(105)-746/2024 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)-709/2015 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar