Məhkəmə qərarları › İş №2-1(105)-746/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-746/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-746/2025 01.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-1937/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2025-ci tarixli 2-1(118)- 1937/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “İddiaçı yaşa görə əmək pensiya hüququ yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi və indiyədək ödənilməmiş pensiya məbləğinin iddiaçıya birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona hüququ yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, xx.xx.1976-cı il tarixdən Tasik sovxozunda əmək fəaliyyətinə başlamışdır, xx.xx.1977-ci il tarixdə təhsillə bağlı öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra isə xx.xx.1980-ci ildən əmək fəaliyyətini davam etdirərək xx.xx.2004-cü ilədək işləmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçıya verilmiş xx.xx.2024-cü il taixli 317-1/2-R-146796/2024 saylı cavab məktubu ilə ərizəsi təmin olunmamış və imtinaya əsas kimi ümumi sığorta staji qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan 25 ildən az olması göstərilmişdir. Cavabdehin imtinası əsassızdır. Çünki, iddiaçının ümumi stajı 27 ildən artıqdır. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmçinin, İddiaçı əmək kitabçasındakı qeydlərin saxtalaşdırılmasına dair şübhəli hallar mövcuddur. İddiaçının əmək kitabçasında xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək olan dövrlərin (işə daxil olma və işdən çıxma qeydləri kiril qrafikalı SSRİ möhürü ilə təsdiqləndiyindən) və xx.xx.1996-cı il tarixdən başlayan dövrün (işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri olmadığından) əmək kitabçasının doldurulması qaydalarına əməl edilməməklə doldurulması onun mötəbər sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlərin İddiaçı ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanları nəzərə alaraq İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 ildən) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, xx.xx.2024-cü il tarixdən 220 manat yaşa görə sosial müavinət təyin edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı xx xxx 1959-cu il təvəllüdlü olmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək, iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1991ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək olan dövrlərin (işə daxil olma və işdən çıxma qeydləri kiril qrafikalı SSRİ möhürü ilə təsdiqləndiyindən) və xx.xx.1996-cı il tarixdən başlayan dövrün (işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri olmadığından) əmək kitabçasının doldurulması qaydalarına əməl edilməməklə doldurulması onun mötəbər sübut kimi qiymətləndirilməsinə şübhə doğurduğunu bildirmiş və iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.1976-cı il tarixdə Ermənistan SSR Tasik sovxozu tərəfindən doldurulmuş əmək kitabçasından müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1976-cı il tarixli 18 nömrəli əmrlə xx.xx.1976-cı il tarixdə Tasik sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamış və xx.xx.1977ci tarixli 151 nömrəli əmrlə təhsil almağa getməsi ilə əlaqədar öz ərizəsi ilə xx.xx.1977-ci il tarixdən işdən azad olunmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (НЗ № ******* saylı hərbi bilet). xx.xx.1980-ci il tarixli 21 nömrəli əmrlə Tasik sovxozunda sürücü kimi xx.xx.1980-ci ildə işə qəbul edilmiş və xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1989-cu ildə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixli 597 nömrəli əmrlə xx.xx.1989-cu ildə “Ulduz” zavoduna NBM nəzarətçi qəbul edilmiş, xx.xx.1991-ci il tarixli 148 nömrəli əmrlə “Ulduz” zavodunun adı dəyişdirilmiş, AHİŞ Rəyasət Heyətinin xx.xx.1990-cı il tarixli 39 nömrəli qərarının 9-cu bəndinə əsasən fasiləsiz əmək stajı bərpa edilmişdir. xx.xx.1991-ci il tarixli 242 nömrəli əmrlə xx.xx.1991-ci ildə “İşmir” kiçik müəssisəsinə köçürüldüyünə görə “Ulduz” zavodundan işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixli 77k nömrəli əmrlə “Ulduz” zavodundan köçürmə yolu ilə xx.xx.1991-ci ildən “İşmir” kiçik müəssisəsinə işə qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 43k nömrəli əmrlə xx.xx.1992-ci ildən anbar müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixli 74k nömrəli əmrlə xx.xx.1992-ci ildə köçürmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixli 10k nömrəli əmrlə “İzmir” kiçik müəssisəsindən köçürmə yolu ilə “Ulduz” EİB-nə plasmas sexinə 2-ci dərəcəli doğrayıcı qəbul edilmiş, xx.xx.1993-cü il tarixli 97k nömrəli əmrlə xx.xx.1993-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixli 36k nömrəli əmrlə xx.xx.1993-cü ildə “Savalan” kiçik müəssisəsinə sürücü qəbul edilmiş və xx.xx.1993-cü il tarixli 48k nömrəli əmrlə xx.xx.1993-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixli 51 nömrəli əmrlə xx.xx.1993-cü il tarixdə “Qaya-Bulaq” kiçik müəssisəsinə təchizat üzrə mühəndis qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 9 nömrəli əmrlə öz ərizəsi ilə xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixli 13 nömrəli əmrlə xx.xx.1994-cü ildə “Avtoərzaqnəqliyyat” Birliyinin Təmir tikinti müəssisəsinə təchizatçı nəbul edilmiş, xx.xx.1994-cü il tarixli 21 nömrəli əmrlə xx.xx.1994-cü ildə baş müəhəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli 38 nömrəli əmrlə xx.xx.1996-cı ildən öz ərizəsi işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixli 84LS nömrəli əmrlə “Beynəlxalq Şəhərlərarası Sərnişindaşıma Avtonəqliyyat Kombinatına” ** AE *** dövlət qeydiyyat nişanlı “QAZ-2410” “Volqa” markalı avtomobilə sürücü təyin edilmiş, xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1997-ci ildən kombinatın adı dəyişdirilmiş “Beynəlxalq Şəhərlərarası Sərnişindaşıma Avtonəqliyyat Birliyi” adlandırılmışdır. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 478 nömrəli sərəncamına əsasən xx.xx.1998-ci il tarixli 81 nömrəli əmrlə xx.xx.1998-ci ildən "xxxx" ASC-yə 4-cü dərəcəli çilingər keçirilmişdir, xx.xx.1998-ci il tarixli 100LS nömrəli əmrlə xx.xx.1998-ci ildən “Nissan Maxsima” markalı avtomobilə 3-cü dərəcəli sürücü keçrilmişdir. xx.xx.2000-ci il tarixli 32/mh nömrəli əmrlə xx.xx.2000-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixli 248/k nömrəli əmrlə “Səttarxan adına zavod”un 36 saylı nəqliyyat sexinə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 40/k nömrəli əmrlə xx.xx.2004-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq (26 ildən artıq) iş stajına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Həmçinin cavabdeh orqanın xx.xx.1996-cı il tarixdən başlayan dövrün işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri olmaması əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.2000-ci il tarixli 32/mh nömrəli əmrlə xx.xx.2000-ci ildə öz ərizəsi ilə işdən azad edilməsi, xx.xx.2000-ci il tarixli 248/k nömrəli əmrlə “Səttarxan adına zavod”un 36 saylı nəqliyyat sexinə sürücü vəzifəsinə qəbul edilməsi və xx.xx.2004-cü il tarixli 40/k nömrəli əmrlə xx.xx.2004-cü ildə öz ərizəsi ilə işdən azad edilməsinə dair qeydlər mövcuddur (əmək kitabçası 24-26-cı səhifə). Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan 65 yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdeh inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-1937/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar