Məhkəmə qərarları › İş №2-1(105)-747/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-747/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-747/2025 13.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, X1 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)- 2915/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı, ******** nömrəli “Azərbaycan Respublikası Vətəndaşın Şəxsiyyət Vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur.

2. İddiaçı məxsus 28 oktyabr 1978-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surətindən görünür ki, iddiaçı 28 oktyabr 1978-ci il tarixdən 08 yanvar 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" Müəssisəsinin 15 noyabr 2017-ci il tarixli, 23 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01 dekabr 2009-cu il tarixdən (əmr №86/K 01 dekabr 2009-cu il) 02 fevral 2011-ci il tarixədək (əmr № 10/K 2 fevral 2011-ci il) "xxxx" müəssisəsinin 3 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir.

4. Azərbaycan Respublikası "xxxx" Firmasının 26 fevral 2024-cü il tarixli, 04 nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) əl ilə elektrik qaynaqçısı 10 oktyabr 1995-ci il – 01 may 2003-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 7 il 6 ay 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğundur.

5. "xxxx" MMC-nin 27 fevral 2024-cü il tarixli, 01 və 02 nömrəli arayışlarından görünür ki, İddiaçı "xxxx" MMC də 09 iyul 1984-cü il tarixdən (Əmr № 1/K 29 iyun 1984-cü il) 21 fevral 1992-ci il (Əmr № 10/K 20 fevral 1992-ci il) tarixə qədər quraşdırıcı çilingər işləmişdir. İşə 3-cü dərəcəli quraşdırıcı çilingər kimi qəbul olunmuş, 06 yanvar 1985-ci il tarixdə 4-cü dərəcə verilmiş (əmr 90/p), 02 fevral 1987-ci il tarixdə 5-ci dərəcə verilmişdir (əmr 17/p), 01 may 1988-ci il tarixdə ikinci sənət olaraq 2-ci dərəcəli qaz kəsici peşəsi (əmr 37), 01 mart 1990-cı il tarixdə 6-cı dərəcə (əmr 38/a) verilmişdir. İşlədiyi dövrdə çalışdığı zərərli obyektlərin siyahısı göstərilmişdir.

6. 30 dekabr 2019-cu il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubdan görünür ki, 01 yanvar 2006cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir.

7. AR X5 "xxxx" publik hüquqi şəxs Sutikinti Müəssisəsinin 02 aprel 2025-ci il tarixli, 3-53-3-23/2-127/2025 nömrəli məktubu ilə göndərilmiş 02 aprel 2025-ci il tarixli, 01 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01 dekabr 2009-cu il tarixdən (əmr №86/K 1 dekabr 2009-cu il) 02 fevral 2011-ci il tarixədək (əmr № 10/K 2 fevral 2011-ci il) "xxxx" müəssisəsinin 3 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. İddiaçı işlədiyi qaynaqçı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qaz qaynaqçısı və elektrik qaz qaynaqçısı peşəsi ilə eyni xarakterli olub, vəzifə təlimatına əsasən eyni əmək funksiyasını icra edir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 11 sentyabr 1996-cı il tarixli, 110 saylı sərəncamına və ARSSC-nin 199/İ saylı 16 sentyabr 1996-cı il tarixli əmrinə əsasən "xxxx" trestinin adı dəyişilib "xxxx" birliyi, 01 yanvar 2003-cü il tarixdən isə ARSSC-nin 03 dekabr 2002-ci il tarixli, 245/İ saylı və "xxxx" birliyinin 16 dekabr 2002-ci il tarixli, 16/İ saylı əmrləri ilə "xxxx" müəssisəsi adlandırılıb.

8. Azərbaycan Respublikası X5 "xxxx" publik hüquqi şəxs Sutikinti Müəssisəsinin 30 aprel 2025-ci il tarixli, 3-53-3-23/2-178/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına göndərilmiş məktubundan görünür ki, İddiaçı işlədiyi müddətdə əmək məzuniyyətinə çıxmamış və ona əlavə məzuniyyət, əlavə əməkhaqqı hesablanmamışdır. 2009-2011-ci illərdə qaynaqçı peşəsinə güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı) təyin edilməmişdir. Qeyd edilmişdir ki, qaynaqçı peşəsinin adı dəyişdirilərək elektrik qaz qaynaqçısı adlandırılmışdır.

9. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 mart 2024-cü il tarixli, 3- 17-1/2-K-65980/2024 nömrəli və 26 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-K-232583/2024 nömrəli məktubları ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 21 gün (10 oktyabr 1995-ci il – 01 may 2003-cü il tarixləri arasındakı dövr) təşkil edir. Məlumat üçün bildirilmişdir ki, 06 yanvar 1981-ci il tarixli, İT-İ-0774179 nömrəli əmək kitabçanın surətində 01 dekabr 2009-cu il – 02 fevral 2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarına və ya qaz qaynaqçılarına aid olub-olmadığını müəyyən etmək mümkün deyil. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət osial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 mart 2017-ci il tarixdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir

11. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası "xxxx" ASC Sutikinti Müəssisəsinin 15 noyabr 2017-ci il tarixli 23 №-li arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötəri ki. həqiqətən də o, 01 dekabr 2009-cu il tarixdən (əmr №2 10/K xx.xx.2011) Sutikinti müəssisəsinin 3 №-li sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Arayış tələb olunan yerə təqdim olunmaq üçün verilir. "xxxx" MMC-nin 27 fevral 2024-cü il tarixli 02 №-li arayışında göstərilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki. həqiqətən "xxxx" MMC-də 09 iyul 1984-cü il tarixdən (əmr № 1/K 29 iyun 1984) 21 fevral 1992-ci il (əmr № 10/K 20 fevral 1992-ci il) tarixə qədər quraşdırıcı çilingər işləmişdir. İşə 3-cü dərəcəli quraşdırıcı çilingər kimi qəbul olunmuş. 06 yanuvr 1985-ci ildə 4-cü dərəcə verilmiş (əmr 90/p), 02 fevral 1987-ci ildə 5-ci dərəcə verilmişdir, (əmr 17 p). 01 may 1988ci ildə ikinci sənət olaraq 2-ci dərəcəli qaz kəsici peşəsi (əmr 37). 01 mart 1990-cı ildə 6-cı dərəcə (əmr 38a) verilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7, 9, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, prosessual hüquqi əsası kimi isə İPM-in 1.2, 2.2.2, 2.2.3, 8.1.2, 14.3, 34.1, 73.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

13. Cavabdeh iddiaya qarşı yazılı etiraz ünvanlamış, etirazı iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eyni əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

14. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)-2915/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (X7).

15. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının 06 yanvar 1981-ci il tarixli İT-İ-0774179 nömrəli əmək kitabçasının surətində xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin inzibati orqana təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, qaynaqçı peşəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarına və ya qaz qaynaqçılarına aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Azərsu ASC-nin "xxxx" müəssisəsinin 30 aprel 2025-ci il tarixli 3-53-23/2-175/2025 nömrəli cavab məktubunda İddiaçı işlədiyi müddətdə əmək məzuniyyətinə çıxmadığı və ona əlavə məzuniyyət, əlavə əməkhaqqının hesablanmadığı bildirilmişdir. Eyni zamanda, 2009-2011-ci illərdə qaynaqçı peşəsinə güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı) təyin edilmədiyi qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

27. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin müvafiq arayışlarından məlum olmuşdur ki, iddiaçı 09 iyul 1984-cü il tarixdən 21 fevral 1992-ci il tarixə qədər quraşdırıcı çilingər işləmiş, 3-cü dərəcəli quraşdırıcı çilingər kimi qəbul olunmuş, 06 yanvar 1985-ci il tarixdə 4-cü dərəcə, 02 fevral 1987-ci il tarixdə 5-ci dərəcə, 01 may 1988-ci il tarixdə ikinci sənət olaraq 2-ci dərəcəli qaz kəsici peşəsi, 01 mart 1990-cı il tarixdə 6-cı dərəcə verilmişdir. Eyni zamanda, iddiaçının işlədiyi dövrdə çalışdığı zərərli obyektlərin siyahısı göstərilmişdir. "xxxx" Firmasının arayışına əsasən iddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) əl ilə elektrik qaynaqçısı 10 oktyabr 1995-ci il – 01 mart 2003-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 7 il 6 ay 20 gün təşkil edir. Qeyd edilən iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir. "xxxx" publik hüquqi şəxs Sutikinti Müəssisəsinin arayışına əsasən iddiaçı 01 dekabr 2009-cu il tarixdən 02 fevral 2011-ci il tarixədək "xxxx" müəssisəsinin 3 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmiş, həmçinin qeyd edilir ki, işlədiyi qaynaqçı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qaz qaynaqçısı və elektrik qaz qaynaqçısı peşəsi ilə eyni xarakterli olub, vəzifə təlimatına əsasən eyni əmək funksiyasını icra edir. Həmçinin, güzəştli şərtlərlə iş stajı barədə arayışı təqdim edən müəssisə iddiaçının işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qaz qaynaqçısı və elektrik qaz qaynaqçısı peşəsi ilə eyni xarakterli olduğunu qeyd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının 01 dekabr 2009-cu il tarixdən 02 fevral 2011-ci il tarixədək "xxxx" müəssisəsində iş dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğun olduğu üçün, güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Məhkəmə nəzərə almışdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə araşdırılması nəticəsində iddiaçının azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.

32. İlk növbədə kollegiya qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01 yanvar 2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01 yanvar 2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). 01 yanvar 2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş və iş stajı; 01 yanvar 2006cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

33. 10 mart 2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

34. İddiaçı hazırda 57 yaşının tamam olmasına, tələb olunan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının mövcud olmasına istinad edərək 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istəyir.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə istinadən qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

36. İlk öncə kollegiya iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir.

37. Araşdırılmalı hal iddiaçının 57 yaşının tamam olduğu vaxt güzəştli şərtlə pensiya hüququ verən sahədə peşə və vəzifədə azı 12 il 6 ay işləməsidir.

38. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

39. İddiaçı iddia edir ki, tələb olunan xüsusi iş stajını toplamış və ümumilikdə güzəştli şərtlərlə iş stajı müddəti 12 il 6 ay təşkil edir.

40. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən güzştli iş stajı 7 il 6 ay 21 gün (10 oktyabr 1995-ci il – 01 may 2003-cü il tarixləri arasındakı dövr) təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının 01 dekabr 2009-cu il - 02 fevral 2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işlədiyi dövrlərdir.

41. Cavabdehin imtina əsası onunla bağlıdır ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, idiaçının işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarına və ya qaz qaynaqçılarına aid olub-olmadığını müəyyən etmək mümkün deyil.

42. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" Müəssisəsinin 15 noyabr 2017-ci il tarixli, 23 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01 dekabr 2009-cu il tarixdən (əmr №86/K 01 dekabr 2009-cu il) 02 fevral 2011-ci il tarixədək (əmr № 10/K 2 fevral 2011-ci il) "xxxx" müəssisəsinin 3 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir.

43. Azərbaycan Respublikası X5 "xxxx" publik hüquqi şəxs Sutikinti Müəssisəsinin 02 aprel 2025-ci il tarixli, 01 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01 dekabr 2009cu il tarixdən (əmr №86/K 1 dekabr 2009-cu il) 02 fevral 2011-ci il tarixədək (əmr № 10/K 2 fevral 2011-ci il) "xxxx" müəssisəsinin 3 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. İddiaçı işlədiyi qaynaqçı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qaz qaynaqçısı və elektrik qaz qaynaqçısı peşəsi ilə eyni xarakterli olub, vəzifə təlimatına əsasən eyni əmək funksiyasını icra edir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 11 sentyabr 1996-cı il tarixli, 110 saylı sərəncamına və ARSSC-nin 199/İ saylı 16 sentyabr 1996-cı il tarixli əmrinə əsasən "xxxx" trestinin adı dəyişilib "xxxx" birliyi, 01 yanvar 2003-cü il tarixdən isə ARSSC-nin 03 dekabr 2002-ci il tarixli, 245/İ saylı və "xxxx" birliyinin 16 dekabr 2002-ci il tarixli, 16/İ saylı əmrləri ilə "xxxx" müəssisəsi adlandırılıb.

44. Kollegiya cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır.

45. Göründüyü kimi, qeyd edilən siyahıda istər qaz qaynaqçısı, istərsə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da 12 il 6 aydan artıq qaynaqçı peşəsində işləmişdir.

46. Həmçinin kollegiya iddiaçının işlədiyi müddətdə əmək məzuniyyətinə çıxmaması və ona əlavə məzuniyyət, əlavə əməkhaqqının hesablanmaması, eyni zamanda, 2009- 2011-cu illərdə qaynaqçı peşəsinə güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı) təyin edilməməsi ilə bağlı Azərsu ASC-nin "xxxx" müəssisəsinin 30 aprel 2025-ci il tarixli 3-53- 23/2-175/2025 nömrəli məktubu ilə bağlı qeyd edir ki, hazırkı halda müəssisə tərəfindən iddiaçının “güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” müvafiq arayış verilmiş, 5-ci dərəcəli qaynaqçı peşəsində işlədiyi bildirilmişdir. İddiaçının işlədiyi dövrdə müəssisə tərəfindən güzəştlərin tətbiq edilməməsi iddiaçının təqsiri olmamaqla onun əmək şəraiti xüsusilə zərərli olan işdə çalışmasını istisna etmir və pensiya hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.

47. Kollegiya bundan əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraicətindən imtinanın, etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının "xxxx" MMC-də 09 iyul 1984-cü il tarixdən 21 fevral 1992-ci il tarixə qədər quraşdırıcı çilingər vəzifəsində işlədiyi dövrlər barədə münasibət bildirməsə də, işdən görünür ki, mübahisələndirilməyən güzəştli iş stajına həmin dövrləri əlavə etməmişdir.

48. İş materiallarında olan "xxxx" MMC-nin 27 fevral 2024-cü il tarixli, 01 və 02 nömrəli arayışlarından görünür ki, İddiaçı "xxxx" MMC-də 09 iyul 1984-cü il tarixdən 21 fevral 1992-ci il tarixə qədər quraşdırıcı çilingər işləmişdir. İşə 3-cü dərəcəli quraşdırıcı çilingər kimi qəbul olunmuş, 06 yanvar 1985-ci il tarixdə 4-cü dərəcə verilmiş, 02 fevral 1987-ci il tarixdə 5-ci dərəcə verilmişdir, 01 may 1988-ci il tarixdə ikinci sənət olaraq 2-ci dərəcəli qaz kəsici peşəsi, 01 mart 1990-cı il tarixdə 6-cı dərəcə verilmişdir. İşlədiyi dövrdə çalışdığı zərərli obyektlərin siyahısı göstərilmişdir.

49. Kollegiya həmin dövrlə bağlı qeyd edir ki, iddiaçının "xxxx" MMC-də 09 iyul 1984cü il tarixdən 21 fevral 1992-ci il tarixə qədər işlədiyi quraşdırıcı çilingər peşəsi həm “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş siyahılarda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə kimi nəzərdə tutulduğundan iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmalıdır.

50. Qeyd edilənlərə əsasən iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi ümumi əmək stajının 25 ildən çox olduğu və onun azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə işləməsi təsdiq edilmişdir.

51. Beləliklə, kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)-2915/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar