Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-748/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki sənədlərin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ünvanında yerləşən **********64 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3013/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesttrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Azərbaycan dəmir yolu yük həyəti ünvanında yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina ediiməsi barədə bildirişdən görünür ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığı müəyyən olunmuşdur. Belə kı, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin kateqoriyası sənaye təyinatlıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ünvanında yerləşən **********64 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ünvanında yerləşən 0.03 ha torpaq sahəsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********64 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Ona məxsus olan fərdi yaşayış evinə dair çıxarış və texniki passport almaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Etdiyi müraciətə xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən 3-21-3-3 1 /2-H-003 1 -8/2023 nömrəli imtina məktubu verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-H- 0031-8/2023 nömrəli bildiriş məktubunda imtina üçün əsas kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatlı torpaq sahəsi olduğu göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın İmtinası qanunsuz olmuşdur. Belə ki, mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq yaşayış massivində yerləşir. Ətrafda yerləşən bəzi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığı müəyyən olunmuşdur. Belə ki, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin kateqoriyası sənaye təyinatlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3013/2023 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası “sənaye təyinatlı”, məqsədli istifadə növü isə “sahibkarlıq” olduğu halda, həmin torpaq sahəsində yaşayış evi inşa etməsi işin mübahisə olunmayan halıdır. İddiaçının tikinti üçün müvafiq səlahiyyətli qurumdan icazə sənədi almasıda müəyyən edilmir. İddiaçının tikdiyi tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektləri siyahısına daxil olsa belə, həmin məcəllənin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı aparıldığı müəyyən edilmir. cavabdeh orqan tərəfindən həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - (1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, 2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, (3) sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt şöndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Göründüyü kimi, məhkəmə hüquqların qeydiyyatı üçün qanunvericiliklə tələb olunan sənədlərin olmasını deyil, qanunvericiliklə tələb olunmayan sənəd olmamasını qərərarının əsaslandırılmasının əsası kimi qeyd etmişdir. Qərarda məhkəmə tərəfindən inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi erazidə fərdi yaşayış evi kimi qeydiyyatdan keçmiş daşınmaz əmlakların olduğunu bildirdiyini qeyd etsə də ümumiyyətlə bununla bağlı heç bir araşdırma aparmamışıdr. Bu isə hüququnun pozulmasına gətirib çıxarmışdır. Müvafiq araşdırma aparılmış olsa idi həqiqətən də inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi ərazidə fərdi yaşayış evi kimi qeydiyyatdan keçmiş daşınmaz əmlakların olduğu sübutla təsdiq еdilmiş olardı. Əgər eyni təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evlərindən bir hissəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınırsa bəs şərləri üzərində niyə mülkiyyət hüquqlarının qeydiyyatı aparılmır? Yəni bir vətəndaşın başqa vətəndaşdan hüquqları daha çoxdur, yoxsa bəzi insanlar qanundan yuxandadır qalanları isə əzilmişlərdir? Bundan başqa Torpaq Məcəlləsində nəzərə alınmış olsa idi onda müəyyən edilərdi ki, həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir, ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğularındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Bu isə o deməkdir cavabdeh qurumun elektron baza məlumatlarında torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi qeyd edilmiş olsa belə qanunun tələbi bu torpaq sahəsinin təyinatı şəhər daxilində və (və ya) yaşayış massivində yerləşdiyi üçün yaşayış məntəqələrinin torpaqları olduğunu bildirir. Əgər qanunun tələbi gözlənilmədən cavabdeh qurum elektron bazasında torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi göstərirsə və müvafiq qurumlar torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq hərəkətləri etmirsə vətəndaş nə üçün bu məsuliyyətsizliyin qurbanı olmalıdır?! Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ..... 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;.. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:...8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0,03 ha torpaq sahəsində inşa edilmiş müvafiq fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, çıxarış və texniki pasportun verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtina əsası kimi torpaq sahəsinin təyinatının sənaye təyinatlı olması halına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, sözügedən fərdi yaşayış evinin inşa edildiyi 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evini inşa edərək, bu barədə məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt məktubu ilə müraciət etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, sözügedən torpaq sahəsi təyinatına uyğun istifadə edilmir, torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır, iddiaçı isə fədri yaşayış evi inşa etdirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halının aydınlaşdırılması məqsədilə mübahisə predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin ətrafında (qonşuluğunda) yerləşən fərdi yaşayış evlərinə dair başqa şəxslərin adına mülkiyyət hüququnun qeydiyyata alınması əsasları aydınlaşıdırılmış və nəticə etibarilə qonşuluqda yerləşən fərdi yaşayış evlərinin də yerləşdiyi torpaq sahələrinin təyinatı sənaye, rabitə, nəqliyyat, müdafiə və digər təyinatlı kateqoriyasına aid olsa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu hal isə özlüyündə cavabdeh tərəfindən iddiaçıya münasibətdə eyni faktiki şərtlər mövcud olduğu halda, fərqli yanaşmanın tətbiq edilməsinin göstəricisi kimi çıxış etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının sənaye, rabitə, nəqliyyat, müdafiə və digər təyinatlı torpaq sahəsi olduğu halda, həmin torpaq sahələrində yerləşən fədri yaşayış evlərinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halı eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin təyinatı da sənaye təyinatlı olduğu və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi hal əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi xüsusi mülkiyyəthüququ əsasında iddiaçıya məxsus olduğundan, iddiaçının həmin torpaq sahəsində qanunvericiliklə müəyyən edilmiş norma və qaydalara riayət etməklə tikili ucaltmaq hüququ olduğundan, inşa edilmiş tikiliyə mülkiyyət hüququ əldə etdiyindən və həmin tikili ilə məlumatlandırma icraatı qaydasında tələbə riayət edildiyindən, iddiaçının həmin tikiliyə dair mülkiyyət hüququ yaranmışdır. İndiki halda isə iddiaçının mövcud tikiliyə dair yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı hal aşkar edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının müvafiq tikiliyə dair mülkiyyət hüququnun yaranıb-yaranmaması halları işin halları və qnaunvericliyin norma və prinsipləri baxımından təhlil edilməmiş, nəticə etibarilə iş üzrə gəldiyi qənaəti yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3013/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. “Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ünvanında yerləşən **********64 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-748/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-748/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver