Məhkəmə qərarları › İş №2-1(105)-748/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-748/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-748/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)-808/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 4/3-7068 nömrəli məktubu ilə İddiaçı müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-3814 nömrəli arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə olarkən fərarilik etdiyinə, Tərtər Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “V” bəndi ilə məhkum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq olunduğuna, Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli qərardadına əsasən (hərbi cinayətlər törətmiş şəxslər barəsində) Dövlət Müstəqilliyi günü münasibəti ilə “Amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının 2-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzadan azad edildiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və ona "sıravi” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, N nömrəli əmri ilə o, hərbi xidməti davam etdirmək üçün xx.xx.1995-ci il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilmişdir. Bütün bu hallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli arxiv arayışı ilə təsdiq olunmuşdur. Eyni zamanda, Tərtər Qarnizonunun Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli, 1-251-97 nömrəli hökmündə onun 1992-1994-cü illərdə Füzüli və Tərtər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq olunmuşdur. Sözügedən hökm qanuni qüvvəyə minib və preyudisial xarakter daşıyır. Bir müddət öncə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi barədə müraciət etmiş, lakin, onun müraciətinin icrasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli, 216 nömrəli qərarı göstərilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, həmin qərarın qeyd hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə bu qaydanın şamil edilmədiyi göstərilmişdir. lakin, iddiaçı hərbi hissəni xx.xx.1995-ci il tarixdə tərk etmişdir, döyüş əməliyyatları isə 1994-cü ildə rəsmi atəşkəslə dayandırılmışdır. Ona görə də hesab edir ki, həmin qərarın qeyd hissəsi ona şamil edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən hər hansı bir cinayətə görə məhkum olunma Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin müharibə veteranı adından məhrum edilməsi üçün əsas sayıla bilməz. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi izibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR NK-nın 28 sentyabr 2018-ci il tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-3814 nömrəli arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə olarkən fərarilik etmiş, Tərtər Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “V” bəndi ilə məhkum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq olunmaqla, Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli qərardadına əsasən (hərbi cinayətlər törətmiş şəxslər barəsində) Dövlət Müstəqilliyi günü münasibəti ilə “Amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının 2-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzadan azad edilmişdir. Həmçinin, sözügedən arayışda İddiaçı qanuni əsaslarla ehtiyata (istefaya) buraxılmasına dair məlumatlar yoxdur. AR CPM-nə əsasən amnistiya cinayət təqibinə xitam verilməsinin bəraətverici əsası hesab edilmədiyindən və qüvvədə olan Veteranlar haqqında qanunvericiliyin qeyd olunan normasının tələbi baxımından iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)-808/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini və əmrlə təxris olunduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı hərbi hissəyə qayıtmaması ilə bağlı məhkum edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. İddiaçı fərariliyi 1995-ci ildə, yəni atəşkəs elan edildikdən sonra etdiyini bildirsə də, onun hərbi xidmətdən qanuni surətdə təxris edilməsi təsdiq edilmədiyindən hazırda bu hal iddianın təmin edilməsi üçün əsas deyildir. İddiaçının (istefaya) buraxılmasına dair məlumatlar yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında istinad etdiyi Əsasnamənin “qeyd” hissəsini düzgün təfsir etməmiş, bununla da yalnış nəticəyə gəlmişdir. Belə ki, ARda döyüş əməliyyatlarının dayandırılması, rəsmi olaraq atəşkəsin elan olunduğu xx.xx.1994-cü il tarixdə baş vermişdir. İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, atəşkəs rəsmi olaraq xx.xx.1994cü il tarixdə elan edilmiş, iddiaçı isə 1995-ci ilin oktyabrında məzuniyətə getmiş və geri qayıtmamışdır. Göründüyü kimi, 1995-ci ilin oktyabr ayı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövr deyil. Eyni zamanda, bildirir ki, iddia ərizəsi tərəflərindən xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmiş, lakın, cavabdeh iddiaya etirazı yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir və bu etiraz məhkəmə tərəfindən qəbul edilmişdir. Hansı ki, qəbul edilməli deyildi. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3996/2023 nömrəli sərancamında qeyd edilir ki, iddia ərizəsinə etiraz vermək üçün cavabdehin 10 (on) gün müddəti var və həmin müddət xx.xx.2023-cü il tarixdə bitir. Etiraz isə xx.xx.2023-cü il tarixdə, yəni 3 ay 13 gün gecikmə ilə verildiyi halda, məhkəmə tərəfindən qəbul edilmişdir. Bundan əlavə, iddiaçının ehtiyata (istefaya) buraxılmasına dair məlumatlar olmadığını və buna görə də, ona veteran adının və veteran vəsiqəsinin verilməsinin mümkün olmadığını qeyd etmişdir. Halbuki, "Veteranlar haqqında" Azərbaycan Respublikasını Qanununda belə bir norma, tələb nəzərdə tutulmamış və bu məlumat cavabdeh orqanda olmalıdır. Məhkəmə qərarında qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarını aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış təqdim etməmişdir. Halbuki, hazırda qüvvədə olan Tərtər Qarnizonunun Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli, 1-251-97 nömrəli hökmündə iddiaçının 1992-1994-cü illərdə Füzuli və Tərtər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq olunmuşdur. Sözügedən hökm qanuni qanuni qüvvədəyə minmişdir və preyudisial xarakter daşıyır. Lakin, işə baxan məhkəmə həmin hökmü nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. ...

İnzibati Prosessual Məcəllə Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsinin öz təsdiqini tapmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən kollegiya qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-3814 nömrəli arxiv arayışından görünür ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmrində rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə göndərilmiş çağırışçıların hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “sıravi" hərbi rütbəsi verilməsi barədə məlumat, həmin hərbi hissənin 1992-ci il tarixli adlı siyahılar qovluğunda onun adı qeyd edilmişdir. O, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. O, fərarilik etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli, 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından silinərək hərbi qeydiyyat sənədləri təkrar çağırış üçün Abşeron RHK-na göndərilmişdir. Tərtər Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “V” bəndi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum edilmiş əsgər İddiaçı Məcid oğlu haqqında CM-nin 42-ci maddəsi tətbiq olunmaqla, Silahlı Qüvvələrin Baş Qərargah rəisininin 16 iyun 1997-ci il tarixli müvafiq sərəncamına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq İV motoatıcı taborun İİİ bölüyünün İ tağımının İİ manqasında baş atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli, 336 nömrəli əmrində R.M.X3 Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli Qərardadına əsasən (hərbi cinayətlər törətmiş şəxslər barəsində) Dövlət Müstəqilliyi günü münasibəti ilə “Amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının 2-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzadan azad edilməsi qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin fevral N-cı il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin “Qeyd. 1” hissəsində yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə bu qaydanın şamil edilmədiyi göstərilmişdir. O isə xx.xx.1994-cü il tarixdə atəşkəs elan edildikdən sonra 1995-ci ilin oktyabrında məzuniyyətə gedib geri qayıtmamışdır, bu dövr isə döyüş əməliyyatlarının aparıldığı dövrə aid deyildir. Bu baxımdan, hesab edir ki, həmin norma ona münasibətdə tətbiq edilə bilməz. Kollegiya bu hissədə iddiaçının şikayətin dəlilini əsaslı hesab edərək qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin “Qeyd. 1” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İddiaçı isə hərbi hissəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı (müharibə) dövrdə deyil, xx.xx.1994-cü il tarixdə atəşkəs sazişi imzalandıqdan sonra, yəni 19 oktyabr 1995-ci ildə tərk etmiş və bu cinayətə görə məhkum olunmuşdur. Bu baxımdan, kollegiyanın qənaətinə görə iddiaçı həmin normada istisna edilən şəxslər kateqoriyasına daxil deyildir. Lakin, kollegiya hesab edir ki, iddiaçı məhkum edildikdən sonra 1997-ci ilin avqust ayında N nömrəli hərbi hissənin tərkibinə daxil edilsə də, bu hərbi hissədə də xidmət keçməsi və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)-808/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar