Məhkəmə qərarları › İş №2-1(105)-75/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-75/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-75/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)- 57/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasn, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra iddiaçı) adına qeydə alınmışdır. Mülkiyyətində olan torpaq sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşdüyündən iddiaçı, ona kompensasiya ödənilməsi məqsədilə “X9 Agentliyinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2018-ci tarixli, H- 3/16/7712 nömrəli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan X9 Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin müvəqqəti dayandırılmış, sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa ediləcək. İddiaçı verilmiş cavabla razılaşmayaraq, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, Abşeron rayonu, Novxanı kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq torpaq üçün 30000 (otuz min) manat kompensasiya məbləğinin, evin və hasarın bünövrəsinə, daş çınqıla ödədiyi 9800 (doqquz min səkkiz yüz) manat, 2014-cü ilə indiki mal-material qiymətinin və həmin dövrdən indiyə valyuta fərqində müqayisədə ona dəyən 45000 (qırx beş min) manat fərqinin, ümumilikdə 84800 manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)- 944/2019 saylı qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-956/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən ona məlumat verilmədən, ondan yararsız hala salınmışdır. Cavabdehin bildirdiyinə görə, həmin topaq sahələri dövlət əhəmiyyətli yolların çəkilməsi üçün plana düşdüyündən mülkiyyətçilərə müvafiq kompensasiya ödənilməklə orada dövlət əhəmiyyətli yollar tikiləcəkdir. Bundan sonra rəhbərlik onlara müvafiq sənədləri toplamağı, heç bir yerə müraciət etməməyi, məsələni özləri yoluna qoyacaqlarını bildirmişlər. Sonradan onlar göstərilən sənədlərdən və cavabdeh tərəfindən verilən məlumatdan məbləğ barədə dəqiq məlumatları oldu ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində yolların çəkilməsinə görə ona torpağın hər sotuna 3000 (üç min) manat olmaqla cəmi 30000 (otuz min) manat pul ayrılmışdır, bundan əlavə söküntü ilə bağlı dəymiş ziyan da ödəniləcəkdir. Lakin, dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh həmin məbləği onlara ödəməkdən yayınaraq, lakin büdcədə pul olmadığı üçün hal-hazırda pulu onlara ödəyə bilmədiklərini bildirmişlər. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X12” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlakın bazar dəyəri 75000 (yetmiş beş min) manat hesablanmışdır. Həmin əmlak 2014cü ildə plana düşmüş, qiymətləndirilmişdir. 6 il öncəki torpaqların bazar qiymətində bu gün kəskin artım olduğu üçün cavabdehdən 30000 manat deyil, torpağa dəymiş zərərin əvəzi olaraq 75000 (yetmiş beş min) manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndirici olan “xxxx” MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ilə qeydə alınmışdır. Layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razı deyil. İddiaçı tərəfindən tələb edilən məbləğ həddindən artıq çoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-57/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 75000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağn alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Bundan əlavə hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyü nəzərə alınsa, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi 75000 (yetmiş beş min) manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.10 ha torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat cəmi isə 31000 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xx.xx.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi qeyd olunan tövsiyyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyriqanuni qərar qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikintinin dayandırıldığını və layihə üzrə tikinti işlərinin başlanan zaman kompensasiya ödənişi məsələsinin bərpa olunacağını bildirmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçının müraciətinə cavabdehin verdiyi cavabdan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənişi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 74-cü maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamış, mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, eləcə də torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli, 3/16-7712 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 27889 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi tam olaraq tikilməkdə olan Azərbaycan Avtomobil Yolları X6-Sumqayıt-Novxanı avtomobil yolunun 28+700 km-də tikinti zolağında yerləşir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti və mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İddiaçı məxsus Bilgəh-Sumqayıt yolunun üzərində yerləşən torpaq sahəsinı sərbəst giriş-çıxış mümkündürmü? 2.Torpaq sahəsinin tikinti altına düşməyən hissəsi nə qədərdir? 3.İddiaçı məxsus Bilgəh-Sumqayıt yolunun üzərində yerləşən 0,10 ha torpaq sahəsinin bazar dəyəri nə qədərdir? “X12” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2-1(118)-57/2020 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 0,10 ha torpaq sahəsi tikintidə olan yolun döngə hissəsinin içində olduğuna görə sərbəst giriş-çıxış mümkün deyil, torpaq sahəsi bütövlükdə tikinti altına düşür, İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin xx xxxx 2020-ci il tarixinə olan bazar dəyəri 75000 manat təşkil edir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Apelyasiya şikayətinin dəlilində əmlakın qiymətləndirilməsi zamanı Maliyyə Nazirliyinin cəlb edilmədiyi bildirilsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mütəxəssis cəlb edilməklə qiymətləndirməni həyata keçirmiş və “X12” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzinin mütəxəssisi ilə birlikdə Maliyyə Nazirliyinin baş məsləhətçisi X7 mübahisəli əmlaka keçirilmiş baxışda iştirak etmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinin mümkünlüyü məsələsinin kifayət qədər araşdırılmadığınl qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş və Maliyyə Nazirliyindən mütəxəssis cəlb edilməklə verilmiş mütəxəssis rəyindən , eləcə də rəyə əlavə edilmiş xəritədən çıxarışdan görünür ki, iddiaçıya məxsus 0,10 ha torpaq sahəsi tikintidə olan yolun döngə hissəsinin içində olduğuna görə ora sərbəst giriş-çıxış mümkün deyildir. Bu isə o deməkdir ki, iddiaçının mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza, həmçinin Maliyyə Nazirliyindən mütəxəssis cəlb edilməklə aparılmış qiymətləndirmə zamanı iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən, mülkiyyətdə olan 0,10 ha torpaq sahəsinin Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin yolun tikinti altına düşməsi, eləcə də, torpağın bazar dəyərinin 75 000,00 (yetmiş beş min) manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, işin mübahisələndirilməyən digər halına görə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Dövlət ehtiyacları ilə əlaqədar alınmayla bağlı olaraq mülkiyyətində olan əmlaklarından məhrum edilmiş şəxslərə həmin əmlaka görə kompensasiyanın ödənilməli olduğu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan da irəli gəlir. Belə ki, «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi Stolyarova Rusiya Federasiyasına qarşı işdə (15711/13) qeyd etmişdir ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Həmçinin Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır. Bununla da müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qiymətləndirmənin nəticələrinə uyğun olaraq 75.000 manat məbləğində iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoymaqda haqlı olmuşdur. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəsait ayrıldıqdan sonra öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan vəsaitin ayrılması və s. məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Beləliklə qeyd edilənlərə və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hazırki mübahisə üzrə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(118)-57/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-57/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar