Məhkəmə qərarları › İş №2-1(105)-75/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-75/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-75/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsinin 1990-cı ildən istifadəsində olan 0,14 ha torpaq sahəsi ilə birlikdə və həmin 0,18 ha torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: torpaq sahəsi və üzərində olan tikiliyə çıxarışın və texniki pasportun verilməsi tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsinin 1990-cı ildən istifadəsində olan 0,14 ha torpaq sahəsi ilə birlikdə və həmin 0,18 ha torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 saylı qərarından iddiaçının və cavabdeh İdarənin vermiş olduqları apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, JN-098 A kod 30213078 saylı mülkiyyət hüququna dair şəhadətnaməsini təsdiq edən faktını koordinatlara əsasən qeydiyyata alınması və yaşayış evinin öz faktiki yerində və faktiki ölçülərə əsasən qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə ailəsinin mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin 1990-cı ildən istifadəsində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə və həmin 0.18 ha torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan” sovxozunun 08.05.1990cı il tarixli 71 saylı əmrinə və tərtib edilmiş akta əsasən yaşayış evi tikmək məqsədi ilə ona 0.10 ha torpaq sahəsi ayrılmış, 1990-1991-ci ildə orada ev tikərək bağ salmışdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarı ilə mülkiyyətinə 0.14 ha torpaq sahəsi qeydiyyata alınmış, lakin 18 sot olmalı idi. Onun torpaq sahəsi xəndək və kol-kos və zibilliklər içərisində olmuş, o, həmin yararsız sahəni yararlı vəziyyətə salaraq istifadə edir. Ona ayrılmış torpaq sahəsi ata mülkiyyəti ilə həmsərhəd və gedişgəliş yolları eyni olsa da evləri ayrı olmuşdur. Atası 2003-cü ilə vəfat etdikdə sonra qardaşı Əlisəfa Qurbanov özünə məxsus evi və torpaq sahəsini sataraq atasına məxsus evi zəbt etmiş və onun əkdiyi 12 ədəd ağacları çıxararaq qanunsuz ev tikərək onun gediş-gəliş yolunu bağlamışdır. Bununla bağlı oğlu X1 Rayon Məhkəməsində X3 qarşı iddia qaldıraraq torpaq sahəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmış, həmin Məhkəmənin 30.04.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, qətnaməyə görə cavabdehin inşa etdiyi yaşayış evi ona məxsus torpaq sahəsində yerləşmir və torpaq sahəsinin zəbt edilməsi faktı mövcud deyildir. Xaçmaz rayon AİK-nın qərarı əsasında ona və 4 nəfər ailə üzvlərinə verilən torpağa və 1990-cı ildən istifadəsində olan, həyətyanı torpaq sahəsinə bitişik olan 4 sot torpaq sahəsi də olmaqla, cəmi 0.18 ha torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdeh 5 saylı Ərazi İdarəsindən xahiş etsə də, cavabdeh əsassız olaraq imtina cavabı vermişdir.

Cavabdehin etirazları:

4. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı evə müayinə aparılmasına şərait yaratmadığına və torpaq sahəsinin mübahisəli olduğuna görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(118)-26/2021 saylı qərardadı ilə (hakim V.E.Əzizova) X2, X9, X4 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia qismən təmin edilərək JN-098A saylı kod 30213078 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

7. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

8. Həmçinin, qərardan narazı qalan İddiaçı da apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 saylı qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətlərinin dəlilləri:

9. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 19.11.2018-ci il tarixdə müraciət etmiş, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş daşınmaz əmlak üzərində mübahisə mövcud olduğundan və müayinə işlərinin aparılmasından İddiaçı tərəfindən imtina edilməsi nəticəsində daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Göstərilən çatışmazlıqların aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 29.11.2018-ci il tarixli, **********56 nömrəli məktubla əsaslı olaraq imtina olunmuşdur.

10. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan” sovxozunun 08.05.1990-cı il tarixli 71 nömrəli əmrilə Xaçmaz rayon X14 28.10.1988-ci il 387 nömrəli məktubuna əsasən artırılmış torpaq fondu hesabına adları çəkilən şəxslərə, o cümlədən ona 0.10 ha torpaq sahəsinin verilməsi qərara alınmış və “Azərbaycan” sovxozu tərəfindən tərtib edilmiş 11.05.1990-cı il tarixli aktdan görünür ki, sovxozun 08.05.1990-cı il tarixli 71 nömrəli əmrinə əsasən 0.10 ha torpaq sahəsi ona təhvil verilmişdir. Xaçmaz rayon Qusarçay kənd XDS İcraiyyə Komitəsinin 02 nömrəli 14 dekabr 1990-cı il tarixli protokolundan çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1988-ci il tarixli, 387 nömrəli qərarı ilə artılrılmış həyətyanı torpaq fondu hesabına İddiaçı 0.10 sot torpaq sahəsinin ayrılması və təhkim edilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin Xaçmaz RİK-nin Tikinti və Memarlıq şöbəsinin eynitipli layihəsi əsasında başlanması qərara alınmışdır. JN-098A KOD 30213079 nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.14 hektar torpaq sahəsi verilmişdir. Sonuncu qərara əsasən ona verilən həmin torpaq sahəsini yararlı vəziyyətə özü gətirmişdir. Həmin torpaq sahəsi ata mülkü ilə həmsərhəddir. Atası 2003-cü ilə vəfat etdikdən sonra qardaşı Əlisəfa Qurbanov özünə məxsus evi və torpaq sahəsini sataraq və onun əkdiyi 12 ədəd ağacları çıxararaq qanunsuz ev tikmiş və bununla gediş-gəliş yolunu bağlamışdır. O, cavabdeh inzibati orqana müraciət edərək şəhadətnaməyə əsasən ona məxsus 0.14 ha və 1990-cı ildən istifadəsində olan 0.04 ha, cəmi 0.18 ha torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş olsa da, cavabdeh imtina etmişdir. Hazırda məhkəmə tərəfindən isə qərar məhz Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.14 hektar torpaq sahəsi ayrılmasına dair qərarına əsasən iddiası qismən təmin edilmişdir. Məhkəmə iddianı qismən təmin etməsinə 1 əsas göstərmişdir. Belə ki, hüquqmüəyyənedici sənədin olmamasını rəhbər tutaraq iddianın qismən təmin edilməsilə bağlı qərar vermişdir. Lakin, faktiki olaraq 1990-cı ildən 0.04 ha torpaq sahəsi onun istifadəsindədir, həmin torpaq sahəsindən istifadə edir və hesab edir ki, iddianın təmin edilməsilə həm də sərəncam hüququ yaranacaqdır. Buna əsasən də iddia tam təmin edilməlidir.

b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətilə əlaqədar iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

12. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətilə əlaqədar cavabdeh tərəfindən etiraz daxil olmamışdır.

b) məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, əvvəllər o, evdə olmamış, ona görə də cavabdehin nümayəndələrinə imkan verilməyib ki, evə baxış keçirilsin, lakin hal-hazırda heç bir etirazı yoxdur. Cavabdeh tərəfindən verilən rəyə qarşı etirazı yoxdur, lakin 1990-cı ildən onun faktiki istifadəsində olan torpaq sahəsi artıq onun mülkiyyəti hesab olunmaqla ümumilikdə 18 sot torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi evə sənəd verilməsi cavabdehin üzərinə qoyulmaqla iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdehin apellyasiya şikayətini əsassız hesab etdiyindən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qismən əsassız hesab etdiyindən qərarın qismən ləğv edilməklə iddia tələbinin tam təmin olunması, cavabdehin apellyasiya şikayətinin əsassız olmaqla rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 izahatında göstərmişdir ki, təmsil etdiyi İdarə tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edir, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir ona görə ki, iddiaçı Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş olsa da, sənədlərin eskpertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş daşınmaz əmlak üzərində mübahisə mövcud olduğundan və müayinə işlərinin aparılmasından İddiaçı tərəfindən imtina edildiyindən nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamış, nəticədə ərizənin icrasından imtina edilmişdir. Göstərilən çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə bir daha baxılacaqdır.

16. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İdarənin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

19. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

20. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

21. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

22. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

25. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

26. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

27. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

30. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

31. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

32. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

33. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

34. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

35. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).

37. 1 yanvar 1971-ci ildən 9 noyabr 1991-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 13. Torpaq sahələrinin istifadəyə verilməsi Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. İstifadədə olan torpaq sahəsi başqasının istifadəsinə yalnız həmin sahə bu Məcəllənin 47-51-ci maddələrində nəzərdə tutulmuş qaydada alındıqdan sonra verilir. Maddə 92. Kənd yerlərində yaşayan fəhlələrə, qulluqçulara iş digər vətəndaşlara həyətyanı torpaq sahələri verilməsi Sovxozlar və digər dövlət kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları daimi işləyən fəhlələrə və qulluqçulara, habelə kənd yerlərində işləyən və sovxozun, yaxud digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının ərazisində yaşayan müəllimlərə, həkimlərə və başqa mütəxəssislərə həyətyanı sahələr üçun nəzərdə tutulan torpaqlardan, tikililərin yerləşdiyi sahə də daxil olmaqla, hər alləyə 0,25 hektaradək, suvarılan torpaqlarda isə bunun yarısı qədər həyətyanı torpaq sahələri və ya bostanlar verirlər. Həyətyanı sahələr və bostanlar sovxoz və ya digər kənd təsərrüfat müəssisəsi, idarəsi və təşkilatı müdiriyyətinin əmri ilə ayrılır. Kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərin yığıncağı nın qərarı ilə kolxoz kend yerlərində işləyən və kolxoz ərazisində yaşa. yan müəllimlərə, həkimlərə və digər mütəxəssislərə bu maddənin birin. ci hissəsində göstərilmiş ölçüdə həyətyanı torpaq sahələri verir. Kolxozlarda, sovxozlarda, digər dövlət kənd təsərrüfatı müəssisələrində, idarələrində və təşkilatlarında boş həyətyanı torpaqlar olduqda həmin tasərrüfatlam ərazisində yaşayan fəhlələrə, qulluqçulara, pensiyaçılara və əlillərə müvafiq surətdə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının, yaxud da sovxoz, müəssisə, təşkilat və idarə müdiriyyətinin kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən tesdiq edilən qərarı əsasında, tikililərin yerləşdiyi sahə də daxil olmaqla hər ailəyə 0,12 hektaradək, suvarılan torpaqlarda isə bunun yarısı qədər həyətyanı sahələr verilə bilər.

38. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. (-). Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

39. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hazırkı qərarın 18-30-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 6-cı bəndində şərh edilən nəticəyə gəlinmişdir.

42. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı mübahisə obyekti olan 0.04 ha torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas hesab edilə biləcək hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilməmişdir. Cavabdeh inzibati orqanın imtina cavabında göstərdiyi dəlil, yəni torpaq sahəsinin mübahisəli olması və ya iddiaçının müayinə aparmasına şərait yaratmaması öz təsdiqini tapmamış və bu hər halda hüquqların qeydə alınmaması üçün əsas deyildir. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış 0.14 ha torpaq sahəsi üzərində başqa şəxsə məxsus olan evin olmaması və ya torpağın başqa şəxslərin zəbtində olmadığı müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və qeyd edir ki, hazırkı qərarın 9-cu bəndində öz əksini tapan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, cavabdeh həm imtina ərizəsində, həm də apellyasiya şikayətində torpaq sahəsinin mübahisəli olması və ya iddiaçının müayinə aparmasına şərait yaratmaması qeyd edilsə də, Xaçmaz rayon Aqrar islahat Komissiyasının 27.11.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış 0.14 ha torpaq sahəsi üzərində başqa şəxsə məxsus olan evin olmaması və ya torpağın başqa şəxslərin zəbtində olmadığı müəyyən edilmişdir. Eyni zamanda sonradan məhkəmə sorğusu əsasında cavabdehin təqdim etdiyi rəylə də müəyyən edilir ki, iddiaçının və ailə üzvlərinin istifadə etdiyi mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və tərəflərindən GPS aləti vasitəsi ilə ölçülmüşdür. Ölçmə zamanı məlum olmuşdur ki, iddiaçının istifadə etdiyi torpaq sahəsi göstərilən döngə nöqtələrinin sərhədi daxilində 0.31 ha-dır. Həmin 0.31 ha torpaq sahəsinin 0.14 ha sahəsinə iddiaçı və ailə üzvlərinin adına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-098A (kod ********) saylı şəhadətnamə verilmiş, qalan 17 sot torpaq sahəsinə isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

44. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar kollegiya onu da qeyd edir ki, işdə olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-47/2019 saylı 30.04.2019-cu il tarixli qətnaməsilə də müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdeh X6 tərəfindən yaşayış evi və ya başqa tikilinin inşa edilmədiyi müəyyən edilmişdir. Yəni, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsilə bağlı mübahisəli halın olması barədə cavabdehin apellyasiya şikayətinin dəlili də əsassızdır.

45. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında vurğulamışdır ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

46. Məhkəmə həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinin paylı mülkiyyətinə Xaçmaz rayonun Həsənqala kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsi verilmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı sonradan mübahisələndirilmədiyindən faktiki olaraq iddiaçıya və ailə üzvlərinin 0.14 ha torpaq sahəsi verilməsi müəyyən edilmiş sayılır. İddiaçının 4 sot torpaq sahəsinin hələ 1990-cı ildən onun istifadəsində olduğundan həmin sahənin də onun mülkiyyətinə verilməli olmasına dair apellyasiya şikayətinin dəlili də əsassızdır ona görə ki, hazırkı qərarın 37-ci bəndində istinad edilən qanun normasının tələblərinə görə 1990-cı ildə torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilməsi və torpaq sahələrinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında həyata keçirilirdi ki, iddiaçı tərəfindən də məhkəmə instansiyalarına bu qanunun tələblərinə uyğun gələn hər hansı bir sübut təqdim edilməmişdir.

47. Halbukı, hazırkı qərarın 22-ci bəndində istinad edilən normanın tələbinə əsasən iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

48. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, hazırkı qərarın 36-39-cu bəndlərində istinad edilən normaların tələbləri baxımından iddia tələbi qismən əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-26/2021 saylı 02.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar