Məhkəmə qərarları › İş №2-1(105)-75/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-75/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-75/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3, X4, Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.1998-xx.xx.2005-ci il tarixdə “Bozdağ” müəssisəsində maşinist köməkçisi işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(118)- 1284/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, xx.xx.1962-ci ildə anadan olmuşdur.

2. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə X8 hərbi xidmətdə olmuşdur.

3. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər üzrə əmək fəaliyyətilə məşğul olmuşdur.

4. “Bozdağ” müəssisəsi tərəfindən verilmiş 02/02 nömrəli, xx.xx.2023-cü il tarixli arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixində “Bozdağ” müəssisəsinin dağmədən sahəsinə daşkəsən maşına maşinist köməkçisi qəbul edilmişdir.(müəssisə üzrə 05/k xx.xx.1998-ci il tarixli əmr) xx.xx.1999-cu il tarixdə həmin dağ-mədən sahəsinə daşkəsən maşına maşinist təyin edilərək(müəssisə üzrə 10/k xx.xx.1999-cu il tarixli əmr) xx.xx.2005-ci ilə kimi həmin işdə işləmişdir. (müəssisə üzrə 02/k xx.xx.2005-ci il tarixli əmr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” haqqında 12 saylı xx.xx.2007-ci il tarixli qərarının “dağ-mədən işləri” bölümünün 1.2.1 bəndinə əsasən daşkəsən maşinisti güzəştli şərtlə pensiyaya çıxmaq hüququna malikdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci ildə cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı, Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1983-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də özüboşaldan maşının sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuş, lakin sənədlərdə iddiaçının işlədiyi sahənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə, dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər sahəsinə və ya texnoloji prosesdə dağ-mədən kütləsinin nəqli sahəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda l/İT-l ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Bozdağ” müəssisəsində maşinist köməkçisi işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının adıçəkilən müəsissə tərəfindən işdən çıxma möhürü ilə təsdiqlənmədiyinə görə, həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı ümumi iş stajı 25 ildən az (17 il 11 ay 7 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci, xx.xx.1982- xx.xx.1989cu il, xx.xx.1990-xx.xx.1998-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14953,82 manat təşkil edir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifələrdən heç biri siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(118)-1284/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq ümumilikdə 13 ildən çox güzəştli iş stajına malikdir. Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi müddət 25 ildən çoxdur. xx.xx.2022-ci ildə qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı pensiya təminatı hüququnu qazanmış olur. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir.

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

16. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

22. Belə ki, hazırki mübahisənin predmeti iddiaçının xx.xx.1998-xx.xx.2005-ci il tarixdə “Bozdağ” müəssisəsində maşinist köməkçisi işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədədir.

23. Cavabdeh **********9 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda aşağıdakı əsaslarla iddiaçının müraciətindən imtina etmişdir:

1. İddiaçının xx.xx.1983-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də özüboşaldan maşının sürücüsü vəzifəsində işlədiyi sahənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə, dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər sahəsinə və ya texnoloji prosesdə dağ-mədən kütləsinin nəqli sahəsinə aid olubolmaması barədə hər hansı məlumat göstərilməyib.

2. И/İT-l ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Bozdağ” müəssisəsində maşinist köməkçisi işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının adıçəkilən müəsissə tərəfindən işdən çıxma möhürü ilə təsdiqlənmədiyinə görə, həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, M,Qarayevin ümumi iş stajı 25 ildən az (17 il 11 ay 7 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci, xx.xx.1982- xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1998-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

3. iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14953,82 manat təşkil edir.

24. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir:

25. Məhkəmə kollegiyası iddiaçının ilk dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş Dövlət Arxivi tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalımasına dair 126 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1983-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1998-ci il tarixlərdə "xxxx" ASC-də özüboşaldan maşının sürücüsü vəzifəsində işləmişdir.

26. Məhkəmə kollegiyası tərəfindən 126 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışının verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı Dövlət Arxivinə sorğu verilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə Azərbaycan Daşkəsən Filiz saflaşdırma Kombinatının xx.xx.1983-cü il tarixli, xx.xx.1989-cu il tarixli, xx.xx.1990-cı il tarixli, xx.xx.1998-ci il tarixli əmrləri məhkəməyə təqdim olunmuşdur. Həmin əmrlərdə şəxsi heyətin siyahısında iddiaçının adı da qeyd olunmuşdur.

27. Məhkəmə sorğsuna əsasən "xxxx" QSC-dan daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda isə qeyd olunmuşdur ki, “...Özüboşaldan maşının sürücüsü vəzifəsi istər artıq qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarına 1 nömrəli əlavə olan “Yeraltı İşlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında, istərsə də hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda nəzərdə tutulmuşdur...Özüboşaldan maşının sürücüsü vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququna malik olan sahəyə aiddir.”

28. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən də iddiaçının mübahisələndirilməyən sığorta stajı 17 il 11 ay 7 gün təşkil edir. “Bozdağ” müəssisəsi tərəfindən verilmiş 02/02 nömrəli, xx.xx.2023-cü il tarixli arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixində “Bozdağ” müəssisəsinin dağ-mədən sahəsinə daşkəsən maşına maşinist köməkçisi qəbul edilmişdir.(müəssisə üzrə 05/k xx.xx.1998-ci il tarixli əmr) xx.xx.1999-cu il tarixdə həmin dağ-mədən sahəsinə daşkəsən maşına maşinist təyin edilərək(müəssisə üzrə 10/k xx.xx.1999-cu il tarixli əmr) xx.xx.2005ci ilə kimi həmin işdə işləmişdir. (müəssisə üzrə 02/k xx.xx.2005-ci il tarixli əmr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” haqqında 12 saylı xx.xx.2007-ci il tarixli qərarının “dağ-mədən işləri” bölümünün 1.2.1 bəndinə əsasən daşkəsən maşinisti güzəştli şərtlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçının həmin müəssisədə işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə iddiaçı qanunvericiliklə tələb olunan 25 il ümumi sosial sığorta stajını toplamış olduğundan, hazırkı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Apellyasiya şikayətinin son dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı ilk öncə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

30. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə edilmiş dəyişikliklə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” tələbi aradan qalxmışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normasının tələbini nəzərə almadan iddianı təmin etmişdir.

31. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

32. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

33. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmiş və xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin– dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

34. Beləliklə kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.

36. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin sığorta stajının hesablanmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yanlış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.

37. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, apellyasiya şikayəti isə təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(118)-1284/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar