Məhkəmə qərarları › İş №2-1(105)-752/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-752/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-752/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(118)-1984/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon X5 İcraiyyə Komitəsinin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli qərarı ilə İddiaçı Novxanı sovxozu ərazisindən bağçılıq-bostançılıq üçün 0,06 ha 1053 nömrəli torpaq sahəsi, XDS-nin İK-nin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli ilə ona əlavə olaraq 0,04 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2000-ci il tarixli, 053 nömrəli sərəncamının 7-ci bəndinə əsasən Abşeron rayon XDS-nin İK-nin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli qərarı ilə İddiaçı verilmiş 1053 nömrəli bağ sahəsinin yaxınlığında olan 500 m2-lik yararsız torpaq sahəsi onun istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 10 yanvar 2023-cü il tarixli, 3-21-3-32/2-Ə-0319-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmadığı müəyyən edilmiş, bu baxımdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinadla müraciətin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtina etməsinin qanunsuz hesab edilməsi, Abşeron rayon XDS İK-nin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli və 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarları , həmçinin, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2000-ci il tarixli, 053 nömrəli sərəncamı ilə Abşeron rayonu, Novxanı sovxozu ərazisində onun istifadəsinə ayrılmış 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli və 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarları və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2000-ci il tarixli, 053 nömrəli sərəncamı ilə 1053 saylı torpaq sahəsi onun istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmaqla, üzərində ev tikilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh onun müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1655 saylı Fərmanına əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,15 ha torpaq sahəsinin bir hissəsinin bağçılıqbostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, kollektiv bağçılıqbostançılıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının təqdim edilmiş sənədlər toplusuna əlavə olunmadığı və Abşeron Rayon XDS İK-nin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli və 1 iyul 1991-ci il tarixli, 152 nömrəli qərarlarında Abşeron Rayon Aqrar-Sənaye Bankının 11 noyabr 1991-ci il tarixli, 1999/12 saylı məktubuna istinad olunduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən iddiaçının müraciəti müsbət həll edilməmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək (həcminin azaldılması) Abşeron rayon XDS İK-nin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli və 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarları ilə ona ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən müvafiq olaraq 0,06 ha və 0,04 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(118)-1984/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon XDS İK-nin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli və 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarları ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən müvafiq olaraq 0,06 ha və 0,04 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti - Abşeron rayon XDS-nin qərarı mövcud olduğundan qeyd olunan torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçasının təqdim olunmaması ilə bağlı cavabdehin dəlili əhəmiyyətsizdir. 0,15 ha torpaq sahəsinin bir hissəsinin bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bununla bağlı məhkəmə tərəfindən əraziyə yerli baxış keçirilmiş və məlum olmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2000-ci il tarixli, 053 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşir. İddiaçı bu hissədə tələbinin həcmini azaldaraq, müvafiq olaraq 0,06 və 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bu baxımdan, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,15 ha torpaq sahəsinin bir hissəsinin bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi (torpaq sahəsinin 0,05 hissəsinin baqçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, yerdə qalan 0,06 ha və 0,04 ha hissələrinin bağçılıqbostançılıq üçün ayrılmış ərazinin hüdudlarının daxilində yerləşdiyinin müəyyən edildiyi, qərarda bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarının daxilində yerləşən 0,06 ha və 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qeyd olunduğundan bu hal apellyasiya şikayətinin əsası kimi qeyd olunmamışdır), kollektiv bağçılıq-bostançılıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının təqdim edilmiş sənədlər toplusuna əlavə olunmadığı və Abşeron Rayon XDS İK-nin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli və 1 iyul 1991-ci il tarixli, 152 nömrəli qərarlarında Abşeron Rayon Aqrar-Sənaye Bankının 11 noyabr 1991-ci il tarixli, 1999/12 saylı məktubuna istinad olunduğu müəyyən edilmişdir. Təkrar müayinə zamanı barəsində müraciət edilmiş torpaq sahələrinə dair sahənin yerini müəyyən edə biləcək hər-hansı bir texniki sənədin təqdim edilmədiyi, bu halın imtina barədə bildiriş məktubu və etirazda qeyd edilmədiyi müəyyən edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının istifadəsində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,06 ha və 0,04 ha cəmi, 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahələrinin iddiaçıya hüquqmüəyyənedici sənəd olan Abşeron rayon X5 İcraiyyə Komitəsinin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli və 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarları ilə ayrılması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri üç hissədən ibarətdir: 1) Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının ərizəyə əlavə olunmaması; 2) Abşeron Rayon XDS İK-nin 1 iyul 1991-ci il tarixli, 152 nömrəli qərarında Abşeron Rayon Aqrar-Sənaye Bankının 11 noyabr 1991-ci il tarixli, 1999/12 saylı məktubuna istinad olunması; 3) Mübahisəli torpaq sahələrinin yerini müəyyən edən edən texniki sənədin təqdim edilməməsi. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Hazırda iddiaçı tələbinin əsası kimi Abşeron rayon X5 İcraiyyə Komitəsinin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli və 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarlarına istinad edərək həmin qərarlarla ona ümumilikdə 0,10 ha torpaq sahəsinin ayrıldığını iddia edir. İşdən görünür ki, həqiqətən də, Abşeron rayon X5 İcraiyyə Komitəsinin 01 iyul 1991ci il tarixli, 152 nömrəli qərarı ilə iddiaçıya Novxanı sovxozu ərazisindən bağçılıqbostançılıq üçün 0,06 ha 1053 nömrəli torpaq sahəsi, XDS-nin İK-nin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli ilə ona əlavə olaraq 0,04 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi cavabdehin istinad etdiyi üzvlük kitabçası daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün hazırda qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbidir, hansı ki iddiaçının üzərində hüquqlarının dövlət tərəfindən tanınmasını tələb etdiyi daşınmaz əmlak isə həmin Qanun qüvvədə minənədək – 1991-ci ildə əldə edilmişdir. Bu mənada, kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; -2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. İstinad olunan normalarda rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 0,06 ha sahəyə münasibətdə istinad edilən siyahının 1.4-cü bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayon X5 İcraiyyə Komitəsinin 01 iyul 1991-ci il tarixli, 152 nömrəli qərarına, 0,04 ha sahəyə münasibətdə isə siyahının 2.2-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - XDS-nin İK-nin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarına əsaslanır. Bu baxımdan, hüquqmüəyyənedici sənədlər olan Abşeron rayon X5 İcraiyyə Komitəsinin həmin qərarları iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, kollegiya cavabdehin 1-ci dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlilinə əsassız hesab edərək qeyd edir ki, Abşeron Rayon XDS İK-nin 01 iyul 1991-ci il tarixli qərarında Aqrar-Sənaye Bankının 11 noyabr 1991-ci il tarixli məktubunun nəzərə alınaraq torpaq sahəsinin ayrılmasının qərara alındığı göstərilmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı qərarın özünün 01 iyul 1991-ci il tarixli olmasını və bu qərardan daha əvvəl verilmiş tövsiyə məktubunun 11 noyabr 1991-ci il tarixli olmasının qeyri-mümkünlüyünü nəzərə alan məhkəmə kollegiyası məktubun tarixinin yanlış göstərildiyini ehtimal edir. Bu hal isə iddiaçının təqsiri deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin sözügedən dəlili əsassızdır. Məhkəmə kollegiyası bağ torpaq sahəsinə dair texniki sənədlərin təqdim edilməməsi ilə bağlı cavabdehin 3-cü dəlilini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh orqanın özü tərəfindən təsdiq edilmiş iddiaçının ilkin tələbində üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi 0,15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının qeyd edildiyi torpaq sahəsinin cizgisi sənədini məhkəməyə təqdim etmişdir. Həmçinin,cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş 04 fevral 2022-ci il tarixli müayinə aktından görünür ki, mübahisələndirilən 0,15 ha torpaq sahəsi faktiki 0,1597 ha, hüquqmüəyyənedici sənəd üzrə isə 0,15 ha olmaqla, sahə yolla sərhəddir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsində tələbinin həcmini azaldaraq həmin torpaq sahəsinin 0,10 ha hissəsinə dair hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Bu mənada, kollegiya hesab edir ki, hazırda mübahisələndirilən 0,10 ha torpaq sahəsi cavabdeh tərəfindən əvvəlki məhkəmə icraatı zamanı müayinə edilmiş 0,15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən sahəyə dair əlavə texniki sənədlərin təqdim edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(118)-1984/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar