Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-755/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(118)-89/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(118)-89/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur (hakim C.Məmmədov). İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçı istifadəsində olan Xırdalan şəhəri, H.Əliyev prospektində tikinti altında olan 600 kv.m torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(118)-89/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli, 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında iddiaçı tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 601.0 kv.m tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1654/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 16 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)- 97/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 06 dekabr 2021-ci il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmiş, 11 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi 10 dekabr və 14 fevral 2021-ci il tarixlərində ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmadığını bildirmiş, cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli məktubundan sonra üç (3) aydan artıq müddət ərzində qərarın icrası ilə bağlı tədbir görülməmiş, 29 mart 2022-ci il tarixli məktubla cavabdeh inzibati orqan 15 gün müddətində qərarın icra olunmadığı təqdirdə cərimənin tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan 26 aprel 2022-ci il tarixli məktubda iş üzrə qərarın icrası ilə əlaqədar göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində İddiaçı istifadəsində olan, özəlləşdirilməsi üçün təqdim olunmuş torpaq sahəsində qanunsuz tikililərin inşa edildiyi və əlavə torpaq sahəsinin zəbt edildiyi müəyyən edilmişdir. Qeyd edilən məsələ ilə əlaqədar ƏMDX tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı zəruri tədbirlər görülür. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin cərimə barədə 14 oktyabr 2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin dəyəri AR Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Həmin Əsasnaməyə uyğun olaraq xx.xx.2016-cı il tarixinə qədər qeyd edilən torpaq sahələrinin dəyəri normativ qiymətlərə əsasən müəyyən edilirdi. Lakin, AR Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 377 saylı ilə Əsasnaməyə 6-1 bənd əlavə edilmiş və həmin yeni müddəaya əsasən belə torpaq sahələrinin dəyəri bazar qiymətlərinə uyğun olaraq müəyyən edilir. Beləliklə, qanunvericiliyə əsasən hazırda özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin dəyəri normativ qiymətlə deyil, bazar qiyməti ilə müəyyən edildiyindən cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi bazar qiymətinə uyğun iddiaçıya satıla bilər. İddiaçı isə bununla razılaşmadığından, məhkəmənin qərarının icrasını təmin etmək mümkün olmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə qərarını icra etməməyə görə cavabdehi 500 manat məbləğində cərimə etməsi barədə qərardadı əsassızdır. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı edərək qeyd etmişdir ki, iddiaçı on üç ildən çoxdur ki, tikinti altında olan 600 kv.m torpaq sahəsini özəlləşdirmək məqsədi ilə pozulmuş hüquqlarını məhkəmə proseslərində bərpa etməyə çalışır. Tam qüvvəyə minmiş məhkəmə qərarları icra olunmadığı üçün və pozulmuş insan və sahibkar hüquqlarını bərpa etmək məqsədi ilə Avropa Məhkəməsinə müraciət etmiş, Avropa Məhkəməsi 2021-ci tarixində şikayətini təmin edərək müəssisəyə təzminat ödəməklə hüquqlarının bərpa olunması öhdəliyini Azərbaycan Respublikasının üzərinə qoymuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli, 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında iddiaçı tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 601.0 kv.m tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2- 1(102)-1654/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin 1 və 2-ci bəndinə əsasən dövlət torpaq sahələrini alqı-satqı zamanı əmsala, zonalara və normativ qiymətlə özəlləşdirilməsini təsdiq etmişdir. Özəlləşdirilən torpaq sahələri iki hissəyə bölünür: 1) Tikinti altında olan torpaq sahəsi; 2) Sərbəst torpaq sahəsi. AR Nazirlər Kabineti 05 oktyabr 2016-cı il tarixli 377 saylı qərarı ilə 93 saylı qərara dəyişiliklər etmişdir. Bu qərarda dəyişiklik ancaq sərbəst torpaq sahələrinə şamil olunmuşdur. Tikinti altında olan torpaq sahələrinin dəyər qiymətini bazar qiyməti ilə təyin etmək mümkün deyildir və tikinti altında olan torpaq sahəsi satılmır. Tikinti altında olan torpaq inşa edilmiş əmlak ilə bir yerdə satılır. Bu səbəbdər NK-nın 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə tikinti altında olan torpaq sahəsi əmsal, zona və normativ qiymətlə özəlləşdirilməlidir. Cavabdeh məhkəmə qərarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırmış və 16 aydan çoxdur ki, məhkəmə qərarnının icrasından yayınır. Qeyd edir ki, məhkəmə qərardadında qeyd edilən cərimənin miqdarı olduqca azdır. Hesab edir ki, iki ilə yaxın məhkəmə qərarlarının icrasından imtina olunduğundan cərimənin miqdarı ən azı 30000 min manat olmalı idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi cavabdeh orqanı 500 manat məbləğində cərimə etmiş və qərardadını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 97/2021 nömrəli 16 may 2021-ci il tarixli qərarı 06 dekabr 2021-ci il tarixində icra olunması üçün cavabdehə göndərilmiş, müvafiq qərar cavabdehə çatdırılmasına baxmayaraq, onun icrası barədə hər hansı əsaslı məlumat və yaxud sübut məhkəməyə daxil olmamışdır. Həmçinin, məhkəmə tərəfindən cərimənin tətbiq olunması barədə cavabdehə dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh qərarın icrasını təmin etməmişdir. İddia tələbinə məhkəmələrdə baxılan ərəfədə cavabdeh məhkəmədə iştirak etmiş və məhkəmələrin qərarlarını Ali Məhkəmədə mübahisələndirmişdir. Lakin, cavabdehin etirazında göstərdiyi arqumentlər öz təsdiqini tapmamışdır. Hesab edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməsindən boyun qaçırmaq məqsədi ilə cavabdeh müxtəlif bəhanələr edərək məhkəmə qərarını icra etməkdən yayınır. Nəzərə alınmalıdır ki, cavabdehin Sumqayıt Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbinin hazırkı mübahisə ilə əlaqəsi yoxdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli qərarı ilə cavabdehin üzərinə torpaq sahəsinin normativ qiymətlərə uyğun olaraq məhz iddiaçının adına özəlləşdirilməsi nəzərdə tutulmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsində hər hansı tikilinin inşa edilməsi məhkəmə qərarının icra edilməsi üçün maneə ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəmə si proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində AR Nazirlər Kabinetinin 27 aprel 1998ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” yə 05 oktyabr 2016-cı il tarixli qərarla 6-1 bənd əlavə edildiyi və həmin yeni müddəaya əsasən belə torpaq sahələrinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq müəyyən edildiyi, bu səbəbdən, torpaq sahəsinin iddiaçıya bazar qiymətinə uyğun satıla biləcəyini, iddiaçının isə bununla razılaşmadığından, məhkəmənin qərarının icrasını təmin etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş üzrə iddia tələbinə mahiyyəti üzrə məhkəmədə baxılan ərəfədə də, cavabdeh tərəfindən eyni dəlillər irəli sürülmüş, apellyasiya instansiya məhkəməsi qeyd edilən dəlilləri əsassız sayaraq, torpaq sahəsinin bazar qiyməti ilə deyil, normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi olduğundan və məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələndiyindən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarının icrasını təmin etmədiyi üçün onun cərimə olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 89, 90, 94 və 120.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(118)-89/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-755/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-755/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver