Məhkəmə qərarları › İş №2-1(105)-755/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-755/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-755/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(118)-2389/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə Rayon Xalq Maarif orqanları işçiləri, “Maarif” şirkətinin üzvü, 147 nömrəli orta texniki peşə məktəbinin işçisi İddiaçı Novxanı sovxozu ərazisindən 500 m2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Novxanı kəndində yerləşən 500 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-S-0151-8/2022 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərar ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə olunmadığı aşkar edilmiş, bu baxımdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinadla müraciətin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə ona Novxanı sovxozu ərazisindən ayrılmış 30 saylı, 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2021-ci zarixədək olan müddət ərzində “Aqrarsənayə" kompleksinin nəzdində fəaliyyət göstərən (əvvəllər 147 saylı Maarif pəşə məktəbində) ştaplayıcı, sonradan istəhsalat təlimi ustası vəzifəsində çalışmışdır. Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə “Aqrarsənaye” kompleksinin nəzdində fəaliyyət göstərən “Maarif” şirkətinin üzvü olaraq ona 0,05 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan da bağ sahəsində ailə üzvləri ilə birlikdə istifadə edir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh onun müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, XDS-nin qərarı ona 0,05 ha bağ sahəsi torpaq sahəsi ayrılarkən plan sxeminin və ya ayrıc aktı tərtib edilməmişdir. Həmçinin, torpaq sahəsinə dair plan sxeminin və ya ayrıc aktının təqdim edilməsinə dair müraciətinə cavab olaraq Abşəron rayon icra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir Novxanı Bələdiyyəsinin bağın yerquruluşu planından çıxarış ona təqdim edilmiş, sözügedən qərar əsasında tərtib edilmiş ayrıc sənədin təqdim edilməsi imkan xaricindədir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının Abşeron rayonu, Novxanı kəndində yerləşən 30 saylı, 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərar ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş 07 sentyabr 2022-ci il tarixli, F-1101 nömrəli arxiv arayışı ilə Abşeron rayon Novxanı XDS İcraiyyə Komitəsinin sözügedən qərarı arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, sözügedən qərarda torpaq sahəsinin Rayon Xalq Maarif orqanları işçiləri, “Maarif” şirkətinin üzvləri və 147 nömrəli orta texniki peşə məktəbinin işçisi üçün ayrıldığı göstərilsə də, arxiv arayışında “Aqrarsənaye” kompleksi işçiləri üçün ayrıldığı qeyd edilmişdir. Bu səbəbdən də iddiaçının müraciəti müsbət həll edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(118)-2389/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın 1.4-cü bəndinə əsasən səlahiyyətli orqanın - Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə ayrılmışdır. Torpaq sahəsinə dair yerquruluşu işlərinin aparılması cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, X8 rayon filialı tərəfindən verilmiş T-524 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçıya ayrılmış bağ sahəsi ilə bağlı əvvəlki arayışda texniki yanlışlığa yol verilmiş və 147 saylı orta texniki pəşə məktəbinin işçilərinin X3 Rayon Komitəsindən bağçılıq və bostançılıq üçün torpaq sahəsi tələb edənlərin siyahısı tərtib edilmiş, həmin siyahıda iddiaçının adı 388-ci sırada qeyd olunmuşdur. Belə olduğu halda cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının istifadəsində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 500 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsinin iddiaçıya hüquqmüəyyənedici sənəd olan Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988ci il tarixli, 150.6 nömrəli qərarı ilə ayrılması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırda iddiaçı tələbinin əsası kimi Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarına istinad edərək həmin qərarla ona 500 m2 torpaq sahəsinin ayrıldığını iddia edir. İddiaçıya məxsus 02 mart 1973-cü il tarixli əmək kitabçasının qeydlərinə əsas o, 1976-2021-ci illərdə Azərbaycan SSRİ X7 Komitəsində işləmişdir. İşdən görünür ki, Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə Rayon Xalq Maarif orqanları işçiləri, “Maarif” şirkətinin üzvü, 147 nömrəli orta texniki peşə məktəbinin işçisi İddiaçı Novxanı sovxozu ərazisindən 500 m2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmçinin, 147 nömrəli orta texniki peşə məktəbi bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi iddiaçının adına 03 sentyabr 1988-ci il tarixli üzvlük kitabçası tərtib edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya 147 nömrəli orta texniki peşə məktəbinin işçisi kimi X6 İcraiyyə Komitəsinin qərarı ilə 0,05 ha torpaq sahəsi ayrılmış və onun adına üzvlük kitabçası verilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək – 1988-ci ildə əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; İstinad olunan normadan göründüyü kimi rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən belə evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ siyahının 1.4-cü bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarına əsaslanır. Bu baxımdan, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon X6 İcraiyyə Komitəsinin həmin qərarı iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlilləri isə iki hissədən ibarətdir: 1) Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmaması; 2) Abşeron rayon X6 İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə 07 sentyabr 2022-ci il tarixli, F-1101 nömrəli arxiv arayışı arasında uyğunsuzluq olması. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, 03 sentyabr 1988-ci il tarixdə iddiaçıya ayrılmış 500 m2 torpaq sahəsinə dair Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təsbit edilmişdir. Bu isə torpaq sahəsinin ayrıc aktına bərabər sayılır. Qeyd olunanlara əsasən, kollegiya cavabdehin 1-ci dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh dəlillərində XDS İcraiyyə Komitəsinin qərarında torpaq sahəsinin Rayon Xalq Maarif orqanları işçiləri, “Maarif” şirkətinin üzvləri və 147 nömrəli orta texniki peşə məktəbinin işçisi üçün ayrıldığı göstərilsə də, 07 sentyabr 2022-ci il tarixli, F-1101 nömrəli arxiv arayışında “Aqrarsənaye” kompleksi işçiləri üçün ayrıldığının qeyd edildiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin dəlilinin əsası kimi istinad etdiyi arxiv arayışı iş materiallarında aşkar edilməmişdir, eləcə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə işdə olan Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, F1374 nömrəli arxiv arayışından görünür ki, Abşeron rayon XDS İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli, 150/6 nömrəli qərarı ilə Abşeron rayonu bağçılıq-yoldaşlıq birlikləri (şirkətləri) yaradılmış, Nizamnamələri qeydə alınmış və birliyə daxil olan hər bir üzvə (ailəyə) torpaq sahəsi verilmişdir. 147 nömrəli “Maarif” Texniki peşə məktəbi işçilərinin X3 Rayon Komitəsindən bağçılıq və bostançılıq üçün torpaq sahəsi tələb edənlərin siyahısı tərtib edilmişdir. Həmin siyahıda İddiaçı da adı vardır (sıra nömrəsi 388). Eləcə də işdə olan Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarında da Maarif” şirkətinin üzvü, 147 nömrəli orta texniki peşə məktəbinin işçisi kimi iddiaçıya torpaq sahəsi ayrıldığı göstərilmişdir. Göründüyü kimi Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarı ilə Maarif” şirkətinin üzvü, 147 nömrəli orta texniki peşə məktəbinin işçisi kimi iddiaçıya torpaq sahəsi ayrılmışdır. Hətta cavabdehin qeyd etdiyi kimi Dövlət Arxivi tərəfindən verilmiş 07 sentyabr 2022ci il tarixli arxiv arayışında torpaq sahəsinin “Aqrarsənaye” kompleksi işçiləri üçün ayrıldığı göstərildiyi qəbul edilsə də, bundan sonra verilmiş 11 noyabr 2022-ci il tarixli arxiv arayışında qeyd edilən uyğunsuzluq aradan qaldırılaraq torpaq sahəsinin XDS İK-nin qərarında göstərildiyi kimi Maarif” şirkətinin üzvləri üçün ayrıldığı qeyd edilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin sözügedən dəlili əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(118)-2389/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar