Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-755/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri götürülmüş sayılması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı MMC-nin direktoru Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı X3 əlillik dərəcəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2151/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3 əlillik dərəcəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2151/2024 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə hazırlıq hərəkətlərinin edilməsi üçün məhkəmə iclası dəfələrlə təyin edilməsinə və iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Halbuki, iddiaçıya məhkəmə bildirişi göndərilərkən məhkəmə iclasına üzürlü səbəb olmadan gəlməməyin nəticələri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mahiyyəti ayrıca izah edilmişdir. Məhkəmə iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığını nəzərə alaraq hesab edir ki, o, inzibati məhkəmə icraatında maraqlı deyildir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edəsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-2151/2024 saylı inzibati iş üzrə ona rəsmi qaydada bildiriş gəlmədiyinə görə həmin məhkəmə prosessindən məlumatı olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı MMC-nin direktoru Nümayəndə2 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan məhkəmə bildirişlərindən görünür ki, məhkəmə hazırlıq iclasının və məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya məhkəmə bildirişləri göndərilsə də, həmin bildirişlər "ünvan tam deyil" qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 28 mart 2024-cü il tarixli məktub ünvanlanmış, məhkəmə iclasında iştirakının təmin edilməsi, iddia tələbinin əsasını təşkil edən halları bildirməsi və bu barədə müvafiq sübutları məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Qeyd edilən məktub sifarişli poçt məktubu vasitəsilə iddiaçıya göndərilmiş, “ünvan tam deyil” əsası ilə həmin poçt zərfinin iddiaçıya çatdırılması mümkün olmadığından, məhkəməyə geri qaytarılmışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının adına elektron kabinet mövcud olsa da, həmin məktub elekton kabinetə yerləşdirilməmişdir. Nəticə etibarilə, iddiaçının qeyd edilən məktub barədə məlumatı olmamışdır. Belə olan halda, iddiaçıya münasibətdə İPM-in 55.3-cü maddəsinin dispozitiv şərləri mövcud olmamışdır. Belə ki, qeyd olunan normanın dispoztiv şərtlərinə əsasən iddianın geri götürürlmüş sayılması üçün məhkəmənin məhkəmə iclasında iştirakı barədə tələbi olmalı, iddiaçı həmin tələb barədə məlumatı olmalı, buna baxmayaraq qeyd edilən müddətdə məhkəmə icraatında iştirak etməməlidir. Başqa sözlə desək, qeyd edilən normanın mahiyyəti iddiaçının icraatın davam etdirilməsinə marağının olmasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlir. İndiki halda isə məhkəmənin bu barədə tələbi olsa da, həmin tələb barədə iddiaçıya lazimi qaydada məlumat verilməmiş, nəticə etibarilə iddiaçının məhkəmənin onun barəsində belə bir tələbinin olması barədə məlumatı olmamışdır. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbinə dair məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmaması, bu hal özlüyündə onun hazırki iş üzrə məhkəmə icraatından yayınması halını istisna edir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 55.3-cü maddəsinə istinad etməklə, iddianın geri götürülmüş sayılması barədə gəldiyi qənaəti prosessual qanunvericiliyin norma və tələblərinə uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin norma və tələbləri pozulmuş, bununla da iş üzrə gəldiyi nəticə qanunazidd olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2151/2024 nömrəli qərardadı nömrəli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı X3 əlillik dərəcəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-755/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-755/2024
30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver