Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-757/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı rayonu Bağırlı bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayonu Bağırlı bələdiyyəsinə qarşı Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X2 barədə 03 oktyabr 2006-cı il tarixli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2711/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Şamaxı rayonu Bağırlı bələdiyyəsinə qarşı iddia qaldıraraq Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X2 barədə 03 oktyabr 2006-cı il tarixli qərarının ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon İHB-nın 25 iyul 1997 tarixli 184 saylı sərəncamı ilə ona 0,15 ha torpaq sahəsi verilmişdir. Həmin tarixdən torpaq sahəsi istifadəsində və sahibliyindədir. Bununla belə Şamaxı rayon Bağırlı bələdiyyəsi onun istifadəsində olan torpaq sahəsinin 0,06 ha hissəsini 03 oktyabr 2006-cı il tarixli qərarı ilə X3 və həmin tarixdə torpaqların alğı-satqısına dair akt tərtib olunmuşdur. Bağırlı bələdiyyəsi qanunsuz və əsassız olaraq istifadəsinə verilmiş torpaq sahəsini Almaz Sayılovaya satmışdır. Halbuki, bələdiyyənin həmin torpaq sahələri barədə sərəncam vermək səlahiyyəti olmamışdır. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və ona izah edilmişdir ki, məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2711/2022 nömrəli qərardadı ilə (hakim Leyla Mirzəyeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür, yəni şəxsin inzibati aktdan məlumatı olması təqdim etmə hesab oluna bilməz. Belə ki, qanunla təqdim etmə zəruri şərtləri inzibati orqan tərəfindən əməl olunmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, sözügedən mübahisə mülkiyyət hüququnun pozulmasıdır ki, bu da konstitusion hüququn pozulmasıdır və bu hüquqla bağlı müddətin tətbiqi isə qanunvericiliyin iyerarxiyasının pozulması deməkdir. Belə ki, faktiki olaraq tərəflərin bir torpaq sahəsinə dair iki sənəd və iki mülkiyyətçisi mövcuddur. Bu həmçinin qanunun və məhkəmənin mübahisəni həll etməməsi ilə nəticələnir ki, qanunun hüquq münasibətlərinin tənzimlənməsi funksiyasından məhrum etmiş olur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Şamaxı rayonu Bağırlı bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. (...) 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İşdən görünür ki, İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X2 barədə xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-8/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı iddia edir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı ilə mağaza tikintisi üçün ayrılmış 0,15 ha torpaq sahəsinin 0.06 ha hissəsi Bağırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X1. Bu səbəbdən də iddiaçı həmin qərarın ləğv edilməsi tələbi ilə 20 dekabr 2017-ci il tarixdə Sumqayıt İnzibat-İqtisadi məhkəməsinə müraciət etmişdir. Lakin iddiaçı 27 noyabr 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində etiraf etmişdir ki, o mübahisə açdığı 03 oktyabr 2006-cı il tarixli qərardan 2016-cı il tarixdə Ali Məhkəmədə baxılarkən məlumatı olmuşdur. Bununla da, iddiaçı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini buraxmışdır. İddiaçı mübahisə açdığı qərardan 2016-cı il tarixdə məlumatlı olmuşdur, lakin o cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququnun yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X2 barədə xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, daha sonra vəsatət verərək, iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı isə müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamış, o cümlədən müddətin buraxılmasından 1 ildən artıq müddət keçmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərar iddiaçıya təqdim edilməsə də iddiaçı həmin qərardan xəbərdar olmuşdur və qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində qərarı mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2711/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-757/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-757/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver