Məhkəmə qərarları › İş №2-1(105)-758/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-758/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-758/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Quba regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə qarşı “soyadın və adın dəyişdirilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(118)-2775/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon qeydiyyat şöbəsinin 01 may 2014-cü il tarixli, ********* nömrəli “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydi” nə əsasən X1 və adı “Babayev Rahim”-dən “İddiaçı”-a dəyişdirilmişdir. İddiaçı 12 mart 2023-cü il tarixli ərizə ilə Quba regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət edərək soyadının və adının “İddiaçı” -dan “Babayev Rahim” ə dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh 15 mart 2023-cü il tarixli, 3-16-5/7-xx-xx/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın vərilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-cı bəndlərində müəyyən edilmiş hallarda yol verilir. Soyad və adının “Babayev Rahim” -dən “İddiaçı”-a dəyişdirilməsi barədə Quba rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə, 12 saylı akt qeydi tərtib edilməklə qeydə alındığı üçün soyad və adının əvvəlki soyad və adına növbəti dəfə dəyişdirilməsi barədə müraciətinin təmin edilməsi mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının soyadının Məhərrəmovdan dəyişdirilərək Babayev kimi, adının Vüsaldan dəyişdirilərək Rahim kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 6 mart 1976-cı il tarixində Quba rayonu, Qımılqazma kəndində doğulmuşdur. Həmin vaxt doğum haqqında şəhadətnaməsində və bununla əlaqədar bütün sənədlərdə soyadı “Babayev”, adı isə “Rahim” kimi qeyd edilmişdir. 01 may 2014-cü il tarixində soyadını Babayevdən Məhərrəmova, adını isə Rahimdən Vüsala dəyişdirmişdir. Bu barədə doğum haqqında şəhadətnamə və həmin şəhadətnaməyə uyğun olaraq şəxsiyyət vəsiqəsi almışdır. Belə ki, Məhərrəmov soyadı iddiaçının həyat yoldaşının soyadı, Vüsal adı isə el arasında tanındığı addır. İddiaçı soyadını və adını dəyişdirdikdən sonra bu dəyişikliklərin nəticələrini nəzərə almamışdır. Belə ki, hal-hazırda onun hərbi biletində, təhsil haqqında attestatında, uşaqlarının doğum haqqında şəhadətnamələrində, nikah haqqında şəhadətnaməsində şəxsiyyəti X3 qalmışdır. Bu hal da onun qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Ona görə də bu uyğunsuzluqları aradan qaldırmaq qərarına gəlmiş və soyadının və adının “İddiaçı” -dan “Babayev Rahim” -ə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın vərilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-cı bəndlərində müəyyən edilmiş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərində göstərilir ki, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. İddiaçı digər sənədlərində (hərbi biletində təhsil sənədində, yetkinlik yaşına çatmayan övladlarının doğum haqqında şəhadətnamələrində və s.) əvvəlki ad, soyadı, yəni X7 qeyd edildiyindən həmin ziddiyyətlərin onun hüquqlarını həyata keçirməsinə mane olduğunu qeyd edərək iddiasını əsaslandırmışdır. Bununla əlaqədar bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.4-cü maddəsinin ikinci cümləsinə əsasən fiziki şəxsin adının dəyişdirilməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. O cümlədən, Qaydaların 6.19-cu bəndinə əsasən ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Göstərilən bəndin tələbinə əsasən verilmiş həmin şəhadətnamədə vətəndaşın əvvəlki və sonradan dəyişdirilən yeni soyadı və adı göstərildiyi üçün onun digər sənədlərində hər hansı ziddiyyət yaranmasına və iddiada qeyd etdiyi huquqların pozulmasına səbəb ola bilməz. İddiaçının soyad və adı Quba rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə,12 nömrəli akt qeydi tərtib edilməklə “Babayev Rahim” dən “İddiaçı" a dəyişdirildiyi üçün onun adının və soyadının növbəti dəfə dəyişdirilməsi qeyd olunan Qaydaların 6.3-cü bəndinə əsasən mümkünsüzdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(118)-2775/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın vərilməsi və dəyişdirilməsi Qaydaları” nda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının adının və soyadının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına istinad etsə də, həmin normalara zidd qərar qəbul edərək tələbini rədd etmişdir. Hesab edir ki, işə baxan məhkəmə müstəsna hal kimi onun ailə vəziyyətini və digər halları nəzərə alıb iddiasını təmin edə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 32. Şəxsi toxunulmazlıq hüququ. 32.2. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. (-) Ailə Məcəlləsi: Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları:

1. Ümumi müddəalar (-) 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. (-) 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. (-) 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. (-) 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının soyadının və adının “İddiaçı” dan “Babayev Rahim” -ə dəyişdirilməsindən imtinası təşkil edir. Məhkəmə tərkibi qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi (o cümlədən növbəti dəfə) hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsinin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə tərkibi qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi zamanı nəzərə alınmalıdır ki, Mülki Məcəllə soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçiriləcəyi müəyyən edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarını nəzərdə tutur. Sözügedən Qaydalar isə soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər nəzərdə tutur. Başqa sözlə, soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Birinci instansiya məhkəməsi də hazırkı işdə məhz sözügedən Qaydaların 6.24-6.28ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilmədiyinə istinadla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Beləliklə, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanundan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olubolmadığının müəyyənləşdirilməsidir. Bununla bağlı olaraq məhkəmə tərkibi Avropa Məhkəməsinin yerləşmiş presedent hüququnu bir daha xatırladır ki, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu mənada, məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın ikinci dəfə dəyişdirilməsinə gətirilən məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim marağını təmin etməyə xidmət edir. Məhkəmə tərkibi hesab edir ki, sözügedən məhdudiyyət, həmçinin, “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. Lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyad daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləyişi baxımından problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında Qaydalarda ad və soyadın ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolveriləndir. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirilmə aparılan zaman iddiaçının ad və soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı belə səbəblər kimi o hala istinad edir ki, hamı onu əvvəlki ad və soyadı ilə tanıyır, eləcə də adının və soyadının dəyişdirilməsi onun sənədləşmə işlərində müəyyən problemlərlə qarşılaşmağına səbəb olur. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının göstərdikləri kifayət qədər ağlabatan, tutarlı və inandırıcı səbəblər kimi qəbul edilə bilməz. Belə ki, ona məxsus olan rəsmi sənədlərdə əvvəlki ad və soyadının göstərilməsi onun üçün problemlər yarada bilməz. Çünki iddiaçı ad və soyadının dəyişdiyini təsdiq edən sənədi təqdim etməklə hüquq və vəzifələri ilə bağlı məsələləri asanlıqla həyata keçirə bilər. Bundan başqa, iddiaçı məhkəməyə bu qəbildən olan konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir. Ona görə də, iddiaçının real problemlərlə qarşılaşdığı qənaətinə gəlmək üçün də yetərli əsaslar yoxdur. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(118)-2775/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar