Məhkəmə qərarları › İş №2-1(105)-758/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-758/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-758/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli “diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.1996-cı il tarixdə təyin edilmiş müddətsiz əlilliyin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(118)-1491/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt 3 №li şəhər xəstəxanasının 06 oktyabr 2016-cı il tarixli 478 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt 3№-li şəhər xəstəxanasının poliklinika şöbəsində psixiatrik dispanser müşahidəsindədir. Diaqnozu : Naməlum səbəbli oliqofreniyanın kəskin debillik dərəcəsi, psixopatabənzər davranışla, İl dərəcəli əlildir. Əlillik altsistemindən çıxarışa görə “doğuş travmasından sonra əmələ gələn oliqofreniya təzahür edən debillik dərəcəsində və psixopatabənzər davranışla diaqnozu” ilə iddiaçıya əlillik təyin edilməsindən diaqnozun təsdiqini tapmaması əsası ilə imtina edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qərara əsasən xx.xx.1996-cı il tarixdən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.1996-cı il tarixdə qiymətləndirilmiş və ona “Doğuş travmasından sonra əmələ gələn oliqofreniya, təzahür edən debillik dərəcəsində, Psixopatabənzər davranışla” diaqnozu ilə ümumi xəstəlik səbəbindən (anadangəlmə) müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş sonuncusu 3-17-4/2-Q-5029/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixinə olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 3 №li xəstəxanasının 27 noyabr 2024cü il tarixli 249 saylı, 05 may 2025-ci il tarixli 106 saylı arayışlarından görünür ki, İddiaçı psixiatrik dispanser müşahidəsindədir, hər ay imtiyazlı dərman alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “müddətsiz əliliklə bağlı məlumatın əlillik altsistemində bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli “diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.1996-cı il tarixdə təyin edilmiş müddətsiz əlilliyin əlillik altsistemində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür, ona doğuş travmasından sonra əmələ gələn oliqofreniya təzahür edən debillik dərəcəsində və psixopatabənzər davranışla diaqnozu əsasında 1988-ci ildən 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və 1996-cı ildən isə müddətsiz əlillik təyin edilmişdir. Lakin ona hər hansı bir çağırış göndərilmədən, müayinə olunmadan və müddətsiz əlilliyi qüvvədə olduğu halda cavabdeh orqan müddətsiz əlilliyin ləğvi barədə qərar qəbul etmiş və 2024-cü ilin may ayından 2-ci dərəcəli əlil kimi aldığı pensiyanın verilməsi dayandırılmışdır. Bunun səbəbi ilə maraqlandıqda və cavabdeh orqana etdiyi müraciət əsasında ona xx.xx.2024-cü il tarixli cavab məktubu verildikdə bu qanunsuzluqdan xəbər tutmuşdur. Cavabdehin bu hərəkəti tam qanunsuz və əsassızdır, Belə ki, ona müddətsiz əlillik 1996-cı ildən təyin edilmiş və 30 ilə yaxındır ki, müddətsiz əlil kimi heç bir məhdudiyyət olmadan əlilliyi ilə bağlı pensiyanı almış, qeydiyyatda olduğu Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olmaqla mütamadi müalicələrini almış və bu gün də müalicələri davam edir. O, həmin müalicələrlə yaşayır. Lakin cavabdeh öz səlahiyyətlərindən sui-istifadə edərək onu komissiyaya müayinəyə çağırmadan, barəsində forma 88 göndərişi olmadan bu addımı atmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. İddiaçı Elbrus oğlunun əllik vəziyyəti barədə Sumqayıt şəhərində yaşayan vətəndaş X8 tərəfindən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktub əsasında inzibati icraat başlanılmışdır. İddiaçı Elbrus oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.1996-cı il tarixində qiymətləndirilmiş və ona “Doğuş travmasından sonra əmələ gələn oliqofreniya, təzahür edən debillik dərəcəsində. Psixopatabənzər davranışla" diaqnozu ilə ümumi xəstəlik səbəbindən (anadangəlmə) müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş sonuncusu 3-17-4/2-Q-5029/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixinə olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.1996-cı il tarixindən "diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılın Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(118)-1491/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2024-cü il tarixli “diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.1996-cı il tarixdə təyin edilmiş müddətsiz əlilliyin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən əvvəlki qərarın qanuniliyini şübhə altına alan hallar mövcud olmasa belə iddiaçı barədə hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Beləliklə, xx.xx.2024-cü il tarixli “diaqnozun təsdiqini tapmaması” barədə qərar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etmədən qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçının əyani müayinəyə cəlb edilməsi ilə bağlı qərardad qəbul edilsə də, iddiaçı müayinədə iştirak etməmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən Sumqayıt Tibb Mərkəzi PHŞ Sumqayıt şəhər 3 nömrəli xəstəxananın 249№li xx.xx.2024-cü il tarixli və 106№li xx.xx.2025-ci il tarixli arayışları və ödənişsiz reseptin surəti təqdim edilmişdir. Qeyd edilən arayışlarda iddiaçının xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatında olmaqla hər ay imtiyazlı dərman alması qeyd edilmiş, diaqnoz: “doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən debillik dərəcəsi, psixopatabənzər davranışla” qeyd edilmişdir. Beləliklə, iddiaçıda qeyd edilən diaqnozun mövcudluğu ilə bağlı hər-hansı şübhə məqamı qalmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazıları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq xüsusi bilik tələb edən sahədə müvafiq tibbi ekspertiza və ya vətəndaşın inzibati orqan tərəfindən əyani yoxlanılması üçün aralıq qərardad qəbul etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf öz mülahizəsinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ...... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ..... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdehin xx.xx.2024-cü il tarixli “diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.1996-cı il tarixdə təyin edilmiş müddətsiz əlilliyin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Elbrus oğlunun əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.1996-cı il tarixdə qiymətləndirilmiş və ona “Doğuş travmasından sonra əmələ gələn oliqofreniya, təzahür edən debillik dərəcəsində. Psixopatabənzər davranışla" diaqnozu ilə ümumi xəstəlik səbəbindən (anadangəlmə) müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya bildiriş ünvanlayaraq, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2024-cü il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda onun iştirakı olmadan müvafiq inzibati akt qəbul ediləcəyi bildirilmişdir. İddiaçı həmin tarixdə əyani müayinədə iştirak etməmişdir. Daha sonra cavabdeh təkrar bildiriş ünvanlamış, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2024-cü il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin iştirakı olmadan müvafiq inzibati akt qəbul ediləcəyi bildirilmişdir. İddiaçı həmin tarixdə əyani müayinədə iştirak etməmişdir. Cavabdeh iddiaçının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə əyani müayinəyə gəlməməsinə halına istinad edərək, iddiaçı barəsində xx.xx.1996-cı il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğvinə dair qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “diaqnozun təsdiqini tapmaması” əsası ilə xx.xx.2024-cü il tarixli qərarı əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçını əyani müayinəyə çağrılmaqla bağlı bildirişlər və xəbərnamələr iş materiallarına əlavə edilsə də, təqdim edilmiş zərflərin surətindən görünür ki, “ünvan tam deyil” əsası ilə bildirişlər çatdırılmamışdır. Həmçinin yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul etməli idi. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın (hansı ki inzibati icraatın təzələnməsinə əsas olmuşdur) nədən ibarət olmasıdır. Cavabdeh inzibati orqan bununla bağlı “əsaslı şübhə” qismində müxtəlif risk qrupları üzrə araşdırma aparılması hallarına istinad etməklə və şəxsiytyəti müəyyən edilməyən İsmayılova Əfsanə adlı şəxs tərəfindən ünvanlanan ərizəni əsas götürməklə qərar qəbul etdiyini bildirmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, həmin qərarın mötəbərliyinin şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, inzibati icraatı təzələmədən və iddiaçı əyani müayinə olunmadan onun barəsində “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul etməklə və nəticə olaraq əlilliyi ləğv etməklə bağlı qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdehin istinad etdiyi hal ümumi söz şəklində ifadə edildiyindən, formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan halın “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan “müxtəlif risk qrupuna daxil olması” ümumi söz şəklində istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Cavabdeh inzibati orqanın vətəndaş X8 tərəfindən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktub əsasında inzibati icraat başlamasına münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxsin kimliyi cavabdeh inzibati orqan tərəfindən araşdırılmadan və məktubda qeyd edilən hallarla bağlı müvafiq təsdiqedici sənəd və sübutlar tələb edilmədən yalnız şəxsiyyəti təsdiq edilməmiş şəxs tərəfindən verilmiş məktub “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut” kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının iclasında qeyd edilən məsələyə münasibətdə cavabdehin nümayəndəsi X1 barədə heç bir məlumatlarının olmadığını, bununla bağlı inzibati orqan tərəfindən hər hansı araşdırma aparılmadığını təsdiq etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili də iddiaçının X6 tanımadığı və hansı əsasla belə məlumat verməsindən xəbərdar olmadığı bildirilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş Sumqayıt Tibb Mərkəzi PHŞ Sumqayıt şəhər 3 nömrəli xəstəxananın 249№li xx.xx.2024-cü il tarixli və 106 №li xx.xx.2025-ci il tarixli arayışları və ödənişsiz reseptin surəti təqdim edilmişdir. Qeyd edilən arayışlarda iddiaçının xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatında olmaqla hər ay imtiyazlı dərman alması qeyd edilmiş, diaqnoz: “doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən debillik dərəcəsi, psixopatabənzər davranışla” qeyd edilmişdir. Bu hal özlüyündə cavabdeh inzibati orqanın “diaqnozun təsdiqini tapmaması” barədə qəbul etdiyi qərarın qanunazidd olduğunu deməyə əsas verir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir.bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(118)-1491/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar