Məhkəmə qərarları › İş №2-1(105)-759/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-759/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-759/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması, reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(118)-2365/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçıya Sumqayıt-Bakı avtomobil yolunun sağında ayrılmış 1,389 ha olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə Sumqayıt-Bakı avtomobil yolunun sağında, mövqe sxemi əsasında sahəsi 1,64 ha olan torpaq sahəsi istehsal və satışla məşğul olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçının icarəsinə ayrılmışdır. Həmin bələdiyyə qərarı qəbul edildikdən sonra iddiaçı ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsi arasında mütəmadi olaraq müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Qeyd edilən tarixdən bugünədək iddiaçı tərəfindən torpaq sahəsindən istifadə olunur, müntəzəm olaraq torpaq icarə haqqı məbləği Sumqayıt Bələdiyyəsinə ödənilir. Həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və yüklülüyün müddəti 31 dekabr 2021-ci il tarixədək olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” da verilmişdir. İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair sonuncu icarə müqaviləsi 11 sentyabr 2023-cü il tarixdə bağlanılmış və icarə müqaviləsinin qüvvədə olma müddəti 5 yanvar 2072-ci il tarixədək müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət olunaraq, hüququn dövlət qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş 31 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-3763/2023 saylı cavab məktubunda torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, iddiaçının torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə yalnız 1 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərrac, yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli,117 saylı iclasının qərarı ilə iddiaçının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində onun yaranmış icarə hüququnun müddətinin uzadılmasına həmin tarixdən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda iddiaçı hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün, cavab məktubunda bildirdikləri əsassızdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə, qüvvədə olan qanunvericiliyin tələbinə görə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Hazırkı iddia tələbi üzrə cavabdeh tutduğu mövqe onun tərəfindən "İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın hərəkəti qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Torpağa dair müvafiq hüquq müəyyənedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, sonuncu əsassız olaraq iddiaçının icarə hüququnu dövlət qeydiyyatından keçirməmişdir. Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında 2023-cü ildə bağlanılmış torpaq icarə müqaviləsi tərəflər arasında daha öncə bağlanılmış icarə müqavilələrinin davamı olaraq bələdiyyə ilə torpağın icarəçisi olan iddiaçı arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Yəni, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun İX bəndində istinad olunan qanun norması da onu özündə ehtiva edir kı, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqla dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2365/2024 saylı qərardadı ilə Sumqayıt Bələdiyyəsi (bundan sonra - “üçüncü şəxs”) hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatda qeyd olunmuşdur ki, Bələdiyyənin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə Sumqayıt-Bakı avtomobil yolunun sağında sahəsi 1,64 ha olan torpaq sahəsi istehsal və satış olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçının icarəsinə ayrılmışdır. Həmin qərar əsasında iddiaçı ilə torpağın mülkiyyətçisi üçüncü şəxs arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Torpağın ayrıldığı vaxtdan bugünədək torpaq sahəsindən iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunaraq icarə müqaviləsində nəzərdə tutulmuş torpaq icarə haqqı üçüncü şəxsə ödənilir. İş materiallarında olan sənədlərdən görünür ki, ayrılmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daha öncə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və iddiaçının adına qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. 2004-cü ildən yaranmış icarə münasibətlərinin davamı olaraq iddiaçı ilə üçüncü şəxs arasında sözügedən torpaq sahəsinə dair 11 sentyabr 2023-cü il tarixdə növbəti torpaq icarə müqaviləsi bağlanılmış və icarənin müddəti 5 yanvar 2072-ci il tarixədək uzadılmışdır. İddiaçının torpaq üzərində icarə hüququnun qeydiyyatı ilə bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslı deyildir. Belə ki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və üçüncü şəxsin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə iddiaçının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində iddiaçının artıq yaranmış icarə hüququnun müddətinin uzadılmasına həmin tarixdən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş normalar tətbiq edilə bilməz. Çünki, 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun 9-cu bəndində birbaşa qeyd olumuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Bu səbəbdən, iddiaçının cavabdehdən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ qanuni olduğu kimi, cavabdehin həmin hüquqdan imtina etməsi qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” məlumatdan və İddiaçı MMC-nin 24 dekabr 2012-ci il tarixli, ********** nömrəli nizamnaməsindən görünür ki, İddiaçı MMC-nin hüquqi ünvanı olaraq Sumqayıt şəhəri, ünvan 1azdoldurma stansiyası qeyd olunmuşdur. 26 may 2004-cü il tarixli, 117 nömrəli protokol ilə qeyd edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının qərarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 25 may 2004-cü il tarixli, 16 saylı protokoluna əsaslanaraq, İddiaçı MMC-yə istehsal və satış məqsədilə Sumqayıt-Bakı yolunun sağında, mövqe sxemi əsasında 1,64 ha torpaq sahəsi ayrılmışdır. 11 yanvar 2007-ci il tarixli, 48 nömrəli “Torpaq icarəsi” müqaviləsindən görünür ki, icarədar Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsi 1 yanvar 2007-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək Sumqayıt-Bakı yolunun sağ ərazisində yerləşən ümumi sahəsi 1.640 kv.m olan torpaq sahəsini icarəçi "xxxx" MMC-yə icarəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 yanvar 2012-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhərin ə/d, Bakı- Quba yolunun sağında 1,389 ha torpaq sahəsi icarə yüklülüyü ilə 11 yanvar 2007-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək Sumqayıt Şəhər Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 nömrəli və 11 yanvar 2007-ci il tarixli, 48 nömrəli icarə müqaviləsi əsasında Sumqayıt Şəhər Bələdiyyəsi hüququ yüklü edilmiş, İddiaçı MMC isə xeyrinə hüquq yüklü edilmiş kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin 19 yanvar 2012-ci il tarixli, **********32 reyestr nömrəli “Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış”dan görünür ki, Sumqayıt ə/d, Bakı-Quba yolunun sağında yerləşən İddiaçı MMC-yə ayrılmış 1,3890 ha torpaq sahəsinin planı və ölçüsü (miqyas 1:2.000) göstərilmişdir. 11 sentyabr 2023-cü il tarixli, 95 nömrəli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi 26 may 2004-cü il tarixli, 117 saylı protokoluna əsasən, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29-cu km ərazisində yerləşən ümumi sahəsi 1,389 ha olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi İddiaçı MMC isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilə 5 yanvar 2023-cü il tarixdən 5 yanvar 2072-ci il tarixədək müddətə bağlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı MMC-yə gödərilmiş 31 oktyabr 2023-cü il tarixli, 3-21-3- 31/2-3763/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən qeyd edillir ki, MMC-nin müraciətinə dair sənədlərin araşdırılması zamanı 11 sentyabr 2023-cü il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə İddiaçı MMC arasında hərracdankənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən 1 dekabr 2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda, ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əlavə olaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul edir. Odur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məsələsinin qanunamüvafiq qaydada baxılması bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən 9 fevral 2024cü il tarixli, 3-48-DA-10F/2-25/1/2024 nömrəli məktubla Sumqayıt şəhər X4 26 may 2004cü il tarixli, 117 nömrəli protokolundan İddiaçı MMC-yə torpaq sahəsi ayrılması barədə arxiv sənədlərin surətləri qoşma ilə göndərilmişdir. Həmin sənədlər aşağıdakılardır: - Torpaq sahələri ayırma və kommunikasiya şöbəsinin 17 dekabr 1996-cı il tarixli, 23/A nömrəli “Akt”ından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 11 sentyabr 1996-cı il tarixli, 622 nömrəli Sərəncamına əsasən göndərilmiş cizgidə göstərilən 0,2 ha sahənin bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq, İddiaçı MMC-nin direktoruna təhvil verilmişdir; - İddiaçı MMC tərəfindən Sumqayıt Şəhər Bələdiyyəsinə göndərilmiş 3 may 2004-cü il tarixli ərizədən görünür ki, İddiaçı MMC-nin qanuni (uzun müddət) istifadəsində olan və əlavə abadlaşdırdığı torpaq sahələrinə birlikdə bələdiyyə orqanının qərarının verilməsi, Baş planda nəzərdə tutulmuş tikintilərin tikintisinin rəsmiləşdirilməsi üçün, Şəhərsalma və memarlıq idarəsi ilə razılaşdırılması məsələsinin həll edilməsi xahiş edilmişdir; - 26 may 2004-cü il tarixli, 117 nömrəli protokol ilə qeyd edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının Qərarı (§ 2); Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 12 mart 2024-cü il tarixli, 635 nömrəli məktubu ilə 11 sentyabr 2023-cü il tarixli, 95 saylı icarə müqaviləsinin (§ 6) təsdiq olunmuş surəti qoşma ilə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(118)-2365/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bələdiyyənin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə Sumqayıt-Bakı avtomobil yolunun sağında sahəsi 1,64 ha olan torpaq sahəsi istehsal və satış olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçının icarəsinə ayrılmışdır. Həmin qərar əsasında iddiaçı ilə torpağın mülkiyyətçisi üçüncü şəxs arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və iddiaçının adına qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. 2004-cü ildən yaranmış icarə münasibətlərinin davamı olaraq iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsinə dair 11 sentyabr 2023-cü il tarixdə növbəti torpaq icarə müqaviləsi bağlanılmış və icarənin müddəti 5 yanvar 2072-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, icarə hüquq münasibətləri davamlı xarakter daşımışdır. Hazırkı iş üzrə icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqindən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdehin “torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür” dəlili əsassızdır. Məhkəmə eyni zamanda qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində 11 sentyabr 2023-cü il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə İddiaçı MMC arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. Qanunvericiliklə Azərbaycan Respublikası hüquqi şəxslərinin icarəsinə verilmiş torpaq sahələrinə dair icarə müqavilələrinin müddətinin uzadılması birbaşa deyil, yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadılması öz əksini tapmışdır. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Şəhər Bələdiyyəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. İcarə hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hesab edirlər ki, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. ...

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709 nömrəli Azərbaycan Respublikasının Qanunu: İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-). Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası)

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt-Bakı avtomobil yolunun sağında ayrılmış 1,389 ha olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasına nail olmaqdan ibarətdir. İş üzrə cavabdehi omtinasının yeganə dəlili mübahisəli torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin 30 noyabr 2007-ci il tarixdən qüvvədən olan redaksiyasının tələblərinə zidd olaraq torpaq hərracı və ya müsabiqə keçirilmədən iddiaçının icarəsinə verilməsidir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, işdən görünür ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ 26 may 2004-cü il tarixdən yaranmış, bələdiyyənin qərarı ilə 1,64 ha torpaq sahəsi istehsal və satış məqsədilə icarəyə ayrılmış, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və iddiaçının adına qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək olan seriya MA, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. 2004-cü ildən yaranmış icarə münasibətlərinin davamı olaraq iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsinə dair 11 sentyabr 2023-cü il tarixdə növbəti torpaq icarə müqaviləsi bağlanılmış və icarənin müddəti 5 yanvar 2072-ci il tarixədək uzadılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin 2006cı il tarixdə qüvvədə olan redaksiyasında isə bələdiyyə torpaqları üzərində icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satılmasının mümkünlüyü müəyyən edilmişdir. İddiaçı ilə bələdiyyə arasında icarə münasibətləri artıq 2004-cü ildə yarandığından kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun sözügedən 9.1-ci maddəsi deyil, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709 nömrəli Qanunun 9-cu bəndi tətbiq edilməlidir. Həmin bəndə görə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Kollegiya hesab edir ki, iddiaçıya müvafiq torpaq sahəsi sözügedən xx.xx.2008-ci il tarixli, 709 nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası ilə bağlı icarə verildiyi üçün onunla bağlı bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət olmamışdır. Məhkəmə, həmçinin, qeyd edir ki, 1,64 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə qərar və 11 sentyabr 2023-cü il tarixli icarə müqaviləsi hazırda qüvvədə olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş, yaxud etibarsız hesab olunmamışdır. Cavabdehə isə qanunvericiliklə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 nömrəli qərarı iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının icarə hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(118)-2365/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar