Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-76/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işdən azad olmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 may 2004–cü il tarixli, 021 rt saylı Əmrinin ləğv edilməsi və polkovnik hərbi rütbəsinin bərpa edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-636/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-2005-ci illərdə AR Müdafiə Nazirliyində zabit qismində xidmət keçmişdir. AR Müdafiə Nazirinin 0151/rt №-li, 30.12.2003-cü il tarixli əmri ilə iddiaçıya “polkovnik” hərbi rütbəsi verilmişdir. AR Müdafiə Nazirinin 021/rt №-li, 20.05.2004-cü il tarixli əmri ilə intizam cəzası qaydasında “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq idiaçının “polkovnik” hərbi rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. AR Müdafiə Nazirinin 19.06.2005-ci il tarixli əmri ilə ehtiyata buraxılmış və hazırda AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində hərbi qeydiyyatdadır. Hərbi rütbənin bərpa olunması üçün iddiaçı 19.07.2019cu il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Bu ərizəyə cavab olaraq AR Müdafiə Nazirliyindən l/Q-9376 №-li, 08.07.2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, hərbi qulluqçunun hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar AR Səfərbərlik və HXÇ üzrə DX tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra Hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Bundan sonra iddiaçı AR Səfərbərlik və HXÇ üzrə DX-nə müraciət edərək “polkovnik” hərbi rütbəsinin bərpa olunması üçün müvafiq təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsini xahiş etmişdir. AR Səfərbərlik və HXÇ üzrə DX N/2954 №-li, 21.09.2020-ci il tarixli məktubla müvafiq təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsini bildirmişdir. Lakin AR Səfərbərlik və HXÇ üzrə DX N/3201 №-li, 13.10.2020-ci il tarixli məktubla müvafiq təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyində baxıldığını, lakin müsbət qərar qəbul edilmədiyini bildirmişdir. Hərbi rütbənin bərpa olunmamasının səbəbləri barədə məlumat verilməsi və təqdimat üzrə qəbul edilmiş qərarın surətini iddiaçının ünvanına göndərilməsi xahişi ilə o, 07.11.2020-ci il tarixdə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizə cavabsız və nəticəsiz qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-636/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hərbi rütbənin bərpa olunması məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məktubla müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə ona cavab məktubu yazaraq bildirmişdir ki, bununla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməli və müvafiq təqdimat onlara təqdim edilməlidir. O da bundan sonra Səfərbərlik Xidmətinə müraciət edərək onun hərbi rütbəsinin bərpa olunması ilə bağlı təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilməsini xahiş etmişdir. Səfərbərlik Xidməti onun müraciətinə əsasən ona məktubla cavab göndərərək bildirmişdir ki, onun təqdimatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunmuş, amma Azərbaycan Respublikası Müdafiə Nazirliyində təqdimata baxılaraq müsbət qərar qəbul edilməmişdir. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində hərbi rütbənin bərpa edilməsi tələbini irəli sürmüş və bu birinci instansiya məhkəməsinin qərarında da öz əksini tapmışdır. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək bildirmişdir ki, onun hərbi rütbəsinin bərpa edilməsi ilə bağlı təqdimat yenidən göndərilsin, amma ona cavab olaraq bildirildi ki, Müdafiə Nazirliyinin göstərişi və tələbi olmadan təqdimatın göndərilməsi mümkün deyildir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən Müdafiə Nazirliyinə ünvanladığı təqdimatda Müdafiə Nazirliyinin əmrinin ləğv edilərək rütbənin bərpa edilməsi ilə bağlı vəsatət qaldırmış, halbuki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən deyil, Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinə əsasən yenidən Müdafiə Nazirliyinə təqdimat göndərilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Hər şeydən öncə kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikası İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikası İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Azərbaycan Respublikası İPM-nin: - 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 36.1-ci maddəsinə əsasən, 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı halda iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı müraciətinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən Müdafiə Nazirliyinə ünvanladığı təqdimatda Müdafiə Nazirliyinin əmrinin ləğv edilərək rütbənin bərpa edilməsi ilə bağlı vəsatət qaldırmışdır (i/v 98). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16.04.2021-ci il tarixli etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin təqdimatının 2-ci bəndinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən “polkovnik” hərbi rütbəsinin bərpası üçün təqdim olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. İddiaçı haqqında hər hansı qeyri-qanuni hərəkətlər edilməmiş, barəsində qanuni əlverişsiz inzibati akt qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxan rəislərə göndərilir. İddiaçı barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində tərtib edilmiş təqdimata baxılmış, sənəddə göstərilən əsaslar mövcud qanunvericiliyin tələblərinə görə iddiaçının hərbi rütbəsinin bərpası üçün hüquq yaratmaması müəyyən edilmiş, məsələ ilə bağlı müsbət qərar qəbul edilməmişdir. Sonradan İddiaçı birinci instansiya məhkəməsinə “iddia tələbinin azadılmasına” dair ərizə ilə müraciət edərək onun “polkovnik” hərbi rütbəsinin bərpa olunması vəzifəsinin Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 70-ci maddəsinə əsasən Müdafiə Nazirliyinə ünvanladığı təqdimatda Müdafiə Nazirliyinin əmrinin ləğv edilərək rütbənin bərpa edilməsi ilə bağlı vəsatət qaldırmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı iddia tələbini azaltdığından təqdimatla iddia tələbinə uyğun, yəni Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinin tələbinə uyğun yenidən Müdafiə Nazirliyinə müraciət oluna bilər. Həmin maddənin tələbinə əsasən ehtiyatda, yaxud istefada olan zabitlərin hərbi rütbələrinin aşağı salındığı barədə intizam cəzası hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra götürülə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-636/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “polkovnik hərbi rütbəsinin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-76/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-76/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver