Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-76/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: iddianın bir hissəsinin mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3588/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona əmək pensiyası təyin edildikdən sonra xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə təyin edilərkən onun hərbi qulluqçu kimi əmək pensiyası aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından hesablanmaqla 28 il 7 ay 10 gün əmək stajına görə cəmi 990 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdən hesablanan maddi yardım və xx.xx.2023-cü il tarixdən hesablanan indeksləşdirmə ilə, habelə 2022-ci ilin dekabr ayından hesablanan vəzifə maaşının artımı ilə pensiya məbləği cəmi 1856 manat təşkil edir. xx.xx.1988-ci il tarixli, İT ******* nömrəli Əmək kitabçasının qeydlərinə əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı statusundadır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 37.3.2-1-ci maddələrinə əsasən xx.xx.2019-cu il tarixdə işləyən əmək pensiyaçısı kimi 6 illik stajımın tamamlanması ilə bağlı toplanmış sığorta kapitalı üzrə pensiyamın yenidən hesablanmasına dair 09 iyun 2023-cü il tarixli müraciətinə DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialına 16 avqust 2023-cü il tarixli 3-17-1/2-187003/2023 nömrəli imtina cavabı verilmişdir. İmtina cavabının Azərbaycan Respublikasının qanunvericiliyi və Ali Məhkəmənin İnzibati kollegiyasının sabit, davamlı və son təcrübəsi ilə aşkar ziddiyyət təşkil etdiyini əsaslandıran ərizəni DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının direktor müavini tərəfindən xx.xx.2023-cü il tarixli qəbul zamanı imza edilməklə qəbul edilmiş, lakin həmin müraciətimə cavab verilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filialın 11 yanvar 2024-cü il tarixli 3-17-1/3-7-255/2024 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinin tələblərinə əsasən yenidən hesablanaraq 1856,49 manatdan 2100,49 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. İddiaçı iddiasının “əmək pensiyasının xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək hakim vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla yenidən hesablanması” hissəsində mübahisə mövcud deyildir. Belə ki, Mərkəzi Filialın 11 yanvar 2024-cü il tarixli 3-17-1/3-7-255/2024 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinin tələblərinə əsasən yenidən hesablanaraq 1856,49 manatdan 2100,49 manata çatdırılmışdır.İddianın “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanması” hissəsi ilə əlaqədar bildirir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya kapitalı qeydə alınmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz.Digər tərəfdən araloji hal üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il 2-1(1021-474/2024 nömrəli qərarında ifadə olunmuş mövqeyə görə xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini qərarı qismən yəni, “xx.xx.2006-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3588/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2013-cü il tarixdə yenidən hesablandığından məhkəmənin qərarında göstərdiyi kimi onun hakim kimi işlədiyi 5 illik müddət ilə 2018-ci ildən sonrakı dövr üzrə fəaliyyət göstərdiyi müddətin birləşdirilərək yenidən hesablanması qanunamüvafiq deyildir. Yəni, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya kapitalı qeydə alınmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Digər tərəfdən analoji hal üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati eqivasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-474/2024 nömrəli qərarında ifadə olunmuş mövqeyə görə xx.xx.2006-ci il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixl, 2-1(118)-3588/2024 nömrəli qərarı qanuni və əsaslı olmaqla sabit, davamlı və son məhkəmə təcrübəsinə tamamilə uyğun olduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları. ..... 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; ..... (13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyada) 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; .... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində işlədiyini əsas götürməklə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi”nə dair təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi mümkün sayılmamalıdır. İndiki halda iddiaçının iddia tələbi ona əmək pensiyası təyin edildikdən sonra xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin “xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində işlədiyini əsas götürməklə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi” hissəsində iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 08 avqust 2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2008-2013-cü illərdə hakim vəzifəsində çalışmışdır. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 2008-2013-cü illərdə hakim vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla, əmək pensiyası yenidən hesablanaraq, əvvəlki əmək pensiyasının məbləği (qulluq stajına əlavələr azaldılmamaqla) artırılmışdır. İndiki halda isə iddiaçı tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, həmin hala dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddia tələbində qeyd etdiyi həmin dövrlər əmək pensiyasının hesbalanması zamanı cavabdeh tərəfindən nəzərə alındığından, həmin dövrlərlə bağlı cavabdehin iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olan hər hansı hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, həmin hissədə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əasən iddianın mümkünlük şərtlərindən biri də məhz iddiaçının hüququnun pozulması halının müəyyən edilməsi, hüquqa müdaxilənin aşkar şəkildə və birmənalı baş verməsi halının müəyyən edilməsindən ibarətdir. İndiki halda isə iddia tələbinin qeyd edilən hissəsində cavabdehin hər hansı hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və ya qanuni maraqlarının pozulması halının, o cümlədən hüquqi müdaxilənin mövcudluğu müəyyən edilməmişdir. İddiaçı tərəfindən isə həmin halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddia tələbi “xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində işlədiyini əsas götürməklə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi” hissəsində mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, həmin hissədə tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində işlədiyini əsas götürməklə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi”nə dair təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3588/2024 nömrəli qərarı iddia tələbinin “xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində işlədiyini əsas götürməklə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi”nə dair təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-76/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-76/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver