Məhkəmə qərarları › İş №2-1(105)-761/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-761/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-761/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Müstəqil Teleradio Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı "xxxx" Müstəqil Teleradio Şirkətinin rəhbəri Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Müstəqil Teleradio Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə yol verilmiş texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2979/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiirşdə yol verilmiş texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ididaçı şirkətin xx.xx.2001-ci il tarixli, 09 saylı əmri ilə X5 şirkətə Texniki Təchizat Departamentinə direktor vəzifəsinə təyin edilmişdir. Lakin sonradan həmin işçinin səhənkarlığı, vəzifəsinə etinasız yanaşması, əmək funksiyalarını yerinə yetirməməsi aşkar edilmişdir. Bununla o, əmək intizamını və şirkətin nomal iş ahəngini pozmuşdur. Bununla bağlı xx.xx.2020-ci il tarixdə akt tərtib edilmiş və o, şirkətin xx.xx.2020-ci il tarixli 3 saylı əmri ilə işdən azad edilmişdir. Yuxarıda qeyd olunan aktla, həmçinin işçinin əmək kitabçasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi göstərilməsinə baxmayaraq “Əmək və Məşğulluq” altsistemində işçinin azad olunma səbəbi kimi səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsi qeyd edilmişdir. Bununla bağlı yol verilmiş səhvin düzəldilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin məktubunda əmək müqaviləsi ilə bağlı bildirişə düzəlişin edilməsinin texniki cəhətdən mümkün olmayacağı qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2979/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri yalnız işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilə bilər. Belə olan halda, iddia ərizəsində göstərilən tələb cavabdeh Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. İddia tələbi cavab verməli orqana qarşı verilməmişdir. Hazırki iddia tələbini qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu da müəyyən edilmir. İddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixli, 9 № li ƏMR ilə X5 Azərbaycan Respublikası "xxxx" Müstəqil Teleradio Şirkətində Texniki təchizat Departamentinə Direktor vəzifəsinə təyin edilmişdir. Sonradan işçi X5 qəsdən, eyni zamanda səhlənkarılıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozalmuş və ya işəgötürənin hüquqlarıma və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli AKT-a əsasən üzürsüz səbəbdən işə çıxmamış, eyni zamanda şirkətə maddi ziyan vurduğu üçün xx.xx.2020-ci il tarixli 3 №-li Əmrlə işdən azad edilmişdir. Qeyd olunan AKT-la və eyni zamanda işçinin əmək kitabçasında işçi X2 əmək faliyyətində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndi ilə xitam verilməsinə baxmayaraq, “Əmək və Məşğulluq” altsistemində işçinin işdən azad olunma səbəbi kimi səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsi qeyd olunmuşdur. Bununla bağlı "xxxx" Müstəqil Teleradio Şirkətinin rəhbəri olaraq onun tərəfindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinə müraciət edilmiş, həmin qrumun xx.xx.2023-cü il tarixli, 3-17-5/2-46891/2023 saylı məktubunda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişə düzəliş edilməsinin texniki cəhətdən mümkün olmayacagı qeyd olunmuşdur. Daha sonra yenidən onlara xx.xx.2023-cü il tarixli, 3-17-5/2- 53364/2023 saylı məktubu ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə xitam maddəsinin dəyişdirilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İnzibati məhkəmələrdə inzibati mübahisələrə işə baxılarkən edilən iddia ilə bağlı vətəndaşa kömək məqsədi ilə nə etməli olduğu barədə istiqamətlər izah edilməlidir. Həmçinin qaldırılan iddia ilə bağlı doğru olan istiqamətdə hara müraciət etməsi və ya hansı sənədlərin toplanması məhkəmə tərəfindən çıxarılan qərar və qərardad da göstərilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2979/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilir ki, işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələri, onlara dəyişiliklərin edilməsi və ya xitam verilməsi aidiyyatı işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Hazirki inzibati mübahisədə işçinin əmək kitabçasında işçi X2 əmək faliyyətində Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə baxmayaraq, “Əmək və Məşğulluq” altsistemində işçinin işdən azad olunma səbəbi kimi səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsi qeyd olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2- l(118)-2979/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında belə olan halda işəgötürənin məhs hazirki, texniki səhflə bağlı hara müraciət etməsi və bu öhdəliyin cavabdeh kimi kimin üzərinə qoyulması konkret olaraq göstərilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə baxmayaraq, “Əmək və Məşğulluq” altsistemində işçinin işdən azad olunma səbəbi kimi səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsi qeyd olunmasında işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi mümkün deyildir. Elektron infarmasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi mümkün olmamasının da səbəbi həmin texniki səhvin düzəldilməsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti tərəfindən elektron informasiya sistemində daxili düzəliş edilmədən mümkün olmur. Əgər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 xidməti tərəfindən elektron informasiya sistemində daxili düzəliş edilməsi mümkün deyilsə, həmin halda Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2979/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə konkret olaraq cavabdeh kimi hansı orqanın qoyulmasını və ya belə texniki səhvlərin düzəldilməsi üçün işəgötürənin konkret hara müraciət etməsini göstərməli idi. Belə ki, “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olaraq işəgötürən tərəfindən hər hansı texniki səhvin düzəliş edilməsi mümkün olmur. Hal-hazirda həmin texniki səhvin düzəldilərək aradan qaldırılması üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 xidməti tərəfindən elektron informasiya sistemində daxili düzəliş edilmədən mümkün olmadığından Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2979/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iddia tələbimin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-l(118)-2979/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" Müstəqil Teleradio Şirkətinin rəhbəri Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instasniya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında”Əsasnamnənin: 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək;..... 4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.1.1. işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;... Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;..... Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.... Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunu aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, uçot kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 1-1. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir..... Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında məlumatlar

1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

3. İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə yol verilmiş texniki səhvin düzəldilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan işçi barəsində işəgötürən tərəfindən əmək müqaviləsi bildirişin daxil edildiyi müəyyən olunması və bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişə düzəliş edilməsinin texniki cəhətdən mümkün olmaması halına istinad edərək, iddiaçının müraciətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin c yarım bəndinə əsasən 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə 01 oktyabr 2020-ci il tarixli 03 nömrəli Əmr verilmişdir.İşçiyə məxsus olan əmək kitabçasında eyni əsaslarla əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunması, habelə buna dair əmr haqqında məlumatlar qeyd edilmişdir. İddiaçı işçinin işdən azad olunması əsasının “Əmək və məşğulluq” altsistemində texniki səhv olaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin qeyd edildiyini, onun tərəfindən verilmiş əmr, işçiyə məxsus əmək kitabçasında olan qeydlə müvafiq alsistem məlumatında uyğunsuzluq yarandığını, texniki cəhətdən onun tərəfindən bu uyğunsuzluğun aradan qaldırılmasının mümükün olmaması halına istinad edərək, cavabdeh inzibati orqana bununla bağlı müraciət etmiş, müraciətindən imtina olunduğundan, məhkəmə qaydasında iddia qaldırmışdır. Cavabdeh inzibati orqan imtina və etirazını onunla əsaslandırır ki, əmək müqaviləsi bildirişini elektron altsisteminə elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifəsidir,bildirişdə xitam maddəsinin dəyişdirilməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, işçi barəsində əmək müqaviləsinin xitamı barədə bildirişi elektron imza vasitəsilə müvafiq altsistem məlumatına daxil etmək işəgötürənin vəzifəsidir. Həmçinin, əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi kimi məsələlərə dövlət nəzarətini həyata keçirtmək məhz cavabdeh inzibati orqanın vəzifəsi kimi müəyyən edilmiş, habelə həmin vəzifənin icrası ilə bağlı öz səlahiyyətləri daxilində göstərişlər vermək, qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarət etmək hüquqları vardır. Göründüyü kimi, istinad edilən qanunvericilik normasının tələbinə əsasən əmək müqaviləsinin bağlanılması, dəyişdirilməsi və xitamı ilə bağlı işəgötürən tərəfindən müvafiq altsistemə yerləşdirilmiş elektron sistem məlumatlarına nəzarəti məhz cavabdeh inzibati orqan tərəfindən həyata keçirilir. İndiki halda isə mübahisənin xarakterinin məhz elektron sistem məlumatlarında yol verilmiş texniki yalnışlıqdan irəli gəldiyini və yaxud işçi-işəgötürən arasında yaranmış əmək mübahisəsi (iki fərqli əsasla əmək müqaviləsinə xiam verilməsi halının mövcudluğu baxımından) ilə bağlı olması halının müəyyən edilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki,yalnız həmin hallar müəyyən edilməklə, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi məqsədəmüvafiqdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmadan, iddianın mümkün sayılmaması barədə gəldiyi qənaəti işin hallarına uyğun olmamış və yanlış olmuşdur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya tərəfindən indiki halda iddiaçının istinad etdiyi halın texniki yanlışlıq kimi ortaya çıxıb-çıxmaması və ya iddiaçının işəgötürən qismində hüquqdan sui-istifadə halına yol verib-verməməsi (iki fərqli əsasla işçinin işdən azad olunması halları baxımından) məsələsi məhz işdən azad olunan işçi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə, işdən azad olunması əsasları üçüncü şəxsin iştirakı ilə birgə müzakirə edilməklə, Əmrin surətinin işçiyə təqdim edilib-edilməməsi, işçinin hansı əsasla işdən azad olunması barədə məlumatlı olması halı öyrənilməli, işçinin işdən azad olunması əsasının bu barədə Əmrdə əks olunmuş məlumatın elektron informasiya altsistemində əks olunmuş məlumatla uyğunsuzluğunun yaranma səbəbi aydınlaşdırılmalıdır. Bundan əlavə, işəgötürən tərəfindən həmin Əmrlərin qeydiyyatı kitabı tərtib edilməklə, əmək qanunvericiliyində qeyd edilmiş qaydada sənədləşdirmə işləri aparılır ki, həmin qeydiyyatuçot sənədləri işəgötürəndən tələb edilməli, işin halları baxımından həmin sənədlər tədqiq edilməli, həqiqətən texniki yanlışlıq olması halı və ya hüquqdan sui-istifadə halının olubolmaması halı aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yalnız həmin hallar aydınlaşıdırıdıqdan sonra, hazırki iş üzrə mübahisənin xarakterinin və hüquqi təbiətinin inzibati xarakterli və yaxud mülki hüquqi xarakterli mübahisə olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə desək, qeyd edilən halın texniki yanlışlıq kimi ortaya çıxması, bu yalnışlığın aradan qaldırılmasının texniki olaraq buna nəzarət edən cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmaqla inzibati xarakterli mübahisə kimi yaranması halı və yaxud işəgötürən tərəfindən işçi barəsində iki fərqli əsasla idən azad olunması əsaslarının, nəticə etbarilə hüquqdan sui-istifadə halının mövcudluğu müəyyən edidliyi halda, işçi-işəgötürən arasında əmək müqaviləsinin xitamı əsası ilə bağlı fərdi əmək mübahisəsi kimi ortaya çıxaması halı müəyyən edilməli, ona uyğun iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə işin halları tam araşdırılmamış, iddianın mümkünlük məsələsinə təsir edən hallar olduğu halda, həmin hallar aydınlaşdırılmamış, habelə üçüncü şəxsin (işçinin) işə cəlb edilməsi əsasları olduğu halda, həmin hallar müzakirə edilməmiş, müvafiq sənədlər tələb edilməklə, tədqiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar araşdırılmaqla, mübahisənin xarakteri müəyyən edilməklə, iddianın mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İndiki halda iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalı olduğundan həmin hissədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2979/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Müstəqil Teleradio Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə yol verilmiş texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar