Məhkəmə qərarları › İş №2-1(105)-762/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-762/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-762/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)- 107/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Qusar XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən X9 ayrılmış Qusar rayon Avaran kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı yaşayış evi üzərində onun mülkiyyət hüququ reyestrdə qeydə alınaraq adına qeydiyyat vəsiqəsi verilmiş, həmin sənəddə yaşayış evinin ümumi torpaq sahəsi 2500,0 kv.m. göstərilmişdir. Daha sonra İ.S.Səmədov xx.xx.1994-cü il tarixli, 3M59 reyestr nömrəli ev alqı-satqısı haqqında müqavilənamə əsasında həmin evi X1. Qusar rayon Avaran kənd Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli, 32 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0,28 ha torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. Bu qərarla razılaşmayan X2 rayon Avaran Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli, 32 nömrəli qərarını məhkəmə qaydasında mübahisələndirmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2-1(85)-82/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilərək Qusar rayon Avaran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 saylı qərarı, X6 məxsus Qusar rayonu, Avaran kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2- 1(105)-480/2018 nömrəli qərarı ilə cavabdeh Avaran bələdiyyəsi və üçüncü şəxs İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(102)-169/2019 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı X7 cavabdeh İddiaçı qarşı “özgəsinin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(029)-905/2019 nömrəli qətnaməsi ilə cavabdehin iddiaçıya məxsus Qusar rayonu Avaran kəndində yerləşən yaşayış evindən çıxarılması və həmin yaşayış evinin iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2(102)-3932/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə İddiaçı cavabdehlər Qusar rayon Avaran bələdiyyəsinə və X6 qarşı məhkəmədə iddia qaldıraraq, Qusar rayon Avaran kəndində 0,28 ha torpaq sahəsindəki əvvəlki evin təmirinə çəkilmiş 5870 (beş min səkkiz yüz yetmiş) manat pulun və həmin torpaq sahəsində yeni tikilmiş evə və həyətdə aparılan abadlaşdırma işlərinə, hasar, darvaza, torpaq səthinin betonlaşdırılması və s. məqsədlər üçün çəkilən 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pulun və 30.000 (otuz min) manat məbləğində mənəvi ziyana görə təzminatın, 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(029)-503/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli, 2(105)-323/2021 nömrəli qərardadı ilə Qusar Rayon Məhkəməsinin 2(029)-503/2020 nömrəli qətnaməsi iddia tələblərinin cavabdeh Avaran Bələdiyyəsinə qarşı olan hissəsində ləğv edilmiş, həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilmiş, məhkəmənin eyni tarixli qətnaməsi ilə X6 münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan və qətnamədən kassasiya şikayəti verilməmiş, məhkəmə aktları qanuni qüvvəyə minmişdir. X4 Qusar rayonu Avaran kəndində yerləşən 0,25 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2022-ci il tarixli, 2-1(118)-1072/2022 nömrəli qərarı ilə təmin edilmiş, bundan sonra məhkəmə qərarı icra edilərək, ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 32 kv.m. olan fərdi yaşayış evi vahid əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına **********83-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı 14 may 2022-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq, cəmi 36.010 manat və mənəvi ziyanın əvəzi olaraq cəmi 30.000 manat məbləğində kompensasiyanın ona ödənilməsini xahiş etmişdir. İnzibati orqan tərəfindən İddiaçı müraciətinə yazılı formada cavab verilməmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq, 36.010 (otuz altı min on) manat, mənəvi ziyanın əvəzi olaraq 30.000 (otuz min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin mülkiyyətində olan boş torpaq sahəsini almaq üçün ona müraciət etmiş, bələdiyyə tərəfindən tərtib edilmiş sxem əsasında qeyd edilən yerə baxış keçirilmiş və müvafiq orqanların rəyi alındıqdan sonra onunla bələdiyyə arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmış, o, torpağın dəyərini ödəmiş və bələdiyyənin xx.xx.2007-ci il tarixli, 32 saylı qərarı ilə 0,28 ha torpaq sahəsi ona rəsmi qaydada satılmışdır. O, həmin torpaq sahəsində abadlaşdırma işləri aparmış, orada ev tikmişdir. Qiymətləndirməyə əsasən o, bu tikinti işlərinə, torpaq sahəsində abadlaşdırma işlərinə, ümumilikdə, 34.890 manat vəsait xərcləmişdir. Lakin o, bu torpaq sahəsini aldıqdan və orada tikili inşa etdikdən sonra X4 iddiası əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Avaran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 32 saylı qərarı 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, ona satılan və xərc qoyduğu torpaq sahəsi əslində X6 məxsusdur. Bələdiyyə Ş.X.Səmədovaya məxsus torpaq sahəsini ona satmışdır. Qərar icra edilmiş və o, torpaq sahəsini, tikdiyi evi icra idarəsinin əməkdaşlarına təhvil vermək məcburiyyətində qalmışdır. Bu isə ona maddi və mənəvi ziyanın vurulması deməkdir. Qeyd edir ki, maddi ziyan yalnız torpaq sahəsinin abadlaşdırılmasına, evin tikintisinə çəkilən xərclər civarında deyil. On il çəkən, çoxsaylı məhkəmə proseslərində hüquqlarının qorunması üçün də xərclər çəkməli olmuşdur. Tərəfindən vəkillə müqavilələr bağlanmış (420 manat dəyərində), şikayət ərizələri göndərilmiş (46 manat), məhkəmə rüsumları ödənilmiş (97 manat), notariat rüsumları ödənilmiş (29 manat), qiymətləndirilmə üçün ödənilən məbləğ (350 manat), pandemiya zamanı Qusarda məhkəmə prosesində iştirak üçün taksiyə ödənilən yol xərci (90 manat), digər yol xərcləri (16 manat) və illər ərzində ödənilən torpaq vergisi (24 manat), kommunal ödəmələr (48 manat) ona dəymiş maddi ziyan kimi qiymətləndirilməlidir. Bu məbləğ cəmi 1120 manat təşkil edir. Mənəvi ziyanla bağlı bildirir ki, inşa etdiyi ev, müəyyən zaman sərf edərək abadlaşdırdığı boş torpaq sahəsi əldən çıxmış, bu baxımdan, o, mənəvi sarsıntı, əsəb, stres keçirmiş və ona mənəvi ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 10 il çəkən məhkəmə proseslərində də mənəvi sarsıntılara məruz qalmışdır. Hesab edir ki, ona mənəvi ziyana görə 30.000 manat məbləğində kompensasiya ödənilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçıya bələdiyyənin 05 noyabr 2007-ci il tarixli, 32 nömrəli qərarı ilə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən 0,28 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi bütün sənədlərdə bələdiyyə ehtiyat fonduna aid olan torpaq sahəsi kimi göstərilmişdir, yəni hər hansı bir şəxsə məxsus olan torpaq sahəsi olmamışdır. X6 məxsus 0,25 ha torpaq sahəsi isə başqa yerdədir, iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Lakin, bundan 10 il sonra Ş.Səmədova mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Halbuki, bu müddət ərzində torpaq sahəsində tikinti, abadlaşdırma işləri aparılmış, lakin, Ş.Səmədova həmin torpaq sahəsinin ona məxsus olmasını mübahisələndirməmişdir. İddiaçı torpaq sahəsini alarkən həmin torpaq sahəsində tövlə olmuşdur ki, həmin tövləni Avaran kənd sakini olan İmran Səmədovun atası inşa etmiş, lakin, sonradan həmin torpaq sahəsini bəyənmədiyi üçün kəndin başqa yerindən torpaq sahəsi almışdır. Həmin tövlə isə uzun illər baxımsız qaldığından yararsız hala düşmüşdür. İddiaçıya 0,28 ha torpaq satılarkən, həmin torpaq sahəsi yerində ölçülüb verilmişdir. Lakin Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2-1(185)-85/2018 nömrəli, 30 aprel 2018-ci il tarixli qərarı ilə Avaran Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli, 32 nömrəli qərarının X6 məxsus Qusar rayon Avaran kəndində yerləşən 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Sonradan həmin qərardan apellyasiya və kassasiya şikayətləri verilsə də, şikayətlər təmin olunmamışdır. Torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı ilə satılmışdır, həmin torpaq sahəsində tikinti, abadlaşdırma işlərinin aparılmasına görə iddiaçı tərəfindən çəkilmiş xərclərin bələdiyyədən tutulması üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2582/2022 nömrəli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-107/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin 05 noyabr 2007-ci il tarixli 32 nömrəli qərarı əsasında əvvəllər mülkiyyətində olan 0,28 ha torpaq sahəsinin üzərində inşa etdiyini iddia etdiyi evin istifadəsindən çıxması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, həmin yaşayış evinin cavabdeh tərəfindən ona torpaq sahəsinin ayrılmasından sonra inşa etdiyini sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. X7 ilə Avaran bələdiyyəsi arasında olmuş məhkəmə mübahisəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-169/2019 saylı 23 yanvar 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı məhkəmə icraatı zamanı aldığı torpaq sahəsində yerləşən evin X6 məxsus olmasını yanakı olsa da, inkar etməmiş, həmin tikilini qanunsuz inşa edilmiş tövlə kimi dəyərləşdirərək, əlavə tikililər aparmaqla, ondan ev kimi istifadə etdiyini bildirmişdir. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi və üçüncü şəxs İddiaçı tövlə kimi qanunsuz inşa edilmiş çiy kərpicdən tikilmiş tikilinin Ş.X.Səmədovaya məxsus fərdi yaşayış evi olması və həmin evin 1998-ci ildən boş qalmaqla yararsız hala düşməsi müəyyən edilmiş, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarında, qanunsuz inşa edilmiş tövlə kimi dəyərləndirdikləri tikili dedikdə, 32 saylı, 14 iyul 1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Ş.X.Səmədovanın mülkiyyətində olan fərdi yaşayış evi olması təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı hal-hazırda onun tərəfindən inşa edildiyini iddia etdiyi yaşayış evinə dair hər hansı sübut təqdim edə bilməməklə bərabər, yaşayış evinin onun tərəfindən inşa edilmədiyi yuxarıda qeyd olunan məhkəmə qərarları ilə də öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən, əmlakından məhrum olması ilə bağlı mənəvi iztirablar çəkməsi öz təsdiqini tapmamışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan özü də iddia tələbinə etirazında qeyd edilən torpaq sahəsini ona ayırarkən (2007-ci ildə) həmin torpaq sahəsi üzərində İmran adlı şəxsin atasına məxus çiy kərpicdən kiçik tövlənin olmasını və sonradan ona başqa yerdən torpaq sahəsinin verildiyini bildirmişdir. Yəni, cavabdeh bu torpaq sahəsi ona ayrıldıqdan sonra həmin torpaq sahəsi üzərində tikililərin iddiaçı tərəfdən tikildiyini və tərəfindən abadlaşdırma işlərinin aparıldığını etiraf etmişdir. Bundan başqa, məhkəmə iclasında həmin tikililərin onun tərəfindən aparılmasını təsdiqləyən şahidlər dindirilmiş və onlar da həmin torpaq sahəsində tərəfindən inşa edilən tikililərin olduğunu təsdiqləmişlər. Məhkəmənin həmin tikilinin Şəfiqə Səmədova aid olması barədə onun əvvəlcədən məlumatlı olması ilə bağlı gəldiyi mövqeyi də əsassızdır. Belə ki, iddiaçının məqsədi həmin kənddən torpaq sahəsi almaq və ev tikmək olmuşdur. O, həmin torpaq sahəsinin kimə məxsus olmasını və təyinatını bilməmiş, bununla maraqlandıqda cavabdeh bu torpaq sahəsi üzərində olan tövlədən bir müddət İmran adlı şəxsin istifadə etdiyini və sonradan həmin torpaq sahəsinin olduğu ərazinin boş sahə kimi bələdiyyə mülkiyyətinə verildiyini bildirmiş və cavabdeh torpaq sahəsinə dair sənədləşdirmə işlərini onun adına aparmış və sahəni ona satmışdır. Bundan başqa, məhkəmənin istinad etdiyi qərarlarda və Ş.Səmədovanın adına verilmiş çıxarışda tikilinin 32 kv.m. olması qeyd edilmişdir, məhkəmə qərarları ilə həmin tikilinin 1998-ci ildən baxımsız qalması və yararsız hala düşməsi təsdiq olunur. Lakin, onun tərəfindən həmin yararsız və tövlə kimi başqa şəxslər tərəfindən istifadə olunan həmin tikilinin yerində sahəsi 100 kv.m. olan ev tikilmiş və öz vəsaiti ilə dəmir darvaza qoymuş, tor və borularla hasar çəkmiş, həyətə çınqıl tökmüş, 23 ədəd ağac əkmiş, həmin tikililərə çəkilmiş xərcin qiymətləndirilməsi ilə qiymətləndirmə rəyi də almışdır. Əgər bu torpaq sahəsini cavabdehin qərarı ilə ona ayrılmasaydı, o, bu işləri görməzdi, başqa yerdən torpaq sahəsi alıb bu vəsaitləri həmin yerə sərf edərdi. Hesab edir ki, qanunsuzluğu məhkəmə tərəfindən müəyyən edilmiş həmin qərar nəticəsində ona zərərin dəyməsi aydındır və bu hal məhkəmə aktları ilə də təsdiq olunur. Hesab edir ki, torpaq sahəsi ona qanunsuz satılırsa və həmin alqı-satqı aktı sonradan ləğv olunursa, bu qanunsuz qərar nəticəsində ona dəymiş ziyan bu ziyanı yetirmiş şəxs (bələdiyyə) tərəfindən tam olaraq ödənilməlidir. Belə ki, ona satılan həmin torpaq sahəsi geri qaytarılmamışdır. Lakin, işə baxan məhkəmə işin əsas mahiyyətindən kənara çıxaraq qanunsuz qərar qəbul etmiş və onun hüquqlarına təminat verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Qusar rayonu, Avaran kəndində yerləşən 0,28 ha torpaq sahəsini almamışdan əvvəl cavabdeh torpaq sahəsinin həmin tarixədək sahibi olmadığını və qonşunun həmin sahədən istifadə etdiyini bildirərək torpaq sahəsinin sərhədlərini müəyyən etmişdir. Həmin vaxt torpaq sahəsində istifadəyə yararsız bir tikili də mövcud idi. Cavabdeh həmin tikilinin başqa şəxs tərəfindən tövlə olaraq inşa edildiyini, hazırda isə istifadə edilmədiyindən yararsız vəziyyətə düşdüyünü və iddiaçı üçün problem yaranmayacağını bildirmiş, o da həmin tikilinin yerində yaşayış evini inşa etmişdir. Həmin torpaq sahəsini aldığı ərəfədə orada yerləşən tikilinin tövlə deyil, yaşayış sahəsi olduğunu bilsəydi, gələcəkdə problem yaranmaması üçün torpaq sahəsini almazdı. Ona ayrılmış 0,28 ha torpaq sahəsinin dəyəri ona tam olaraq ödənilməmişdir, belə ki, 0,04 ha torpaq sahəsinə görə məbləğ ödənilməmiş qalmışdır. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 12 may 2022-ci il tarixdə Qusar rayonu, Avaran kəndindən hər biri 12 sot olmaqla, 2 torpaq sahəsi verilmişdir. Bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasının maksimum həddi 0,12 ha olduğun halda, iddiaçı israrla 0,28 ha torpaq sahəsinin ona verilməsini tələb edir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İnzibati icraat haqqında” Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli 7 nömrəli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərərin cavabdeh tərəfindən vurulması mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması, özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Hazırkı iş üzrə işin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi, iddiaçı bələdiyyə qərarı ilə ona ayrılmış 0,28 ha torpaq sahəsində tikinti və abadlaşdırma işləri apararaq yaşayış evi inşa etdiyini, ümumilikdə, həmin sahəyə kifayət qədər maddi vəsait sərf etdiyini, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası nəticəsində isə bələdiyyə qərarının ləğv edilərək, həmin torpaq sahəsi və yaşayış evini geri qaytarmalı olduğunu əsas gətirərək, evin tikintisinə və torpaq sahəsinin abadlaşdırılmasına çəkdiyi 34890 manat, o cümlədən məhkəmə prosesində hüquqlarının qorunması üçün çəkdiyi 1120 manat xərclər də nəzərə alınmaqla, ümumilikdə 36010 manat maddi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini tələb etmiş, cavabdehin hərəkətləri nəticəsində vurulmuş mənəvi zərəri isə 30.000 manat qiymətləndirmişdir. Kollegiya qeyd edir ki, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Kollegiya hesab edir ki, qanunvericiliyin tələb etdiyi şərtlərin mövcudluğu hazırkı işdə müəyyən edilmir. Belə ki, iddiaçı bələdiyyənin təqsirli hərəkətləri, yəni bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsini ona satmaqla ziyan vurulduğunu iddia etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, iddiaçı 0,28 ha torpaq sahəsinin X6 məxsus olduğu ehtimalından məlumatlı olmuş, qeyd edilən riski gözə almış və bu halı bilə-bilə torpaq sahəsini bələdiyyədən alqı-satqı qaydasında əldə etmişdir. Buna hüquq nəzəriyyəsində şüurlu risk (culpo in contrahendo) prinsipi deyilir. Bu prinsipə görə, müqavilə tərəfi, yəni hazırkı halda iddiaçı riskləri bilməli və onların nəticələrini nəzərə almalı idi. Belə ki, X4 Qusar rayon Avaran Bələdiyyəsinə qarşı bələdiyyə qərarının ləğvinə dair inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, üçüncü şəxs İddiaçı həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində işə baxılarkən məhkəmə iclaslarında izahatında bildirmişdir ki, “2007-ci ilin sentyabr ayında X6 müraciət edərək, Qusar rayonu, Avaran kəndində yerləşən üzərində köhnə tikili olan boş torpaq sahəsini almaq istədiyini bildirmişdir. Ş.Səmədova həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş və torpaq sahəsini satmağa razı olmuşdur. Buna görə də iddiaçıya torpaq sahəsinin dəyərini vermiş və onlar birlikdə Qusar rayon Dövlət Notariat Kontoruna getmişlər”. Qeyd olunanlar ona dəlalət edir ki, üçüncü şəxs aldığı torpaq sahəsində yerləşən evin iddiaçıya məxsus olmasını yanakı olsa da, inkar etməmiş, həmin tikilini qanunsuz inşa edilmiş tövlə kimi dəyərləndirərək, əlavə tikililər aparmaqla, ondan ev kimi istifadə etdiyini bildirmişdir.” Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Göründüyü kimi iddiaçı hazırda bələdiyyə tərəfindən qanunsuz hərəkətə yol verilərək, başqasının mülkiyyətində olan torpaq sahəsini ona satmaqla həm maddi, həm də mənəvi zərər vurulduğunu bildirsə də, yuxarıda qeyd edilən məhkəmə qərarlarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsinin başqasına, yəni X6 məxsus olması ehtimalını bilə-bilə bələdiyyəyə müraciət etdiyindən, həmin bələdiyyə qərarının ləğvi ilə bağlı gələcəkdə yarana biləcək riskləri göz önünə almışdır. Bundan əlavə, işin hallarından görünür ki, 0,28 ha torpaq sahəsi cavabdeh tərəfindən iddiaçıya ayrıldığı 05 noyabr 2007-ci il tarixdə X4 və ya başqa şəxsin həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Başqa sözlə, həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyənin hərəkətlərində qəsd olmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, bələdiyyənin vurulmuş zərərə görə təqsiri istisna edilir. İddiaçı iddia ərizəsinin dəlillərində ona vurulmuş maddi zərərin tərkibinə torpaq sahəsində gördüyü tikinti və abadlaşdırma işləri ilə yanaşı, hazırkı vaxtadək həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında olmuş məhkəmə mübahisələri zamanı çəkdiyi xərcləri də (vəkil ödənişləri, dövlət rüsumları və s.) aid etmişdir. Kollegiya hesab edir ki, sadalanan xərclər hər bir məhkəmə icraatının gedişində çəkilmiş xərclər olmaqla inzibati orqan tərəfindən vurulmuş ziyan kimi qiymətləndirilə bilməz. Eyni zamanda, kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı bələdiyyə qərarının ləğvinə dair məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra ərizə ilə Avaran bələdiyyəsinə müraciət edərək, vaxtilə ona satılmış 0,28 ha torpaq sahəsinin əvəzində ona başqa yerdən torpaq sahəsinin verilməsini xahiş etmiş, müraciəti təmin edilmədiyindən məhkəmədə iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(118)-624/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin mövqeyi nəzərə alınmaqla, Qusar rayonu Avaran kəndi ərazisindən 0,28 ha torpaq sahəsinin ayrılması ilə bağlı iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hazırda məhkəmənin qərarı qismən icra edilmiş, cavabdeh tərəfindən iddiaçıya Qusar rayonu Avaran kəndi ərazisindən hər biri 0,12 ha olmaqla, ümumilikdə, 0,24 ha torpaq sahəsi ayrılmış, bununla bağlı tərəflər arasında 12 may 2022-ci il tarixli AN-İ seriyalı ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. Mənəvi zərərlə bağlı isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndinə müvafiq olaraq “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum Qərarının 8-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da formalaşmış hüquqi mövqeyə görə, mənəvi ziyanla bağlı nəticəyə gəlmək üçün maddi ziyanın müəyyən edilməsi üçün nəzərdə tutulmuş meyarları tətbiq etmək zəruridir, o cümlədən, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir (“Kadikes Latviyaya qarşı” 62393/00 saylı iş, 67-ci bənd). Hazırkı işdən isə cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verməsi və belə hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-107/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar