Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-763/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona 13 aprel 2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(118)-639/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı 28 mart 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin 0309003AARNM nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: Son illər ərzində əsas diaqnoz və ağırlaşmalarına uyğun aldığı stasionar müalicələr sənədlərdə qeyd olunan ağırlaşmalar ilə mütənasib deyil. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicə və müayinə olunmaq tövsiyə olunur) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən müayinəmüalicə olunacağınız və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T69/2023 saylı rəyindəndən görünür ki, “S.S.X7 Ağciyər xəstəlikləri İnstitutuna göndərilərkən xx.xx.2024-cü il tarixdə aparılmış müayinələlərdən sonra ona “J45.8; J96.1- Qarışıq astma, bronxial astma qarışıq forma, nəzarət olunmayan. Hormondan asılı, kəskinləşmə mərhələsi; Destruksiyanın üstünlüyü ilə, çox ağır ventilyasiya pozğunluğu;” diaqnozu müəyyən edilmişdir, yəni o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. Vətəndaş İddiaçı tibbi sənədlərininə əsasən o, 2009-2010-cu və 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilmiş “ Bronxial astma infeksion-allergik forma, orta ağır gedişli, tez-tez boğulma tutmaları ilə, sol tərəfli xroniki haymorit. TÇ İİ dərəcə; (XBT - X sinif- Tənəffüs sistemi xəstəlikləri - J40-J47- Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri- J45- AstmaJ45.8- qarışıq astma) xəsəlikləri ilə ümumən eynilik təşkil edir. Yuxarıda qeyd edilən xəstəliklər tam sağalmırlar, xəstəliklər ilin əsasən yaz, payız fəsillərində kəskinləşirlər və vəziyyətinin ağırlığı ilə əlaqədar stasionar ya da ambulator müalicəyə cəlb edilirlər. Xəstəliklərlə əlaqədar belə xəstələr sahə poliklinikasında dispanser qeydiyyata götürülürlər”. İddiaçı hazırda əziyyət çəkdiyi xəstəliklər nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “dörd uşaq anası ikinci qrup əlil olaraq dövlət tərəfindən ona göstəriləcək təminatın, yəni əlillik statusunun cavabdeh qurumlar tərəfindən bərpasının təmin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 13 aprel 2023-cü il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dörd uşaq anası olmaqla, uzun müddətdir ağciyərində olan problemlərdən əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinun Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza komissiyanın rəyinə əsasən həmin xəstəliklə bağlı xx.xx.2008-ci ildən 2021 ci ilin iyul ayına qədər ikinci qrup əlil olaraq dövlət tərəfindən pensiya və dərman vasitələri ilə təmin edilmişdir. 2021-ci ilin iyul ayından onun pensiya təminatı heç bir əsas olmadan dayandırlmışdır. Belə ki, həmin tarixdə prosedur qaydalara uyğun olaraq xx.xx.2021-ci il tarixində növbəti həkim komissiyasından keçmiş və bu günə qədər komissiyanın nəticəsi olaraq ona heç bir rəsmi cavab verilməmişdir. Hansı ki ona komissiyanın nəticəsi rəsmi şəkildə bildirilməlidir və pensiyanın bərpa olunamamasına səbəb olan faktlar əsaslandırılmış şəkildə ona təqdim edilməli idi. xx.xx.2021-ci ildə keçdiyi komissiyanın cavabı ona təqdim edilmədiyindən həkim komissiyasının cavabını o aidiyyəti qurumdan yox, bank vasitəsilə ilə öyrənməyə məcbur qalmışdır, yəni bank tərəfindən karta pul köçürülərsə demək həkim komissiyasının rəyi müsbətdir və pensiya təyin edilib. O, 2021-ci ilin iyul ayından ikinci qrup əlildir və xüsusilə qadın əlil olaraq müvafiq qurumlar tərəfindən süründürməçiliyə məruz qalmışdır. Cavabdeh orqanın ona əilliyin təyin edilməsindən imtinası əsassız olmaqla, onun hüquqlarını pozulmasına əsas olmuşdur. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinası əsassızdır və onun müraciəti təmin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, infeksion- allergik forma, orta ağır gedişli, tez-tez boğulma tutmaları ilə, sol tərəfli xroniki heymorit, Tənəffüs Çatmamazlığı -İİ dərəcə; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma,infeksion-allergik forma, orta ağırgedişli. tez-tez boğulma tutmaları ilə, sol tərəfli xr.heymorit, TÇ-İİ dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz J45.8 Qarışıq astma, Bronxial astma qarışıq forma ağır gedişli nəzarət olunmayan kəskinləşmələrlə Ağırlaşma J43 Emfizema Ağciyərlərin enfiroması Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventilasiya pozğunluğu ilə TÇ İ! dərəcə; Mərkəzə gönclərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada müalicə davam etdirilsin.” səbəbi iiə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyərlan"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağh Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısıla müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında geri qaytarılmasının səbəbi “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada müalicə davam etdirilsin” olmuşdur. Odur ki, iddaçıya ixtisaslaşmış tibb müəssisəsində müalicə aldıqdan sonra yenidən müraciət etməsi tövsiyyə olunur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-639/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 13 aprel 2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. İddiaçı ona xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi haqqında 12 nömrəli Qərarı xx.xx.2020-ci il tarixində qəbul edilərək “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ləğv edilmişdir. Bir sözlə məhkəmə qüvvədən düşmüş qərara istinad edərək kobud prosessual pozuntuya yol vermiş və qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə öz qərarında ekspert rəyinə istinadən iddiaçının sözügedən diaqnozdan əziyyət çəkməsini vurğulayaraq ondakı diaqnozun əlillik səviyyəsində olmasını öz daxili inamına əsasən müəyyənləşdirmişdir. Əlillik statusu daşıyan hər bir şəxs müəyyən xəstəlikdən (və ya travmalardan,zədələrdən və s.) əziyyət çəkməsinə baxmayaraq, hər bir xəstəlikdən əziyyət çəkən şəxs də əlillik səviyyəsində deyildir. İşin daha ətraflı araşdırılaraq iddiaçının yenidən müayinə olunması üçün tərəfindən vəsatət verilməsinə baxmayaraq vəsatət təmin edilməmişdir. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş Məhkəmə Tibbi Ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaşda olan diaqnoz hazırda da əyani müayinədə əlillik təyini səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hərhansı bir bəndini aid etmək mümkün olmadı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ...2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70- F79);... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri 1.1. Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri 1.1.1 emfizema-J43 1.1.2. astma:-J45 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi 13 aprel 2023-cü il tarixdən ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əlavə müalicəyə ehtiyacı vardır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilmiş, həmin tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz Qarışıq Astma (J45.8),bronxial astma qarışıq forma ağır egdişli nəzarət olunmayan kəskinləşmələrlə (J43), ağırlaşmaları Emfizema (J43), Ağciyərlərin enfiroması, Xroniki respirator çatmamazlıq, qarşıqı tipli əhəmiyyəli ventilyasiya pozğunluğu ilə tənəffüs çatışmazlığıİİ dərəcə (J96.1) kimi qeyd edilmişdir. İş materiallarında olan ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişd əks olunmuş diaqnoz xəstəliklərin olduğu müəyyən edilmiş, həmin xəstəliklər ilə iddiaçı barəsində əvvəlki tarixlərdə əlillik təyin edilərəkən müşahidə edilmiş xəstəliklərlə eynilik təşkil edir, həmin xəstəliklər tam sağalmır, ilin əsasən yaz, payız fəsillərində kəskinləşir, vəziyyətin ağırlığı ilə əlaqədar olaraq stasionar və ya ambulator müalicəyə cəlb edilirlər, belə xəstələr dispenser qeydiyyata götürülürlər. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi əsasında öz təsdiqini tapır. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu J96,J43,J45) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq Qərarlarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olması halını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin müalicə olunmaqla reabilitasiyası mümkün deyildir, həmin xəstəliklər sağalmırlar. Bu hal özlüyündə cavabdehin imtina əsası kimi iddiaçının müalicə müddətinin yetərli olmaması halına istinad etməsini təkzib edir. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından həmin hissədə cavabdehin istinad etdiyi arqumenti yanlış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, eyni xəstəlik diaqnozu ilə iddiaçı barəsində əvvəlki dövrlərdə əlillik təyin edilmiş, sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) əvvəlki xəstəliklərlə eynilik təşkil etsə də, əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.Bunda əlavə, qeyd edilən hal özlüyündə cavabdehin imtina əsasının formal xarakterə malik olduğunu deməyə əsas verir. Göründüyü kimi, indiki halda iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapır. Həmin xəstəliklər müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış edir, habelə əvvəlki dövrlərdə də həmin xəstəliklər əlilliyin təyin edilməsi üçün əsas hesab olunaraq, iddiaçı barəsində əlillik təyin edilmişdir, həmin xəstəliklərin sağalması mümkün deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən əlavə müalicə olunması halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi ona məhz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş müvafiq ekspert rəyi, tibbi sənədlər əsasında müəyyən edilmişdir ki, əlilliyin müddətinin bitdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyn təyininə əsas verən xəstəlik (XBT kodu J96) ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan hal kimi qeyd olunmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin bir çoxu (J43,J45) hazırda qüvvədə olan müvafiq qanunvericilik normasında əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmiş, habelə həmin xəstəliklər üzrə müxtəlif qiymətləndirmə əlamətləri əks olunmuş, orqanizmin pozulmasının faiz və müddəti fərqli qeyd edilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin təyin edilməsinin əsas meyarı məhz orqanizmin funskiyasının pozulmasının faiz göstəricisi və müddətinə uyğun olaraq, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında müvafiq qaydada müəyyən edilir, habelə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti də həmin meyarlarda müəyyən edilmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funskiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. Bu halda iddiaçının hüquqi marağı ona ikinci dərəcə əlillik təyin edilməsi olsa da, indiki halda isə həmin halın müəyyən edilməsi mümkün olmadığından, iddiaçıya hansı tip məhdydlaşdırılmaya müvafiq olaraq əlillik təyinatının aparılması üçün onun sağlamlıq vəziyyətinin qiymətləndirilməklə, orqanizmin funskiyasının pozulması faizinin müəyyən edilməsi məqsədəuyğundur. Bu hal isə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv müayinəsi aparılmaqla, onun orqanizmin funksiyasının hansı dərəcədə pozulması halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməsi məqsədəmüvafiqdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı məhz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-639/2024 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı 13 aprel 2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8 üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.