Məhkəmə qərarları › İş №2-1(105)-765/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-765/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-765/2023 04.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1729/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları .İddiaçıya məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959cu il təvəllüdlüdür. X13 filial tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 187 saylı arxiv arayışından görünür ki, X11 xx.xx.1975-ci il tarixli 95 saylı əmrlə N.Nərimanov adına sovxozda işləmiş, xx.xx.1987-ci il tarixli 148 saylı əmrlə 19 iş günü müddətinə növbəti məzuniyyətə buraxılmışdır. 1975-1987-ci illərdə Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmişdir. xx.xx.1980-ci il tarixdə bağlanmış nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 Həmid Ağaqulu oğlu ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Ə.Səfərovanın xx.xx.1984-cü il təvəllüdlü Nuranə, xx.xx.1986 təvəllüdlü Zivər, xx.xx.1988-ci il təvəllüdlü Vəli və Alı, xx.xx.1989cu il təvəllüdlü Dilbər və xx.xx.1996-cı il təvəllüdlü Səriyyə adlı övladları vardır. Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2004-cü ildə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2021ci ildən sonra informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır. X13 filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 242 saylı arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, Səftərova (Nuriyeva) Əpruz Ağasəf qızı 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977-ci ilin yanvar– iyul və sentyabr– dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin aprel-iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin mart-dekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-cilin yanvar-iyun, sentyabr-oktyabr və dekabr ayları Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmiş və əmək haqqı alımışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi X1 ünvanladığı 05 fevral 2022-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X2 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.- ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarın əsasən müəyyən edilir. Müraciətlə əlaqədar bildirilmişdir ki əmək kitabçası və əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaşənən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Eyni zamanda Qanunun 7-ci maddəsinə əsasən halhazırda qadınların pensiya yaşı 62 yaş 6 ay təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu N.Nərimanov adına sovxozda 1975-ci ildən 1988-ci ilə kimi fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977- ci ilin yanvar– iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin aprel- iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983- cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin mart-dekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-ci ilin yanvar-iyun, sentyabr-oktyabr və dekabr aylarında Şamaxı rayonu N.Nərimanov sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxaılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixdə Şamaxı rayonu Yekəxana kəndində anadan olmuşdur. Çoxuşaqlı anadır, 6 uşaq doğub böyütmüşdür. 2004-cü ildən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyə görə təyin edilmiş əmək pensiyasının verilməsi 2021-ci il tarixdən dayandırılmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən ona xx.xx.2007-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunla tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.1975ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamaxı rayonu “Nərimanov” adına sovxozda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Lakin həmin dövr onun əmək kitabçasında qeyd edilməmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1729/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Şamaxı rayonu, N.Nərimanov adına Sovxozda 1975-ci ildən 1988-ci ilə kimi fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmışdır. İddiaçının qazanılmış pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin 01 yanvar 2010-cu il tarixdən sonraya (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonraya) təsadüf etməsi ona pensiya təyin edilməməsinə əsas verə bilməz. Belə ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmurdu, əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edirdi. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunla tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən asılı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamaxı rayonu, “Nərimanov” adına sovxozda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Bildirmişlər ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət social sığortaolunanların (bundan sonarsığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət social sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd:Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə uyğun əsaslandirmışdır və Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1729/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023- cü il tarixli, 2- 1(105)-103/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1293/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)- 103/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır ( 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8.1-ci və 8.2-ci maddələrdən “və azı 10 il sığorta stajı olan" sözləri çıxarılmışdır və həmin maddələrdə “olaraq müəyyən olunmuş" sözləri “şərtlər daxilində" sözləri ilə əvəz edilmişdir). Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1293/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-103/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi müvafiq sovxozda fəhlə kimi işlədiyi 1975-1988-ci ilə kimi olan dövrün sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiaysının təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi əmək kitabçası və əmək fəaliyyəti barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edildiyi halda baxılmasının mümkünlüyü, fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və yaş həddinin 62 yaş 6 ay olması halına istinad etmişdir. Həmçinin, cavabdeh inzibati orqan apellyasiya şikayətinin əsası kimi iddiaçının qanunveriicliklə müəyyən edilmiş 25 il sosial sığorta stajına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması halına istina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müddəti bitdiyindən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona xx.xx.2007-ci il tarixdən yaşa görə (6 uşaqlı ana, 48 yaş, 10 il sığorta stajı) əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2007-ci il tarixdə həm yaşa görə, həm də əlilliyə görə əmək pensiya hüququ mövcud olmuşdur. Lakin iddiaçı yaşa görə əmək pensiya hüququndan istifadə etməyərək, əlilliyə görə əmək pensiyasını almaqda davam etmişdir. Daha sonra iddiaçının əlilliyə görə pensiyası əlilliyin müddətinin bitməsi səbəbindən dayandırılmış, bundan sonra iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzusu ilə yalnız bir pensiya təyin edilir. Həmçinin, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin eidlməsi üçün müraciət edə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona məhz xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində indiki halda yaşa görə əmək pensiya hüququnun yaranması əsasları məhz onun bu hüququndan istifadə etmək istədiyi, bununla bağlı müraciət etdiyi tarixdə (xx.xx.2021-ci il tarixdə) qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin normaları tətbiq edilməklə müəyyən edilməlidir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin vaxtı qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər: a) 62 yaş 6 ay yaş həddi b) azı 25 il sığorta stajı və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınan minimum pensiya kapitalı olduqda sosial sığorta stajı nəzərə alınmadan. İddiaçı xx.xx.1959-cü il təvəllüdlü olmaqla, qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddi 62 yaş 6 ay yaşı xx.xx.2022-ci il tarixdə tamamlanır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyəti ilə bağlı əmək kitabçası məhkəməyə təqdim edilməmiş, işlədiyi dövrlərin yalnız 1975- 1988-ci il tarixlərdə N.Nərimanov adına sovxozda fəhlə kimi işlədiyi dövrlərdən ibarət olması halına istinad etmiş, bununla bağlı arxiv arayışı təqdim edilmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş arxiv arayışının məzmunundan görünür ki, iddiaçı 21 may 1975-ci il tarixli 95 №li Əmrlə Şamaxı rayonu N.Nərimanov adına sovxozda fəhlə kimi işləməsinə icazə verilmiş, işdən çıxma barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi indiki halda iddiaçının işlədiyi dövrlər (1975-1988-ci illər) nəzərə alındıqda belə iddiaçının azı 25 il sığorta stajına malik olması halı öz təsdiqini tapmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınması halı da müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçının 6 uşaq doğub, onları tərbiyə etməsi halı yalnız iddiaçının yaşa görə pensiya hüququnun yaranması kimi yalnız yaş həddinin beş il azladılması üçün əsas hesab olunur. İndiki halda isə iddiaçının müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər yaş həddi ilə yanaşı azı 25 il sosial sığorta stajına malik olması və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabında qeydə alınan pensiya kapitalına malik olduğu halda sosial sığorta stajı nəzərə alınmadan şərtləridir. Məhkəmə araşdırması zamanı isə iddiaçının tələb olunan sosial sığorta stajına malik olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının olması halı müəyyən edilmədiyindən, iddiaçının yaşa görə pensiya hüququ yaranmamışdır. Nəticə etibarilə hazırki iş üzrə iddiaçıya müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən yaşa görə pensiya hüququ yaranmadığından, bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə hüquqi yardım edilməsi halı da mümkün olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddiaçıın müraciət etdiyi vaxt qüvvədə olan qanunvericilik normaları tətbiq edilməli olduğu halda, xx.xx.2007-ci il tarixdə qüvvədə olan qanunvericilik normaları tətbiq edilməklə, iş üzrə gəldiyi nəticə yalnış olmuş, cavabdeh inzibati orqanın imtinası və apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1729/2022 nömrəli ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar