Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-767/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi ilə İddiaçı Quba Bələdiyyəsi Ərazisində Yerli Rəy Sorğusunun Keçirilməsi ilə X2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X5rşı “Təşəbbüs Qrupu”nun qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(118)-2264/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Quba Bələdiyyəsi Ərazisində Yerli Rəy Sorğusunun Keçirilməsi ilə X3 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X5rşı məhkəmədə iddia qaldıraraq, X1 Ərazi Dairəsi üzrə “Təşəbbüs Qrupu”-nun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Bələdiyyəsinin inzibatı ərazisində (Quba şəhəri və Əski-İqrik kəndi) yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək məqsədi ilə 18 sentyabr 2021-ci il tarixli iclasın qərarı ilə Təşəbbüs qrupu yaradılmışdır. Yerli rəy sorğusunun keçirilməsi məqsədi ilə təşəbbüs qrupunun yaradılmasına səbəb 2019-cu il dekabr ayında keçirilən seçkilərdən sonra yaranan tərkibli Quba Bələdiyyəsinin öz işini "Bələdiyyələrin statusu haqqında" Qanununun tələbələrinə zidd həyata keçirməsidur. Quba Bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə X3 hesab edir ki, Quba bələdiyyəsinin fəaliyyəti ilə bağlı Yerli rəy sorğusu keçirilməlidir. Həmin məqsədlə nümayəndə vasitəsi ilə, “Təşəbbüs qrupu”nun 18 sentyabr 2021-ci il tarixli iclas qərarının əsli Quba Bələdiyyəsinin inzibatı ərazisi üzrə 52 saylı Quba dairə seçki komissiyasına təqdim edilərək “Təşəbbüs qrupu”nu qeydiyyata alınması xahiş edilmişdir. Cavabdehin 01 noyabr 2021-ci il tarixli, № 26 nömrəli məktubundan göründüyü kimi “Təşəbbüs qrupu”nun müraciəti təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(118)-2264/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti və şikayətə əlavə təqdim edərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikasının Qanunun maddələrini səhv tətbiq edərək, nəticədə iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). İş materiallarından görünür ki, “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə uyğun olaraq, Quba Bələdiyyəsinin inzibatı ərazisində (Quba şəhəri və Əski-İqrik kəndi) yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək məqsədi ilə 16 nəfər Quba şəhər sakininin iştirakı ilə 18 sentyabr 2021-ci il tarixdə iclas keçirilmiş və iclasın qərarı ilə: 1) 16 nəfərdən ibarət təşəbbüs qrupunun yaradılması; 2) yerli rəy sorğusuna çıxarılacaq məsələ aşağıdakı qaydada formalaşdırılması: - “X4 hal-hazırkı tərkibinə etimad göstərirsinizmi?” 3) Quba şəhər sakini Ömər Məmmədovun təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi seçilməsi; 4) Təşəbbüs qrupunun qeydiyyata alınması üçün yerli rəy sorğusu komissiyasına müraciət edilməsi qərara alınmışdır. “Təşəbbüs qrupu”nun səlahiyyətli nümayəndəsi 18 sentyabr 2021-ci il tarixli iclas qərarının əslini Quba Bələdiyyəsinin inzibatı ərazisi üzrə 52 saylı Quba dairə seçki komissiyasına təqdim edərək, “Təşəbbüs qrupu”nun qeydiyyata alınmasını xahiş etmişdir. 52 saylı Quba seçki dairəsinin 01 noyabr 2021-ci il tarixli, № 26 nömrəli məktubuna əsasən, “Təşəbbüs qrupu”nun müraciəti təmin edilməmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, fəaliyyətdə olan hər-hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü “Yerli rəy sorğusu” haqqında Azərbaycan Respublikasın Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. İddiaçı verilən imtina ilə razılaşmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadı onunla əsaslandırmışdır ki, “qanunvericiliyin tələblərindən göründüyü kimi, yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Fəaliyyətdə olan hər hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü qanunvericiliklə nəzərdə tutulmamışdır. Habelə iş materiallarına əlavə edilmiş protokollardan da göründüyü kimi iddiaçı kimi qeyd edilmiş təşəbbüs qrupunun qeydiyyatı tam şəkildə həyata keçirilməmişdir.” Kollegiya hesab edir ki, hazırkı işdə iddianın mümkün sayılmamasına əsas verə biləcək hal yoxdur. Hazırkı mübahisənin predmeti yaradılmış təşəbbüs qrupunun qeydə alınmasına dair cavabdehin imtinasının qanuniliyinin yoxlanılmasıdır. İşdən göründüyü kimi, təşəbbüs qrupu “Yerli rəy sorğusu haqqında” qanunun 12-ci maddəsində göstərilən qaydada yaradılmış və 13-cü maddəsinə əsasən, səlahiyyətli nümayəndə qrupun qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, sonuncu imtina etdiyindən məhkəmədə iddia qaldırılmışdır. Belə ki, “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. - 12-ci maddəsinə əsasən, Yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupu yaradılır. Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaşlar yığıncaq keçirirlər və aşağıdakı məsələlərə baxırlar: 1) Təşəbbüs qrupunun yaradılması; 2) Yerli rəy sorğusuna məsələnin irəli sürülməsi; 3) Səlahiyyətli nümayəndənin təyin edilməsi; 4) Təşəbbüs qrupunun qeydiyyata alınmaq barədə ərazi rəy sorğu komissiyasına müraciət edilməsi. Həmin məsələlər yığıncaqda müzakirə edilir və müvafiq qərar qəbul edilir. Yığıncağın gedişi barədə protokol tərtib olunur və protokol təşəbbüs qrupunun üzvləri tərəfindən şəxsiyyət vəsiqəsinin (pasportun) nömrəsi və seriyası, daimi yaşayış yeri göstərilməklə imzalanır. Təşəbbüs qrupu yerli rəy sorğusuna çıxarılan məsələni dürüst ifadə etməlidir ki, ona birmənalı cavab verilməsi mümkün olsun. - 13-cü maddəsinə əsasən, təşəbbüs qrupu yığıncaq keçirdikdən sonra ərazi rəy sorğusu komissiyasına yazılı formada müraciət edir. Müraciətə təşəbbüs qrupunun yaradılması üçün keçirilən yığıncağın protokolu əlavə olunur. Ərazi rəy sorğusu komissiyası yuxarıda göstərilən sənədlər təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 2-ci, 3-cü və 12-ci maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Təşəbbüs qrupu qeydə alındıqda səlahiyyətli nümayəndəyə təşəbbüs qrupunun qeydə alınması barədə şəhadətnamə və bu Qanunun əlavəsində göstərilmiş formada müvafiq sayda təsdiq edilmiş imza vərəqələri verilir. Təşəbbüs qrupu qeydə alınmaqdan imtina edilməsindən müvafiq məhkəməyə şikayət edə bilər. Həmin şikayətə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır. Göründüyü kimi, sadalanan qanunvericilik normalarına əsasən, hazırkı iş üzrə Quba Bələdiyyəsinin ərazisində yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan 16 vətəndaşdan ibarət təşəbbüs qrupu yaradılmış və qeydə alınması məqsədilə cavabdehə müraciət edilmişdir. Cavabdeh iddiaçını qeydə almaqdan imtina etdiyindən, sonuncunun məhkəməyə şikayət etmək hüququ nəzərdə tutulmuşdur. Bu halda birinci instansiya məhkəməsi verilən iddiaya 3 gün müddətində mahiyyəti üzrə baxaraq qəti qərar qəbul etməlidir. Beləliklə kollegiya hesab edir ki, verilmiş iddia mümkünlük şərtinə cavab verir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün hazırkı iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(118)-2264/2021 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-767/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-767/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver