Məhkəmə qərarları › İş №2-1(105)-768/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-768/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-768/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2, X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(118)- 829/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). ГЕ seriyalı, 129348 nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. HB seriyalı, 965496 nömrəli diploma əsasən, İddiaçı 1981-ci ildə “Çingiz İldırım” adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və “Elektron-hesablama aparatlarının kostruksiya edilməsi və istehsalı” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 25 iyun 1986-cı il tarixli qərarı ilə ona “Mühəndis-konstruktor texnoloq” ixtisası verilmişdir. İddiaçı təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Qazax rayonu “İskra” Üzümçülük Sovxozunda işləmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azneftximavtomat” müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Sirad” X4, xx.xx.1994cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Kamil-91” kiçik müəssisəsində işləmiş, xx.xx.1997ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" Birgə Müəsisəsində mühəndis vəzifəsində işləmiş, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" Qrup MMC-də işləmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işləmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" İnşaat TAAHHUT Anonim Şirkətinin AR filialında işləmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" BM-də inşaat işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək inşaat işləri üzrə mühəndis vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “X8” MMC-də, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işləmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" BM-də inşaat işləri üzrə nəzarətçi vəzifəsində işləmişdir. İddiaçı 08 fevral 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-51163/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi "xxxx" ST-nin xx.xx.2023-cü il tarixli, AZF-2023/24-K nömrəli arayışında onun sözügedən müəssisədə xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək mühəndis, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək inşaat işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək inşaat işləri üzrə mühəndis və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək inşaat işləri üzrə nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr sözügedən arayışda istinad edilən iş icraçıları vəzifəsinə aid deyil. Bununla da, İddiaçı güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.1961-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" B.M-nin 06 fevral 2023-cü il tarixli AZF2023/24-K saylı güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçının həmin müəssisədə cəmi iş stajı 16 il 8 ay 10 gündür və onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş bəndələrə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, onun işlədiyi həmin vəzifələr NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 27-ci bəndinə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sonradan iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(118)-829/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş bəndələrə uyğun əmək fəaliyyəti ilə məşğul olan iddiaçıya münasibətdə işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Başqa sözlə, tikinti sahəsində işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq zərərli sahədə çalışıblar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. İddiaçının "xxxx" Birgə Müəsisəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək mühəndis, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək inşaat işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2018ci il tarixədək inşaat işləri üzrə mühəndis və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək inşaat işləri üzrə mühəndis işlədiyi vəzifələr Siyahıda həmin başlıq altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinin iş icraçıları peşələrinə uyğundur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi vəzifələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğunlaşdıraraq onun güzəştli sosial sıöorta stajına daxil edilməli olduğu qənaətinə gəlmişdir. Bu məsələyə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 4.1.20-ci yarımbəndinə əsasən güzəştli iş stajı işəgötürən tərəfindən tərtib edilmiş arayışla müəyyənləşdirilir. İş materiallarına əsasən, iddiaçının təqdim etdiyi arayışda cavabdehin mübahisələndirdiyi dövrlər güzəştli peşələrin siyahısında əks olunmamış, həmçinin iddiaçı tərəfindən cavabdehə inzibati araşdırma zamanı həmin dövrlərin zərərli iş olmasına dair əsaslandırılmış vəzifə təlimatları təqdim edilməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin dövrlər iddiaçının iş stajına daxil edilməməlidir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq ona xx.xx.2022-ci il tarixdən edilmiş pensiya təyinatı ilə razılaşdığını bildirmişdir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı

İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədədir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması və 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Bununla belə, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının yuxarıda qeyd edilən məlumatlarından müəyyən edilir ki, iddiaçının əmək kitabçası üzrə iş stajı 32 il 11 ay 09 gün, hərbi xidmət dövrü 10 ay 12 gün (xx.xx.1985-xx.xx.1986-cı il tarixləri), təhsil dövrü 05 il (1981-1986-cı illər) olmaqla, ümumi iş stajı 38 il 09 ay 21 gün təşkil edir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının "xxxx" Birgə Müəsisəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi mühəndis, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək inşaat işləri üzrə nəzarətçi, xx.xx.2014cü il tarixdən xx.xx.2018-ci il tarixədək inşaat işləri üzrə mühəndis vəzifələrinin güzəştli arayışda istinad edilən siyahının iş icraçıları vəzifəsinə uyğun olmadığından, həmin dövrün güzəştli staj kimi qəbul edilmədiyini, bu səbəbdən ümumiyyətlə güzəştli iş stajının olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, əmək kitabçasının qeydlərinə əsasən iddiaçı "xxxx" Birgə Müəsisəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək mühəndis, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək inşaat işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək inşaat işləri üzrə mühəndis vəzifəsində işləmişdir. Həmçinin, həmin müəssisə tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, AZF- 2023/24-K nömrəli güzəştli arayışda iddiaçının xx.xx.1997-xx.xx.2007-ci illərdə mühəndis, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2020-xx.xx.2022-ci illərdə inşaat işləri üzrə nəzarətçi, xx.xx.2014-xx.xx.2018-ci illərdə inşaat işləri üzrə mühəndis vəzifələrində işlədiyi, həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’’ nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin b) mütəxəssislər bölməsinin “iş icraçıları” bəndinə uyğun olduğu göstərilmişdir. Qeyd olunan dövrlə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC 19 dekabr 2023-cü il tarixli, AZF-2023/421/L nömrəli məktubu ilə iddiaçının xx.xx.1997-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi mühəndis, inşaat işləri üzrə nəzarətçi vəzifələrinin iş icraçıları vəzifəsi ilə eyni işləri icra etdiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən 06 sentyabr 2024-cü il tarixli, AZF-2024/257-L nömrəli məktubla məhkəməyə iddiaçının həmin müəssisədə işlədiyi mühəndis, inşaat işləri üzrə nəzarətçi vəzifələrinin, eləcə də Siyahıda göstərilən iş icraçıları vəzifəsinin vəzifə öhdəlikləri barədə məlumat təqdim edilmişdir. Sözügedən müəssisə tərəfindən həm kollegiyaya, həm də birinci instansiya məhkəməsinə təqdim edilən müvafiq məktublardan görünür ki, iddiaçının işlədiyi inşaat mühəndisi, inşaat işləri üzrə nəzarətçi vəzifələrinin və iş icraçısının əmək funksiyaları eyni olmaqla, bu vəzifə sahiblərinin vəzifə öhdəliklərinə: - İş sahəsinin hazırlanmasına nəzarət etmək, sahədə tələb olunan müvafiq sənədləşmə və plan üzrə öhdəsinə düşən işlərin dəqiqliklə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək; - İşin icra paketlərinə (workpack) görə material tələbi hazırlamaq və jurnalda qeydiyyatını aparmaq; - Tələb əsasında anbardan verilmiş avadanlıq, mexanizm, materialların uçotunu aparmaq və sahədə yerləşdirilməsinə nəzarət etmək; - Tabeliyində olan işçilərə tapşırıqlar vermək, həmin tapşırıqların vaxtında icra edilməsini və işin gedişini nəzarətdə saxlamaq; - Material, avadanlıq, mexanizmlə birlikdə iş paketlərinin icrası üçün tabeçiliyində olan işçilərə göstəriş vermək və işin dəqiq, vaxtında, yüksək səviyyədə və təhlükəsiz aparılmasına birbaşa nəzarət etmək və s. aid edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi mühəndis, inşaat işləri üzrə mühəndis və inşaat işləri üzrə nəzarətçi vəzifələri siyahıda istinad edilən iş icraçısı vəzifəsinə tam uyğundur. Bununla da müəyyən edildi ki, iddiaçının xx.xx.1997-xx.xx.2007-ci il, xx.xx.2013xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2018-ci il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı 16 il 07 ay 31 günlük dövr ərzində "xxxx" BM-də işlədiyi mühəndis, inşaat işləri üzrə mühəndis, inşaat işləri üzrə nəzarətçi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin b) mütəxəssislər yarımbölməsinin “iş icraçıları” bəndinə uyğun gəlir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının 12,5 ildən artıq (16 il 07 ay 31 gün) güzəştli iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(118)-829/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar