Məhkəmə qərarları › İş №2-1(105)-769/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-769/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-769/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)- 1379/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, Şamaxı rayonunda anadan olmuşdur. ünvan 1i ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi AZE seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 20 noyabr 1982-ci il tarixdən 30 oktyabr 1995-ci il tarixədək “Komsomol” kolxozunda işləmiş, 02 noyabr 1995-ci il tarixdən 23 mart 1999-cu il tarixədək Azərbaycan Dəmir Yolunda klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, 10 oktyabr 2001-ci il tarixdən 28 oktyabr 2002-ci il tarixədək hərəkət heyətinin təmiri üzrə çilingər vəzifəsində işləmiş, 28 oktyabr 2002-ci il tarixdən vaqon müayinəçisi peşəsinə, 27 dekabr 2006-cı il tarixdən böyük vaqon müayinəçisi peşəsinə keçirilmiş, 30 yanvar 2018-ci il tarixədək həmin vəzifədə işləmiş, 30 yanvar 2018-ci il tarixdən halhazıradək böyük vaqon baxıcısı – təmirçisi vəzifəsində işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 17 oktyabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 31 oktyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”’nın 21-ci “Nəqliyyat” bölməsinin 21.4-ci bəndində (Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər) vaqonların baxıcıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X5 iddiaçıya dair 22 aprel 2021-ci il tarixli, 243 nömrəli arayışında xx.xx.2006-cı il tarixdən bu günədək Azərbaycan vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində və Şimal vaqon deposunda böyük vaqon baxıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi böyük vaqon baxıcısı vəzifəsi yuxarıda qeyd olunan vaqonların baxıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 8 gün (xx.xx.1995xx.xx.1999, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İlk əmək fəaliyyətinə 20 noyabr 1982-ci il tarixdən başlamışdır. 1982-1995-ci illərdə “Komsomol” kolxozunda, 1995-2021-ci illərdə "xxxx" QSC-də işləmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuna zidd və əsassızdır. Belə ki, onun işlədiyi vaqon baxıcısı və böyük vaqon baxıcısı peşələri eyni statuslu peşələrdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1379/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının işlədiyi “böyük vaqon baxıcısı” peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmaması ilə bağlı dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda “böyük vaqon baxıcısı” işfadəsi işlənilməsə də, həm "xxxx" QSC iddiaçı barəsində tərtib edilən arayışında, həm də məhkəmənin sorğusuna cavab məktubunda böyük vaqon baxıcısı və böyük vaqon baxıcısı-təmirçisi peşələrinin təsdiq edilmiş ştat cədvəlinə əsasən fəhlə kateqoriyasına aid edildiyini və iş funksiyalarının eyni olduğunu bildirmişdir. İddiaçının ümumi və güzəştli iş stajı kifayət qədər olduğundan ona güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi təmin edilməlidir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya onun güzəştli iş stajının 12 il 6 aydan az olması (8 il 7 ay 8 gün) əsası ilə imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Hesab edir ki, məhkəmənin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21-ci “Nəqliyyat” bölməsinin 21.4-ci bəndində (Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər) vaqonların baxıcıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X5 iddiaçıya dair 22 aprel 2021-ci il tarixli, 243 nömrəli arayışında xx.xx.2006-cı il tarixdən bu günədək Azərbaycan vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində və Şimal vaqon deposunda böyük vaqon baxıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi böyük vaqon baxıcısı vəzifəsi yuxarıda qeyd olunan vaqonların baxıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 8 gün (xx.xx.1995-xx.xx.1999, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən bu günədək Azərbaycan vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində və Şimal vaqon deposunda işlədiyi peşə AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda qeyd olunmamışdır. İddiaçının güzəştli iş stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğu fə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən) aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçıya münasibətdə qanunvericilikdə tələb olunan pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Cavabdehin nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 01 aprel 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması (xx.xx.2021), 25 il ümumi iş stajına və qanunvericiliklə tələb olunan pensiya kapitalına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Bununla yanaşı, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus AZE seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 20 noyabr 1982-ci il tarixdən 30 oktyabr 1995-ci il tarixədək “Komsomol” kolxozunda işləmiş, 02 noyabr 1995-ci il tarixdən 23 mart 1999-cu il tarixədək, 10 oktyabr 2001-ci il tarixdən hal-hazıradək Azərbaycan Dəmir Yolları” QSC-də işləyir. İddiaçı 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (03 il). Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Qanunvericilikdə tələb olunan pensiya kapitalı ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə kollegiyasına təqdim edilən cavabdeh inzibati orqanın xidməti məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560 manat təşkil etdiyi halda, həmin tarixə onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 39423,03 manat hesablanmışdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında hazırda iddiaçıya münasibətdə qanunvericilikdə tələb olunan pensiya kapitalı ilə bağlı mübahisə olmadığını bildirmişdir. Qeyd edilənlərdən iddiaçıya münasibətdə qanunvericilikdə tələb olunan pensiya kapitalı ilə bağlı şərtin ödənildiyi müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1995xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə, 8 il 7 ay 8 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Bununla belə, həmin güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1995-xx.xx.1999-cu il tarixlərində Azərbaycan Dəmir Yolu Biləcəri vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, xx.xx.2001-xx.xx.2002ci il tarixlərində hərəkət heyəti təmiri üzrə çilingər, xx.xx.2002-xx.xx.2006-cı il tarixlərində vaqon müayinəçisi vəzifələrində işləmişdir. "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçı QSC-nin Yük daşımaları departamentinin Biləcəri vaqon deposunda xx.xx.1995-ci il tarixdənm xx.xx.1999-cu il tarixədək klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək hərəkət heyətinin təmiri üzrə çilingər, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək vaqon müayinəçisi işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21-ci hissəsinin “Nəqliyyat” 21.1-ci bəndində “Dəmiryol nəqliyyatı və metropoliten” və 21.4-cü bəndində “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər” kimi nəzərdə tutulmuşdur. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2006-cı il tarixlərində hazırkı "xxxx" QSC-də klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər və vaqon müayinəçisi vəzifələrində işləmişdir. (08 il 07 ay 08 gün) İddiaçının işlədiyi klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər və vaqon müayinəçisi peşələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21. “Nəqliyyat” bölməsinin 21.1. “Dəmiryol nəqliyyatı və metropoliten” yarımbölməsində “çənlərin təmiri, doldurulması və klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər”, 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində “vaqonların baxıcıları” qeyd edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.2006-cı il tarixdən hal-hazıradək "xxxx" QSC-də işlədiyi böyük vaqon baxıcısı vəzifəsinin AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vaqonların baxıcıları vəzifəsinə uyğun olmadığını bildirərək, həmin dövrü güzəştli iş stajı kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisələndirilən dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 27 dekabr 2006-cı il tarixdən 30 yanvar 2018-ci il tarixədək sözügedən müəssisədə Güzdək vaqon hazırlama məntəqəsində böyük vaqon müayinəçisi işləmiş (“Ştat cədvəlində vəzifələrin adı və dərəcə üzrə tarif qiymətlərində dəyişikliklər haqqında” əmrə əsasən 5-ci böyük vaqon müayinəçisi-təmirçisi, 5-ci böyük vaqon baxıcısı-təmirçisi adlandırılmışdır), 30 yanvar 2018-ci il tarixdən hal-hazıradək Güzdək texniki xidmət məntəqəsində böyük vaqon baxıcısı-təmirçisi vəzifəsində işləyir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 243 saylı güzəştli arayışda yuxarıda istinad edilən arayışda qeyd edilənlər təkrarlanaraq əlavə olaraq göstərilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən həmin müəssisədə böyük vaqon baxıcısı vəzifəsinə keçirilmiş, ”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Sədrinin xx.xx.2017-ci il tarixli, 114/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında X5 yaradılması ilə əlaqədar xx.xx.2018-ci il tarixdən iddiaçının əmək müqaviləsi ləğv edilmiş və o, həmin tarixdən Şimal vaqon deposuna böyük vaqon baxıcısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən hal-hazıradək həmin deponun texniki xidmət məntəqəsində böyük vaqon baxıcısı vəzifəsində işləyir. Yuxarıda qeyd edilən dövrlərdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli iş stajı 30 il 08 ay 04 gün təşkil edir. İddiaçı AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21-ci bölməsinin 21.1-ci bəndinə görə (Dəmiryol nəqliyyat və metropoliten fəhlələr) və 21.4-ci bəndinə görə (Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər) güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, arayışın “qeyd” hissəsində göstərilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xüsusi göstərişi ilə maliyyə sahəsində mövcud problemlərlə əlaqədar bəzi peşələrin həvalə edilməsi ilə icrası qərarı qəbul edilmişdir. Belə ki, növbədə mövcud olan işçilərin sayından asılı olaraq vaqon təmiri prosesində vaqonların təmir edilib istismara buraxılması işinin sənədləşdirilməsini təmin etmək üçün vaqon baxıcısı təmirçiləri arasından hər 10 nəfərdən bir nəfərə depo rəisinin daxili əmri ilə növbə rəhbəri vəzifəsi həvalə edilir və bu əmr hər il yenilənirdi. İddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək əsas iş yeri və əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə borcu və öhdəlikləri vaqon baxıcısı təmirçisi peşəsi üzrə olmaqla, böyük vaqon baxıcısı-təmirçisi peşəsi həvalə edilmişdir. ”Böyük vaqon baxıcısı-təmirçisi” peşəsi fəhlə kateqoriyasına aid olmaqla, vəzifə öhdəlikləri vaqonun qatardan ayrılmayaraq texniki prosesə əsasən müəyyən edilmiş vaxtda texniki baxışı və nasaz hissələrinin təmirini yerinə yetirməkdir. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixdən 30 yanvar 2018-ci il tarixədək "xxxx" QSCdə böyük vaqon müayinəçisi, 30 yanvar 2018-ci il tarixdən hal-hazıradək böyük vaqon baxıcısı-təmirçisi vəzifəsində işləyir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bununla bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının QSC-də işlədiyi böyük vaqon baxıcısı və böyük vaqon baxıcısı-təmirçisi peşələri təsdiq edilmiş ştat cədvəllərinə əsasən fəhlə kateqoriyasına aid edilməklə, həmin peşələrin vəzifə funksiyaları üzrə işlərin xüsusiyyətləri “texnoloji iş prosesinin” tələblərinə uyğun olaraq qatarların təhlükəsiz hərəkətinə və ya yüklərin toxunulmazlıq təhlükəsizliyinə zərər yetirən nasazlıqların aşkara çıxarılması üçün vaqonların hər tərəfini yoxlamaqla, texniki müayinə edilməsindən, qatarlara texniki baxış zamanı aşkar olunmuş nasaz vaqonların keyfiyyətli təmir olunmasından və s. ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-637/2023 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə də cavabdeh orqanın kassasiya şikayətinin dəlili iddiaçının 1998-2018-ci illərdə "xxxx" QSC-də işlədiyi baş vaqon baxıcısı vəzifəsinin AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda göstərilmiş vaqon baxıcıları vəzifəsinə uyğun olmamasıdır. Kassasiya instansiya məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab edərək iddiaçının həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınmalı olması qənaətinə gəlmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının işlədiyi böyük vaqon müayinəçisi və böyük vaqon baxıcısı-təmirçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın

21. “Nəqliyyat” bölməsinin 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinə (vaqonların baxıcıları) uyğun gəlir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır. Beləliklə, iddiaçının 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 01 aprel 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1379/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar