Məhkəmə qərarları › İş №2-1(105)-769/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-769/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-769/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2261/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən təqdim olunmuş aprel 03 aprel 2018-ci il tarixli məlumat vərəqində xidmət illəriniz 44 il 7 ay 10 gün (təqvimi xidmət illəri 35 il 5 ау, güzəştli xidmət illəri 9 il 2 ay 10 gün), vəzifə maaşınız 321,00 manat, rütbə maaşınız 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz-225,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz-112,35 manat, yüksəkliyə görə vəzifə və rütbə maaşının, xidmət illəri və məharət dərəcəsinə görə əlavələrin cəmi məbləğinin 10 faizi miqdarında əlavəniz-78,88 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyiniz 931,73 manat göstərilib. Həmin məlumat vərəqinə və ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 20.14.1-ci və 20.15-ci maddələrinin tələblərinə uyğun olaraq, Mərkəzi Filial tərəfindən sizə 9 mart 2018-ci il tarixindən 44 il 7 ay 10 gün xidmət müddəti üçün təminat xərcliyinizin (931,73 manat) 100 faizi-973,31 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. 13 mart 2023-cü il tarixində əmək pensiyanızın yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmisiniz. Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 20 fevral 2023-cü il tarixli 403 nömrəli yeni məlumat vərəqinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 432 manat, rütbə maaşınız 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz-291,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəninz 151,20 manat, yüksəkliyə görə vəzifə və rütbə maaşınız, xidmət illəri və məharət dərəcəsinə görə əlavələrin cəmi məbləğinin 20 faizi miqdarında əlavəniz-204,84 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla əmək pensiyanız yenidən hesablanaraq müvafiq təminat xərcliyinizin (1293,04 manat) 100 faizi-1293,04 manat müəyyən edilib və müraciət etdiyiniz tarixdən (13 mart 2023-cü il) keçmiş üç il müddət üçün yenidən hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 3953,16 manat fərq məbləğinin 329,43 manat hissəsi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə sizə ödənilib, qalan 3623,73 manatı isə Mərkəzi Filiala müraciətinizi nəzərə alaraq cari ilin avqust ayında pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülüb. Eyni zamanda Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 1422,34 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1631,42 manata artırılaraq ödənilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 20 fevral 2018-ci il tarixdən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 432,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 291,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 151,20 manat, yüksəkliyə görə vəzifə və rütbə maaşının, xidmət illəri və məharət dərəcəsinə görə əlavələrin cəmi məbləğinin 20 faizi miqdarında əlavə - 204,84 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla əmək pensiyasının yenidən hesablanaraq müvafiq təminat xərcliyinin (1293,04 manat) 100 faizi - 1293,04 manat müəyyən edilib və onun ilkin müraciətinə cavab verildiyi tarixdən, yəni xx.xx.2021- ci il tarixdən üç il əvvəl müddətində, yəni xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “X2 xidmətdən buraxıldığı 08 mart 2018-ci il tarixindən 2020-ci ilin mart ayınadək ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt İnzibati Məhkəməsinə 9 sentyabr 2021-ci il tarixdə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5ci bəndinə və onun işlədiyi ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxanda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq ona əmək haqqında artımın (əmsalın) minimum miqdarının 1,2% məbləğində müəyyən edilməsi" barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2-1(118)-268/2022 nömrəli qərarı ilə onun “əmək haqqımda artımın minumum miqdarının 1,2% məbləğində müəyyən edilməsi” iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 365/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2- 1(118)-268/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, xidmətdən buraxıldığı günə aldığını əmək haqqında artmım (əmsal) minumum miqdarı 1,2 məbləğində müəyyən edilərək yeni məlumat vərəqinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 365/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-A-246367/2023 saylı əmək pensiyasının hesablanması haqqında imtina məktubunda qeyd edilir ki, əmək pensiyam üzrə keçmiş üç il müddət üçün hesablanmış 3953,16 manat fərq məbləğinin 329,43 manat hissəsi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə mənə ödənilib, qalan 3623,73 manatı isə Mərkəzi Filiala müraciətim nəzərə alaraq cari ilin avqust ayında pensiyamın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb, həm də qeyd edilir ki, müraciət etdiyim tarixdən (13 mart 2023-cü il) keçmiş üç il müddət üçün yenidən hesablanıb.Bu tamamilə absurddur. Halbuki imtina məktubunda qeyd edildiyi kimi “Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanununun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulub. Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən mənim ilkin müraciətimə cavab verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən üç il əvvəl müddətində, yəni xx.xx.2018-ci il tarixdən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların(əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5-ci bəndinə və iddiaçının işlədiyi ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq ona əmək haqqında artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilməsi” barədə tələbi üzrə ödənilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1- ci və 37.7- ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış emək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. İddiaçı iddia edir ki, pensiya hüququ yarandığı gündən, xx.xx.2018-ci il tarixdən üç il keçməmiş 2021-ci ilin fevral ayından mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etdiyini bildirmişdir. Lakin iddiaçı onu nəzərə almır ki, həmin dövrdə ona Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin məlumat vərəqinə əsasən pensiya təyin edilmişdir. Daha sonra, iddiaçı “yeni məlumat vərəqinin verilməsi” tələbi ilə Daxili İşlər Nazirliyini cavabdeh qismində qeyd etməklə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Ali Məhkəmə xx.xx.2022-ci il tarixli, 2-1(102)-2355/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Bundan sonra iddiaçı 13 mart 2023-cü il tarixdə yeni məlumat vərəqi əsasında Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalına müraciət etmiş, Mərkəzi filial tərəfindən Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən həmin tarixdən əvvəlki üç il üzrə yüksəkliyə görə vəzifə və rütbə maaşının, xidmət illəri və məharət dərəcəsinə görə ələvələrin cəmi məbləğinin 20 faizi məbləğində hesablanaraq ödənilmişdir. Göründüyü kimi iddiaçıya yeni məlumat vərəqinə əsasən həmin tarixdən əvvəlki üç il nəzərə alınmaqla pensiyaya əlavə hesablanaraq ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2261/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı X2 xidmətdən buraxıldığı 08 mart 2018-ci il tarixindən 2020-ci ilin mart ayınadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002- ci il tarixli 137 nömrəli qərarının 5- 6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanararaq yeni məlumat vərəqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. İddiaçının pensiya təminatı hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsasında qəti şəkildə bərpa olmuşdur. İddiaçı qazanmış hüququn hazırkı cavabdeh orqandan tələb etməsinə baxmayaraq, onun müraciət əsassız olaraq təmin edilməmişdir. ddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. İş materiallarından göründüyü kimi, məhz onun pensiya təminatı hüququ digər məhkəmə mübahisəsi əsasında təmin edilmiş, lakin cavabdehin hərəkətləri pryedusial əhəmiyyət daşıyan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarının təftiş edilməsi ilə nəticələnə bilər. Belə olan halda iddiaçı tərəfindən məhkəmə qaydasında qazanılmış hüququn iddiaçının günahı ucbatından olmadan məhdudlaşıdırlması yolverilməzdir. Nəzərə alınmalıdır ki, Qanunun 32.1-1-ci maddəsi əmək pensiyalarının ödənilməsi üçün 3 illik müddət müəyyən edib, iddia tələbi isə əmək pensiyası ilə deyil əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlıdır.Göründüyü kimi Qanunun 32.2-1-ci maddəsində əlavələrin ödənilməsi ilə bağlı (məhdudiyyət) hər hansı bir müddəa öz əksini tapmayıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar ... Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. .. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” Bənd 1. bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -... Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, ... xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd 2. bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarı ... Bənd 5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına 1 nömrəli əlavə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı təsdiq edilmişdir. 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələri ... Hilədərə, Coqara, Xozavi, Təngəbin, Qoşmalyan, Hivəri, Xocadoy, Lələkəran, Yuxarı Ambudərə, Aşağı Ambudərə, Məhləabad, Kələxan, Hüseynabad, Gövdərə, Tatoni, Kəlvəz, Şonaçola ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Kostitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müəyyən dövr üzrə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində müvafiq yeni məlumat vərəqi 20 fevral 2023-cü il tarixdə təqdim edildiyindən, bununla bağlı iddiaçının müraciəti 13 mart 2023-cü il tarixli olduğundan, qanunvericiliklə müəyyən edilmiş qaydada keçmiş üç il üçün məbləğib hesablanmalı olduğundan, 2018-2020-ci ilə aid dövr üzrə nəzərə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının xidmətdən buraxıldığı günə aldığıəmək haqqında artımın (əmsalın) minimum miqdarının 1,2 məbləğində müəyyən edilərək, yeni məlumat vərəqinin tərtib edilməsi öhdəliyinin müvafiq inzibati orqanın (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin) üzərinə qoyulması qərara alınmışdır. Həmçinin, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı müvafiq inzibati orqanın xx.xx.2018-ci il tarixli əmr ilə xidmən azad edilmiş, iddiaçının xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalı, habelə hansı məbləğlərin nəzərə alınması müəyyən edilərək, yeni məlumat vərəqinin verilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, iddiaçı hazırki müraciətlə bağlı 13 mart 2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan yeni məlumat vərəqəsinin məhz 20 fevral 2023-cü il tarixdə verilməsi və bununla bağlı iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin 13 mart 2023-cü il tarixdə olması halına istinad edərək, müvafqi Qanunun 32.1-1-ci maddəsinin tələbini əsas götürərək, keçmiş üç il üçün müddətə hesablanmanı həyata keçirmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq inzibati orqan tərəfindən iddiaçının xidmətdən azad edildiyi vaxtda (2018-ci il tarixdə) təqdim etdiyi məlumat vərəqində olan məlumatların düzgün olmaması və nəticə olaraq məhkəmə qərarı əsasında müvafiq məlumatların daxil edilərək, yeni məlumat vərəqinin tərtib edilməsi ilə bağlı olan hallar iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmamışdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq inzibati orqan tərəfindən iddiaçı barəsində məlumat vərəqi 2018-ci il tarixdə tərtib edilərkən, orada əks olunmuş məlumatlar düzgün qeyd edilməmiş, xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s.nəzərə alınmalı olduğu halda, həmin məlumatlar nəzərə alınmadan məlumat vərəqəsi verilmiş, nəticə etibarilə bununla bağlı həmin tərəflər arasında məhkəmə mübahisəsi olmuş, məhz həmin məhkəmə mübahisəsinin nəticəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında inzibati orqan tərəfindən iddiaçı barsində müvafiq məbləğlər nəzərə alınmaqla, yeni məlumat vərəqinin verilməsi müəyyən edilmiş, bu səbəbdən yeni məlumat vərəqəsi 20 fevral 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi indiki halda müvafiq inzibati orqan tərəfindən 20 fevral 2023-cü il tarixdə verdiyi məlumat vərəqində əks olunmuş məlumatlar əslində iddiaçı barəsində xidmətdən xaric edildiyi vaxtda (2018-ci il tarixdə) tərtib edilmiş məlumat vərəqində öz əksini tapmalı idi. Lakin müvafiq inzibati orqanın öz öhdəliklərini lazimi qaydada və vaxtında düzgün icra etməməsi nəticəsində, həmin məlumatları əks etdirən yeni məlumat vərəqi məhkəmənin qərarı əsasında tərtib edilərək, 20 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. Nəticə etibarilə iddiaçının yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanması barədə müraciəti 13 mart 2023-cü il tarixdə olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, yeni məlumat vərəqi 2023-cü il tarixdə tərtib edilsə də, iddiaçının artıq xidmətdən xaric edildiyi vaxtda (2018-ci il tarixdə) həmin məlumat vərəqində əks olunmuş məlumatlar əsasında (məbləğlər nəzərə alınmaqla) əmək pensiyasının məbləğinin müəyyən edilməsi hüququna malik olmuşdur. Başqa sözlə desək, iddiaçının artıq 2018-ci il tarixdə qeyd edilən məbləğlər nəzərə alınmaqla, əmək pensiya məbləğinin müəyyən edilməsinə dair qazanılmış hüququ mövcud olmuşdur. Lakin həmin hüququn mövcud olduğu (yarandığı) vaxtda realizəsi məhz müvafiq qurumun öhdəliklərini lazimi qaydada və vaxtında icra etməməsi nəticəsində mümkün olmamışdır. Belə olan halda, iddiaçının müraciət tarixinin əsas götürülməklə, müvafiq Qanunun 32.1-1-ci maddəsinin tələbinin tətbiq edilməklə, keçmiş üç il müddət üçün əmək pensiyası məbləğinin yeni məlumat vərəqəsi əsasında hesablanması halı ilk növbədə mütənasiblik prinsipinin tələblərinə zidd olmuşdur. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, iddiaçı barəsində yeni məlumat vərəqəsinin 2018-ci il tarixdə verilməli olduğu halda, 2023-cü il tarixdə verilməsi halı iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciət tarixini əsas götürməklə, iddiaçının hüququnun yarandığı vaxtı nəzərə almamaqla, habelə əmək pensiya məbləğinin müəyyən edilməsinə təsir edən məlumatların artıq 2018-ci il tarixdə mövcud olduğunu, həmin məlumatların 2023-cü il tarixdə təqdim edilməsinin iddiaçının təqsiri ilə bağlı olmadığını, məhz müvafiq qurumun öz öhdəlikərini icra etməməsinin nəticəsində ortaya çıxması kimi nəzərə almamaqla, formal yanaşma tətbiq etmiş, nəticə etibarilə imtina əsasları qanunvericiliyin prinsiplərinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2261/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar