Məhkəmə qərarları › İş №2-1(105)-77/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-77/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-77/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdeh Qobustan Bələdiyyəsinə qarşı “bələdiyyənin iddiaçının atasına məxsus olan torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında protokol qərarının ləğv edilməsi və üçüncü şəxslərə verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(118)-598/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Qobustan Bələdiyyəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Bələdiyyəsinin iddiaçının atasına məxsus olan torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında xx.xx.2019-cu il tarixli 04 saylı protokol qərarının ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən üçüncü şəxsə verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 aprel 1995-ci il tarixində atası X16 Nərimankənd kəndində Bakı-Qazax yolunun 88-ci kilometrliyində sahibkarlıq fəaliyyəti məqsədi ilə əlaqədar 0.30 ha (30 sot) torpaq sahəsi ayrılmışdır. Tərəflərindən həmin ərazidə maşınlara texniki xidmət və çörəkbişirmə sexi tikilmiş və fəaliyyətə başlamışdır. 2011-ci ilə kimi həmin obyektlər fəaliyyət göstərmişdir. Həmin il rayona təzə təyin olmuş rayon icra Başçısı sahibkarlarla görüş keçirmiş və fəaliyyət göstərdikləri sahibkarlıq obyektlərində restavrasiya işlərinin aparılmasını tövsiyə etmişdir. Adı çəkilən onlara məxsus obyektlərdə ümumilikdə 16 il ərzində müxtəlif fasilələrlə sahibkarlıq fəaliyyəti göstərmişlər, qardaşı X22 İcra Hakimiyyətinə müraciət etmiş və ona bildirilmişdir ki, restavrasiya işlərinin aparılması üçün maddi imkanları yoxdursa bu halda tikintini söküb istədikləri vaxt yenidən tikinti işlərinə başlaya bilərlər. Bundan sonra adı çəkilən obyektlərin bünövrəyə qədər (hal- hazırda bünövrələr qalır) sökülməsi təmin edildi. Noyabr ayının əvvəllərində ona həmin ərazidə fəaliyyət göstərən qonşu sahibkarlar tərəfindən ərazidə tanımadığı şəxslər tərəfindən tikinti məqsədi ilə ölçmə və nişanlama işlərinin aparıldığı bildirildi. Həmin şəxslərlə söhbət nəticəsində müəyyən edildi ki, onlara məxsus olan ərazi təkrar satış rəsmiləşdirmə işləri aparılmaqla Qobustan şəhər sakini X3, o da bu sənədlər əsasında müvafiq dövlət qurumundan çıxarış əldə etmişdir. Hesab edir ki, bələdiyyə eyni torpaq sahəsi üçün bir neçə satış həyata keçirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(118)-598/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim C.Məmmədov). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri X16 08 iyun 1994-cü il tarixli Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin iclas protokoluna və 61 saylı qərarına əsasən Nərimankənd kəndinin kənarında sahibkarlıq fəaliyyəti məqsədi ilə əlaqədar 0,30 ha torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə maşınlara texniki xidmət və çörəkbişirmə sexi tikilmiş və fəaliyyət göstərmişdir. Bələdiyyə tərəfindən qanunsuz olaraq torpaq sahəsində tikinti məqsədi ilə ölçmə və nişanlama işləri aparılmış və ərazi qanunsuz yolla üçüncü şəxslərə satılmışdır. Həmçinin məhkəmə qərarında X13 istifadəsinə verilmiş torpaq sahələrinin X9 xüsusi mülkiyyətində torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən edilməsinin mümkün olmadığı, lakin iddiaçının naturada göstərdiyi torpaq sahəsinin bir hissəsinin Natəvan Nuriyeva tərəfindən X1 torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Hesab edir ki, təqdim edilmiş və məhkəmə prosesində tədqiq olunmuş sübutlar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmiş, işin faktiki halları düzgün və yetəri qədər araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən atasına xx.xx.1994-cü il tarixli Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin iclas protokoluna əsasən 30 sot torpaq sahəsi ayrılması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, şəxsin adına torpaq sahəsinin ayrılması sovxozların səlahiyyətində olmamış, həmin dövrdə torpaq sahələrinin ayrılması rayon, şəhər X18 səlahiyyətində olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Qobustan Rayon XDS rəyasət heyətinin xx.xx.1995-ci il tarixli 63 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, sahibkar X16 avtomobillərə texniki xidmət göstərmək məqsədilə təmir emalatxanası tikintisi və çörəkbişirmə sexi üçün 150 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə aid olduğundan, bələdiyyə öz inzibati ərazisində olan torpaq sahəsi üzərində sərəncam verilməsində diskression səlahiyyətə malikdir. Cavabdeh Qobustan bələdiyyəsi xx.xx.2019-cu il tarixli 04 saylı protokol qərarlarına əsasən öz səlahiyyətlərindən istifadə edərək, hərracın qalibi olmuş X11 torpaq sahələri satmış, o isə öz növbəsində qanunamüvafiq olaraq DƏDRX-nin 14 saylı Ərazi İdarəsindən müvafiq çıxarışlar almışdır. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsi elektron kadastr bazasında bələdiyyənin perspektiv inkişaf fondu kimi qeyd olunub və mübahisələndirilən ərazidə X13 adına torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Qobustan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı protokol qərarı əsasında mübahisə predmeti olan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması üçün hərracın keçirilməsi haqqında qərarlarının ləğv edilməsi üçün hər hansı bir əsas mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə iddianın mümkünlük şərtlərini araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edildiyi kimi, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarətdir: 1) Torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında bələdiyyənin 12 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi; 2) Torpaq sahəsinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsi. İddia ərizəsindən və apelyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı atasına Q.Cəbrayılov adına sovxoz tərəfindən ayrılmış 30 sot torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz olaraq üçüncü şəxslərə satılmasına dair qərarları mübahisləndirir. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla bələdiyyə qərarını və onun nəticələrini mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPMnin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İş materiallarında olan 08 iyun 1994-cü il tarixli, Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin ümumi iclasının 3 saylı protokolundan görünür ki, Nərimankənd kəndinin kənarında Bakı-Qazax yolunun sağ tərəfində 0,30 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçının atası X16 verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin torpaq sahəsinə dair sovxozun protokolu olsa da, torpaq sahəsinin ayrılması barədə Qobustan rayon XDS tərəfindən qərar qəbul edilməmişdir. Halbuki, zamana görə qüvvədə olmuş 1991-ci il tarixli redaksiyada olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 7-ci maddəsinə əsasən, torpaqlar Azərbaycan Respublikasında Xalq Deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. XDS qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; - 9-cu maddəsinə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər XDS öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; - 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər XDS tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir; - 23-maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər XDS qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; - 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər XDS tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Sadalanan normaların tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti həmin dövrdə rayon, şəhər X12 məxsus olmuş, torpaq sahəsinin verilməsinin sonuncu qurumun qərarı və dövlət aktı ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. İş materiallarından isə görünür ki, iddiaçının mərhum atasına sahibkarlıq məqsədilə 30 sot torpaq sahəsi həmin dövrdə səlahiyyətli olan dövlət orqanı tərəfindən deyil, sovxoz tərəfindən ayrılmışdır. Halbuki, həmin dövrdə torpaq sahəsinin ayrılması səlahiyyəti yalnız XDS-ə məxsus idi. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası SSRİ tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: (-) 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Qeyd olunan Siyahıdan da göründüyü kimi yalnız yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz rəhbərlərinin əmrləri torpaq sahəsi üzərində hüququn yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul edilmişdir. Hazırkı işdən isə görünür ki, 30 sot torpaq sahəsi yaşayış və ya bağ evinin tikintisi üçün deyil, sahibkarlıq məqsədilə Sədi Dəmirova ayrılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, 30 sot torpaq sahəsi üzərində Sədi Dəmirovun, o cümlədən mərhumun vərəsəsi olaraq iddiaçının qanunla qorunan sahiblik, istifadə və mülkiyyət hüquqları yaranmamışdır. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının bələdiyyə qərarının və onun nəticələrinin ləğvinə dair iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Eyni zamanda kollegiya qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, Qobustan Rayon XDS Rəyasət Heyətinin 10 iyul 1995-ci il tarixli 63 nömrəli qərarına əsasən, X16 avtomobillərə texniki xidmət göstərmək məqsədilə təmir emalatxanası tikintisi və çörəkbişirmə sexi üçün 150 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia ərizəsində, həmçinin apellyasiya şikayətinin dəlillərində Qobustan Rayon XDS-nin qərarı ilə X16 ayrılmış 150 kv.m torpaq sahəsi ilə bağlı tələb irəli sürməsə (iddia ərizəsində və apelyasiya şikayətində iddiaçı yalnız bələdiyyə qərarı ilə üçüncü şəxslərə satılan torpaq sahəsinin sovxoz tərəfindən ayrılmış 30 sot torpaq sahəsinin hüdudları daxiində yerləşdiyini bildirmişdr) də, məhkəmə iclasında verdiyi izahatında üçüncü şəxslərə torpaq sahəsi ayrılarkən, 150 kv m torpaq sahəsinin də zəbt edildiyini bildirmişdir. Qeyd edilən faktı aydınlaşdırmaq məqsədilə məhkəmə kollegiyası tərəfindən mütəxəssis rəyinin alınması təmin edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Qobustan rayon X21 Rəyasət heyətinin 10 iyun 1995-ci il tarixli 63 saylı qərarı ilə X13 istifadəsinə verilmiş 0.015 ha torpaq sahəsinə dair heç bir texniki sənəd (ayrıc aktı, sxem, hər hansı plandan çıxarış və sair) təqdim edilməməsi səbəbindən qeyd edilən torpaq sahəsinin X6 adına reyestr nömrəsi **********32 sahəsi 0.06 hektar, reyestr nömrəsi **********33 sahəsi 0.06 hektar, reyestr nömrəsi **********49 sahəsi 0.018 hektar olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, hal-hazırda İddiaçı iddia etdiyi və naturada göstərdiyi şərti sərhədli torpaq sahəsinin 36 kv.m hissəsi Firuzə Gülalıyevanın adına reyestr nömrəsi **********33 sahəsi 0.06 ha olan torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyindən göründüyü kimi, 150 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı torpağın döngə nöqtələrinin koordinatları müəyyən edilmiş ayrıc aktı iş materiallarına əlavə edilmədiyindən torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İşin göstərilən hallarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Üçüncü şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğvinə dair iddia tələbinə münasibətdə isə kollegiya əlavə olaraq qeyd edir ki, subyektiv hüququnun olmaması ilə yanaşı, bu hissədə iddiaya cavab verməli inzibati orqan Qobustan bələdiyyəsi deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Ərazi idarəsidir. İddia düzgün cavabdehə qarşı qaldırılmamışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 2.3-cü bəndinə əsasən. məhkəmələr ilk növbədə .....cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını......yoxlamalıdırlar. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının subyektiv hüququn mövcudluğu şərti olaraq qəbul edilsə belə, işdən görünür ki, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Bu əsasla da iddia mümkün iddia deyildir. Belə ki, işdə olan sənədlərdən görünür ki, - Qobustan bələdiyyəsinin 22 noyabr 2018ci il tarixli, 11 nömrəli iclas protokoluna əsasən, Bələdiyyənin alqı-satqı predmeti olan 180 kv.m torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi məqsədi ilə, 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə və 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə hərrac və ya müsabiqə yolu ilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması qərara alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********502 reyestr nömrəli, **********501 reyestr və **********500 reyestr nömrəli çıxarışlara əsasən Qobustan rayonu, Nərimankənd kəndində yerləşən 0,018 ha, 0,06 ha, 0,06 ha torpaq sahələri xx.xx.2019-cu il tarixində bələdiyyə mülkiyyət hüququ üzrə Qobustan Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, sadalanan sənədlərdən görünür ki, mübahisə predmeti olan 1380 kv m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Qobustan bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış və hazırda həmin qeydiyyat qüvvədədir. Qobustan bələdiyyəsinin 12 aprel 2019-cu il tarixli, 04 nömrəli iclas protokoluna əsasən, Bələdiyyənin alqı-satqı predmeti olan 180 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün, 600 kv m və 600 kv m torpaq sahəsinin həyətyanı məqsədilə mülkiyyətə verilməsi üçün hərracın keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başa çatdığı; Bələdiyyənin mülkiyyət hüququ rəsmiləşdirilmiş 180 kv m, 600 kv m və 600 kv.m torpaq sahələrinin mülkiyyətə verilməsi üçün hərracın keçirilməsi qərara alınmışdır. ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilən AM seriyalı, 008377 saylı, 008230 saylı və 008218 saylı şəhadətnamələrə əsasən, Qobustan rayonu, Qobustan Bələdiyyəsinin mülkiyyətində olan 0,018 ha, 0,06 ha , 0,06 ha torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı X4 Şamaxı torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş 13 iyun və 01 avqust 2019-cu il tarixli hərracların qalibi olmuşdur. **********49 reyestr nömrəli çıxarışa əsasən Qobustan rayonu, Nərimankənd kəndində yerləşən 0,018 ha torpaq sahəsi xx.xx.2019-cu il taixində, **********49 reyestr nömrəli və **********32 reyestr nömrəli çıxarışlara əsasən 0,06 ha, 0,06 ha torpaq sahələri xx.xx.2019-cu il tarixində xüsusi mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 08 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən X5 rayonu, Nərimankənd kəndində yerləşən 0,018 ha, 0,06 ha, 0,06 ha torpaq sahələrini X2 və hazırda **********32 reyestr nömrəli, **********33 reyestr nömrəli, **********49 reyestr nömrəli çıxarışlara əsasən Qobustan rayonu, Nərimankənd kəndində yerləşən 0,018 ha, 0,06 ha, 0,06 ha torpaq sahələri xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı bələdiyyə mülkiyyəti kimi qeydə alınmış 1380 kv m torpaq sahəsinin satılması məqsədilə hərracın keçirilməsi barədə 12 aprel 2119-cu il tarixli qərarları mübahisələndirmişdir. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində 1380 kv m torpaq sahəsinin sovxozun qərarına əsasən, mərhum atasına ayrılan 30 sot torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini, hazırda atasının qanun üzrə vərəsəsi kimi həmin torpaq sahəsinə onun qanuni istifadə və sahiblik hüququnun olduğunu, bələdiyyənin qanunsuz olaraq həmin sahəni bələdiyyə mülkiyyəti olaraq üçüncü şəxslərə satdığını bildirsə də, işdən görünür ki, iddiaçı qeyd edilən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış bələdiyyənin mülkiyyət hüququnu mübahisələndirməmişdir. İddiaçı yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hərraca çıxarılaraq üçüncü şəxslərə satılması haqqında qərarları mübahisələndirmişdir. Plenum qərarının 6-7-ci bəndlərinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə atasının qanuni istifadəsinə ayrıldığını iddia etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, torpaq sahəsinin hərrac vasitəsilə satılması barədə bələdiyyə qərarının ləğvinə dair məhkəmədə iddia qaldırmalıdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(118)-598/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar