Məhkəmə qərarları › İş №2-1(105)-77/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-77/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-77/2024 02.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2012-ci il tarixli, 285 nömrəli sərəncamına əsasən İddiaçı MMC-yə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Quba magistralının qərbində yerləşən 0,38 ha torpaq sahəsində faktiki fəaliyyət göstərən istehsalat obyektlərinin sökülərək həmin yerdə çoxmərtəbəli yaşayış evlərinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” 28 dekabr 2019-cu il tarixli, 0323 nömrəli rəyə əsasən Xırdalan şəhəri, Bakı Quba magistralının qərbində yerləşən İddiaçı MMC-yə məxsus 4 girişli, zirzəmili, 6 (+ mansarda) mərtəbəli yaşayış binasının tikintisi 2016-cı il tarixdə başa çatmış və istismara yararlı olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********149845 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2018-ci ilin avqust ayından 2021-ci ilin iyul ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 649914,30 manat, mənfəət vergisi üzrə 3,49 manat vergi borcunun azaldılması aşkar edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsinin 19 dekabr 2022-ci il tarixli, **********166321 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 3,49 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 1,75 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 162,00 manat, 2021-ci il üzrə 551.793,80 manat əlavə dəyər vergisi olmaqla, cəmi 551.959,29 manat əlavə dəyər vergisi və həmin məbləğin 50 faizi məbləğində 276.482,62 manat maliyyə saksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, avqust 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan dövr üzrə iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli “Səyyar vergi yoxlaması aktı” nın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması ilə əsassız olaraq iddiaçı barəsində ƏDV üzrə 649914,39 manat azaldılma müəyyən edilmişdir. Vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasları olmadan təyin edilməsinə və nəticə etibarilə yoxlamanın, ümumiyyətlə, qanunsuz olmasına dəlalət edir. xx.xx.2021-ci il tarixdə başlamalı və xx.xx.2021-ci il tarixə başa çatmalı olan yoxlama xx.xx.2021-ci il tarixə kimi uzadılmış, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qərarla uzadılmış, xx.xx.2021-ci il tarixə kimi başa çatmalı olan yoxlama, xx.xx.2021-ci il tarixli qərara əsasən isə xx.xx.2022-ci il tarixədək olan müddətə müvəqqəti dayandırlmışdır. Yəni yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 16 gün sonra qəbul edilmişdir ki, bununla da yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir, qeyd edilən qərarlar barədə səyyar vergi yoxlaması aktında qeyd aparılmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə əlavə vaxt tələb olunduğu üçün vergi yoxlaması artırılmış, yoxlama qərara əsasən xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 16 gün sonra, xx.xx.2021-ci il tarixli qərarla yoxlama xx.xx.2022-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Belə olan halda, vergi orqanının əlavə vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Çünki, səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün VM-də ayrıca müddət müəyyən edilmədiyindən həmin qərarda səyyar vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211643801 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021-ci il, sona çatma tarixi xx.xx.2021-ci il tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixdə başlasa da, yoxlama müddəti 10 dəfə dayandırılmış (təxirə salınmışdır) və yalnız yoxlamanın başlanmasından 1 il 1 ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlamanın keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Digər tərəfdən, qeyd olunmalıdır ki, iddiaçı MTK-nın yoxlamanın gedişatında ekspertizanın keçirilməsindən, ümumiyyətlə, xəbəri olmamış, sonuncu vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi haqqında qərarla tanış edilməmiş, MTK-ya onun Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və yalnız ekspert rəyi əldə edildikdən sonra MTK-ya onlayn kargüzarlıq vasitəsi ilə göndərilmişdir ki, bununla da iddiaçının hüquqları məhdudlaşdırımış və vergi organı tərəfindən kobud qanun pozuntusuna yol verilmişdir. MTK tərəfindən təməl qoyma 2014-cü ilin İİ rübünədək olmuşdur. Tikintinin 120 mənzildən ibarət və ümumi yaşayış sahəsi 10537,71 kv.m olmuş, lakin “Səyyar vergi yoxlaması” aktında 144 mənzil, 11475 kv.m sahədən ibarət olduğu göstərilmişdir. Ötən dövr üzrə yoxlama ilə əhatə olunan sahə 4000 kv.m təşkil etmişdir. Beləliklə, VM-nin 67.16-cı maddəsinə əsasən 2021-ci ilin iyul ayı üçün mənzillər üzrə 7475 kv.m üzrə 569,83 manat = 4259487,90 manat, 649752,39 manat ƏDV hesablanmış, əlavə hesablanmış məbləğə 324957,20 manat m/s tətbiq edilmişdir. MTK tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi avqust 2018-ci il tarixdən iyul 2021-ci il tarixə kimi faktiki olaraq hər hansı bir mənzil satışı olmamışdır. Lakin vergi orqanı tərəfindən qanunsuz olaraq xx.xx.2018-ci il tarixə kimi satılmış 7475 kv.m sahəyə 649752.39 manat ƏDV hesablanmışdır. Cavabdeh iddiaçı MTK barəsində vergi borcunu müəyyən edərkən inşa edilmiş bina üzrə 7475 kv.m yaşayış sahələrini əsas götürmüş, həmin sahələrin hər kv.m hissəsinə görə müqavilədə olan qiymətləri tətbiq edərək 649752.39 manat məbləğində ƏDV hesablamışdır. Bundan başqa, səyyar vergi yoxlamasının başlanması, yoxlama müddətinin uzadılması qərarlarından göründüyü kimi vergi orqanı tərəfindən yoxlama vergi qanunvericiliyinin və məhkəmə praktikasının tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Növbəti pozuntu isə Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri ilə bağlı olmuşdur. Belə ki, vergi orqanı tərəfindən MTK-ya 3 il müddət keçdikdən sonra vergi hesablanmışdır. Hazırki səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 22 sentyabr 2021-ci il tarixdə, yəni 56.1-ci maddəsinin 01 yanvar 2021-ci il tarixdən qüvvədə olan redaksiyasından sonra qəbul edildiyinindən yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi həmin redaksiyaya uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməsindən asılı olmayaraq 22 sentyabr 2021-ci il tarixdən əvvəlki 3 illik müddət ərzində vergilərin hesablanması həyata keçirilməlidir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli “Səyyar vergi yoxlaması aktı” nın etibarsız hesab edilməsi və həmin akta əsasən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” tələbnamə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş və xx.xx.2021-ci il tarixli, **********149969 saylı tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Lakin vergi yoxlamasının keçirilməsi üçün sənədlər heç bir əsaslı səbəblər göstərilmədən yoxlamaya təqdim edilməmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsindən imtina edilməsi faktı vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********4505 nömrəli Qərarla iddiaçı MTK-nın fəaliyyət göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında operativ vergi nəzarəti həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********4527 nömrəli Qərara əsasən MTK-ya məxsus müqavilə, akt, rəylər, elektron fayllar qablaşdırılaraq götürülmüşdür. Götürülmüş sənədlər xx.xx.2022-ci tarixdə MTK-nın baş mühasibinin iştirakı ilə xüsusi qablaşdırılmadan açılmış və müvafiq akt ilə rəsmiləşdirilmişdir (1 ədəd yaddaş qurğusu, və xüsusi qablaşdırılmış qutu). Vergi ödəyicisinin baş mühasibi xx.xx.2022-ci il tarixdə təqdim etdiyi izahatda OVN nəticəsində götürülən sənədlərin səyyar vergi yoxlaması zamanı istifadə ediləcəyi barədə etirazının olmadığını bildirmiş və həmin sənədlərin İddiaçı MTKya məxsus olduğunu təsdiq etmişdir. MTK tərəfindən inşa edilən çoxmərtəbəli binaların ümumi və satışa yararlı sahəsinin müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssis rəyinin verilməsi üçün Vergi Məcəlləsinin 45ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyininə müraciət edilmiş və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyinə əsasən MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında 1 ədəd 4 girişli 6+mansard mərtəbəli, 144 mənzilli binanın ümumi sahəsi - 20010.44 kv.m, satışa yararlı sahəsi isə - 14787.34 kv.m müəyyənləşdirilmişdir. İddiaçının 14787.34 kv.m satışa yararlı sahəsindən 4000.0 kv.m-i əvvəlki yoxlama ilə əhatə edilmiş, qalan 10787.34 kv.m sahəsinin 7475.0 kv.m-i hazırkı yoxlama ilə əhatə edilmişdir. Yoxlama ilə əhatə edilməyən açıq qalan satışa yararlı sahəsi isə - 3312.34 kv.m-dir. İddiaçı MTK tərəfindən inşa edilmiş 1 ədəd 4 girişli binanın təməlqoyma işləri 2013-cu ilin İV rübündən 2014-cü ilin İİ rübünədək olmuş və həmin tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bəyannaməsini Vergi Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kv.m-i üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi əmsal (1.8) tətbiq edilməklə vergilər hesablanmışdır. ƏDV üzrə-vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələrə əsasən xx.xx.2021-ci il tarixədək 11475.0 kv.m sahə olmaqla, 144 mənzilin satıldığı müəyyən edilmişdir. Əvvəlki yoxlama ilə 4000 kv.m sahənin bağlandığı nəzərə alınarsa, cari yoxlama ilə 7475.0 kv.m sahə əhatə edilmişdir. Təqdim edilmiş müqavilələrə əsasən satılmış 7475.0 kv.m sahənin dəyəri 4259487.9 manat (ƏDV ilə) təşkil edir. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisi tərəfindən VM-nin 16.8-ci maddəsinə əsasən məlumatlar təqdim edilmədiyindən 4259487.9 manat (ƏDV ilə) dövriyyə 67.16-cı maddəyə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edilmişdir. Nəticədə ƏDV üzrə 649752.39 manat verginin (4259487.9 / 1,18 X 18%) azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi ona məxsus sözügedən binanın qeyri-yaşayış sahəsinin 130 kv.m olan hissəsini “Tekno Crusher" MMC-yə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ƏDV-siz 550.00 manata icarəyə vermişdir. xx.xx.2018-ci il tarixdə həmin icarə müqaviləsinə dəyişiklik edilərək icarəyə verilən sahə 210 kv.m, icarə müqaviləsi isə ƏDV-siz 900.00 manat müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə 1250 kv.m sahə ƏDV daxil 9440 manat məbləğində "xxxx" MMC-yə icarəyə verilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi orqanında olan uçot-baza məlumatlarında vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar, elektron vergi hesab fakturalar, həmçinin, banklardan sorğular əsasında alınmış çıxarışlar əsasında əlavə dəyər vergisinin hesablanması vəziyyəti yoxlanılmışdır. Nəticədə, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən əlavə dəyər vergisinin 5751.68 manat artıq hesabladığı, 162.0 manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə, ümumilikdə, 649914.39 manat azaldılması, 5751.68 manat artıq hesablanması müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin azaldılmasına görə azaldılmış verginin 50%-i, yəni 324957.20 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 2020-cu il üzrə mənfəət vergisinin məqsədləri üçün cəmiyyət tərəfindən hesablama metodu seçilmişdir. Vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyənnaməsində işlərin görülməsi xidmətlərin göstərilməsindən 55526.40 manat, daşınan daşınmaz əmlakın icarəyə veriİməsindən gəlirləri 106800 manat olmaqla, ümumilikdə, 162.326.40 manat gəlir bəyan edilmişdir, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri isə 106039.48 manat olmaqla, mənfəət üzrə azadolmalar və güzəştlər 42215.19 manat, keçmiş illərin 13127.20 manat zərəri nəzərə nəzərə alımaqla, vergiyə cəlb edilən mənfəəti 944.53 manat müəyyən edilmişdir ki, nəticədə 188.91 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesablarından çıxarışlar, vergi orqanın uçotbaza məlumatlarında olan elektron qaimə-fakturalar, elektron vergi hesab fakturaları məlumatlarından istifadə edilməklə, 2020-ci ildə ümumilikdə gəliri 162326.40 manat cəmi xərcləri 98249.49 manat (əmək haqqı xərci 16226.00 manat və sosial sığorta haqları 3273.26 manat, enerji xərcləri 72636.79 manat, bank xidmətləri üzrə xərcləri 686.14 manat, sığorta xərcləri 123.30 manat digər xərcləri 5000 manat, torpaq vergisi 304 manat) müəyyən edilmişdir. 2020-cu ildə Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən 48057.68 manat azadolmalar və güzəştlər, VM-nin 21-ci maddəsinə əsasən keçmiş illərin 15057.23 manat zərəri nəzərə alınmaqla, VM-nin 104-cü, 108-ci, 135-ci və 136-cı maddələrinə əsasən səyyar vergi yoxlaması ilə 962 manat mənfəət üzrə 192.40 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə, mənfəət vergisinin 3.49 manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin 3,49 manat azaldıldığı, 3564 manat artıq hesablandığı müəyyən edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış verginin 50%-i, yəni 1,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli Qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli **********154805 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli, **********166321 nömrəli qərar ləğv edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, belə səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bundan başqa, cavabdeh tərəfindən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211643801 saylı çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat cavabdeh tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Beləliklə, göstərilən məlumatların reyestrdə qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Bundan başqa, cavabdeh mənzillərin alqı-satqı əməliyyatlarından VM-nin 56.1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddəti ötürdüyü üçün həmin mənzillərə görə iddiaçıya əlavə vergi öhdəlikləri yarada bilməz və iddiaçının məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Digər tərəfdən, cavabdeh əvvəl satılmış mənzillərə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən 67.16-cı maddəni tətbiq etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2023cü il tarixli qərarında iddia tələbini təmin olunma əsası kimi növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edilərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsinin yetərli sayıla bilmədiyini qeyd etmişdir. Hesab edir ki, məhkəmə iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş mənbəyi bəlli olan məlumatlar barədə ətraflı məlumat verilməsinə baxmayaraq və səyyar vergi yoxlamasını həyata keçirən şəxsin bu barədə şahid qismində dindirilmə imkanı olduğu halda məhkəmə prosessual fəallıq prinsipinə uyğun olaraq həmin şəxsi dindirməmişdir. Məhkəmə qərarında əlavə olaraq qeyd edir ki, göründüyü kimi mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliklə yoxlama təqvim günü ərzində həyata keçirilməli olsa da, vergi orqanı bu müddəti iş günü ilə müəyyən etmişdir ki, bu də qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunvericiliyin təhlili nəticəsində formalaşmış hüquqi mövqelərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri tərəflərindən pozulmamışdır. Belə ki, vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etdiyi kimi təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur. Hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. (-) 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (-) 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (-) Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. (-). Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1704 nömrəli Azərbaycan Respublikasının Qanunu: (-) 1.24.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə aşağıdakı məzmunda 67.16cı maddə əlavə edilsin: “67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə”; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********149845 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında 06 noyabr 2020-ci il tarixli **********141497 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli, **********166321 nömrəli qərarının ləğvi olmuşdur. Məhkəmə kollegiya, ilk növbədə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyəməhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********149845 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi qərarında səyyar vergi yoxlamasının dayandırılması və keçirilməsi müddətinin artırılması haqqında qərarların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 22 iyul 2024-cü il tarixli, KY211643801 nömrəli çıxarışdan görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi, habelə müvafiq qərarlarla müxtəlif vaxtlarda yoxlamanın müddətinin artırılması (2 dəfə) və dayandırılması (təxirə salınması) (10 dəfə) barədə məlumatlar məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67.16-cı maddəsinin tətbiqinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı MTK tərəfindən 7475.0 kv.m sahə üzrə təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə ümumilikdə, 4259487.9 manat (ƏDV ilə) dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlamanın sonuncu dövrünə, yəni 2021-ci ilin iyul ayına bərpa etmiş və həmin vergiyə cəlb edilən dövriyyə əsasında iddiaçıya, ümumilikdə, 551.959,29 manat əlavə dəyər vergisi hesablamışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Həmin Məcəllənin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, vergi orqanı yalnız 1) 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış şəxslər və ya 2) sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikintiquraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə VM-nin 67.16-cı maddəsinə istinad etməklə, tikinti-quraşdırma işləri başlamış binanın yaşayış və qeyriyaşayış sahələrini yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş hesab edə bilər. İşin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, iddiaçıya Abşeron Rayon İHBnin 09 mart 2012-ci il tarixli, 285 nömrəli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Quba magistralının qərbində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmiş, iddiaçı tərəfindən həmin ərazidə yaşayış binası inşa edilmiş, binaların tikintisi 2016-cı ildə başa çatmış, 28 dekabr 2019-cu il tarixdən yaşayış binalarının istismarına icazə verilmişdir. Yəni, iddiaçı 2012-ci ildən başlayaraq bina tikintisi ilə məşğul olmuşdur. Eyni zamanda, iddiaçı mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ödəyicisi olmuşdur. İşin sadalanan halları cavabdeh tərəfindən də mübahisələndirilmir. Şərh olunanlardan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bir halda ki iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuş və çoxmərtəbəli yaşayış binalarının tikintisini 2016-cı ildə başa çatdırmışdır, bu halda vergi orqanının iddiaçıya münasibətdə 01 yanvar 2020-ci ildən sonra tikinti-quraşdırma işlərinə başlamış və ya sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə tətbiq edilə bilən Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etmək və bu əsasla əlavə vergi məbləği hesablamaq hüququ yaranmamışdır. Belə ki, iddiaçı Vergi Məcəlləsinin 67.16-cı maddəsinin tətbiqinə əsas verən 16.8-ci maddədə təsbit edilmiş vergi ödəyiciləri kateqoriyasına aid deyildir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin həmin maddəyə əsasən iddiaçıya 2021-ci ilin ƏDV üzrə 551.959,29 vergi hesablaması, o cümlədən, 276.482,62 manat maliyyə sanksiyası tətbiq etməsi qanunsuz olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsi xx.xx.2019-cu il tarixli, 1704 nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinə əlavə edildiyi və xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyi halda, cavabdeh həmin normanı qüvvəyə minməmişdən əvvəlki tarixlərdə, yəni xx.xx.2020-ci il tarixədək baş tutmuş alqı-satqı əməliyyatlarına da münasibətdə tətbiq edərək, iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı mübahisəli inzibati aktı qəbul edərkən vergi qanunvericiliyində müddətlərlə bağlı nəzərdə tutulmuş məhdudiyyətləri də nəzərə almamışdır. Belə ki, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən, müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyətə səbəb olur. Lakin qanunverici məsuliyyətə cəlb etmənin məhdudiyyətsiz deyil, müəyyən müddət çərçivəsində həyata keçirilməli olmasını təsbit edir. Vergi Məcəlləsinin: - 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. - Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə, bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. İstinad olunan normaların tələblərindən göründüyü kimi cavabdeh vergi hesablamasını yalnız yoxlamanın əhatə etdiyi dövrdə aparılan əməliyyatlara görə həyata keçirə bilərdi. Hazırki işin hallarından görünür ki, iddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə avqust 2018 – iyul 2021-ci illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddiaçını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Cavabdeh dəlillərində iddiaçı tərəfindən hesabat dövrü ərzində 7475 kv.m. yararlı sahə üzrə təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə dair alqı-satqı müqavilələrinə görə ƏDV hesabladığını bildirsə də, iş materiallarında hesabat dövrü üzrə iddiaçının yaşayış və qeyri-yaşayış sahəsini təqdim etməsinə dair hər hansı alqı-satqı müqaviləsi mövcud deyildir və cavabdeh tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Bu fakt iş materiallarında olan mübahisələndirilən inzibati aktın qanunsuz qəbul olunduğu qənaətinə gəlmək üçün yetərlidir. Cavabdehin nümayəndəsi məhkəməyə yalnız əlavə vergi hesablamasına əsas olmuş alqı-satqı müqavilələrinin siyahısına dair cədvəl təqdim etmişdir. Hansı ki, bu cədvəldən görünür ki, cavabdeh hesabat dövründə bağlanmış alqı-satqı müqavilələri ilə yanaşı, iddiaçını 2014, 2015, 2016, 2017-ci il tarixli, ümumilikdə 142 ədəd alqı-satqı müqavilələrinə əsasən də məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi qeyd olunan müqavilələrə əsasən (2014-2017-ci illər) aşkara çıxardığını iddia etdiyi hal yoxlama dövrü (avqust 2018 – iyul 2021-ci illər) ilə əhatə olunmur. Hətta fərz olunsa ki, iddiaçı tərəfindən həqiqətən də hüquqpozuntusu törədilmişdir, həmin dövrdən (2014-2017-ci illər) 3 (üç) ildən çox vaxt keçdiyindən, iddiaçı müddətin keçməsi əsası ilə vergi məsuliyyətinə cəlb oluna bilməz. Eyni zamanda, işdən görünür ki, səyyar vergi yoxlaması zamanı iddiaçı barəsində yuxarıda qeyd edildiyi kimi əlavə dəyər vergisi ilə yanaşı, 2020-ci il üzrə 3,49 manat mənfəət vergisi hesablanmış və həmin məbləğin 50 faizi məbləğində 1,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlamasının prosessual pozuntularla keçirilməsi, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyinin əsaslandırılmaması yoxlamanın özünün qanunsuz olduğuna dəlalət edir. Bu baxımdan, kollegiya hesablanmış mənfəət vergisinin qanuniliyinin xüsusilə araşdırılmasına zərurət olmadığı qənaətinə gəlir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar