Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-770/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Silahlı Qüvvələrin istefasında olan kapitanı olmaqla, xx xxxxxx 1955-ci ildə Kürdəmir rayonunun Qocalı kəndində kolxozçu ailəsində anadan olmuş, ali və ali siyasi təhsillidir. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1985-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetini, 1994-cü il də isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İstefada olan zabit, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Əmək fəaliyyətinə 1973-cü ilin sentyabr ayının 18də Kürdəmir rayon 15 saylı X15 Qovşağında radio montyoru vəzifəsində başlamış və 1974-cü ilin may ayının 8-dək işləmiş, 1974-cü ilin may ayından 1976-cı ilin may ayınadək X12 Qrupunda 2-ci Ordunun 16-cı Diviziyasının 66-cı Zenit-Artilleriya Alayında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1976-cı ilin avqust ayının 13-dən 1980-ci ilin noyabr ayının 1-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhər 7 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində xidmət etmiş, 1981-ci ilin fevral ayının 19-dan 1985-ci ilin sentyabr ayının 2-dək Sumqayıt X5 5 nömrəli Xlor və Kaustik Soda istehsalatında fəhlə işləmiş, eyni zamanda ictimai əsaslarla istehsalat komsomol təşkilatının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin sentyabr ayının 4-dən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Sumqayıt SintezKauçuk X10-Propilen 300 (EP-300) zavoduna usta vəzifəsinə işə qəbul olunmaqla ictimai əsaslarla Zərbəçi Komsomol Tikintisinə rəis vəzifəsinə təyin olunmuş, 1986-cı ilin iyul ayının 16-dan Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Kürdəmir Rayon Mədəniyyət şöbəsinin X1 böyük redaktor vəzifəsinə təyin olunmuş, 1987-ci ilin iyul ayının 2-dən 1992-ci ilin aprel ayının 30-dək Kürdəmir rayonu Qocalı kəndi X16 İcraiyyə Komitəsinin sədri, 1992-ci ilin aprel ayının 30dan sentyabr ayın 5-dək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Qocalı kəndi inzibati ərazisi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə zabit qismində həqiqi hərbi xidmətə çağırılaraq, 1992-ci ilin sentyabr ayının 5-dən 1996-cı ilin noyabr ayının 16-dək Kürdəmir rayon Hərbi Komissarlığında Səfərbərlik və Qeydiyyat şöbə rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1997-ci ilin may ayının 19-dan 1997-ci ilin dekabr ayının 11-dək Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayında səfərbərlik qrupunun rəisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1998-ci ilin fevral ayınm 14-dən 2000-ci ilin fevral ayının 10-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili X7 siyasi şöbədə təlimatçı vəzifəsində kapitan hərbi rütbəsində Füzuli-Cəbrayıl istiqamətində ön mövqedə döyüş şəraitində həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2000-ci ilin aprel ayının 7-dən 2001-ci ilin aprel ayının 2-dək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında Azərbaycan Ordusunun qulluqçusu, bölmə rəisinin köməkçisi vəzifəsində mülki işçi kimi işləmiş, 2000-ci ilin fevral ayının 11-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxmışdır. İşlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabçasına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Hazırda ağır xəstəliklərdən ürək çatışmazlığı, ÜİX-yi, stenokardiya, İİ tip, şəkərli diabet İİ tip, orta ağır və digər xəstəliklərdən əziyyət çəkir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 3-cü bəndinə əsasən “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Belə ki, axırıncı iş yeri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi olduğu üçün qanuna müvafiq olaraq aidiyyəti üzrə cavabdehə rəsmi qaydada, müvafiq sənədlərini əlavə etməklə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, “Veteranlar haqqında’’ Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsinə əsasən, əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:-iqtisadiyyatın bütün sahələrində:-istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və diger əmək fəaiiyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər;-keçmiş Sovet respublikaların X17 Fərmanları ilə təltif olunanlar;-Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X18 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, lİl dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;-Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;- uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı’’ adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin əmək veteranı hesab edilməsi üçün göstərilən qanunvericilik aktının tələblərinə cavab verməlidir. İddiaçı keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülməmiş, keçmiş Sovet respublikaların X17 Fərmanları ilə təltif olunmamış və müvafiq medal və ordenlərlə təltif olunmamış, habelə Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməmiş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmamış və əmək stajı 40 ildən az müddət təşkil etdiyi üçün cavabdeh tərəfindən yuxarıda adıçəkilən qanunvericilik aktlarına uyğun olaraq iddiaçıya əmək veteranı adı və vəsiqəsinin verilməsinə imtina etməkdə düzgün qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 887 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən, xx.xx.1996-cı il tarixədək Kürdəmir rayon Hərbi Komissarlığında, xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixədək Azərbaycan respublikası Mülki Müdafiə Alayında, xx.xx.1998-ci il tarixdən, xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanının 06ş/h nömrəli, xx.xx.2000-ci il tarixli əmri ilə HXKHƏ-nin 156-cı maddəsinin “A” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin xx.xx.2020-ci il tarixli, 299 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsində işləmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-43-93/2-145/1/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş sənədlərə aidiyyəti üzrə “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 03 oktyabr 2023-cü il tarixli iclasında baxılmışdır. Təqdim edilmiş sənədlər əsas vermədiyi üçün (əmək stajı tam deyil) vətəndaş İddiaçı “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Daxili Qoşunların əməkdaşı olmuş və ona əmək veteranı adının verilməsi Nazirlər Kabinetinin 1995-ci il tarixli 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə ziddir. Belə ki, qeyd edilən Əsasnamənin 3-cü hissəsinə əsasən uzun illər ictimai əməklə məşğul olanlara (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda) əmək veteranı adı verilir. Məhkəmə hesab edir ki, qeyd olunan əmək stajı anlayışı işçinin əmək müqaviləsi əsasında əldə etdiyi sığorta stajı və ya 2006-cı ilə qədər olan iş stajı anlayışından fərqlidir. Belə ki, həm sığorta stajı, həm də 2006-cı ilin yanvar ayına qədər olan iş stajı işçi ilə işəgötürün arasında bağlanmış müqavilə əsasında yaranmış olur. Qeyd olunan Əsasnamənin 3-cü hissəsindən bəlli olur ki, şəxsin uzun illər ictimai əməklə məşğul olması zəruridir. Başqa sözlə desək ictimai əmək şəxsin əmək müqaviləsi əsasında işləməsi deyil, onun ictimai əsasla olan fəaliyyətindən ibarətdir. Əks tədqirdə hər 40 il sığorta stajı və ya iş stajı olan təqaüdçü əmək veteranı adının verilməsini tələb etmiş olar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ictimai əməklə məşğul olmaması səbəbindən onun əmək veteranı adının verilməsi üçün subyektiv hüququ yoxdur. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddianın mümkün sayılaraq baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadında iddianın mümkün sayılmamasına səbəb kimi belə qeyd edilmişdir ki, iddiaçı Daxili Qoşunların əməkdaşı olmuş və ona əmək veteranı adının verilməsi Nazirlər Kabinetinin 1995-ci il tarixli 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə ziddir. Belə ki, qeyd edilən Əsasnamənin 3cü hissəsinə əsasən uzun illər ictimai əməklə məşğul olanlara (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda) əmək veteranı adı verilir. Hakim qeyd etdiyi əsasnamənin yeni redaksiyada verilmiş 3-cü hissəsini ona dair münasibətdə düzgün tətbiq etməmişdir. Belə ki, iş materialında olan sənədlərlə müəyyən edilir ki, onun əmək stajı 28 ildən artıq təşkil etməklə, o, 2000-ci ildə yaşa görə pensiyaya çıxmışdır. 2000-ci ilə qədər olan Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsində əmək veteranı adı almaq üçün ümumi iş stajı 25 il təşkil etmişdir. Azərbaycan Respublikasının ümummilli lideri, mərhum prezident Heydər Əliyev tərəfindən 28 iyun 1994-cü il, № 841 saylı sərəncamla təsdiq edilmiş “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və eləcə də qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. “X13 Qanun”-un 7-ci maddəsinə əsasən əmək stajı ən azı 25 il müəyyən edilmişdir. Belə ki, iş materialında olan sənədlərdən və qətnamədən müəyyən olunur ki, o, ictimai işlərlə məşğul olmaqla, Əmək fəaliyyətinə 1973-cü ilin sentyabr ayının 18-də Kürdəmir rayon 15 saylı X15 Qovşağında radio montyoru vəzifəsində başlamışdır və 1974-cü ilin may ayinin 8-dək işləmişdir. 1974-cü ilin may ayından 1976-cı ilin may ayınadək X12 Qrupunda 2-ci Ordunun 16-cı Diviziyasının 66-cı Zenit-Artilleriya Alayinda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. (ADR, Neyştrellis şəhəri). 1976-cı ilin avqust ayının 13-dən 1980-ci ilin noyabr ayının 1-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhər 7 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində yanğın söndürən vəzifəsində xidmət etmişdir. 1981-ci ilin fevral ayının 19-dan 1985-ci ilin sentyabr ayının 2-dək Sumqayıt X5 5 nömrəli Xlor və Kaustik Soda istehsalatında fəhlə işləmişdir. Eyni zamanda ictimai əsaslarla istehsalat komsomol təşkilatının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin sentyabr ayının 4-dən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Sumqayıt X3 Etilen- Propilen 300 (EP-300) zavoduna usta vəzifəsinə işə qəbul olunmaqla ictimai əsaslarla Zərbəçi Komsomol Tikintisinə rəis vəzifəsinə təyin olunmuşdur. 1986-cı ilin iyul ayının 16dan Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Kürdəmir Rayon Mədəniyyət Şöbəsinin X1 böyük redaktor vəzifəsinə təyin olunmuşdur. 1987-cı ilin iyul ayının 2-dən 1992-ci ilin aprel ayinin 30-dək Kürdəmir rayonu Qocalı kəndi X16 İcraiyyə Komitəsinin sədri, 1992-ci ilin aprel ayının 30-dan sentyabr ayının 5-dək Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qocalı kəndi inzibati ərazisi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə zabit qismində həqiqi hərbi xidmətə çağırılaraq, 1992-ci ilin sentyabr aymm 5-dən 1996-cı ilin noyabr ayının 16-dək Kürdəmir Rayon Hərbi Komissarlığında Səfərbərlik və Qeydiyyat şöbə rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmişdir. 1997-ci ilin may ayının 19-dan 1997-ci ilin dekabr ayının 11-dək Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayında səfərbərlik qrupunun rəisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmişdir. 1998-ci ilin fevral ayının 14-dən 2000-ci ilin fevral ayının 10-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili X7 siyasi şöbədə təlimatçı vəzifəsində kapitan hərbi rütbəsində Füzuli-Cəbrayıl istiqamətində ön mövqedə döyüş şəraitində həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2000-ci ilin aprel ayının 7-dən 2001-ci ilin aprel ayının 2-dək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında Azərbaycan Ordusunun qulluqçusu, bölmə rəisinin köməkçisi vəzifəsində mülki işçi kimi işləmişdir. 2000-ci ilin fevral ayının 11-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxmışdır. İşlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabçasına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Bundan başqa o, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun müraciətləri dəfələrlə “Prezident.az” saytında dərc olunub. Məhkəmə tərəfindən yuxarıda qeyd etdiyi hallara düzgün qiymət verilməmiş, nəticədə əsassız olaraq iddiası mümkün hesab edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Əmək veteranları Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona əmək veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçının ictimai əməklə məşğul olmaması səbəbindən onun əmək veteranı adının verilməsi üçün subyektiv hüququ olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-43-93/2-145/1/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş sənədlərə aidiyyəti üzrə “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 03 oktyabr 2023-cü il tarixli iclasında baxılmışdır. Təqdim edilmiş sənədlər əsas vermədiyi üçün (əmək stajı tam deyil) vətəndaş İddiaçı “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Bu isə o deməkdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, inzibati orqana müraciət ilə bağlı xüsusi mümkünlük şərti ödənilmişdir. Qeyd olunan hallarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbinin mümkün sayılmaması üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçı tərəfindən müvafiq olaraq cavabdeh inzibati orqana müraciət edilmiş, imtina məktubu alınmışdır. Eyni zamanda iddia tələbi üzrə cavabdeh inzibati orqan da düzgün müəyyən edilmişdir. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 3-cü bəndinə əsasən “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 299 nömrəli arayışdan da görünür ki, iddiaçının sonuncu iş yeri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsidir. İddiaçı qanuna müvafiq olaraq aidiyyəti üzrə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərardadında qeyd edir ki, iddiaçı Daxili Qoşunların əməkdaşı olmuş və ona əmək veteranı adının verilməsi Nazirlər Kabinetinin 1995-ci il tarixli 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə ziddir. Bu qeyd edilən əsası isə iddiaçının subyektiv hüququnun olmaması əsası kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı pensiyaçı statusunda olan Azərbaycan Respublikası vətəndaşıdır və hazırkı iddia ilə bağlı səlahiyyətli inzibati orqanın imtinası mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının tələblərinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması (Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5 və.s, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluq) müəyyən edilməklə, cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyə uyğun olub-olmaması müəyyən edilməli və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalıdır və bununla bağlı ayrıca qərardad qəbul edilməsi nəzərdə tutulmamışdır. Əgər iddianın mümkünsüzlüyünə səbəb olan yeni əsas yaranarsa, məhkəmə prosesinin istənilən mərhələsində bununla bağlı qərardad qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi hissəsi əsaslı hesab edilə bilməz və həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-770/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-770/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver