Məhkəmə qərarları › İş №2-1(105)-772/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-772/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-772/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğvi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 adına işlənmiş JN-923 KOD 30105018 saylı Dövlət Aktının hissəvi, yəni mülkiyyətinə verilmiş 0.33 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin ləğv edilməsi”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-70/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 0013, Kod 30105018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X11 adına Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11/4 saylı qərarı ilə cizgidə göstərilmiş sərhəd daxilində 0.33 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Qusar Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(029)-353/2020 saylı qətnaməsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X11 adına verilmiş JN 0013 Kod 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X11 adına olan JN-0013 nömrəli dövlət aktına əsasən 20 aprel 2006cı il tarixli 2-199a saylı Qusar Rayon Məhkəməsinin qətnaməsinə əsasən X3 adına yeni JN -923 nömrəli dövlət aktı işlənmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həli edilir və ərizədə qeyd olunan Qusar rayonu, Əniğ kəndində yerləşən torpaq sahəsinə dair X3 adına hazırlanmış JN-923 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğvinə verilmiş göstərişin icrası məhkəmənin qərarı ilə mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-0013 KOD 30105018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11/4 saylı qəran ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0.33 ha torpaq sahəsi uyğundur (naturada torpaq sahəsindən hal-hazırda istifadə olunmur); 2. İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-923 KOD 30105018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında X3 adına verilmiş torpaq sahəsinin 923 nömrəli parseldəki (aktda qeyd olunan ayrıca torpağın cizgisi) 0.327 ha torpaq sahəsi ilə 0.327 ha hissədə üst-üstə düşür. Qeyd: X4 verilmiş JN923 KOD 30105018 nömrəli Dövlət Aktının həmin 0.327 ha hissəsinə ********** qeydiyyat və **********23 reyestr nömrəli X5 DƏDRX tərəfindən çıxarış və plan ölçü işlənib verilmişdir. Qusar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, rayon arxivində saxlanılan keçmiş Sabir adına sovxozun AİK-nın sənədlərinə baxış keçirilmişdır. Bələ ki, Qusar rayonu Əniğ kənd sakinləri keçmiş Sabir adına sovxozun torpaq payçıları olmuşdur. Sabir adına sovxozun 1995-1999-ci illərin 15 (on beş) vərəqdən və 1998-2001-ci illərə aid 200 (iki yüz) vərəqdən ibarət AİK-nın sənədləri qovluqlarında AİK-nın xx.xx.1998-ci il tarixli 11/4 saylı qərarın və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin, iclas protokolunun həmçinin islahat zamanı torpaqdan pay almaq hüququ olan vətəndaşların adlı siyahıların olması aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində JN-0013 (kod ********) və JN-923 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının nüsxəsi, eləcə də JN-923 (kod ********) nömrəli Dövlət Aktının işlənilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Qusar rayonu Əniğ kəndində yerləşən 0.33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun adına verilmiş JN:0013 KOD30105018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına Qusar rayon Məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnaməsinə əsasən X3 adına verilmiş JN-923 KOD 30105018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3 adına işlənmiş JN-923 KOD 30105018 saylı Dövlət Aktının hissəvi, yəni mülkiyyətinə verilmiş 0.33 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Əniğ kəndində yerləşən 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN:0013 KOD30105018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu yaxınlarda həmin torpaq sahəsinə dair çıxarışın hazırlanması üçün müvafiq sənədlərlə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən sənədlərə baxılmış və bildirilmişdir ki, iddiaçıya məxsus həmin dövlət aktına Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2- 199a saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən X3 adına 3,82 ha torpaq sahəsinə dair JN-923 kod 30105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Yuxanda qeyd etdiyi hallara dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********81 saylı məktub verilmişdir. Bundan sonra iddiaçı Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2- 199a saylı qətnaməsinin surətinin ona təqdim edilməsi barədə həmin məhkəməyə müraciət etmişdir və oradan ona bildirilmişdir ki, iddiaçının tərəf kimi qeyd edilmiş 2-199a /2006 saylı mülki iş və həmin iş üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 2-199a saylı qətnamə mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməsi qeyri mümkündür. Bu barədə həmin məhkəmə tərəfindən də ona müvafiq məktub təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsini heç kimə satmamışdır, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdır. Həmin torpaq sahəsinin Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnaməsinə əsasən verildiyi göstərilsə də, belə bir qətnamə mövcud deyildir. Ona görə də, Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnaməsinə əsasən verildiyi qeyd olunan JN-923 KOD 30105018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" özlüyündə qanunsuz bir sənəd olmuş və həmin dövlət aktı heç bir qanuni əsas olmadan iddiaçının 0,33 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu pozmuşdur. JN-923 KOD 30105018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın verilməsi nəticəsində iddiaçının 0,33 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozduğundan həmin dövlət aktının 0,33 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmış və xx.xx.2021-ci il tarixli, **********25 №-li məktubla hüquqların dövlət qeydiyyatı ilə mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu göstərilmiş və ərizəmin icrasının yalnız məhkəmə qərarı ilə mümkünlüyü bildirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, X6 rayonu, Əniğ kəndində yerləşən torpaq sahəsinə dair vətəndaş X3 adına hazırlanmış JN-923 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi barədə barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2021 -ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Əniğ kəndində yerləşən torpaq sahəsinə dair X3 adına hazırlanmış JN-923 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-70/2023 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilmiş, X3 adına işlənmiş JN-923 KOD 30105018 saylı Dövlət Aktı hissəvi, İddiaçı mülkiyyətinə verilmiş 0.33 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3 adına JN-923 KOD 30105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın işlənməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin 20 aprel 2006-ci il 2-199a qətnaməsi mövcud deyildir. Habelə İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-0013 KOD 30105018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11/4 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0.33 ha torpaq sahəsi uyğun olmaqla JN923 KOD 30105018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında X3 adına verilmiş torpaq sahəsinin 923 nömrəli parseldəki (aktda qeyd olunan ayrıca torpağın cizgisi) 0.327 ha torpaq sahəsi ilə 0.327 ha hissədə üst-üstə düşür. Mövcud olmayan məhkəmə qətnaməsi əsasında işlənmiş dövlət aktı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur və iddiaçının tələbi əsaslıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı ilə ləğv edilmiş JN-923 KOD 30105018 sayb Dövləl Akt, hissəvi. İddiaçı mülkiyyətə verilmiş 0.33 hektar torpaq sahəs notariat qaydada təsdiq edilmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir və dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair X3 mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxslər X8 və X9 mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdılar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının üçüncü şəxsə aid torpağa mülkiyyət hüququna dair Dövlət Aktının üst-üstə düşən hissəsinin ləğv edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtina əsası kimi ərizədə göstərilən torpaq sahəsi ilə bağlı başqa şəxsin adına hazırlanmış torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmə qərarı ilə mümkün olması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu AİK-nin 25 iyun 1998-ci il tarixli qərarı əsasında tərtib edilmiş JN-13 KOD 30105018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçının mülkiyyətinə Qusar rayonu Əniğ kəndində yerləşən 0,33 ha torpaq sahəsi verilmiş, üçüncü şəxsin adına 20 aprel 2006-cı il tarixli məhkəmə qətnaməsi əsasında JN-923 KOD 30105018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənilmiş, həmin məhkəmə qətnaməsi mövcud deyildir, habelə üçüncü şəxsin adına tərtib edilmiş həmin Dövlət Aktı əsasında alqı-satqı müqavilələri bağlanılmış, hazırda həmin torpaq sahəsi üçüncü şəxs X2 mülkiyyətindədir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsinə dair üçüncü şəxsin adına əsas olmadan (torpaq sahəsinin ayrılmasına dair məhkəmə qətnaməsi olmadan) Dövlət aktı işlənilməsi halına istinad edərək, onun torpaq shaəsi ilə üst-üstə düşən hissədə həmin Dövlət Aktının ləğv edilməsini tələb edir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi onun adına ayrılmış torpaq sahəsinin kordinatları ilə uyğundur, həmin torpaq sahəsi JN-923 KOD 30105018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında üçüncü şəxsə verilmiş torpaq sahəsinin ölçüləri ilə 0,327 ha hissədə üst-üstə düşür. Bu halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq AİK qərarı əsasında iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqanın başqa şəxsin adına heç bir qanuni əsas olmadan Dövlət Aktının işlənilməsi ilə bağlı hərəkətləri birbaşa iddiaçının həmin torpaq sahəsi ilə bağlı mövcud olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehə inzibati orqanın üçüncü şəxsin adına Dövlət Aktının işlənilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuş və iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, indiki halda mübahisə predmeti məhz iddiaçının adına ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən üçüncü şəxsin adına tərtib edilmiş Dövlət Aktı çıxış etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 04 №li Qərarında reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilməsi qeyd edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdhein apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar (həmin torpaq shaəsinin başqa şəxslərin adına özgəninkiləşdiirlməsi, bununla da üçüncü şəxsin mülkiyyət hüququnun itirilməsi halları) əsassız olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallar əsasız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-70/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar