Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-772/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-2571/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür (AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi). Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən İddiaçı 50 yaşından - xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-212369/2023 nömrəli məktub göndərilərək bildirilmişdir ki, araşdırma zamanı, vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1976-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “1-ci Sumqayıt Tikinti-Quraşdırma" MMC-də işlədiyi müəyyən edilmişdir. Lakin sözügedən müəssisənin ona dair 29 iyul 2009-cu il tarixli, 12 nömrəli güzəştli arayışında həmin dövr ərzində “Sintezkauçuk” (indiki "xxxx") zavodunda elektrik qaynaqçısı və quraşdırıcı-çilingər vəzifələrində işlədiyi göstərilmişdir. Yuxarıda qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı həmin dövr ərzində "xxxx" zavodunda işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Qeyd edilən fakt “Azərkimya” İB-nin "xxxx" zavodu tərəfindən 19 iyul 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı xx.xx.2008-ci il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, inzibati icraatın keçirilməsi zərurəti yaranmış və bununla əlaqədar mülahizələrinin dinlənilməsi üçün 25 sentyabr 2023-cü il tarixədək X3 Mərkəzinə dəvət olunmuşdur. Daha sonra S.Q.X2 gəlmiş, ona məktubda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat verilmiş, onun mülahizələri dinlənilmiş və bununla bağlı 15 sentyabr 2023-cü il tarixdə akt tərtib edilmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 61836/2023 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən dayandırılmış, həmin tarixli, 3-17-1/3-3-61839/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərarı ilə isə pensiyanın təyin edilməsi barədə qərar ləğv edilmişdir. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən pensiyasının dayandırılması haqqında qəbul edilmiş inzibati aktın ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1975-ci ildə başlamış, xx.xx.1975-xx.xx.1976-cı il tarixlərdə Sumqayıt Tədris Kombinatında təhsil almışdır. xx.xx.1976-xx.xx.1992-ci illərdə 1-ci "Sumqayıt Tikinti Quraşdırma” MMC-də (əvvəlki adı “Azneftkimyaquraşdırma" Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1992-ci ildə köçürmə yolu ilə Sumqayıt Kauçuk zavodunda işləməyə başlamış və xx.xx.1993-cü ilə qədər orada işləmişdir. xx.xx.1993-cü ildə köçürmə yolu ilə "Azərkimyatəmir” Trestinə köçürülmüşdür. xx.xx.1993-cü ildə “SK” zavoduna köçürmə yolu ilə işə qəbul edilmişdir. Fasiləsiz olaraq xx.xx.2023-cü ilə qədər həmin müəssisədə işləmişdir. Ümumi iş stajı 48 il təşkil edir. İddiaçıya 50 yaşı tamam olan tarixdə, yəni xx.xx.2008-ci ildə Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyası 2023-cü ilin iyul ayından dayandırılmışdır. 2023-cü ilin sentyabr ayından iddiaçıya yaşa görə pensiya təyin edilmişdir. Pensiyasından aparılan tutulmalarla razılaşmayaraq cavabdehə müraciət edərək pensiyadan tutulmaların dayandırılmasını xahiş etmişdir. Cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, ona məxsus NT-İ ******* saylı əmək kitabçasında xx.xx.1976-xx.xx.1992-ci illərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexanikləşdirilmiş İdarədə işlədiyi qeyd edilib. İddiaçının həmin idarədə göstərilən dövrdə həmin müəssisə podratçı idarə kimi Sumqayıt Sintez Kauçuk zavodunda ("xxxx" zavodu) işlər yerinə yetirmişdir. Bunu 1-ci STQ MMC-nin 04/09 saylı xx.xx.2023-cü il tarixli arayışı təsdiq edir. İdarənin xx.xx.2009-cu il tarixli, 12 saylı arayışı həmin dövrdə (xx.xx.1976xx.xx.1992) işlədiyi idarənin "SK” zavodunda podrat əsasında işləməyini təsdiq edir. Həmçinin, əlavə olaraq bildirir ki, xx.xx.1993-cü ilə qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx.xx.1956-ci il tarixli, 1173 saylı qərarının 13-cü bəndinə görə 1-ci və 2-ci siyahı əsasında fəaliyyət göstərən müəssisələrdə işləyən fəhlə və mühəndis-texniki işçilər təmir texnoloji işləri apardığı dövrdə güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş olurlar. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-212369/2023 nömrəli məktubla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, SOCAR-nın “Azərikimya” İstehsalat Birliyinin "xxxx" zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-3-1/2-72/2023 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən idiaçının işlədiyi "xxxx" MMC-nin "xxxx" zavodunun sifarişi əsasında vaxtilə podratçı təşkilat kimi zavodun ərazisində təmir-tikinti və quraşdırma işləri apardığı fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahılarda nəzərdə tutulan Kimya istehsalatı sahəsinə aid olmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 2 ay 27 gün (xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25050,99 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı cavabdeh tərəfindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-212369/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının dayandırılmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61836/2023 nömrəli və əmək pensiyasının ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61839/2023 nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61839/2023 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-611836/2023 saylı qərarlarının ləğv edilməsi və güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-2571/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61839/2023 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-611836/2023 saylı qərarlar ləğv edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyasının təyin edilməsini düzgün olmadığını müəyyən etsə belə, qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatı aparmadan, yəni iddiaçının iştirakı olmadan, məlumat verilmədən ona təyin olunmuş əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Sumqayıt şəhərin üç təmir-tikinti idarəsi fəaliyyət göstərir. Digər iki idarədə tərəflərindən yoxlama aparılmış və verilmiş sorğularına cavab olaraq həmin idarələr işçilərinin kimya zavodlarında podrat fəaliyyəti göstərdiklərini, lakin texnoloji prosesdə iştirak etmədiklərini bildirmişdilər. Analoji işlərdən də görünür ki, həmin müəssisələrin işçiləri podratçı təşkilat kimi hazırkı “SOCAR” "xxxx" zavodunda fəaliyyət göstərsələr də, heç bir texnoloji fəaliyyətə cəlb olunmamışdılar, yəni onların fəaliyyəti kimya istehsalatı sahəsinə aid olmamışdır. Bu səbəbdən, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməklə iddiaçının pensiyası dayandırılmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, “Azneftkimyaquraşdırma” İdarəsi podratçı təkilat kimi SK, Superfosfat zavodları ilə müqavilə bağlayaraq həmin zavodlarda işləmişdir. İddiaçı həmin müqavilələr əsasında Sintezkauçuk, Superfosfat zavodlarında vannaların, boru xətlərinin təmirində işləyib əmək haqqı almışdır. E-2.11 kauçuk istehsalı zavodudur, zərərli şəraitlə bağlıdır. KN kauçuk nitildir, birbaşa qana təsir edir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçıya 50 yaşından (1 nömrəli siyahı üzrə) - xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq azı 10 il güzəştli iş stajının olmadığı hesab edildiyindən onun əmək pensiyası əvvəlcə dayandırılmış, bundan sonra isə ləğv edilmiş və bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Cavabdeh bununla bağlı hərəkətlərini onunla əsaslandırır ki, “1-ci Sumqayıt Tikinti- Quraşdırma" MMC tərəfindən iddiaçı barəsində verilmiş güzəştli arayışda 1976-1992-ci illərdə “Sintezkauçuk” (indiki "xxxx") zavodunda işlədiyi göstərilsə də, tərəflərindən aparılmış yoxlama zamanı onun həmin dövrdə "xxxx" zavodunda işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamış və qeyd edilən fakt “Azərkimya” İB-nin "xxxx" zavodu tərəfindən 19 iyul 2023-cü il tarixli birgə aktla təsdiq edilmişdir. Digər tərəfdən, analoji işlərdən Sumqayıt şəhərində yerləşən təmir-tikinti idarələri kimya sənayesi zavodlarının ərazisində podratçı təşkilat kimi təmir-tikinti quraşdırma işləri apararkən idarənin işçilərinin texnoloji prosesdə iştirak etmədiyi müəyyən edilmişdir. SOCAR-nın “Azərikimya” İstehsalat Birliyinin "xxxx" zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-3-1/2-72/2023 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi "xxxx" MMC-nin "xxxx" zavodunun sifarişi əsasında vaxtilə podratçı təşkilat kimi zavodun ərazisində təmir-tikinti və quraşdırma işləri apardığı fəaliyyət sahəsinin kimya istehsalatı sahəsinə aid olmadığı aşkar edilmişdir. Buna görə də iddiaçının 1 nömrəli siyahı üzrə güzəştli iş stajı 12 il 6 aydan az (1 il 2 ay 27 gün (xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr) təşkil edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatın aparılmadığı əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin mövqeyi əsaslı olmasa da, iş üzrə gəldiyi nəticə düzgündür. Belə ki, məhkəmə cavabdeh tərəfinən tərəfindən inzibati icraatın aparılmadığını qeyd etsə də, işdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olmuş halların araşdırılması ilə əlaqədar mülahizələrinin dinlənilməsi üçün cavabdeh orqana çağırılmış, iddiaçı cavabdeh orqana gələrək ona əmək pensiyasının dayandırılmasına səbəb olmuş hallarla bağlı ətraflı məlumat verilmiş, onun mülahizələri dinlənilmiş və bununla bağlı 25 sentyabr 2023-cü il tarixində akt tərtib edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati icraat aparılmışdır. Bununla belə, kollegiya hesab edir ki, iddiaçının əmək pensiyasının dayandırılması və ləğv edilməsinə dair cavabdehin qərarlarının qanunsuzluğu aşağıdakılardan irəli gəlir. Əvvəla, cavabdeh tərəfindən aparılmış yoxlama zamanı iddiaçının mübahisəli dövrdə hazırkı "xxxx" zavodunda işlədiyini təsdiq edən hər hansı sənədin aşkar olunmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyildir. Bu səbəbdən, qeyd olunan hal hazırkı iş üzrə onun ziyanına şərh oluna və onun üçün neqativ nəticələr yarada bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 1-ci "Sumqayıt Tikinti Quraşdırma” MMC-nin 29 iyul 2009-cu il tarixli, 12 nömrəli güzəştli arayışında onun “Azneftkimyaquraşdırma" Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək elektrik qaynaqçısı, xx.xx.1977-ci il tarixdən xx.xx.1985ci il tarixədək quraşdırıcı-çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 6-cı dərəcə quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Arayışda eyni zamanda, iddiaçının 1976-1992-ci illərdə Sintezkauçuk zavodunun “E-2,11, D-19, E-9, P-7, KN, E- 9, KN, 115, E-2, E-7, Q-1-8, E-7-1” sexlərində və Superfosfat zavodunun “sulfat turşusu” sexində işlədiyi və qeyd olunan vəzifələrin Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1080A010 koduna uyğun olduğu göstərilmişdir. Həmin müəssisə tərəfindən 29 sentyabr 2023-cü il tarixdə verilmiş 04/09 nömrəli güzəştli arayışda da yuxarıda qeyd edilənlər təsdiq edilmiş və “Azneftkimyaquraşdırma" Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsinin 1961-2003-cü illərdə neft-kimya zavodlarının əmək şəraiti xüsusilə zərərli olan sexlərində quraşdırma və təmir işləri üzrə podratçı təşkilat kimi fəaliyyət göstərdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı 1-ci Sumqayıt Quraşdırma İdarəsində işlədiyi 1976-1992-ci illərdə müxtəlif kimya zavodlarında Sintezkauçuk və Superfosfat zavodlarında, yəni hazırkı "xxxx" zavodunda podrat fəaliyyəti üzrə işləmişdir. Cavabdeh dəlillərində əlavə olaraq Sumqayıt şəhərində yerləşən digər iki təmir-tikinti idarələrində tərəflərindən aparılan yoxlama zamanı həmin idarələr tərəfindən kimya zavodlarında podratçı təşkilat kimi təmir-tikinti quraşdırma işləri aparılarkən idarənin işçilərinin texnoloji prosesdə iştirak etmədiklərinin, bununla da onların gördüyü işin kimya istehsalatı sahəsinə aid olmadığını, dolayısı ilə hazırkı işə münasibətdə də analoji halın olduğunu qeyd etmişdir. Kollegiya cavabdehin bu dəlillərinə münasibətdə bildirir ki, cavabdeh qeyd olunan halları bilavasitə iddiaçının işləmiş olduğu hazırkı "xxxx" MMC-də (“Azneftkimyaquraşdırma" Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində) yoxlama apararaq müəyyən etməmiş, başqa idarələrin verdiyi cavablara istinad etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası "xxxx" X7 Cəmiyyəti (əvvəlki adı Azərəlvan metal təmir-tikinti” Tresti Sumqayıt İxtisaslaşdırılmış Təmir-tikinti idarəsi) və Sumqayıt şəhəri “Azmənzilkimyatikintitəmir” birliyi 1 saylı Təmir-tikinti Quraşdırma İdarəsi cavabdehin sorğularına cavab məktublarında idarələr tərəfindən kimya zavodlarında podratçı təşkilat kimi təmir-tikinti quraşdırma işləri aparılarkən idarənin işçilərinin texnoloji prosesdə iştirak etmədiklərini qeyd etmişdir. Kollegiya hesab edir ki, qeyd olunan müəssisələrin işçilərinin kimya istehsalatı sahəsində texnoloji prosesdə iştirak etməməsi bu halın başqa idarənin işçisi olmuş iddiaçıya münasibətdə də baş verdiyinə dəlalət edə bilməz. İddiaçının həmin zavodlarda gördüyü işin kimya istehsalatı sahəsinə aid olmadığına dair cavabdehin dəlillərinin araşdırılması məqsədilə kollegiya tərəfindən iddiaçının Sintezkauçuk və Superfosfat zavodlarının 29 iyul 2009-cu il tarixli, 12 nömrəli güzəştli arayışda sadalanan sexlərində elektrik qaynaqçısı və quraşdırıcı-çilingər vəzifələrində gördüyü işin xarakteri və həmin sexlərin özünün fəaliyyət istiqamətinin araşdırılması üçün "xxxx" MMC-yə sorğu verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq "xxxx" MMC 25 sentyabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Azneftkimyaquraşdırma" Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsi 1950-ci illərdə fəaliyyətə başlamış, 1961-ci ildən neft-kimya zavodlarının əmək şəraiti xüsusilə zərərli olan sexlərində quraşdırma və təmir işləri üzrə podratçı təşkilat kimi fəaliyyət göstərmişdir. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək elektrik qaynaqçısı, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 3, 4, 5 və 6-cı dərəcə quraşdırıcı-çilingər vəzifəsində 3542 (üç min beş yüz qırx iki) tam iş günü Sintezkauçuk zavodunun “E-2,11 (butil kauçuk), D-19 (divinil), P-7 (butadien), B-1-3 (butadien), P-5 (kauçuk), E-7 (butadien butan), E-9 (ammiak), KN (nitiril kauçuk), 115 (civə), Q-1-8 (stirol, efir) sexlərində və Superfosfat zavodunun “sulfat turşusu” istehsal boruların, sobaların və vannaların təmiri işlərini yerinə yetirmişdir. Həmin dövrlərdə zərərli sexlərdə işlədiyinə görə süd məhsulları ilə təmin olunmuş və ona əlavə əmək haqqı hesablanmışdır. Onun işlədiyi vəzifələr Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1080A010 kodlu - xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər (çilingər-quraşdırıcı); kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetiklərinə aid edilir. İddiaçı adından da göründüyü kimi fəaliyyəti müvafiq hissədə kimya sahəsinə aid müəssisədə - “Azneftkimyaquraşdırma" Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində işləmiş və həmin müəssisədə işlədiyi 1976-1992-ci illərdə müəssisənin podratçı təşkilat kimi fəaliyyətinə uyğun olaraq Sintezkauçuk və Superfosfat kimi kimya zavodlarının əmək şəraiti xüsusi zərərli olan sexlərində boruların, sobaların və vannaların təmiri işlərini görmüşdür. Bu baxımdan, kollegiya hesab edir ki, onun həmin dövrlərdə işlədiyi elektrik qaynaqçısı və quraşdırıcı-çilingər vəzifələri həqiqətən də 1 nömrəli Siyahının Vİİİ. Kimya istehsalatı bölməsinin “A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” yarımbəndinin 1080A010 kodlu - xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetiklərinə uyğun gəlir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı işin halları ilə eynilik təşkil edən işlər üzrə qəbul etdiyi 2-1(102)-1052/2024 nömrəli qərarında da məhkəmə iddiaçının hazırkı işdə olduğu kimi “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı-çilingər vəzifəsinin 1 nömrəli siyahıya uyğun gəlmədiyinə dair dəlillərini əsassız hesab edərək, iddiaçının həmin müəssisədə gördüyü işin 1 nömrəli siyahının 10800000 kodlu Vİİİ “Kimya istehsalatı” bölməsinə uyğun olduğu qənaətinə gəlmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının kimya zavodlarında gördüyü işin 1 nömrəli siyahıya aid olmadığını bildirsə də, iddiaçının Sintezkauçuk zavodunun “E-2,11” sexində işlədiyi xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrü onun güzəştli iş stajına daxil etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək də 14 il 08 ay 18 günlük müddətdə 1 nömrəli siyahı üzrə əmək şəraiti xüsusilə zərərli olan işlərdə işlədiyi halda, cavabdeh həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etməmişdir. Qeyd olunan 14 il 08 ay 18 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyən 1 il 2 ay 27 günlük müddətlə birgə nəzərə alındığında iddiaçının 10 ildən artıq (15 il 11 ay 15 gün) güzəştli iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, sadalanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-2571/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.