Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-775/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Madat İbragimovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-471/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Madat İbragimov cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1360 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli Akt tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində həmin obyektdə xx.xx.2021-ci il tarixdə 3214566,3 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********1360 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar əsasında cəmiyyətə 321456,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda 04 noyabr 2021-ci il tarixli **********5358100 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərara əsasən tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə ünvanlanmış “sənədlə alınmış ******* manat dəyərində malların pərakəndə satılmasına baxmayaraq vergi orqanı əməkdaşları tərəfindən qanunsuz olaraq həmin malların satışının topdansatış kimi aktlaşdırılması nəticəsində ona tətbiq edilən 321436.6 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsinə dair” inzibati şikayəti təmin edilməmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edirlər: cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 3214566,3 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda elektron qaiməfaktura verilmədən təqdim edilməsi aşkar olunmuşdur. Başqa sözlə, vergi orqanı cəmiyyətə məxsus obyektdə reyd zamanı xx.xx.2021-ci il tarixdə 3214566,3 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. Cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (xx.xx.2021-ci il tarixdə) cəmiyyətə məxsus obyektdə 3214566,3 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. Qanunvericiliyin tələbinə əsasən mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün təqdim edildiyi halda isə həmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-fakturanın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. İddiaçı sahibkar kimi malların pərakəndə və topdansatışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə-fakturanın təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, iddiaçı sahibkar kimi qanunvericiliklə üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, ona əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən birdən reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli aktda həmin gün deyil, xx.xx.2021-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və Nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Beləliklə, iddiaçı malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirmiş, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2017-ci il tarixdən fəaliyyətini dayandırdığı, xx.xx.2021-ci il tarixdə fəaliyyətini bərpa etdiyi, xx.xx.2021-ci il tarixdə ilk obyekt qeydiyyatı (sahəsi 30 kv metr) barədə ərizə ilə müraciət etdiyi, xx.xx.2021-ci il tarixdə “İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” fəaliyyəti üçün ilk kassa aparatını qeydiyyata saldığı, xx.xx.2021-ci il tarixdə isə vergi ödəyicisi “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” və “Avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” (əsas) fəaliyyətləri ilə uçot məlumatlarına dəyişiklik etdiyi müəyyən olunur. Cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9054 nömrəli qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağaza-anbarda (sahəsi 30 kv metr) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 3.214.366,25 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt iddiaçı tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda malları 20 % ticarət əlavəsi ilə topdan qaydada satdığını, eyni tarixli izahatında elektron qaimə-faktura tətbiq etmədən malları satdığını etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli qərarı ilə iddiaçıya 312.436,63 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********736200 nömrəli məktubu ilə iddiaçının qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 17:35-də oxunmuşdur. (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib). Həmçinin qeyd edirlər ki, vergi ödəyicisi xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 2.324.938,00 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 4076,62 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, əmək müqaviləsi hüquqi qüvvəyə minməklə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçisinin olmadığı, sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağaza-anbarın uçot baza məlumatlarına əsasən sahəsinin 30 kv metr olduğu, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 2.898.666.03 manat (ƏDV-li) olduğu, cəmi 50.014,0 manat (ƏDV-siz) məbləğində malları elektron qaimə-faktura əsasında təqdim edildiyi, qeyd olunan dövr ərzində, ümumilikdə, 3211 çek üzrə 2.526.242,0 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, 1 çek üzrə orta hesabla 786,74 manat mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət- kassa aparatının çeklərində malların adının, markasının və fərqləndirici xüsusiyyətlərinin əks olunmadığı (nümunə: xx.xx.2021-ci il tarixli 600,0 manatlıq 16 nömrəli çek üzrə vahidinin qiyməti 600,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 500,0 manatlıq 506 nömrəli çek üzrə vahidinin qiyməti 500,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 800,0 manatlıq 604 nömrəli çek üzrə vahidinin qiyməti 800,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021ci il tarixli 800,0 manatlıq 1164 nömrəli çek üzrə vahidinin qiyməti 800,0 manat olmaqla 1 ədəd avto ehtiyyat hissələri xx.xx.2021-ci il tarixli 1100,0 manatlıq 1576 nömrəli çek üzrə vahidinin qiyməti 1100,0 mana olmaqla 1 ədəd avto ehtiyyat hissələri, xx.xx.2021-ci il tarixli 1000,0 manatlıq 2700 nömrə çek üzrə vahidinin qiyməti 1000,0 manat olmaqla 1 ədəd avto təkər, xx.xx.2021-ci il tarix 900,0 manatlıq 2720 nömrəli çek üzrə vahidinin qiyməti 900,0 manat olmaqla 1 ədəd avtı təkər, xx.xx.2021-ci il tarixli 1000,0 manatlıq 2907 nömrəli çek üzrə vahidinin qiyməti 1000 manat olmaqla 1 ədəd avto təkər, xx.xx.2021-ci il tarixli 1500,0 manatlıq 2917 nömrəli çek üzrə vahidinin qiyməti 1500,0 manat olmaqla 1 ədəd işlənmiş avto mühərrik, xx.xx.2021-ci il tarixli 1200,0 manatlıq 2979 nömrəli çek üzrə vahidinin qiyməti 1200,0 manat olmaqla 1 ədəd avto ehtiyat hissələri), eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması və gün ərzində eyni məbləğdə çeklərin dəfələrlə kassaya vurulması halları, həmçinin operativ vergi nəzarəti zamanı aşkar olunmuş halların vergi ödəyicisinin faktiki iqtisadi göstəricilərinə (idxal edilmiş malların həcmi, obyektin sahəsi, işçi sayı) uyğun olmadığı aşkar olunmuşdur. Belə ki, sözügedən hallar (çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması və gün ərzində eyni məbləğdə çeklərin dəfələrlə kassaya vurulması, idxal edilmiş malların həcmi, obyektin sahəsi, işçi sayı) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassaaparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Vergi orqanı tərəfindən yuxarıda sadalanan hallar aşkar olunaraq malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yanlız tədbir keçirilən zaman (gün və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri tədbiq edilir”. Bununla bağlı qeyd edirlər ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Yuxarıda qeyd olunan maddədən aydın olur ki, vergi orqanı Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il ərzində vergi ödəyicisini həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edə bilər. Göründüyü kimi vergi ödəyicisinin məhkəməyə müraciət etməsi vergi borcunu ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. İddiaçı cavabdehin etirazına münasibətində əlavə olaraq qeyd etmişdir ki, iddiaçının operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatda malları vergi ödəyicilərinə satmasını etiraf etməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, idxal edilən malların gömrük orqanından buraxılışı qeyri-qanuni şəkildə məhdudlaşdırıldığından, iddiaçı həmin etirafedici izahatı verməyə məcbur buraxılmışdır. İstər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, istərsə də Ali Məhkəmənin İnzibati Kollegiyasının mövqeyi ondan ibarətdir ki, tərəfin izahatı yalnız iş üzrə başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Hazırki işdə bir halda ki, cavabdeh malların topdan satıldığını iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Lakin işdə bu faktı təsdiq edən mötəbər sübut yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-471/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1360 nömrəli qərarı ləğv edilmişdir (hakim İ.Quliyev). Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Baş İdarənin xx.xx.2021-ci il tarixli qərarı ilə ünvan 1i ünvanında yerləşən cəmiyyətə məxsus təsərrüfat subyektində (sahəsi 30 kv metr) xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektində 13.286 manat mal qalığı aşkar edilmişdir. (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005448 akt). Operativ vergi nəzarəti keçirilən dövrə (xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında) kimi onun tərəfindən 2.324.937,66 manat (ƏDV-siz) dəyərində mallar idxal olunduğu və 50.014,0 manat (ƏDV-siz) məbləğində malların elektron qaimə-faktura əsasında təqdim müəyyən olunur. Tədbir nəticəsində vergi ödəyicisi tərəfindən 3.214.366,25 manat məbləğində olan malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi və nağd vəsaitin nəzarət kassa aparatına (NKA) mədaxil olunduğu müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli akt tərtib edilmişdir. Malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 321.436,63 (3.214.366,25 *10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qəbul etdiyi qərarında ifadə edir ki, “maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını bilməmişdir”, “inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir”. Qeyd olunan ifadə ilə bağlı bildirir ki, məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsini aşağıdakı şəkildə təsnif etmək olar. İddiaçı cavabdehə təqdim etdiyi 2021-ci il tarixli arayışda qeyd etmişdir ki, ona məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: ünvan 1idə yerləşən mağaza-anbar **********-31001). Bu mağazada olan avto-ehtiyat hissələri ona məxsusdur. Bu mağazadan başqa digər verdə malı, saxlanc yeri, anbarı yoxdur. Satdığı malların üzərinə 20% ticarət əlavəsi qoyaraq topdan satış fəaliyyəti həyata keçirir. İş rejimi həftədə 6 gün olmaqla saat 10:00-dan 20:00dəkdir”. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyət ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Həmçinin, iş materiallarında mövcud olan geri qaytarılan ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 1.976.832,0 manat məbləğində 2549 sayda çeklərin cəmi 71 şəxslər arasında bölüşdürülməsi halları aşkar olunmuşdur. İş materiallarına əlavə olunan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirilsə, (əlavə olunan cədvələ uyğun çeklərin sayı üzrə azalan sıra ilə) nəzarət kassa aparatına ümumi dəyəri 91.367,00 manat olan 191 sayda, ümumi dəyəri 113.750,00 manat olan 182 sayda, ümumi dəyəri 94.360,00 manat olan 139 sayda, ümumi dəyəri 84.560,00 manat olan 101 sayda, ümumi dəyəri 67.650,00 manat olan 96 sayda, ümumi dəyəri 55.250,00 manat olan 91 sayda, ümumi dəyəri 46.800,00 manat olan 83 sayda, ümumi dəyəri 49.600,00 manat olan 82 sayda, ümumi dəyəri 51.800,00 manat olan 82 sayda və s. sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının, ümumilikdə, 1.976.832,0 manat məbləğində 2549 sayda çeklərin cəmi 71 şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuya ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və onun hərəkətləri işgüzar adət ilə xarakterizə edilir. Sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən, sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqı-satqısının həyata keçirilməsidir. Bu baxımdan, sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Lakin, vergi ödəyicisində normal alış həcmlərindən çox iri həcmli alışlar həyata keçirilir ki, məhz bu da bu alışın pərakəndə ticarət sahəsində formalaşmış işgüzar adət və ağlabatanlıqla eynilik təşkil etmir. Əskinə, sahibkarlıq subyektlərinin işgüzar adəti ilə eynilik təşkil edir. Bu baxımdan, malların alınması əqdi üzrə əməliyyatın pərakəndə satış çərçivəsində olubolmaması 324-cü maddəsinə uyğun olaraq hərfi mənaya görə (yəni NKA çeki ilə rəsmiləşdirildiyinə görə pərakəndə satışdır deməyə əsas vermir) deyil, ağlabatan mühakimə olmalıdır. Məhkəmə cavabdehin dəlillərini təkzib edərkən satılmış malların alıcılarının kim olduğu barədə, yəni həmin satıcıların son istehlakçı, yoxsa sahibkarlıq fəaliyyətinin subyekti olması barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə heç bir sübut təqdim etmədən cavabdehin dəlillərini əsassız saymış və heç bir əsaslandırma aparmadan formal mülahizəsinə əsasən hesab etmişdir ki, mallar son istehlak məqsədləri üçün təqdim edilmişdir. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Bütün dövriyyə üzrə məbləğlərin NKA-ya mədaxil edilməsi topdansatış ticarət fəaliyyətinin pərdələnməsi məqsədilə tətbiq edilmişdir. Digər tərəfdən də NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələblərini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə, obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, hazırkı işdə Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün xx.xx.2021-ci il tarixli **********1360 nömrəli qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin də qeyd etdiyi kimi yoxlamanın təyin edilməsi üçün əsas VM-nin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli olan mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir və qeyd olunan məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlərdir ki, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. Həmçinin, məhkəmə qərarda bildirir ki, operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların (VM-nin 50.1.1- 50.1.14 maddələri) aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Operativ vergi nəzarəti digər nəzarət növlərindən fərqli olaraq sürətli və çevik şəkildə vergi ödəyicisi tərəfindən VM-nin 50.1.1-50.1.14 maddələrində sadalanan məsələlərə riayət olunub-olunmamasını yoxlamaq imkanı verir. VM-nin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları, 50.3-cü maddəsində nəzarət tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərarın məzmununda qeyd edilməli olan məsələlər, 50.4-50.6-cı maddələrində isə nəzarət tədbirinin keçirilməsi qaydaları ilə bağlı normalar öz əksini tapmışdır. Qeyd edir ki, sadalanan maddələrlə əksini tapmış normalarda operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri (maddə 50.1.1-50.1.14) əhatə edən vergi nəzarəti formasıdır. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Cavabdehin apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırki işin hallarından görünür ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9054 nömrəli qərarına əsasən iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən təsərrüfat subyektində (mağaza-anbarında) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyd olunmuşdur. 17 sentyabr 2021-ci il tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsində vergi ödəyicisinə məxsus mağaza-anbarda 3214366,25 manat dəyərində olan malların elektron-qaimə təqdim olunmaqla satıldığı halda, elektron-qaimə təqdim olunmadan kassa ilə topdan satıldığı müəyyən olunmuş və keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən 20 sentyabr 2021-ci il tarixli, DVX seriyalı, 005461 nömrəli akt tərtib edilmişdir. Qeyd edilən akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********1360 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 321436,63 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Kollegiya ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9054 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad edilmişdir). Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50.2-ci və 50.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9054 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2- ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, bundan əlavə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda 50.2.2-ci maddəyə istinad edilsə də, mənbəyi bəlli məlumatların nədən ibarət olması əsaslandırmamış və buna dair mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50-ci maddəsinə sadəcə istinad etməklə kiyafətlənmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan məsələlər təsbit edilmişdir ki, onlardan biri də malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsidir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilir. Halbuki, hazırkı iş üzrə, cavabdehin keçirdiyi operativ vergi nəzarətinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcılara satışının sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazın əsasını sübut edəcək mötəbər və vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə dəlil və sübutları, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaiməfaktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Etiraza və apellyasiya şikayətinə əlavə edilən geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatların, o cümlədən nəzarət-kassa aparatına mədaxil olunmuş 2549 sayda çeklərin cəmi 71 şəxslər arasında bölüşdürülməsi ilə bağlı məlumatlar, ümumilikdə 2549 çek üzrə 1.976.832,0 manat məbləğində nəzarət-kassa aparatına mədaxil olunması, çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və gün ərzində eyni məbləğdə çeklərin dəfələrlə kassaya vurulması halları da öz-özlüyündə iddiaçının müvafiq malları topdansatış qaydasında satmasını sübut edən sənədlər kimi qiymətləndirilə bilməz. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçı Madat İbragimovun hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “AVTOMOBİL EHTİYAT HİSSƏLƏRİNİN PƏRAKƏNDƏ SATİŞİ” olmuşdur. Həmçinin, vergi ödəyicisi haqqında məlumatdan görünür ki, iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən təsərrüfat subyektində (mağaza-anbarında) AZ SMART mobile markalı SA **********102020 zavod nömrəli Nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçirilmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərkibi hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********1360 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbulunun vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-471/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-775/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-775/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver