Məhkəmə qərarları › İş №2-1(105)-776/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-776/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-776/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: övladlığa götürülmə ilə bağlı müsbət rəyin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X5 övladlığa götürülməsi ilə bağlı müsbət rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2555/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, övladlığa götürülən uşaq valideyn qayğısı ilə əhatə olunduğu hallarda, eləcə də müəyyən maddi və sair maraqlar naminə həyata keçirilməsi müəyyən edildikdə, bu cür övladlığagötürmə formal xarakter daşıyır və uşağın mənafeyinə uyğun hesab edilmir. xx.xx.2022-ci il tarixində sizinlə keçirilən müsahibə nəticələrinə əsasən, sizinlə övladlığa götürülən uşaq arasında olan münasibətin nəne-nəvə münasibətindən irəli gəlməsi övladlığagötürmə motivinizin formal xarakter daşıdığı müəyyənləşdirilmişdir. Belə ki, sizinlə keçirilən müsahibə zamanı və yazdığınız müraciətinizdə övladlığa götürməkdə əsas məqsədinizin nəvənizin hazırda yaşadığınız ev üzərində vərəsəlik hüququnun yaranması ilə bağlı olduğunu bildirmisiniz. Ailə Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Habelə, “Övladlığagötürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli qərarının 24-cü maddəsinin tələblərinə əsasən valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Həmçinin, övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi və sair maraqlar naminə həyata keçirilmədiyi əsaslandırılmalıdır. xx.xx.2022-ci il tarixində Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldığınız üçün həmin Məcəllənin 119.11-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar müraciət etmək hüququnuz var. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X8 övladlığa götürə bilməyi üçün cavabdehdən ona göndərilmiş 3-17-3/2- 1-4492/2023 saylı, 03 fevral 2023-cü il tarixli imtina qərarının (aktın) əsassız olmasına və nəvəsini övladlığa götürmə tələbinə cavabdeh tərəfindən düzgün əsaslandırılmış rəy verilməsi və onun cavabdehə belə müraciətinə hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılaraq bir il müddətində uçotdan çıxarılmağına dair qəbul edilmiş qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirməsi barədə ərizə verərək, nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X5 övladlığa götürülməsi ilə bağlı müsbət rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yeganə nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X8 övladlığa götürmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 345.1 və 120.1-ci maddələri əsasında Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-641/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə övladlığa götürmənin övladlığa götürülən uşağın mənafəyinə uyğunluğu barədə Sosial Xidmətlər Agentliyindən rəy verilməli olması səbəbindən ərizəsi məhkəmə icraatına qəbul edilməmişdir. Odur ki, cavabdeh Sosial Xidmətlər Agentliyinə aşağıdakı sənədlər əsasında müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, qızı X16 uzun müddətdir ki, ağır xəstədir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sumqayıt şəhər X1 Rəna Əsgər qızına verilmiş 133/500 saylı, xx.xx.2021-ci il tarixli həkim-psixiatr komissiyasının rəyinin və qərarının, o cümlədən Epiqrizin surətlərindən görünür ki, qızı “baş beynin xəstəliyi (travması) nəticəsində əmələ gələn üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə ağır xəstədir. Bundan əlavə, kürəkəni X17 isə işsizdir və o, Oğuz rayonunun Sincan kəndində yaşayır. X23 ilə kürəkəni Nəsib Musayevin ailə münasibətləri kağız üzərində davam etsə də faktiki olaraq yoxdur. Belə ki, qızı sağalmaz xəstəliyə düçar olduğundan onun bütün günü Tibb Müəssisələrində keçir. Beləliklə, qızı Rəna Musayevanın sağlamlığı çox pis olduğundan onun öz övladı X3, uşağa valideyn kimi qayğı göstərməyə və təlim- tərbiyyəsi və uşağın təhsili ilə məşğul olmağa imkanı yoxdur. Bu səbəbdən onlar nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsindədir. Övladlığa götürmək istədiyi xx.xx.2015-ci il təvəllüdlü X5 valideynləri X9 və X10 **********220 saylı, xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, onlar X8 onun övladlığa götürməyinə razı olmuşlar. Bu ərizəyə daxil etdiyim 574 saylı, xx.xx.2022-ci il tarixli arayışın əsilindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qızı Rəna onun himayəsindədir. Şamaxı rayon X12 Hüquqi Şəxsi tərəfindən verilmiş 382 saylı, xx.xx.2022-ci il tarixli arayışın əsilindən görünür ki, o Şamaxı rayon X6 şöbəsində xadimə işləyir və aylıq əmək haqqısı 365 (üç yüz altmış beş) manatdır. X5 övladlığa götürməyini rəsmiləşdirərkən ilk olaraq Şamaxı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin Şamaxı rayon İcra Hakimiyyətinin məsul şəxsləri uşağın övladlığa götürülməsi məsələsini məhkəmənin qərarı ilə həll edildiyini bildirmişlər və onu X11 qəyyum təyin etmişlər. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 33 saylı, 04 mart 2022-ci il tarixli Sərəncamının surətindən görünür ki, o 19 yanvar 2015-ci il təvəllüdlü X11 qəyyum təyin edilmişdir. Onun özünə məxsus fərdi yaşayış evim var və nəvəsinin yaşaması üçün hər cür şəraiti vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsi qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixində nəvəsinin övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığagötürən şəxs kimi uçota alınması üçün zəruri sənədləri təqdim etmişdir. Bununla əlaqədar Agentlik tərəfindən xx.xx.2022-ci il tarixində övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə iddiaçı ilə müsahibə aparılmışdır. Müsahibə zamanı müəyyən edilmişdir ki, övladlığa götürülən uşaq xx.xx.2015-ci il təvəllüdlü X14 və bioloji ana X16 İddiaçı ilə birlikdə yaşayır. Uşağın bioloji atası xx.xx.1992-ci il təvəllüdlü X17 uşağın övladlığa verilməsinin səbəbini bioloji anadan ayrıldığını, uşağın ehtiyaclarını qarşılaya bilməməsini, uşaqla əlaqəsinin olmamasını və ona qayğı göstərmək istəməməsi olduğunu qeyd etmişdir. Həmçinin müsahibə zamanı uşağın bioloji valideynlərini tanıdığı, İddiaçı özünü uşağa əsas qayğı göstərən şəxs kimi təqdim etməsinə baxmayaraq ünsiyyətinin nənə-nəvə münasibətlərinə əsaslandığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı övladlığa götürməkdə əsas məqsədin hazırda yaşadığı evin (mülkün) vərəsəsinin nəvəsi olması istədiyini bildirmişdir. Belə ki, İddiaçı ata mülkü hesab edilən yaşayış yeri üzərində gələcəkdə qardaş, bacıları tərəfindən iddiaların yarana biləcəyini qeyd etmişdir. Habelə iddiaçı gələcəkdə digər ailə üzvlərinin mülkə münasibətdə hər hansı bir hüquq əldə edə bilməməsini və uşağın övladlığa götürülməsi yolu ilə qeyd edilən problemin həll edilməsini istəyini bildirmişdir. Övladlığa götürmənin əsas motivinin mülk məsələsi hesab edildiyi səbəbdən övladlığagötürmə müəyyən maddi və sair maraqlar naminə həyata keçirilməklə formal övladlığa götürmə ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2555/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, övladlığa götürülən uşağın valideyinləri valideyinlik hüququndan məhrum edilməyiblər və uşağın valideyinlərinin bir-birindən ayrı yaşaması nənəyə nəvəsini övladlığa götürülməsi üçün əsas vermir. Habelə uşağın gələcəyinin daha yaxşı təmin edilməsi, mirasın ona qalması ilə bağlı istəklərini nənə tərəfindən nəvəsinə lazımi qayğı göstərilə bilər bunun üçün övladlığa götürülməsi mütləq deyil. Başqa sözlə desək iddiaçının istəklərinin həyata keçirilməsi ilə bağlı övladlığa götürmə yeganə həll deyil, bunun üçün digər hüquqi tənzimləmələr də, mövcuddur. Bu səbəbdən də iddiaçının tələbi təmin edilməməlidir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunmuş və birinci instansiya məhkəməsinin qərarında yazılmış bu qanunlar və normativ aktlar səhv mənalandırılıb şərh edilməklə absurd fikirlər qeyd olunmuşdur. Belə ki, fakt sənədlər əsasında sübut olunub ki, övladlığa götürmək istədiyi nəvəsi 19 yanvar 2015-ci il təvəllüdlü X5 anası – yəni onun yeganə övladı olan X16 psixdir, ruhi xəstədir. Bu səbəbdən o, öz övladına valideynlik qayğısı göstərə bilməz və göstərmir. Uşağın atası da öz övladını və ailəsini birdəfəlik atıb getmişdir. Amma iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında və cavabdehin etirazında yazılmışdır ki, guya övladlığa götürmək istədiyi uşaq (nəvəsi) valideyn himayəsi ilə tam təmin olunmuşdur. O adına olan mülkünü və digər əmlaklarını nəvənin adına keçirməkdən ötəri cavabdehə müraciət etməmiş və o cümlədən hazırki iddia tələbinin əsasını da bu təşkil etmir. Digər tərəfdən Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 33 saylı, 04 mart 2022-ci il tarixli Sərəncamından aşkar görünür ki, nəvəsinin valideynləri özlərinin yeganə uşağına valideyn himayəsi göstərə bilmədiklərinə görə həmin uşağa (yəni nəvəsi) qəyyum təyin olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar 117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. ..... Maddə 118. Övladlığa götürmə qaydası 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.13. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun: Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Maddə 32. Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 29 oktyabr 2009-cu il tarixli, 01/2009 nömrəli qərarı Bənd 24. Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması ) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. BMT-nin “Uşaq hüquqları haqqında 20 noyabr 1989-cu il tarixli Konvensiyasına əsasən övladlığa götürmə sistemini qəbul edən və ya onun mövcudluğuna icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk növbədə nəzərə alınmasını təmin etməklə, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar tərəfindən icazə verilməsi nəzərdə tutulmuş, habelə həmin orqanlar tərəfindən tətbiq edilən qanuna və prosedurlara uyğun olaraq və işə aid bütün səhih məlumat əsasında uşağın valideynlər, qohumlar və qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürülməsinin mümkünlüyünü və əgər tələb olunarsa, əlaqədar şəxslərin zəruri ola biləcək məsləhətləşmə əsasında uşağı övladlığa götürməyə öz şüurlu razılığını verməsini müəyyən edilməsinə təminat verilməsi əsasında həyata keçirilməsi ehtiva olunmuşdur. "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" 29 may 1993-cü il tarixli Konvensiyada şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün uşağın ailə mühitində, xoşbəxtlik, sevgi və qarşılıqlı anlaşma mühitində böyüyüb boyabaşa çatmalı olması əsas prinsiplərdən biri kimi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X5 övladlığa götürülməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən müsbət rəyin verilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən övladlığa götürülən uşaq valideyn qayğısı ilə əhatə olunduğu hallarda, eləcə də müəyyən maddi və sair maraqlar naminə həyata keçirilməsi müəyyən edildikdə, bu cür övladlığa götürmə formal xarakter daşıdığını və uşağın mənafeyinə uyğun hesab edilməməsi halına istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad olunan qanunvericilik normalarının təhlilindən görünür ki, övladlığa götürülmə institutu uşaq hüquqlarının qorunması sahəsində tətbiq olunan ən həssas institutlardan biri olmaqla, məhz qanunvericiliklə müəyyən olunmuş qaydada və prosedurda həyata keçirilir. Elə məhz ona görədir ki, övladlığa götürmə yalnız məhkəmə qərarı əsasında həyata keçirilir. Həmçinin, övladlığa götürülmə institutunun hüquqi mahiyyətindən görünür ki, bu institutun tətbiq olunmasında əsas məqsəd və niyyət övladlığa götürənlə övladlığa götürülən arasında valideynlik münasibətləri ilə analoji hüquq münasibətlərinin yaradılmasıdır. Bununla yanaşı, həm milli, həm də beynəlxalq qanunvericiliyin təhlilindən aydın olur ki, hər bir halda bu institutun tətbiqi ilk növbədə uşağın mənafeyinə uyğun olmalıdır. Göründüyü kimi övladlığa götürmə sadə bir prosedurdan ibarət olan institut olmayıb, uşaq hüquqlarının həyata keçirilməsi çərçivəsində onların düzgün tərbiyə olunmasına, yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasına, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlmişdir. Belə ki, uşağın övladlığa götürülməsi formal xarakter daşımamalı, burada əsas məqsəd uşağın normal inkişafının və tərbiyəsinin təmin olunmasından ibarət olmalıdır. Övladlığa götürən məhz övladlığa götürmək istədiyi uşaq barəsində onun valideyni kimi qayğısına qalması, tərbiyə olunması, təhsil alması, onun zəruri maddi və mənəvi ehtiyaclarının ödənilməsi, bir sözlə, şəxsiyyət kimi formalaşmasınna zəruri şərait yaratmalı və bütün bu tələbləri təmin etməlidir. Başqa sözlə, övladlığa götürən uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Həmçinin, uşağın mənfəət əldə etmək məqsədilə övladlığa götürülməsinin qanunvericiliklə qadağan olunması imperativ norma şəklində nəzərdə tutulmuşdur. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi məhz qızının xəstə olması, sağlamlıq vəziyyəti ağır olduğundan uşağına qayğı göstərə, onun maddi-məişət ehtiyaclarının təmin edilməsi ilə bağlı imkanı olmaması, qızının əri ilə aralarında rəsmi nikah olsa da, faktiki olaraq, ayrı yaşamaları, uşağa körpəlikdən onun baxması, uşağın hüquqlarınn müdafiəsi lə bağlı müraciət etdiyi halda ondan rəsmi sənəd istənilməsi kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, indiki halda iddiaçı ilə övladlığa götürmək istəyən uşaq arasında olan münasibətlər nəvə-nənə münasibətlərindədir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının öz nəvəsinin övladlığa götürməkla bağlı olan məqsədi övladlığa götürmə institunun mahiyyətinə tamamilə zidd olmaqla, formal xarakter daşıyır. Bundan əlavə iş materiallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçı öz nəvəsinin qəyyumu təyin edilmişdir. Göründüyü kimi iddiaçı qeyd edilən məqsədə nəvəsini övladlığa götürmədən də nail ola bilər (nənə qismində onu öz nəvəsi kimi saxlamaqla, onun maddi-məişət tələbatlarını ödəyə bilər, habelə qəyyumu qimsində onun hüquqlarının həyata keçirilməsində təmsil oluna bilər). Nəticə etibarilə hazırki iş üzrə iddiaçının nəvəsini övladlığa götürməkdə əsl niyyəti heç də uşaq barəsində bir valideyn kimi onun normal inkişafının və tərbiyəsinin təmin olunmasına yönəlməmiş, formal xarakter daşımışdır. Bundan əlavə indiki halda uşaın valideynlərinin valideyn hüquqlarından məhrum edilməsi halı da müəyyən edilməmiş, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi qızının psixi xəstəlikdən əziyyət çəkməsi, uşağın atasının da uşağına heç bir qayğı göstərməməsi, onun özünün uşaqla bağlı qəyyum təyin edilməsi, uşağın maddi və mənəvi ehtiyaclarının ödənilməsi imkanına malik olması, qarşılıqlı razılaşma yolu ilə uşağın mənafeyi üçün belə bir qərara gəlməsi kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallara (qızının xəstəlikdən əziyyət çəkməsi, faktiki atasının olmaması) dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə isə qeyd edilməlidir ki, iddiaçının qeyd etdiyi hərəkətləri (uşağın maddi və mənəvi ehtiyaclarının təmin edilməsi, uşağın qayğısına qalınması) nənə kimi öz nəvəsi barəsində etmək imkanına malikdir. Bu halda isə iddiaçının öz nəvəsini övladlığa götürmək məqsədi formal xarakter daşımaqla, övladlığa götürmə institutunun mahiyyətinə zidd olmuşdur. Bu baıxmından məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallar formal xarakter daşımaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilərək, iş üzrə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2555/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar