Məhkəmə qərarları › İş №2-1(105)-777/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-777/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-777/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “müddəti ötürülmüş faiz borcun ümidsiz borc qismində silinməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(118)-2682/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına müraciət edərək, müəssisənin şəxsi hesab vərəqəsində olan Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən tələb etmə müddəti ötürülmüş 28528,17 manat faiz borcunun silinməsini xahiş etmişdir. Müraciətə DVX-nin X3 Baş İdarəsi tərəfindən baxılmış və müraciətə cavab olaraq dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqədar araşdırma aparıldığını, araşdırma yekunlaşdıqdan sonra ümidsiz borcların silinməsi məsələsinə baxılacağını bildirmişdir. Daha sonra iddiaçının nümayəndəsi yenidən xx.xx.2023-cü il tarixdə eyniməzmunlu ərizə ilə DVX-nin Aparatına müraciət etmiş, DVX müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-nin xx.xx.2023-cü il tarixə vergilər üzrə 28728,17 manat (o cümlədən, faizlər üzrə 28 528,17 manat və maliyyə sanksiyası üzrə 200,0 manat), məcburi dövlət sosial sığorta haqqı üzrə 9238,24 (mdss üzrə 6720,24 manat və penya üzrə 2518,00 manat) və işsizlik sığortası üzrə 101,70 manat (mdss üzrə 81,00 manat və penya üzrə 20,70 manat) borcu mövcuddur. Yaranmış öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədiyindən həmin dövrlər üzrə VM-nin 59.1-ci maddəsinə uyğun olaraq fazilər hesablanmışdır. Vaxtında ödənilməmiş vergilərə görə hesablanmış faizlər üzrə borcunun tələbetmə müddəti bitdiyindən silinə bilməz. Qeyd olunan borc qısa müddətdə dövlət büdcəsinə ödəniməlidir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, şəxsi hesab vərəqəsində olan Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən tələb etmə müddəti ötürülmüş 28528,17 manat faiz borcunun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MTK-nın şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin xx.xx.2023-cü il tarixə vergi borcu 200 manat, faiz borcu isə 28528,17 manat olmuşdur. Göründüyü kimi, cəmiyyətin xx.xx.2023-cü il tarixə ödənilməmiş vergi borcu 28728,17 manat təşkil edir. Qeyd olunan faiz borcu əsas vergi məbləğinə xx.xx.2018-ci il tarixədək olan hesablanmış faiz borcudur və qeyd olunan tarixdən faiz borcunun hesablanması dayandırılmışdır. Həmin faiz borcu xx.xx.2018-ci il tarixə 60003,52 manat olmuş və onun 31475,35 manat hissəsi vergi orqanı tərəfindən tələb etmə müddəti ötdüyü üçün xx.xx.2022-ci il tarixdə silinmişdir. Ancaq 28528,17 manat hissəsi isə tələb etmə müddəti ötməsinə və dəfələrlə cavabdeh vergi orqanına müraciət etmələrinə baxmayaraq silinməmiş, silinməmə səbəbi isə əsaslandırılmamışdır. Qeyd edir ki, şəxsi hesab vərəqəsində mövcud olan 28528,17 manat vergi borcunun tələbetmə müddəti bitmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, hər hansı vergi növü üzrə hesablanmış vergi məbləği və faiz, tətbiq edilmiş maliyyə sanksiyası hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutula bilər, bununla bağlı qanunla müəyyən edilmiş məcburiyyət tədbirləri həyata keçirilə bilər. 5 illik müddət bitdikdən sonra isə hesablanmış vergi, faiz borcu və tətbiq edilmiş maliyyə sanksiyası üzrə qalıq borc ümidsiz borc qismində silinməlidir. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixə vergilər üzrə 28825,17 manat (o cümlədən, faizlər üzrə 28 528,17 manat və maliyyə sanksiyası üzrə 200,0 manat) borcu mövcuddur. xx.xx.2024-cü il tarixə maliyyə sanksiyası üzrə mövcud olan 200,0 manat borcun 100,0 manatı xx.xx.2020-ci il, digəri isə xx.xx.2020-ci il tarixdə yaranmışdır. Bundan əlavə, 2016-cı ildə qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən MMC tərəfindən 2016-cı ilin 1-ci rübünə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi növü üzrə 708 966,0 manat məbləğində bəyannamə təqdim edilmiş və həmin məbləğ 70 896,60 manat olmaqla bərabər 10 hissəyə bölünmüşdür. Həmin BTFSV-nin son 2 hissəsinin, yəni ödəniş tarixləri xx.xx.2018-ci və xx.xx.2018-ci illər müəyyən edilənlər üzrə hesablanmış faizlərin tələbetmə müddəti bitməmişdir və hal-hazırda ŞHV-də mövcud olan 28 528,17 manat faiz borcu həmin hissələrə aiddir. Əlavə olaraq bildirir ki, MMC-nin 40 715,0 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir. Dövlət büdcəsinə ödənilməmiş 28 528,17 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın satılması barədə Qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş və iddia tələbi hal-hazırda həmin məhkəmənin icraatındadır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq tələbetmə müddəti bitmiş 31 475,35 manat faiz və 80,0 manat maliyyə sanksiyası məbləği xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmişdir. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Həmçinin, Vergi Məcəlləsinin 85.52-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(118)-2682/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İddiaçınə aid şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 28528,17 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, vergi orqanı mübahisələndirilən vergi borcunu siyahıya alınmış əmlakın satılması ilə bağlı iddia qaldırmaq yolu ilə xx.xx.2024-cü il tarixdə, yəni Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddəti ötürməklə tələb etmişdir. Habelə, qeyd edilən 5 illik müddət ilə həmin borcun ödənilməli olması ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul olunmamışdır. Qeyd edilən 5 il ərzində vergi orqanı tərəfindən borcun tutulması ilə bağlı hər hansı hüquq və nəticə yarada biləcək hüquq və vəzifələr həyata keçirilməmişdir. Belə olan halda, mahiyyət etibarı ilə həmin borc vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutulmamış hesab olunmaqla, həmin hüququn realizəsi imkanı aradan qalxmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində hazırda mübahisələndirilən faiz borcu 2018-ci ilin oktyabr ayında yaranan borc kimi göstərildiyindən bu məsələ ilə bağlı tərəflərindən X3 Baş İdarəsinə rəy verilməsi ilə əlaqədar olaraq müraciət edilmiş, müraciətlərinə cavab olaraq borcun 10 hissəyə bölündüyü və müəyyən hissəsinin tələbetmə müddətinin keçdiyi bildirilmişdir. Tərəflərindən iddiaçı vergi ödəyicisinin əsas borcu hissələrə bölünmüş və buna uyğun olaraq faiz hesablanmışdır. İddiaçı ödəməni birdəfəlik etməli idi, lakin özü 10 hissəyə böldüyündən bu formada ödəniş edilməsi qəbul edilməmiş və bu baxımdan, faiz hesablanmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi 28.528,17 manat məbləğində faiz borcunun ümidsiz borc kimi silinməsidir. Birinci instansiya məhkəməsi həmin faiz borcunun Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddəti bitdiyindən ümidsiz borc kimi silinməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir . Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinə bilməsi şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarında göstərilmişdir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir. Hazırkı işin hallarından görünür ki, şəxsi hesab vərəqəsinə əsasən iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi növü üzrə ümumilikdə 708.966,0 manat vergi bəyan edilmiş və həmin məbləğ 10 bərabər hissəyə bölünərək, hər biri 70.896,60 manat olmaqla xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində iddiaçı tərəfindən ödəniş edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin sadələşdirilmiş verginin məhz son 2 hissəsi - xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərdə ödəniş edilmiş hissə üzrə 28.528,17 manat faiz borcu hesablandığını və həmin borc üzrə 5 illik tələbetmə müddətinin keçmədiyini, borcun ödənilməsinin təmin edilməsi məqsədilə iddiaçının xx.xx.2023-cü il tarixli protokola əsasən, 40715,0 manat dəyərində əmlakının siyahıya alındığı və borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın satılması barədə qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edildiyini bildirmişdir. Kollegiya cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, 2016-cı ilin 1-ci rübü üzrə bəyan edilmiş 708966 manat sadələşdirilmiş vergi üzrə 141793.2 manat məbləğində son iki ödəniş xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə aparılmışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi, hazırda silinməsi tələb edilən faiz borcu məhz həmin sadələşdirilmiş vergiyə görə hesablanmışdır. Bu isə o deməkdir ki, həmin məbləğ ən azından xx.xx.2018-ci il tarixədək hesablanmış faiz borcudur. Həmçinin, şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixədək iddiaçıya ümumilikdə, 60.003,52 manat faiz borcu hesablanmış, xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq tələbetmə müddəti bitmiş 31.475,35 manat faiz və 80,0 manat maliyyə sanksiyası vergi orqanının öz təşəbbüsü ilə şəxsi hesab vərəqəsindən silinmiş, silinmədən sonra 28528.17 manat faiz borcu qalmışdır. Həmçinin işdən görünür ki, xx.xx.2018-ci il tarixədək hesablanmış və hazırda silinməsi tələb edilən 28.528,17 manat faiz borcuna münasibətdə vergi orqanı tərəfindən VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində həmin borcun ödənilməsi illə bağlı VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edilməmiş, vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi təmin edilməmişdir. Vergi orqanı yalnız iddiaçının borcun silinməsinə dair müraciətindən sonra, yəni qanunla müəyyən edilən 5 illik müddət ötdükdən sonra(xx.xx.2018-xx.xx.2023) iddiaçının əmlakını siyahıya alaraq məhkəmədə iddia qaldırmışdır. Ona görə də, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Eyni zamanda məhkəmə kollegiyası ümidsiz borcların silinməsi tələbinə dair oxşar mübəhisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-486/2023 nömrəli, 2-1(102)-517/2023 və 2-1(102)-1488/2024 nömrəli qərarlarında formalaşmış məhkəmə təcrübəsini xatirlatmağı zəruri hesab edir. Belə ki, həmin işlərdə kassasiya instansiya məhkəməsi ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği. Borcun silinməsi ilə bağlı cavabdehə müraciətin olması işin mübahisəsiz halıdır. Silinməsi tələb olunan və 5 illik tələbetmə müddəti keçmiş faktiki borcun məbləği və tərkibi isə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergiyə görə hesablanmış 28.528,17 manat faiz borcundan ibarətdir, bununla bağlı da tərəflər arasında hər hansı mübahisə yoxdur. İddiaçının şəxsi hesab vərəqəsindən müraciət tarixindən 5 il əvvələ - xx.xx.2018-ci il tarixə iddiaçıya hesablanmış 60.003,52 manat faiz borcunun 31.475,35 manat hissəsinin vergi orqanın özü tərəfindən silindiyi, nəticədə xx.xx.2022-ci il tarixə 28.528,17 manat faiz borcunun qaldığı və son 5 il ərzində də həmin faizlər üzrə iddiaçı tərəfindən hər hansı ödənişin edildiyi görünmür. Ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. 5 ilik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği isə 28.528,17 manatdır. Göründüyü kimi qiymətləndirmə mexanizminin bütün meyarları üzrə işin halları aydındır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(118)-2682/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar