Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-778/2025 30.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X2 Filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həqiqətən ona keçmiş Siyəzən rayon Məşğulluq Mərkəzinin (bundan sonra - Mərkəz) xx.xx.2003-cü il tarixli 06 nömrəli əmri ilə işsizlik müavinəti təyin edilmiş, xx.xx.2003-cü il tarixli 70 nömrəli əmri ilə xx.xx.2003-cü il tarixindən başa çatmışdır. Mərkəzin xx.xx.2004 tarixli 21 nömrəli əmrinə əsasən xx.xx.2004-cü il tarixində təkrar işsizlik müavinəti təyin edilmiş, xx.xx.2004-cü il tarixli 78 nömrəli əmrə əsasən işsizlik müavinətinin ödənilməsi xx.xx.2004-cü il tarixindən başa çatmışdır. Azərbaycan Respublikası “Neftyoltikintitəmir" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən "Azərnefyoltikintitəmir "X1 İdarəsinə xx.xx.1989cu il tarixdən vulkanizator peşəsinə qəbul edilmiş və xx.xx.2002-ci il tarixə qədər həmin peşədə işləmişdir. İddiaçı işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşəiərin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci Ümumi peşələr bölməsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixində 10 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Təmirçi-çilingər” ixtisasına qəbul olmuş və xx.xx.1981-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 12 iyul 2023-cü il tarixli 06 nömrəli arayışında onun xx.xx.1989-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də vulkanizator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin xx.xx.1981 -ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 27-ci qeydində iddiaçının işdən çıxdığı yazılsa da, işdən çıxma tarixi və əmr nömrəsi göstərilmədiyindən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə xx.xx.2001-ci il tarixdən əvvəki dövrə aid sənədlərin mövcud olmadığı, təqdim olunmuş arayışda aparılmış qeydlərin əmək kitabçası əsasında yazıldığı, eyni zamanda müəssisənin xx.xx.2001-ci il tarixdən sonra fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC ilə birlikdə tərtib olunmuş 26 oktyabr 2023cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də xx.xx.1989-xx.xx.2002-ci il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün olmadığına görə sizin ümumi iş stajınız 25 ildən az (12 il 2 ay 23 gün (xx.xx.1978- xx.xx.1981 -ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.2003- xx.xx.2003-cü il və xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 7 ay)) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11088,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət reyestr melumatlarına əsasən bildiririk ki, xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı ünvan 1 olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərneftyoltəmirtikinti” Trestinin Mexanikləşdirmə İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin 14-2-1/2- 1531/2025 nömrəli, 25 Sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi vulkanizatorçu peşəsinin analoji iş yeri olan "Azneft" İB-nin 1 və 2 saylı İxtisaslaşdırılmış NeftMədən Xüsusi Texnika İdarələrinin fəhlələrinin ştat cədvəlində vulkanizatorçu ştatı (peşəsi) mövcuddur. Sözügedən qurumlarda vulkanizatorçu peşəsində işləyən fəhlə peşə təlimatında (əlavə olunur) nəzərdə tutulan əsasən aşağıdakı işləri yerinə yetirir: Bütün nəqliyyat vasitələrinin təkərləri yenisi ilə əvəz edildikdə onun quraşdırılmasını təmin etmək; vulkanizatorun nəzarət lampalarının, qoruyucunun olmasını, kompressorlarda monometrin, nasosun, kran və ventillərin sazlığını yoxlamaq; rezin yapışqanının hazırlanması və vulkanizasiya işlərini yerinə yetirməzdən əvvəl ventilyasiyanı işə salmaq: xüsusi təchizatlı otaqda rezin yapışqanını hazırlamaq; rezin yapışqanı yaxılmış və ya benzinlə təmizlənmiş təkəri və təmir materialını 30˚C-dən artıq olmayan temperaturda qurutmaq; təkərlərə normaya uyğun hava vurularaq doldurulmasını yerinə yetirmək; şinlərin təmirində xüsusilə mürəkkəb işləri yerinə yetirmək; təkərlərin istismara yararlığını yoxlamaq və lazım gəldikdə onun dəyişdirilməsi üçün təklif vermək; havavurma avadanlığının sazlanmasını və təmirini təmin etmək. "Azneft" İB-nin tabeçiliyində olan 1 və 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarələrinin fəhlələrinin ştat cədvəlində mövcud olan vulkanizatorçu peşəsi yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan “vulkanizasiyaçılar” peşəsi ilə uyğunluq təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 60 yaşı tamam olduğu tarixdən, yəni 25 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1978xx.xx.1981-ci illərdə 10 saylı Bakı Texniki Peşə Məktəbində oxumuş, xx.xx.1981-29,11.1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1981-ci ildə başlamış, xx.xx.1983-xx.xx.1984-cü illərdə Bakı Evtikmə Kombinatında işləmiş, xx.xx.1984xx.xx.1984-cü ildə Sumqayıt Qaz İstehsalı müəssisəsində, xx.xx.1985-xx.xx.1987-ci illərdə 1 saylı Mexanikləşdirilmiş İdarədə, xx.xx.1987-xx.xx.2002-ci ilə qədər "xxxx" ASC-də işləmiş, xx.xx.2003- xx.xx.2003-cü ildə və xx.xx.2004-xx.xx.2004-cü ildə işsizlik müavinəti almış, ümumi iş stajı 25 ildən artıqdır. Bunu ona məxsus olan NT-İ İM ******* saylı əmək kitabçası təsdiq edir. xx.xx.1989-cu ildə “Aznefttikmti” trestinin Yol Tikinti Təmir İdarəsinə köçürmə yolu ilə 5-ci dərəcə ilə vulkanizasiya fəhləsi işinə qəbul edilmiş və həmin peşədə xx.xx.2002-ci ilə qədər işləmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 06 saylı arayışına görə işlədiyi peşə 2-ci siyahıya aiddir və güzəştli əmək pensiyası təyin edilməsi hüquq verir. Pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən az təşkil etmişdir. İş materiallarına əlavə olunmuş AZE******** nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-311631 nömrəli imtina məktubuna əsasən İddiaçı mübahisələndirilməyən 12 il 02 ay 23 gün ümumi sosial sığorta stajı müəyyən edilmişdir. Sözügedən dövrlər aşağıdakılardır:xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək;xx.xx.1981 -ci il tarixdən xx.xx.1981-ci il tarixədək;xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək;xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək;xx.xx.1984- cü il tarixdən xx.xx.1984-cü il tarixədək;xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək;xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək;xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək; xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək;xx.xx.2003- cü il tarixdən xx.xx.2003-cü il tarixədək;xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək; xx.xx.2006-cı il tarixdən sonrakı 7 ay. (Mübahisələndirilməyən dövrlər). Mübahisələndirilən dövrlərə aid iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 12 iyul 2023-cü il tarixli 06 nömrəli arayışında onun xx.xx.1989-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də vulkanizator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin xx.xx.1981-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının 27-ci qeydində iddiaçının işdən çıxdığı yazılsa da, işdən çıxma tarixi və əmr nömrəsi göstərilmədiyindən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3-cü maddəsinə uyğun olaraq əmək kitabçasının 27-ci qeydində iddiaçının isdən çıxdığı yazılsa da işdən çıxma tarixi və əmr nömrəsi göstərilmədiyindən əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə xx.xx.2001-ci il tarixdən əvvəki dövrə aid sənədlərin mövcud olmadığı, təqdim olunmuş arayışda aparılmış qeydlərin əmək kitabçası əsasında yazıldığı, eyni zamanda müəssisənin xx.xx.2001-ci il tarixdən sonra fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC ilə birlikdə tərtib olunmuş 26 oktyabr 2023cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi bugünə 11088,97 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr xx.xx.2006-cı ilədək və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az xüsusi iş stajı vardır. Belə ki, iddiaçıya əmək kitabçasında xx.xx.1989-xx.xx.2002-ci ilədək "xxxx" ASC işləməsi ilə bağlı qeydlər vardır. Cavabdeh inzibati orqan inzibati icraata apararaq sözügedən müəssisənin mövcudluğu və iddaçının həmin müəssisədə işləməsi ilə bağlı məlumatlar aşkar etməmişdir. İcraat materiallarına əlavə edilmiş arxiv məlumatlarından görünür ki, ASC-nin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, cavabdeh inzibati orqanın "xxxx" ASCnin rəhbəri ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli Aktından da görünür ki, sözügedən müəssisənin xx.xx.2001-ci ildən fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının müvafiq müəssisədə işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul olunmuş Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-837/2025 saylı qərarından narazıdır. Məhkəmə bu iş üzrə qərar qəbul edərkən hesab etmişdir ki, onun “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən iş stajı 12 il 6 aydan az xüsusi iş stajı vardır. Məhkəmə qeyd edilənləri onunla əsaslandırmışdır ki, onun əmək kitabçasında xx.xx.1989-xx.xx.2002-ci ilə qədər "xxxx" ASC-də işləməsi ilə bağlı qeydlər olsada həmin müəssisədə işləməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə qərar qəbul edərkən AR MPM-nin 1.2, 4,, 14, 88, 217-ci maddələrinin və İPM-nin 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə qərara gəlməmişdən əvvəl "xxxx" ASC-nin mövcud olub-olmaması, onun həmin müəssisədə qeyd edilən tarixlərdə işləyib-işləməsi barədə heç bir araşdırma aparmamışdır. İPM-nin 13-cü maddəsinə görə məhkəmənin üzərinə müraciət edən şəxsə hüquqi yardım göstərmək vəzifəsi qoyulsa da məhkəmə bunu etməmişdir. “Dövlət əmlakının özəlləşməsi haqqında” qanuna görə dövlət əmlakının sahibi AR Daşınmaz Əmlakın Dövlət Komitəsidir. Məhkəmə həqiqəti aşkar etmək üçün həmin dövlət idarəsinə müvafiq sorğu verərək "xxxx" ASC-nin mövcudluğunu müəyyən etməli idi. Məhkəmə cavabdehin etirazını qərara köçürməklə, heç bir araşdırma aparmamış, əsası olmayan ifadələrlə əsassız, qanunsuz qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1989-xx.xx.2002-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmadığına görə ümumi iş stajının 25 ildən az olduğundan, habeləfərdi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, tələb olunan pensiya kapitalı məbləği 40320 manat olduğu halda, fərdi hesabı sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11088,97 manat təşkil etdiyindən, imtina etmişdir Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının 12 il 2 ay 23 gün ümumi iş stajına malik olduğunu qəbul edərək, onun qanunla tələb olunan azı 25 il ümumi iş stajına və 12 il 6 ay güzəştli iş stajına malik olması halını mübahisələndirmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh iddiaçının "xxxx" ASC-də vulkanizator peşəsində işlədiyi xx.xx.1989-xx.xx.2002-ci il tarixlərə aid dövrü mübahisələndirərək, həmin dövrü iş stajı kimi nəzərə almamış, əsas kimi əmək kitabçasının 27-ci qeydində işdən çıxma barədə qeyd yazılsa da, işdən çıxma tarixi və əmr nömrəsi qeyd edilməməsi, habelə sözügedən müəssisənin xx.xx.2001-ci il tarixdən sonra fəaliyyət göstərməməsi halına istinad etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1989-cu il tarixdə "xxxx" ASC-yə vulkanizator peşəsinə işə qəbul olunması barədə qeyd aparılmaqla, işə qəbul barədə əmrə dair məlumatlar 26 nömrə ilə qeyd edilmişdir. Əmək kitabçasının 27 nömrəli qeydində müvafiq idarənin yaradılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi barədə qeyd aparılmış, imza və möhür ilə təsdiq edilmiş, işdənçıxma əmri barədə isə hər hansı məlumat qeyd edilməmiş, həmin qeyddən sonrakı bənddə isə xx.xx.2001-ci il tarixdə ASC-də 5-ci dərəcəli vulkanizator keçirilməsi barədə qeyd aparılmış, əmr barədə məlumatlar, habelə xx.xx.2002-ci il tarixdə işdən azad olunması barədə qeyd aparılmış, işdənçıxma barədə əmrə dair məlumatlar əks olunmuş, aparılmış həmin qeydlərin nömrəsi mövcud olmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən iddiaçı barəsində həmin ASC-də xx.xx.1989-cu il tarixdən vulkanizator peşəsinə qəbul olunması, xx.xx.2002-ci il tarixədək həmin peşədə işləməsi, sözügedən peşənin müvafiq Siyahının 35-ci “Ümumi peşələr” bölməsinə əsasən güzəştli pensiya hüququ verən peşə olması, kod:2130100a- 11495 vulkanizator peşəsinə uyğun olması barədə xx.xx.2023-cü il tarixli arayış təqdim etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən inzibati icraat çərçivəsində iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş məlumatların mötəbərliyinin yoxlanılması məqsədilə müəssissə ilə qarşılıqlı yoxlama aparılmış, bu barədə akt tərtib edilmişdir. Həmin aktın məzmunundan görünür ki, müəssisə ona aid sənədlərin arxiv məlumatlarının saxlanılmadığını, iddiaçı barəsində tərtib edilmiş arayışın yalnız əmək kitabçasında əks olunmuş qeydlər əsasında tərtib edildiyini, işlədiyi idarənin xx.xx.2001-ci ildən fəaliyyət göstərmədiyini qeyd etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisə tərəfindən əmək kitabçasında əks olunmuş qeydlər və məlumatların ziddiyyətli olması halına aydınlıq gətirilməsi məqsədilə həmin müəssisəyə sorğu ünvanlansa da, müəssisə bağlı olduğundan (hazırda işlək müəssisə olmadığından) qeyd edilən məlumatların əldə edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı özünün məhkəmə iclasında təqdim etdiyi məlumatda da həmin müəssisəsənin işlək müəssisə olmadığını, bu səbəbdən də məhkəməyə təqdim edilmiş arayışı da çətinliklə əldə etdiklərini, hazırda da əlavə hər hansı məlumatın müəssisə tərəfindən verilməsinin mümkün olmadığını qeyd etmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərə aid əmək kitabçasının məzmunundan görünür ki, həmin şəxslərə aid əmək kitabçasının məzmununda həmin müəssisədə işə qəbul, işdən çıxma barədə əmrlərə aid məlumatlar işəgötürən tərəfindən ətraflı şəkildə əmrin tarixi və nömrəsi qeyd edilmiş, iddiaçı barəsində isə yeni idarənin yaradılması ilə əlaqdar olaraq işən azad edilməsi halına dair əmrə aid məlumatlar (əmrin nömrəsi, tarixi) qeyd edilməmişdir. İndiki halda isə iddiaçının xx.xx.1989-cu il tarixdə işə qəbul olunması halı müəyyən edilsə də, ondan sonra hansı tarixdən işdən azad edilməsi halı müəyyən edilmədiyindən, xx.xx.2001-ci il tarixdə isə başqa peşəyə keçirilməsi qeyd edildiyindən xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək fasiləsiz olaraq həmin müəssisədə və eyni peşədə işləməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, iddianının əsaslılığı baxımından iddiaçının işlədiyi həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması üçün bu halın müəyyən edilməsi zəruri olmuşdur. Əks halda qanunla tələb 25 il ümumi iş stajına və 12 il 6 ay güzəştli iş stajına aid şərt ödənilmiş olmur. Həmçinin, şahid qismində dindirilmiş şəxslər 2002-ci il tarixdə həmin müəssisədə işləmədiyindən, İdarənin fəaliyyətinin dayandırıldığı vaxtdan sonra (2001-ci ildən sonra) iddiaçının hansı qaydada və əsaslarla həmin müəssisədə işləməsi halının da müəyyən edilməsi mümkün olmamışdır (şahid X8 aid əmək kitabçasında xx.xx.2001-ci il tarixdən işdən azad olunması barədə qeyd aparılsa da, öz ifadəsində iddiaçı ilə 2000-ci ilədək birlikdə işlədiyini qeyd etmişdir). Bundan əlavə, kollegiya onu qeyd edir ki, sözügedən müəssisədə işləyən şahid qismində dindirilmiş şəxslər barəsində əmək pensiyası təyin edilmədiyindən iddianının əsaslılığının bərabərlik hüququnun təmin edilməsi prinsipinin tələbləri baxımından da dəyərləndirilməsi mümkün olmamışdır. Həmçinin, kollegiya işəgötürən müəssisə tərəfindən təqdim edilmiş arayışın mötəbərliyi ilə bağlı onu qeyd edir ki, müəssisə tərəfindən həmin məlumatların əmək kitabçası əsasında yazıldığı qeyd edilməklə, iddiaçının hansı tarixdən hansı tarixədək, fasiləsiz işləyib-işləməsi barədə məsələyə aydınlıq gətirilməmiş, əksinə iddiaçının işlədiyi idarənin fəaliyyətinin 2001-ci il tarixdən dayandırıldığını bildirmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçının işlədiyi peşə müvafiq Siyahı üzrə Ümumi peşələr bölməsində nəzərdə tutulan vulkanizator peşəsinə uyğunluğunu qeyd etsə də, müvafiq kod məlumatını qeyd etmişdir, hansı ki həmin kod iddiaçının işlədiyi peşəyə uyğun olmamışdır. Bu hal da özlüyündə müvafiq arayışın mötəbərliyini şübhə altına alınmasına əsas verən hal kimi çıxış edir. Eyni zamanda, qeyd edilməlidir ki, işəgötürən müəssisə işlək müəssisə olmadığından, habelə arxiv məlumatları mövcud olmadığından həmin ziddiyyəti hallara aydınlıq gətirilməsi və araşdırılması məhkəmə icraatı çərçivəsində də mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi müəssisə tərəfindən təqdim edilmiş arayış iddianının əsaslılığını müəyyən edən mötəbər sübut qismində çıxış etmədiyindən, əmək kitabçasında mövcud olan ziddiyyətli məlumatların aydınlaşıdırılmasına, nəticə etibarilə əmək kitabçasında əks olunmuş müvafiq qeydlərin mötəbərliyinin müəyyən edilməsinə imkan verməmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları (əmək kitabçasında xx.xx.1989-cu il tarixdə işə qəbul edildikdən sonra işdən azad edilməsi barədə qeydin aparılması, işdən azad edilməsi barədə əmrin tarixi və nömrəsi qeyd edilmədiyindən hansı tarixdən işdən azad edilməsi halının müəyyən edilməməsi,, xx.xx.2001-ci il tarixdə başqa işə keçirilməsi, xx.xx.2001-ci il tarixdən idarənin fəaliyyət göstərmədiyi halda, xx.xx.2002-ci il tarixədək işləməsi barədə qeydin aparılması, həmin müəssisədə işləyən başqa şəxslər barədə məlumatların düzgün doldurulması) iddiaçının xx.xx.1989-cu ildən xx.xx.2002-ci il tarixdək fasiləsiz olaraq sözügedən müəssisədə məhz həmin peşədə (hansı ki güzəştli iş stajına malik olması halının müəyyən edilməsi üçün zəruri olmuşdur) işləməsinə dair əmək kitabçasında aparılmış qeydin mötəbərliyini şübhə altına almışdır. İddiçı tərəfindən isə həmin halları təkzib edən heç bir mötəbər sübuta istinad edilməmiş, habelə məhkəmə araşdırması zamanı da həmin halları təkzib edən heç bir hal aşkar edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçının işlədiyi xx.xx.1989xx.xx.2002-ci il tarixədək olan dövrlərə aid əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini müəyyən edilmədiyindən, cavabdeh inzibati orqan həmin dövrləri sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajın malik olmasına dair şərtin ödənilməsi halı müəyyən edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, işin müəyyən edilmiş halları iddiaçının apellyasiya şikayətinin dəlillərini təkzib etdiyindən, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-778/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-778/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver