Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-779/2025 28.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması və məqsədli qaytarılmayan ssuda verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(118)-154/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması və məqsədli qaytarılmayan ssuda verilməsi barədə müvafiq cavabdehlərin üzərinə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya hüquqi yardım edilmişdir. Bundan sonra iddiaçı ərizə təqdim edərək cavabdeh qismində yalnız Sumqayıt Bələdiyyəsinin nəzərə alınmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 23 iyun 2015-ci il tarixində vəfat etmiş, atası isə məlum olmayan şəxsdir. Buna görə də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs” hesab olunur. Belə ki, adıçəkilən qanunun göstərilən maddəsinə əsasən həmin kateqoriya şəxslər sırasına valideynlərini itirmiş ali təhsil müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər də aid edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda verilir. Qanunun verdiyi bu hüquqdan istifadə etmək üçün müxtəlif dövlət qurumlarına müraciətlər etsə də, müraciətləri fayda verməmiş, həmin qurumlar bu hüququ həyata keçirməyin onların səlahiyyətində olmadığını bildirmişlər. Belə ki, bu məsələ ilə bağlı ilkin olaraq Prezident Adminstrasiyasına, daha sonra isə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişdir. Bu qurumların verdikləri cavab məktublarını ümumi şəkildə aşağıda qeyd edir. Maliyyə Nazirliyi xx.xx.2022-ci il tarixli məktubunda bu məsələnin onların səlahiyyətində olmadığını və müraciətin Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə (bundan sonra ƏƏSMN) göndərildiyini bildirmişdir. ƏƏSMN xx.xx.2022-ci il tarixli məktubunda bu məsələnin onların səlahiyyətində olmadığını və müraciətin Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərildiyini bildirmişdir. Sosial Xidmətlər Agentliyi xx.xx.2023-cü il tarixli məktubunda bu məsələnin onların səlahiyyətində olmadığını və müraciətin yerli icra hakimiyyəti orqanına müraciət etməli olduğunu bildirmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti isə xx.xx.2023-cü il tarixli məktubunda Mərkəzi Banka müraciət etməli olduğunu bildirmişdir. Mərkəzi Bank xx.xx.2023-cü il tarixli məktubunda bu məsələnin onların səlahiyyətində olmadığını bildirmişdir. Sumqayıt Bələdiyyəsi xx.xx.2023-cü il tarixli məktubunda hazırda torpaq fondunda sərbəst (boş) torpağın olmadığını, olacağı təqdirdə müraciətinə baxılmağın mümkün olacağı bildirmişdir. Göründüyü kimi müvafiq qurumlar bu məsələnin bir-birlərinin üzərinə “atmağa” çalışmış və nəticədə iddiaçının hüquqları pozulmuşdur. Bunun əsas səbəbi isə bu qanunun icrası üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən olunmamasıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək onunla əsaslandırmışdır ki, iddiaçı öz tələblərini “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və həmin Qanuna əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs hesab edilməsi səbəbindən müvafiq sosial imtiyazlara malik olması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, adı çəkilən Qanunun və müvafiq qanun normalarının iddiaçıya hər hansı aidiyyəti yoxdur və iddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər kateqoriyasına aid şəxslərdən deyildir. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində sözügedən Qanunun təsir dairəsinə düşən şəxslərin kateqoriyası aydın şəkildə müəyyən edilmişdir. Həmin maddədə təsbit edilmişdir ki, valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər valideyn himayəsindən məhrum olmuş uşaqlar isə hər iki valideyni məlum olmayan valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Adı çəkilən maddədə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə, valideynlərini itirmiş,habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərin olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, iddiaçı Adilov Cəfər Zülfəli oğlu xx xxxx 2000-ci il təvəllüdlü olmaqla onun 23 yaşı məhkəməyə sözügedən iddia tələbləri ilə müraciət edənədək artıq tamam olmuşdur, eyni zamanda o, valideynlərini itirmiş uşaqlar və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid edilə bilən 18 yaşınadək olan şəxslər siyahısına da daxil deyildir, aydın olur ki, iddiaçının sözügedən qanun normalarına istinad etməsinin və həmin qanun normaları ilə müvafiq kateqoriyaya aid edilmiş şəxslər üçün nəzərdə tutulmuş imtiyazlardan yararlanmaqla bağlı tələblər irəli sürməsinin hər hansı hüquqi əsasları yoxdur. Ümumiyyətlə, bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarında yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin onların mülkiyyətinə bir dəfə pulsuz verilməsi müəyyən edilmişdir. Həmçinin,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri İstisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən verilməsi halları istisna olmaqla, qalan hallarda bələdiyyələr tərəfindən torpaqlar torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə ayrılır. Başqa sözlə deyilsə, istənilən halda qanunvericilikdə bələdiyyə torpağının iddiaçının tələb etdiyi şəkildə ona ayrılması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(118)-154/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iddiaçının tələbini istər bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericiliklə, istərsə də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda tənzimləyən norma olmamaqla cavabdehin sələhiyyəti xaricindədir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş etiraz qanunvericiliyə zidd və heç bir hüquqi əsası olmayan, sadəcə formal xarakter daşıyan etiraz olmuşdur. Belə ki, Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş etiraza nəzər salınan zaman “Halbuki, adı çəkilən Qanunun və müvafiq qanun normalarının iddiaçıya hər hansı aidiyyəti yoxdur və iddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər kateqoriyasına aid şəxslərdən deyildir.” Qeyd edilən cavabdehin iddası tamamilə əsassızdır. İddiaçı qanunvericilikdə nəzərdə tutulan Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması və məqsədli qaytarılmayan ssuda verilməsi hüququnun təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin dövrdə 23 yaşı tamam olmamış, magistr təhsilini bitirməmişdi. Göründüyü kimi cavabdehin etirazının ilkin dəlili tamamilə əsassızdır. İkinci hissə isə “Başqa sözlə deyilsə, istənilən halda qanunvericilikdə bələdiyyə torpağının iddiaçının tələb etdiyi şəkildə ona ayrılması nəzərdə tutulmamışdır” hissəsidir. Həmin hissə ilə bağlı qeyd edilir ki, vətəndaşlara torpaq sahəsinin verilməsi səlahiyyətləri bələdiyyənin əsas fəaliyyət istiqamətini təşkil edir. Buna əyani sübut olaraq onun Sumqayıt Bələdiyyəsinə müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli 520 nömrəli cavab məktubunu göstərmək olar. Həmin məktub nəzərdən keçirilən zaman bələdiyyənin həmin səlahiyyətləri icra edəcəyi birmənalı olaraq onun tərəfindən qəbul edilir. Lakin məhkəmə prosesi gedişində təqdim etdiyi formal etirazda qanunverciliyin müxtəlif normalarına istinad edərək onun bu səlahiyyətinin olmamasını qeyd edərək əsassız olaraq onun hüquqlarını pozmağa davam etmişdir. Qeyd etdiyi faktların olmasına baxmayaraq, məhkəmə tərəfindən həmin qərardadda imtinanın haqlı olduğunu vurğulanmışdır. Əlavə olaraq qeyd edilir ki, İPM-in 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin tərəflərə hüquqi yardım etmək vəzifəsi vardır. Halbuki məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi təklif olunmuş, cavabdehin Sumqayıt Bələdiyyəsi olmalı olduğu bildirilmişdir. Bunun əsası olaraq isə ona verilmiş cavab məktubu göstərilmişdir. Əgər məhkəmə cavabdehin imtinasını əsas götürərək onun iddiaya cavab verməli olmadığı qənaətinə gəlmişsə belə ona iddiaya cavab verməli olan orqanın kim olması barədə də hüquqi yardım etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(118)-154/2025 nömrəli qərardadı qismən (“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən iddiaçıya fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində) ləğv edilməli, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilməli, qərardad qalan hissədə (məqsədli qaytarılmayan ssuda verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində) dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması və məqsədli qaytarılmayan ssuda verilməsi barədə müvafiq cavabdehin üzərinə öhdəlik qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı müxtəlif tarixlərdə müxtəlif dövlət orqanlarına müraciət edərək ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması və məqsədli qaytarılmayan ssuda verilməsinə nail olmağa çalışmışdır. Son olaraq iddiaçı hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək imtina cavabı aldığı bütün dövlət orqanlarını (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi) cavabdeh qismində qeyd etməklə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması və məqsədli qaytarılmayan ssuda verilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya hüquqi yardım edilmişdir. Bundan sonra iddiaçı ərizə təqdim edərək cavabdeh qismində yalnız Sumqayıt Bələdiyyəsinin nəzərə alınmasını xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iddiaçının tələbini istər bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericiliklə, istərsə də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda tənzimləyən norma olmamaqla cavabdehin sələhiyyəti xaricindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qismən (iddia tələbinin məqsədli qaytarılmayan ssuda verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində) əsaslı hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə iddiaçı məqsədli qaytarılmayan ssuda verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissədə yönəldiyi inzibati orqan iddiaya cavab verməli olan orqan deyildir, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə əsasən bələdiyyələrin səlahiyyətləri aşağıdakılardan ibarətdir: bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; bələdiyyənin reqlamentinin təsdiq edilməsi; bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli ekoloji proqramların qəbul və icra edilməsi. Eyni zamanda konstitusiyanın qeyd edilən maddəsinə uyğun olaraq bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. İddiaçının tələb etdiyi məqsədli qaytarılmayan ssuda verilməsi isə qeyd edilən səlahiyyətlərin əhatə dairəsinə aid deyil. Qanunun tələbinə görə iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmadığından həmin hissədə iddia mümkün deyildir. Bu səbəbdən də iddia tələbinin məqsədli qaytarılmayan ssuda verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iddia tələbinin iddiaçıya fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun 7-ci maddəsinin tələbinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda verilir. O cümlədən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılması bələdiyyənin səlahiyyətində olan məsələdir, bu səbəbdən də birinci instansiya məhkəməsi bələdiyyəni hazırki iddiaya cavab verməli olmayan orqan hesab etməklə iddianı həmin hissədə mümkün saymayaraq yalnış hüquqi nəticəyə gəlmişdir. Eləcə də iş materiallarına əlavə olunmuş Sumqayıt Bələdiyyəsinin 14 fevral 2023-cü il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sizin fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müraciətinizə cavab olaraq bildiririk ki, Sumqayıt Bələdiyyəsinin fərdi yaşayış evi təyinatlı torpaq fondunda sərbəst (boş) torpaq sahəsi mövcud deyildir. Gələcəkdə Sumqayıt Bələdiyyəsinin balansına fərdi yaşayış evi təyinatlı torpaq sahələri ayrılacağı təqdirdə təkrar müraciətinizə baxıla bilər. Əlavə olaraq bildiririk ki, ilk növbədə şəhid ailələrinə, müharibə əlillərinə torpaq sahələrinin ayrılması nəzərdə tutulur” Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən vaxtilə iddiaçıya ünvanlanan məktubda da torpaq sahəsinin ayrıla biləcəyi imkanı istisna edilməmiş, bunun gələcəkdə mümkün ola biləcəyi vurğulanmışdır. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı da cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərkən iddiaçının valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər kateqoriyasına aid olmaması və bələdiyyələr tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla torpaqların torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə ayrılması hallarına istinad etmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən də hazırki iddianın onun səlahiyyətinə aid olmaması halı mübahisələndirilməmiş, iddianın əsaslılığı üzrə müvafiq münasibət bildirilmişdir. Eləcə də birinci instansiya məhkəməsi tərəfindən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunaraq qeyd olunmuşdur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; (9 iyun 2023-cü il tarixli 910-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1-ci maddənin on ikinci abzasından “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri çıxarılmışdır.) Məhkəmə kollegiyası Qanunda edilmiş müvafiq dəyişikliyin 09 iyun 2023-cü il tarixli olmasını və iddiaçı tərəfindən cavabdeh inzibati orqana həmin tarixdən əvvəl (Sumqayıt Bələdiyyəsinin imtina məktubu 14 fevral 2023-cü il tarixlidir) müraciət edilməsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilməməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalıdır və bununla bağlı ayrıca qərardad qəbul edilməsi nəzərdə tutulmamışdır. Əgər iddianın mümkünsüzlüyünə səbəb olan yeni əsas yaranarsa, məhkəmə prosesinin istənilən mərhələsində bununla bağlı qərardad qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı iddia tələbinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(118)-154/2025 nömrəli qərardadı qismən (“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsinin 11-ci hissəsinə əsasən ona fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində) ləğv edilsin, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilsin. Qərardad qalan hissədə (məqsədli qaytarılmayan ssuda verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan (qərardadın Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(118)-154/2025 nömrəli qərardadının qüvvədə saxlanılan hissəsindən) təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3