Məhkəmə qərarları › İş №2-1(105)-78/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-78/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-78/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “X1-2” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cəmiyyətin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat borc tələbetmə müddəti ötdüyündən ümidsiz borc qismində silinməsi, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13200,0 manat borcların silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat, qətnamə ilə əhatə edilmiş borclara silinmiş 3023,35 manat, ümumilikdə isə 30943,35 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və cəmiyyətə əsassız olaraq hesablanmış 2977,30 manat faiz borcun silinməsi tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-134/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “X1-2” ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmiyyətin şəxsi hesab vərəqəsindəki “əmlaka yönəldilən məbləğ üzrə vərəq”də öz əksini tapan 16250,09 manat borcun tələbetmə müddəti ötdüyündən ümidsiz borc qismində silinməsini, cəmiyyətin şəxsi hesab vərəqəsində “dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200 manat borcun əsassız borc qismində silinməsini, cəmiyyət tərəfindən ödənilmiş və əsassız olaraq tələbetmə müddəti ötmüş borclara silinmiş 27920 manatın qətnamə ilə əhatə edilmiş borclara silinmiş 3023,35 manat, ümumilikdə isə 30943,35 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, “X1-2” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cəmiyyətin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13200,0 manat borcların silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və ya məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə mindiyi tarixdə tələbetmə müddəti ötməmiş borclar mövcud olduqda, həmin vergi borcları ilə əvəzləşdirilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X1-2" ASC-nin xx.xx.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən göründüyü kimi cəmiyyətin vergi öhdəlikləri aşağıdakı kimidir: cəmi ödənilməli borc 150223,92 manat o, cümlədən: vergilər üzrə 69657.69 manat, maliyyə sanksiyası üzrə 500,0 manat, faizlər üzrə 14792,35 manat, əmlaka yönəldilmiş məbləğ üzrə 16250,09 dövlət rüsumu üzrə 55,0 manat, torpaq icarəsi üzrə 14400,0 manat, təsdiqlənməmiş azalma 21482,07 manatdır. İlk öncə cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapan əmlaka yönəldilmiş 16250,09 manat vergi borcu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb etmə müddəti ötməsinə baxmayaraq cəmiyyətin şəxsi hesab vərəqəsində əsassız olaraq aktiv vergi qismində qalmaqda davam edir. Belə ki, göstərilən vergi məbləği ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(85)- 523/2013 nömrəli, xx.xx.2013-cü il tarixli 2(85)-554/2013 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli və xx.xx.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamələri qəbul edilmiş və həmin qətnamələr cavabdeh vergi orqanı tərəfindən icra edilərək şəxsi hesab vərəqəsində həmin qətnamələr ilə əhatə olunan vergi borcları əsas vərəqədən azaldılaraq, "əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə" daxil edilmişdir. Qeyd olunan qətnamələr 2012-2013-cü illərin müxtəlif aylarında qəbul edilmiş və bir ay sonra qanuni qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 93 və 93.13-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Beləliklə, şəxsi hesab vərəqəsində əmlaka yönəldilən vərəqədə öz əksini tapan 16.250,09 manat vergi borcu ilə bağlı məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyindən, həmin borc ümidsiz borc qismində silinməldir. Bundan başqa cəmiyyətin faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən göründüyü kimi həmin vərəqə üzrə bəzi ödənişlər tələbetmə müddəti ötmüş vergi borclarına silinmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək-cəmiyyət tərəfindən edilmiş cəmi 27.920,00 manat ödəniş-ödəniş tarixində tələbetmə müddəti ötmüş vergi borclarına silinmişdir. Belə ki, ödəniş olan tarixdə cəmiyyətin mövcud olmuş vergi borcunun 27946,87 manat hissəsi 2010-2012-ci il hesabat dövrələri üzrə səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergilərdən təşkil olunur ki, bu da həmin borclar üzrə tələbetmə müddətinin ödəniş aparılan tarixdə bitdiyini göstərir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cəmiyyət tərəfindən edilmiş cəmi 27.920,00 manat ödəniş əsassız olaraq məhz tələbetmə müddəti ötmüş vergi borcuna aid edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydalarının 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş və əsassız olaraq tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsait şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməli və ya mübahisə üzrə yekun qərar qanuni qüvvəyə minən tarixə aktiv vergi borcları ilə əvəzləşdirilməlidir. Şəxsi hesab vərəqəsində öz əksini tapan 13200,0 manat torpaq icarəsi üzrə borca münasibətdə isə qeyd olunur ki, həmin borcun tutulması ilə bağlı cavabdeh vergi orqanının iddia tələbi məhkəmə qərarına əsasən rədd edildiyi və həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, həmin borc şəxsi hesab vərəqəsindən silinməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanının həmin borc üzrə iddia qaldırmaq hüququ mövcud deyil. Göstərilənlərə əsasən, şəxsi hesab vərəqəsində öz əksini tapan torpaq icarəsi üzrə 13.200,0 manat borc silinməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-134/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, “X1-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsində mövcud 13200 manat borc qeydinin silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və ya məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə mindiyi tarixdə cəmiyyətin tələbetmə müddəti ötməmiş borcları mövcud olduqda, həmin vergi borcları ilə əvəzləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə cəmiyyətin 22 381,12 manat vergi borcu Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq silinmiş və şəxsi hesab vərəqəsində müvafiq dəyişikliklər edilmişdir. Borc silindikdən sonra cəmiyyətin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 97 873,56 manat (o cümlədən, əsas vergi üzrə 56 831,63 manat, faiz üzə 11 136,84 manat, maliyyə sanksiyası üzrə 400,00 manat, məhkəmə qərarları üzrə (əmlaka «yönəldilən vərəqə) 16250,09 manat, dövlət rüsumu üzrə 55,00 manat və torpaq icarəsi üzrə 13 200,00 manat) vergi borcu mövcuddur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən əsas vergi üzrə 56831,63 manat, faiz üzrə 11136,84 manat, maliyyə sanksiyası üzrə 400,00 manat olmaqla ümumilikdə 68 316,51 manat vergi borcunun tələbetmə müddəti bitməmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 2. hesablanmış faizlərin məbləği; 3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən ödənilən vəsait müvafiq ardıcıllıqla, yaranma tarixi üzrə əvvəlki dövrə hesablanmış vergilərə, faizlərə və maliyyə sanksiyalarına aid edilir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində “beş il müddət keçmiş vergi borclarının məhkəmə qətnamələri üzrə 2(85)-523 saylı xx.xx.2013-cü il tarixli - 2856,70 manat, 2(85)- 43 saylı xx.xx.2012-ci il tarixli - 26485,95 manat, 2(85)-2078 saylı xx.xx.2012-ci il tarixli - 1400 manat 2(85)-129 saylı xx.xx.2012-ci il tarixli - 8572,41 manat, ümumilikdə 39315,75 manat məbləğin silinsin. Vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnamələri üzrə borc məbləğləri aşağıdakı kimidir: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 26.485,95 manat vergi borcu və 5,00 manat məbləğində dövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixə yaranmış borc məbləğindən ibarətdir. Məhkəmə qətnaməsi üzrə məlumatlar AVİS məlumat bazasına daxil edilən zaman həmin qətnamə üzrə 7.351,90 manat borcun ödənilməsi (xx.xx.2011-ci il tarixdə 223,00 manat, xx.xx.2011-ci il tarixdə 23.90 manat, xx.xx.2011-ci il tarixdə 3.000,00 manat, xx.xx.2011-ci il tarixdə 1.000,00 ranat, xx.xx.2012-ci il tarixdə 2.800,00 manat, xx.xx.2012-ci il tarixdə 300,00 manat) nəzərə alınaraq qalan 19.134,05 manat borc məbləği məlumat bazasına daxil edilmişdir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnaməsi üzrə 5.301,80 manat borc məbləği və 5,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 8.567,41 manat vergi borcu və 5,00 manat məbləğində dövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2011-ci il tarixə yaranmış borc məbləğindən ibarətdir. Məhkəmə qətnaməsi üzrə məlumatlar AVİS məlumat bazasına daxil edilən zaman 2.201,90 manat borcun ödənilməsi (xx.xx.2012-ci il tarixdə 950,00 manat, xx.xx.2012-ci il tarixdə 251,90 manat, t3 07.2012-ci il tarixdə 1.000,00 manat) nəzərə alınaraq qalan 6.365,51 manat borc məbləği və 5,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 1.400,20 manat vergi borcu və 5,00 manat məbləğində dövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2012-ci il tarixə yaranmış borc məbləğindən ibarətdir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnaməsi üzrə 1.400,20 manat borc məbləği və 5,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 2.856,70 manat vergi borcu və 10,00 manat məbləğində qövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2012-ci il tarixə yaranmış 5801,38 manat borc məbləğindən qalan məbləğdir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnaməsi üzrə 2.856,70 manat borc məbləği və 10,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır.Əlavə olaraq qeyd etdi ki, vergi ödəyicisi tərəfindən vergi borcu qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyindən, cavabdeh vergi orqanı tərəfindən ona məxsus əmlaklar siyahıya alınaraq, ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət edilmiş və qəbul edilmiş xx.xx.2013-cü il tarixli 2(85)-523 saylı, xx.xx.2012-ci il tarixli 2(85)-43 saylı, xx.xx.2012-ci il tarixli 2(85)-2078 saylı, xx.xx.2012-ci il tarixli 2(85)- 129 məhkəmə qətnamələrinə əsasən siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmiş və qətnamələr ilə bağlı icra vərəqələri icra edilməsi üçün aidiyyəti üzrə icra şöbələrinə göndərilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisinin şəxsi vərəqədə əmlaka yönəldilən ödənilməmiş 15944,21 manat vergi borcu vardır. Vergi Məcəlləsinin 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnaməsi üzrə Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Ödənilməmiş vergi borcu müqabilində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmə qətnamələri vergi orqanları tərəfindən deyil, bilavasitə icra məmurları tərəfindən icra edilir və həmin qətnamələr üzrə öhdəliklərin qüvvədə olma müddəti qanunvericiliklə 30 il müəyyən edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, şəxsi vərəqədə qeyd edilmişdir ki, icarə haqları üzrə 13200,0 manat məbləğinin silinsin. Qeyd olunan vergi məbləği 158 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən hesablanmış torpaq vergisidir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “X1-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat borcun ümidsiz borc qismində silinməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200 manat borc barədə qeydin ləğv edilməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. xx.xx.2020-ci il tarixli ********** nömrəli “Vergi borcunun ödənilməsinə dair” Bildirişə əsasən iddiaçı “X1-2” ASC-nin həmin tarixə dövlət büdcəsinə ümumilikdə 122,365.02 manat, o cümlədən vergilər üzrə 85,395.44 manat, maliyyə sanksiyaları üzrə 500,0 manat, faizlər üzrə 20,219.49 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 16,250.09 manat borcu vardır. “X1-2” ASC-nin şəxsi hesab vərəqəsinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli, xx.xx.2013-cü il tarixli 2(85)- 554/2013 nömrəli, xx.xx.2012-cü il tarixli 2(85)-2078/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)- 129/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli və xx.xx.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamələri qəbul edilmiş və həmin qətnamələr cavabdeh vergi orqanı tərəfindən icra edilərək şəxsi hesab vərəqəsində həmin qətnamələr ilə əhatə olunan vergi borcları əsas vərəqədən azaldılaraq, “əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə” daxil edilmişdir. Şəxsi hesab vərəqəsinin “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə” hissəsinə əsasən “X1-2” ASC-nin hazırkı tarixə qətnamələr üzrə ödənilməmiş qalıq borcu 16250,09 manat təşkil edir. Cavabdeh vergi orqanının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda qeyd edilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş və qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)- 43/2012 nömrəli qətnaməsi üzrə 5301,80 manat borc məbləği və 5,0 manat dövlət rüsumu, xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnaməsi üzrə 6365,51 manat borc məbləği və 5,0 manat dövlət rüsumu, xx.xx.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli qətnaməsi üzrə 1400,20 manat borc məbləği və 5 manat dövlət rüsumu, xx.xx.2013-cü il tarixli 2(85)- 523/2013 nömrəli qətnaməsi üzrə 2856,7 manat borc məbləği və 5,0 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. Şəxsi hesab vərəqəsinə əsasən, “X1-2” ASC tərəfindən xx.xx.2017ci il tarixdə 7000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 4000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 7920 manat, ümumilikdə 27920,0 manat vergi ödənilmişdir. Şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də cəmiyyətin icarəyə götürdüyü dövlətə məxsus torpaq sahəsinə görə ödənilməmiş icarə haqqı borcu 13200,0 manat təşkil edir. İddiaçı tərəfindən cavabdeh vergi orqanına ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə və ona əlavə edilmiş sənədlərə əsasən “X1-2” ASC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200,0 manat, “Əmlaka yönəldilmiş məbləğ üzrə vərəqə”də öz əksini tapan 16250,09 manat borcun və 2977,30 manat faiz borcunun silinməsini, tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat və qətnamə ilə əhatə edilən borclara silinmiş 3023,35 manat vəsaitin artıq ödəmə qismində bərpa edilməsini xahiş etmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********316300 nömrəli “Müraciətinizə baxılması haqqında” cavab məktubunda qeyd edilir ki, “Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən əsas vergi üzrə 56831,63 manat, faiz üzə 11136,84 manat, maliyyə sanksiyası üzrə 400,00 manat olmaqla ümumilikdə 68316,51 manat vergi borcunun tələbetmə müddəti bitməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarı üzrə yaranmış öhdəlik 30 (otuz) il keçdikdən sonra qüvvəsini itirir və məhkəmə qərarları üzrə (əmlaka yönəldilən vərəqə) 16 250,09 manat vergi borcunun silinməsi mümkün deyil”. İş materiallarında mövcud olan xx.xx.2020-ci il tarixli **********6 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən və iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2012-ci il tarixli 2(85)- 481/2012 nömrəli qətnamə əsasında 961,75 manat, xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli qətnamə əsasında 19134,05 manat, xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnamə əsasında 6365,51 manat, xx.xx.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli qətnamə əsasında 1400,20 manat, xx.xx.2013-cü il tarixli 2(85)-554/2013 nömrəli qətnamə əsasında 325,88 manat, xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli qətnamə əsasında 2856,70 manat, ümumilikdə isə 31044,09 manat vergi borcu şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən edilmiş xx.xx.2012-ci il tarixdə 981,75 manat, xx.xx.2014cü il tarixdə 2041,60 manat ödənişlər və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı 11770,65 manat silinmə əməliyyatı nəticəsində əmlaka yönəldilən məbləğ üzrə vərəqədə cəmiyyətin hazırda ödənilməmiş vergi borcu 16250,09 manat təşkil edir. Apelyasiya şikayətinin “X1-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat borcun silinməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də əksini tapan 16250,09 manat vergi borcu ilə bağlı məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi tarixdən 5 illik müddət ötdüyündən həmin borc ümidsiz borc qismində silinməlidir. Apelyasiya şikayətinin “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsində mövcud 13200 manat borc qeydinin silinməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci bəndinə əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, “X1-2” ASC özəlləşdirilmiş müəssisə oldğundan və cəmiyyətin istifadəsində olan dövlətə məxsus torpağının üzərində cəmiyyət tərəfindən inşa edilmiş obyekt mövcud olduğundan, iddiaçı “X1-2” ASC tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqının yığılmasına nəzarət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməli olduğundan, cavabdehin icarə haqqını tələb etmək hüququ olmadığından cəmiyyətin “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud 13200 manat borc qeydi ləğv edilməlidir. Apelyasiya şikayətinin cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən və iddiaçı tərəfindən təqdim edilmiş faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən çıxarışlardan görünür ki, şəxsi hesab vərəqəsində cəmiyyətin tələbetmə müddəti ötmüş borcları: xx.xx.2017-ci il tarixdə 7000,0 manat ödəniş edilən zaman 18054,38 manat; xx.xx.2017-ci il tarixdə 1000,0 manat ödəniş edilən zaman 18054,97 manat; xx.xx.2017-ci il tarixdə 4000,0 manat ödəniş edilən zaman 18054,97 manat; xx.xx.2017-ci il tarixdə 3000,0 manat ödəniş edilən zaman 16122,37 manat; xx.xx.2017-ci il tarixdə 3000,0 manat ödəniş edilən zaman 20537,47 manat; xx.xx.2017-ci il tarixdə 2000,0 manat ödəniş edilən zaman 13594,07 manat; xx.xx.2017-ci il tarixdə 7920,0 manat ödəniş edilən zaman 11594,07 manat təşkil etmiş və həmin ödənişlər məhz tələbetmə müddəti ötmüş borclara silinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “X1-2” ASC tərəfindən aparılmış 27920,0 manat ödənişlər Vergi Məcəlləsinin tələblərinə zidd olaraq tələbetmə müddəti ötmüş borclara silindiyindən, həmin məbləğlər iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-134/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilməli, “X1-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat borcun ümidsiz borc qismində silinməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200 manat borc barədə qeydin ləğv edilməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-134/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. “X1-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat borcun ümidsiz borc qismində silinməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200 manat borc barədə qeydin ləğv edilməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar